Kulis.az Vladimir Nabokovun Dostoyevski haqda yazdığı esseni təqdim edir.
Belinski “Qoqola məktub”unda (1847) yazırdı: “…Diqqət etmisinizmi ki, Rusiya xilasını mistisizmdə, asketizmdə, pietizmdə yox, sivilizasiyanın, maarifçiliyin və humanizmin uğurlarında görür. Ona nəsihət (kifayət qədər qulaq asıb!), dualar (kifayət qədər təkrarlayıb!) yox, əsrlərlə palçıq və peyin içində itib-batmış insani ləyaqət hissinin oyanması – kilsə təliminə yox, ağla və ədalətə uyğun qanun və qaydalar, həmçinin onların qəti yerinə yetirilməsi imkanı lazımdır. Lakin Rusiya insanın insanı satdığı qorxunc bir ölkəyə bənzəyir; amerikan plantatorları kimi, zəncilərin insan olmadığını iddia edərək hiyləgər bəhanələr arxasına da sığına bilməz. Bu ölkə insanların bir-birini adlarla yox, ləqəblərlə çağırdığı (Vanka, Vaska, Steşka, Palaşka), nəinki şəxsiyyət, ləyaqət və mülkiyyət üçün, hətta polis nizamı üçün belə heç bir zəmanətin olmadığı, yalnız müxtəlif xidməti quldurların və oğruların yaratdığı nəhəng korporasiyaların mövcud olduğu dəhşətli bir yeri təmsil edir. İndi Rusiyadakı ən canlı, aktual məsələlər bunlardır: təhkimçiliyin ləğvi, cismani cəzanın ləğvi, heç olmasa artıq mövcud olan qanunların qəti yerinə yetirilməsini mümkün qədər təmin etmək. Bunu hətta (mülkədarların kəndlilərinin başına nə oyun açdıqlarını və ikincilərin ildə nə qədər kəndli başı kəsdiyini yaxşı bilən) hakimiyyət də hiss edir, bunu onun ağ zəncilərə qarşı ürkək və bəhrəsiz gördüyü yarım-yarımçıq tədbirləri də sübut edir…”
Mən Dostoyevskidən danışanda bir qədər narahatlıq hiss edirəm. Adətən mühazirələrimdə ədəbiyyata özümə maraqlı olan yeganə bucaqdan baxıram – uzun ömürlü, dünyəvi sənət və şəxsi istedadın, fərdi dühanın təcəssümü kimi. Bu bucaqdan baxanda Dostoyevski böyük yox, kifayət qədər adi yazıçıdır, bənzərsiz yumor işartıları olsa da, hayıf ki, bu parıltıların arasında banallıqlarla dolu quraq ərazilər çoxdur. “Cinayət və cəza”da Raskolnikov naməlum səbəblərdən sələmçi qarını və onun bacısını öldürür. Ədalət amansız müstəntiq obrazında yavaş-yavaş ona yaxınlaşır və sonda elədiyi işi hər kəsin qarşısında etiraf etməyə məcbur edir, sonra isə nəcib fahişənin sevgisi onu mənəvi yüksəlişə çatdırır. Bu vəziyyət, kitabın yazıldığı 1866-cı ildə o qədər də bayağı görünmürdü, indi isə maaariflənmiş oxucu nəcib fahişələrə istehza ilə yanaşır. Lakin mənim çətinliyim bundadır ki, hazırda dərs verdiyim auditoriyaların hamısı təcrübəli oxucular ibarət deyil. Hətta deyərdim ki, onların üçdə biri əsl ədəbiyyatı psevdo-ədəbiyyatdan ayırd etmir. Onlar üçün Dostoyevski, tarixi amerikan romanları kimi müxtəlif cəfəngiyyatlardan, adı “İndidən əbədiyyətədək”(“İndidən əbədiyyətədək” (From Here to Eternity) Ceyms Consun 1951-ci ildə yazdığı roman) olan əsərlərdən və buna bənzər axmaq şeylərdən daha səmimi və bədii görünəcək. Buna baxmayaraq, mən kursumda həqiqətən böyük yazıçıların əsərlərini təfərrüat ilə təhlil etmək niyyətindəyəm – Dostoyevskinin tənqidi də məhz belə yüksək səviyyədə olmalıdır. Xoşuna gəlməyən şeylərdən dərs deyən professorlardan deyiləm. Dostoyevskini taxtdan salmaq üçün səbrsizlənirəm. Lakin anlayıram ki, sıravi oxucu təklif etdiyim dəyərlər sistemindən, arqumentlərdən bir qədər karıxa bilər.
***
Fyodr Mixayloviç Dostoyevski 1821-ci ildə, çox kasıb ailədə doğulub. Atası yoxsullara xidmət edən Moskva xəstəxanalarının birində həkim işləyirdi, həmin dövrdə Rusiyada həkimin vəziyyəti isə çox sadə idi və Dostoyevskilər ailəsi çox kasıb məhəllədə, dəbdəbədən hədsiz uzaq şəraitdə yaşayırdı. Atası əsl ev tiranı idi və naməlum şəraitdə qətlə yetirilmişdi. Freydist tənqidçilər İvan Karamazovun atasının ölümündə avtobioqrafik məqamlar görürlər – hərçənd İvan ata qatili olmasa da, hazırlanan cinayətdən xəbərdar olduğu halda, ona mane olmayıb bunun iştirakçısına çevrildi. Həmin tənqidçilərin fikrincə, öz atası arabaçı tərəfindən qətlə yetirilmiş Dostoyevski, ömrü boyu bənzər günah kompleksindən əziyyət çəkib. Dostoyevski şübhəsiz ki, nevrasteniyadan əziyyət çəkirdi və uşaqlıqdan müəmmalı epilepsiya azarına tutulmuşdu. Onun bəxtinə düşmüş fəlakətlər sonradan onsuz da xəstə olan ruhi vəziyyətini pisləşdirmiş və xəstəliyini kəskinləşdirmişdi. Əvvəlcə Dostoyevski Moskva pansionunda, sonra Peterburqdakı Hərbi-mühəndislik məktəbində təhsil almışdı. O, hərbi işə laqeyd olsa da, atası oğlunun hərbçi karyerası qurmasını arzulayırdı. Lakin o, məktəbdə də vaxtının çoxunu ədəbiyyat öyrənməyə sərf edirdi. Təhsili bitdikdən sonra, bu təhsil müəssisəsinin bütün məzunları kimi o da departamentdə lazım olan müddətdə xidmət göstərmişdi. 1844-cü ildə o, xidməti ataraq özünü bütövlükdə ədəbiyyata həsr etmişdi. Onun ilk kitabı “Bədbəxt insanlar” (1846) tənqidçiləri də, oxucuları da sarsıtmışdı. Kitabın necə qarşılanması barədə çoxlu əfsanələr dolaşır. Dostoyevskinin dostu, yazıçı Dmitri Qriqoroviç onu əlyazmasını həmin dövrdə nisbətən nüfuzlu ədəbi jurnal olan “Sovremennik”i buraxan Nekrasova göstərməyə razı salır. Nekrasov və onun rəfiqəsi Avdotya Panayeva jurnalın redaksiyasında ədəbi salon təşkil etmişdilər, burada dövrün bütün məşhur ədəbiyyatçıları iştirak edirdilər. Turgenyev, ardınca isə Tolstoy buranın daimi qonaqları idi. Solçu tənqidçilər Çernışevski və Dobrolyubovla birlikdə salonun daimi qonaqları sırasına daxil olmuşdular. Ad qazanmaq üçün “Sovremennik”də çap olunmaq kifayət idi. Dostoyevski romanı Nekrasova verir və gecə yatağında ürəyinə daman pis fikirlərdən yaxa qurtara bilmir: “Mənim Bədbəxt insanlarımı ələ salacaqlarmı?” – o dayanmadan bunu təkrarlayırdı. Lakin səhər saat dörddə onu Nekrasov və Qriqoroviç oyadır. Onlar Dostoyevskinin otağına daxil olaraq yazıçını sulu rus öpüşlərinə qərq edirlər və deyirlər ki, əlyazmanı axşam oxumağa başladıqdan sonra ayrıla bilməyib, sona qədər oxuyublar. Duyğuların çoxluğundan onlar müəllifi oyadaraq, bir saniyə belə gecikmədən öz təəssüratlarını bölüşmək qərarına gəlirlər.
Dediklərinə görə, fikirləşiblər: “Hə nə olsun ki, yatıb, gedək oyadaq, bu, yuxudan vacibdir”. Nekrasov əlyazmanı Belinskiyə verib yeni Qoqolun doğulduğunu izah etmişdi. “Sizin Qoqollar göbələk kimi bitir” – Belinski quru cavab vermişdi. Lakin “Bədbəxt insanlar”ı oxuyandan sonra eyni heyranlığı yaşadı, dərhal yeni müəlliflə tanışlıq tələb etdi və müəllifə komplimentlər yağdırdı. Dostoyevski sevincdən qəhərləndi; “Bədbəxt insanlar” Nekrasovun “Sovremennik”ində çap olunmuşdu. Böyük uğur qazansa da, təəssüf ki, bu davamlı olmadı. Onun “Oxşar” (1846) adlı ikinci povesti (Dostoyevskinin yazdığı ən yaxşı əsər olan və “Bədbəxt insanlar”dan min dəfə gülcü olan) çox soyuq qəbul olunmuşdu. Lakin özünü vacib müəllif hesab etməyə başlamış, saf, kobud, pis tərbiyə görmüş Dostoyevski dəfələrlə axmaq vəziyyətə düşür, yeni dostları və pərəstişkarları ilə dalaşırdı. Turgenev onu rus ədəbiyyatının burnundakı sivilcə adlandırmışdı.
Dostoyevskinin gəncliyində siyasi simpatiyası radikallardan və nisbətən qərbçilərdən yana idi. Həmçinin o, Sen-Simon və Furyenin ardıcılları olan gənclərin gizli cəmiyyətinə qoşulmuşdu, lakin faktiki üzvü deyildi. Bu gənclər dövlət departamentinin işçisi Mixail Petraşevskinin evində toplaşır, Furyenin əsərlərini yüksək səslə oxuyur və müzakirə edir, sosializm haqqında söhbətlər edir və hakimiyyəti tənqid edirdilər. 1848-ci ildə Avropanı ağuşuna almış inqilab dalğasından sonra, Rusiyada geriçilik dalğası başladı və hakimiyyət təlaşlanıb bütün müxaliflərin üstünə düşdü. Petraşevskiçilər, həmçinin Dostoyevski də həbs olunmuşdu. Onu sui-qəsddə iştirakda və pravoslav kilsəsinin, çar hakimiyyətinin ünvanına təhqiramiz ifadələrlə dolu “Belinskinin Qoqola məktub”unun yayılmasında, şəxsi tipoqrafiya vasitəsilə hakimiyyət əleyhinə əsərlərin yayılması cəhdində günahlandırmışdılar. Lakin ön istintaq zamanı o, əcdadım general Nabokovun rəisi olduğu Peropavlovski qalasında saxlanmışdı (General Nabokovla I Nikolay arasında bu məhkum barəsində gedən yazışma çox məzəlidir). Hökm çox sərt oldu – Sibirə səkkiz illik sürgün (sonradan bu müddət yarıbayarı azaldılmışdı). Məhkumlara məhkəmənin son qərarını oxumazdan əvvəl onlarla son dərəcədə qəddar fars oynadılar: onları edam gözlədiyini elan edərək meydana gətirdilər, alt paltarına qədər soyundurdular, məhbusların birinci hissəsini sütunlara bağladılar. Və yalnız bundan sonra əsl hökmü oxudular. Məhkumlardan biri dəli oldu. Həmin günün xatirələri Dostoyevskinin qəlbində dərin izlər buraxdı və heç vaxt yaddaşından silinmədi. Dostoyevski dörd illik sürgünü qatillərin və oğruların arasında keçirdi – hələ cinayətkarlar və siyasi məhbuslar arasında bölünmə aparılmırdı. O, öz təəssüratlarını “Ölü evdən məktublar”da (1862) təsvir etmişdi. Yazdıqları dəhşətlidir! Orada dözdüyü bütün təhqirlər və çətinliklər, aralarında yaşadığı cinayətkarlar kimi təfsilat ilə təsvir olunub. Dostoyevski həmin şəraitdə dəli olmamaq üçün bir çıxış yolu tapmalı idi. Aydın idi ki, birlikdə yaşadığı məhkumlarda qorxunc vəhşiliklə yanaşı, bəzi insani xüsusiyyətləri də sezilirdi. Dostoyevski ayrı-ayrı insanlıq təcəssümlərini qatılaşdıraraq onların üzərində çox süni və patoloji konsepsiya qurmuşdu, bu konsepsiya sadə rus xalqının hədsiz ideallaşdırılmasına qədər gedirdi. Bu onun uzun mənəvi inkişaf yolunda ilk addım idi. 1854-cü ildə məhkumluq müddəti bitəndə, onu ucqar Sibir şəhərciyindəki bir alaya əsgər olaraq göndərdilər. 1855-ci ildə I Nikolay vəfat etdi və taxta onun oğlu II Aleksandr çıxdı. Bu ötən əsrin Rusiya tarixindəki ən yaxşı çar idi. (Taleyin oyununa bax ki, o, inqilabçıların əlindən öldü, üzərinə atılan bomba sözün əsl mənasında onu ikiyə bölmüşdü.) Onun hakimiyyətinin ilk illərində bir çox məhkumlar amnistiyaya düşmüşdülər. Dostoyevskinin hüquqlarını bərpa etdilər. Dörd il sonra o, Peterburqa qayıtmaq izni aldı. Hələ Sibirdə keçirdiyi son illərdə o, yenidən əlinə qələm götürərək “Stepançikovo kəndi” (1859) və “Ölü evdən məktublar”ı yazmışdı. Peterburqa isə özünü tamamilə ədəbi fəaliyyətə həsr edir. Qardaşı Mixaillə birlikdə “Vaxt” jurnalını çap etdirir. “Yeraltından məktublar” və “Alçaldılmış və təhqir olunmuşlar” (1861) ilk dəfə bu jurnalda çıxır. Onun hakimiyyətlə münasibətləri gənclikdəki ifrat baxışları ilə müqayisədə ciddi dəyişikliklərə məruz qalmışdı. İndi onun politik kredosu belə idi: “pravoslavlıq, mütləqiyyət və xəlqilik” – reaksioner slavyanofilliyin üzərində dayandığı üç kit. Sosializm, qərb liberalizmi onun üçün slavyan və xristian dünyasını dağıtmaq üçün nəzərdə tutulmuş qərb infeksiyası, şeytani yalan idi. Bizim zamanımızda bir çoxları faşizmə və kommunizmə belə münasibət bəsləyir, ümumi xilas yolunu onlarda görürlər.
Onun şəxsi həyatı uğursuz idi. Sibirdə evlənəndə də bu evlilik ona xoşbəxtlik gətirmədi. 1862-1863-cü illərdə bir yazıçı xanımla münasibəti var idi. Onlar birlikdə İngiltərə, Fransa və Almaniyaya getmişdilər. Onun sonralar “infernal” (şeytani) adlandırdığı bu qadın çox yəqin ki, qəddar idi. Sonra qadın qeyri-adi istedad parıltılarını heyrətamiz məsumluq məqamları ilə uyğunlaşdıran qeyri-adi yazıçı Rozanova ərə getdi. (Mən Rozanovu artıq başqası ilə evli olarkən tanımışdım). Yəqin ki, bu qadın Dostoyevskiyə elə də yaxşı təsir göstərməmiş və onun onsuz da möhkəm olmayan psixikasını korlamışdı. İlk dəfə Almaniyada onun, ailəsinin fəlakəti olacaq və evdə heç olmasa bir qədər firavanlığın, maddi rifahın yaradılmasına mane olan tərəfi – qumara olan zəifliyi üzə çıxdı.
Qardaşının ölümündən sonra nəşr etdirdikləri jurnal bağlandı. Dostoyevski müflis oldu və qardaşının ailə yükü də onun çiyinlərinə düşdü – o, bu öhdəliyi dərhal könüllü olaraq üzərinə götürmüşdü. Bu ağır yükün öhdəsindən gəlmək üçün Dostoyevski şövqlə işə başladı. Ən məşhur əsərləri: “Cinayət və cəza” (1866), “Qumarbaz” (1867), “İdiot” (1868), “Şeytanlar” (1872), “Karamazov qardaşları” (1880) və s. – daimi tələskənlik şəraitində yazılmışdı: onun bəzən yazdığını, daha doğrusu stenoqrafistlərə diqtə etdiklərini yenidən oxumaq imkanı olmurdu. Nəhayət stenoqrafist qadınlardan birinin simasında o, özünə sadiq qadını tapdı. Bu qeyri-adi praktiki xasiyyətə malik qadın sayəsində o, işləri vaxtında yerinə yetirməyə başladı və maliyyə böhranından çıxa bildi. 1867-ci ildə onlar evləndilər. Ailələri xoşbəxt idi. 1867-ci ildən 1871-ci ilədək onlar bir qədər maddi rifaha qovuşdular və Rusiyaya qayıda bildilər. Həmin vaxtdan ölümünədək Dostoyevski nisbətən sakit yaşadı. “Şeytanlar” böyük uğur qazandı. Bu uğurdan sonra ona knyaz Meşerskinin nəşr etdirdiyi konservativ “Vətəndaş” jurnalında çap olunmağı təklif etdilər. O, ölümündən əvvəl digər romanlarından daha məşhur olmuş “Karamazov qardaşları” romanının ikinci cildi üzərində işləyirdi. Lakin onun 1880-ci ildə Puşkinin Moskvadakı heykəlinin açılış mərasimində söylədiyi nitq daha məşhur oldu. Bu möhtəşəm hadisənin arxasında Rusiyanın böyük Puşkin sevgisi dayanırdı. 19-cu əsrin ən yaxşı yazıçıları bu tədbirdə iştirak etmişdilər. Lakin Dostoyevskinin nitqi çox başgicəlləndirici uğur əldə etmişdi. Nitqin məğzi bunda idi ki, Puşkin digər xalqların ideallarına həssaslıqla cavab verən, lakin onu mənəvi cəhətdən dərk edən, fəqət bunları dəyişdirib rus milli ruhu ilə yoğurmağın ifadəsidir. Dostoyevski bunda, bu potensialda, rus xalqının ümumdünyəvi missiyasının sübutunu görmüşdü və s. Nitqi bu gün oxuyanda, onun gurultulu məşhurluğunun səbəbini anlamaq olmur. Lakin həmin dövrdə bütün Avropanın rus özünüdərkinin və qüdrətinin böyüməsinə qarşı çıxdığını xatırlasaq, dinləyicilərin vətənpərvər ruhlarında yaratdığı duyğu fırtınasını daha yaxşı anlayarıq. Bir il sonra 1881-ci ildə II Aleksandrın ölümündən bir qədər əvvəl Dostoyevski dünyasını dəyişdi, artıq bu vaxta o hər kəsin hörmətini qazanmış, nüfuz sahibi biri idi.
***
Riçardsonun (1689-1761), Anna Radkliffin (1764-1823), Dikkensin (1812-1870), Russonun (1712-1778) və Ejen Syunun (1804-1857) romanlarının fransızcaya, ruscaya tərcümələri və qərb ədəbiyyatının təsiri ilə Dostoyevskinin əsərlərində görünən emosional və qotik ünsürlər, melodramatik sentimentallığa keçən dini mərhəmətlə birləşir. “Sentimentallığı” “həssaslıqdan” ayırmaq lazımdır. Sentimental adam şəxsi həyatında həddən artıq qəddar ola bilər. İncə hissiyyatlı adam isə heç vaxt qəddar olmur. Proqressiv bir ideya üçün hönkürüb ağlamağa qadir olan sentimental Russo, öz övladlarını müxtəlif uşaq evlərinə və iş evlərinə paylaşdırmış, sonralar onların taleyində heç bir rol oynamamışdı. Sentimental qarımış qız tutuquşusuna ləziz yemlər verə və qardaşı qızını zəhərləyə bilər. Sentimental siyasətçi heç vaxt Analar gününü ötürməz və öz rəqibinin öhdəsindən amansızlıqla gələr. Stalin uşaqları sevirdi. Opera, xüsusilə “Traviata” Lenini hönkürtü ilə ağlamağa vadar edirdi. Yazıçılar əsr boyu yoxsulların sadə həyatını vəsf edirdilər. Odur ki, biz sentimentalistlərdən – Riçardsondan, Russodan, Dostoyevskidən – bəhs edəndə, insanda avtomatik olaraq təbii mərhəmət hissi oyadan ən adi hisslərin əsassız şişirdilməsini nəzərdə tuturuq. Dostoyevski heç vaxt sentimental romanların və qərb detektivlərinin təsirindən qurtula bilmədi. Onun çox sevdiyi konflikt məhz sentimentalizmə aparır: qəhrəmanı acınacaqlı vəziyyətə salıb ondan maksimum mərhəmət əldə etmək. Sibirdən qayıdandan sonra Dostoyevski ideyaları – günah və tövbədən keçən xilas yolu, əzabın və barışmanın etik üstünlüyü, təslimçiliyin əxlaqi cəhətdən mübarizə və dirənişdən üstünlüyü, azad iradənin fəlsəfi yox, əxlaqi müdafiəsi və nəhayət bir tərəfə eqoist-antixristian ziddiyətini, bu biri tərəfə isə qardaşlıq-xristianlıq-Rusiyasını qoymaq – yetişməyə başlayanda, (yüzlərlə dərslikdə hər tərəfli təhlil edilmiş) bu cür ideyalar onun romanlarına doluşanda, güclü qərb təsiri hələ də qalırdı. Demək istərdim ki, Qərbə belə nifrət edən Dostoyevski, rus yazıçıları arasında ən avropalısı idi. Onun qəhrəmanlarının ədəbi soy-kökünün izi ilə getmək maraqlıdır. Onun sevimlisi, qədim rus folklorunun qəhrəmanı olan, qardaşlarının bacarıqsız sarsaq hesab etdikləri axmaq-İvanuşka, əslində cin kimi bacarıqlıdır. Hiyləgərliyin güc və qüdrət üzərində qələbəsinin təcəssümü olan tamam vicdansız, qeyri-poetik və heç də xoşagəlimli tip olmayan axmaq-İvanuşka, onlarla xalqa geninə-boluna yetəcək qədər bədbəxtlik yaşamış xalqın oğlu, nə qədər qəribə olsa da, Dostoyevskinin “İdiot” əsərinin əsas qəhrəmanı knyaz Mışkinin prototipidir. O da ətrafa itaətkarlıq, fədakarlıq və mənəvi dünya yayan müsbət, təmiz, günahsız bir axmaqdır. Knyaz Mışkinin də öz növbəsində bir nəvəsi var. Bu, müasir sovet yazıçısı Mixail Zoşşenkonun yaratdığı gümrah debil tipidir. O, kəmağıllığın insanın son sığınacaq yeri olduğu totalitar polis-dövlətinin dalda-bucağında yaşayır.
Dostoyevskinin zövqsüzlüyü, daima pre-freyd kompleksli insanların ruhlarında eşələnməsi, çığnanmış insan ləyaqətini faciə ilə doyuzdurması – bütün bunlara heyran olmaq asan deyil. Onun qəhrəmanlarının “günahdan keçərək Məsihə çatması” və ya Bunin dediyi kimi, Dostoyevskinin “Məsihi yeri gəldi-gəlmədi hər yerə soxuşdurması” mənə yaddır. Mən musiqiyə laqeyd qaldığım kimi, təəssüf ki, Dostoyevski-peyğəmbərə də laqeydəm. Məncə, onun yazdığı ən yaxşı əsər “Oxşar”dır. Tənqidçi Mirskinin fikrincə, çoxsaylı (demək olar ki, coyssayağı) təfərrüatlarla, fonetik və ritmik ifadəliliklə zəngin, çox ustalıqla nəql edilmiş əhvalat, öz şəxsiyyətinin həmkarı tərəfindən mənimsədiyini düşünərək dəli olmuş məmur barədədir. Bu povest mükəmməl şedevrdir, lakin Dostoyevski-peyğəmbərin pərəstişkarları yəqin ki, mənimlə razılaşmazlar. Belə ki, əsər 1840-cı ildə böyük romanlardan əvvəl yazılıb, üstəlik Qoqolun təqlidi o qədər nəzərə çarpır ki, bəzi yerlərdə kitab adama parodiya kimi gəlir. Bədii dünyagörüşünün tarixi təkamülü işığında Dostoyevski çox maraqlı hadisədir. Onun istənilən kitabını, məsələn “Karamazov qardaşları”nı diqqətlə təhlil etdikdə görərsiniz ki, onda təbiət təsviri, ümumiyyətlə hissi qavrayışa aid heç nə yoxdur. O, peyzaj təsvir etsə belə, bu fikri, əxlaqi peyzaj olacaq. Onun dünyasına hava yoxdur, ona görə insanların nə geyindiyinin əhəmiyyəti də yoxdur. Dostoyevski öz qəhrəmanlarını situasiyalar, etik konfliktlər, psixoloji və mənəvi çəkişmələr vasitəsilə səciyyələndirir. O, qəhrəmanının xarici görünüşünü bir dəfə təsvir etdikdən sonra, artıq köhnə üsuldakı kimi bir də buna qayıtmır. Böyük sənətkar belə etmir; məsələn, Tolstoy daima fikrən öz qəhrəmanlarını izləyir, bu və ya digər dəqiqədə, anda hansı xüsusi jestdən istifadə edəcəklərini dəqiq bilir. Lakin Dostoyevskinin bundan daha qəribə bir xüsusiyyəti var. Elə bil, tale onu böyük rus dramaturqu olmağına hazır idi, lakin o, öz yolunu tapmayıb romançı olmuşdu. “Karamazov qardaşları” romanı həmişə mənə inanılmaz dərəcədə şaxələnmiş, bir neçə ifaçı üçün nəzərdə tutulmuş, dəqiq hesablanmış tərtibata və rekvizitə malik pyes kimi gəlib: “yaş qədəhin masanın üzərində qoyduğu dairəvi iz”, sanki bayırda günəş parıldayırmış kimi görünsün deyə sarı rəngə boyanmış pəncərə, səhnə işçisi tərəfindən tələsik gətirilib atılmış kol-kos.
***
İzn versəniz, ədəbiyyatla məşğul olmağın daha bir metodunu göstərərdim – ən sadə və bəlkə də ən vacib metoddur. Əgər kitab xoşunuza gəlmirsə, özünüz üçün başqa, daha düzgün baxış bucağını xəyal edərək, yaxud məsələyə sevmədiyiniz müəllifdən fərqli yanaşaraq, kitabdan zövq ala bilərsiniz. Adi, saxta, bayağı (bu sözü yadda saxlayın) olan şeylər siz mükafata layiq görülmüş ikinci dərəcəli kitabla əlləşərkən, bədxah, lakin ən azından faydalı zövq verə bilər. Amma sevdiyiniz kitabları həzzdən əsə-əsə, nəfəsinizi tutaraq oxumaq lazımdır. İcazənizlə, sizə praktik bir məsləhət verim. Ədəbiyyatı, əsl ədəbiyyatı ürəyə və ağıla, ruhun “mədəsi”nə faydalı bir iksir kimi qurtumla içmək lazım deyil. Ədəbiyyatı kiçik dozalarla, parçalayaraq, qırıntılarına ayıraraq, üyüdərək qəbul etmək lazımdır. Yalnız o zaman ovuclarınızın dərinliklərində onun şirin ətrini hiss edəcəksiniz; onu dilinizlə ağzınızda zövqlə oynatmaq lazımdır – o zaman, yalnız o zaman, siz onun nadir ətrini layiqincə qiymətləndirəcəksiniz və parçalanmış, xırdalanmış hissəciklər təxəyyülünüzdə yenidən birləşərək bir azını öz qanınıza qatdığınız bütöv gözəlliyə qovuşacaq.
***
Sənətkar bir sənət əsəri yaradarkən, öz qarşısına müəyyən bir məqsəd qoyur. O, qəhrəmanları, vaxtı və yeri seçir, sonra hadisələrin təbii axınına, yəni material üzərində heç bir zor tətbiq etmədən, işə saldığı güclərin birləşməsindən və qarşıdurmasından doğulan, təbii və məntiqi inkişafa şərait yaradan xüsusi hallar tapır. Bunun üçün yaradılmış dünya tamamilə qeyri-real ola bilər – məsələn, Kafkanın və ya Qoqolun dünyası kimi – lakin ondan tələb etməyə haqqımızın çatdığı bir vacib şərt var: bu dünya mövcud olduqca, oxucuda və ya tamaşaçıda inam hissi yaratmalıdır. Məsələn, Şekspirin pyesə Hamletin atasının kölgəsini daxil etməsi vacib deyildi. Vacib deyil ki, biz Şekspirin müasirlərinin ruhlara inandığı üçün onun əsaslı olaraq dramlarında bu üsula əl atmasını, yaxud ruhun sadəcə səhnə şərtiliyi olduğunu iddia edən tənqidçilərlə razılaşırıq, ya yox. Öldürülmüş kralın ruhu faciədə peyda olduğu andan biz ona inanırıq və Şekspirin onu əsas qəhrəman etmək hüququnun olmasına şübhə etmirik. Mahiyyətcə, istedadın əsl ölçüsü, müəllif və müəllifin yaratdığı əvvəllər mövcud olmamış dünya arasındakı fərqlilik dərəcəsi, ən əsası da onun etibarlılığıdır.
Dostoyevskinin dünyasını bu baxımdan qiymətləndirməyi təklif edirəm. Sonra deyim ki, bədii əsərə müraciət edərkən incəsənətin ilahi oyun olduğunu unutmaq olmaz. Bu iki element – ilahilik və oyun – eyni dəyərdədirlər. O, ilahidir, çünki o, insanı Allaha yaxınlaşdıraraq əsl bərabərhüquqlu yaradıcıya çevirir. Bununla belə, incəsənət oyundur, çünki o, yalnız biz onun sadəcə uydurma olduğunu, aktyorların səhnədə həqiqətən öldürülmədiyini xatırladığımız müddətcə incəsənət olaraq qalır. Başqa sözlə desək, dəhşət, yaxud ikrah hissi oxucu və ya tamaşaçı olduğumuza inanmağa mane olmadıqca, biz mahir və həyəcanverici oyunda iştirak edirik; bərabərlik pozulan kimi səhnədəki pyes geydirmə melodrama, kitabdakı təhkiyə isə daha çox qəzet səhifəsinə yaraşan bir qətlin dəbdəbəli təsvirinə çevrilir. Bu zaman zövq, həzz və ruhi həyəcan – əsl sənət əsərinin səbəb olduğu mürəkkəb duyğu – hissləri bizi tərk edir. Axı dünyanın ən böyük üç pyesinin qanlı final səhnələri bizdə ikrah və dəhşət hissi oyandırmır: Kordeliyanın ölümü, Hamletin qətli və Otellonun intiharı. Bundan ətimiz ürpəşir və bu titrəmədə məlum zövq var. Biz qəhrəmanların ölümünə yox, Şekspirin hər şeyə qalib gələn dühasına heyran qalırıq. “Cinayət və cəza”nı və “Yeraltından məktublar”ı (1864) məhz bu cəhətdən qiymətləndirməyinizi istəyərdim: Dostoyevskinin xəstə ruhların dərinliyinə etdiyi səyahətlərdə onu müşayiət edərkən hiss etdiyiniz estetik zövq üstün gəlirmi, bu zövq həmişə digər duyğuları – ikrahdan diksinməni, cinayətin detallarına qeyri-sağlam marağı – üstələyirmi? Onun digər romanlarında estetik bacarıqla cinayət xronikası arasındakı bərabərlik daha azdır.
Və nəhayət sənətkar insan ruhunun dözülməz iztirablar altında hərəkətini araşdırmağa başlayanda, bizim marağımızı daha çox cəlb edir və onun reaksiyaları nisbətən insanidirsə, biz ruhun qaranlıq dalanlarında bələdçilik edən sənətkarı daha həvəslə izləyirik. Əlbəttə, yalnız orta-statistik insanın mənəvi həyatı ilə maraqlandığımızı və ya maraqlanmalı olduğumuzu demək istəmirəm. Təbii ki, belə deyil. Sadəcə demək istəyirəm ki, dəlixanadan təzəcə buraxılmış və geri qaytarılmağına az qalmış çılğının, yaxud xəstənin davranışlarını insani hesab etməyimiz çətin məsələdir. Bu yolunu azmış, şikəst, eybəcər ruhların reaksiyalarını artıq bu sözün hamı tərəfindən qəbul edilmiş mənasında normal reaksiya hesab etmək olmaz, ya da onlar o qədər qeyri-adidir ki, müəllifin qarşısına qoyduğu məsələ həll edilməmiş qalır, bu qeyri-adi xarakterləri araşdırıb necə həll etməyi nəzərdə tutmasından asılı olmayaraq. Tibbi kitabçalarda bir qədər qurdalandıqdan sonra Dostoyevski qəhrəmanlarının əziyyət çəkdiyi psixi xəstəliklərin siyahısını tutdum:
1. Epilepsiya
Üç aydın hal: “İdiot”da knyaz Mışkin, “Karamazov qardaşları”nda Smerdyakov, “Şeytanlar”da Kirillov və “Alçalmış və təhqir olunmuşlar”da Nelli.
1) Knyaz Mışkin klassik haldır. O, tez-tez ekstatik vəziyyətlərə düşür, mistisizmə meyllidir, heyrətamiz mərhəmət qabiliyyəti var ki, bu da ona ətrafdakıların məqsədlərini intuitiv şəkildə təxmin etməyə imkan verir. O, pedant dərəcədə səliqəlidir, bunun sayəsində kalliqrafiyada inanılmaz uğurlar qazanıb. Uşaqlıqda tez-tez ürəkkeçmələri olurdu və həkimlər onun müalicəsi mümkün olmayan “idiot” olduğu nəticəsinə gəlmişdilər…
2) Smerdyakov qoca Karamazovun divanə qadından olan nikahdankənar oğludur. O, hələ uşaq ikən dəhşətli qəddarlıqlar edirdi. Pişikləri asmağı sevir, sonra onları basdıraraq kafircəsinə ayinlər keçirirdi. Gəncliyindən başlayaraq onda meqalomaniyaya qədər çatan özündənrazılıq inkişaf edirdi… O tez-tez ürəkkeçmələrindən əziyyət çəkirdi… və s.
3) Kirillov – bu “Şeytanlar”dakı günah keçisi idi – epilepsiyanın ilk mərhələsindən əziyyət çəkir. Yumşaq, nəcib, ağıllı insandır və buna baxmayaraq, epileptik olduğu aşkardır. O yaxınlaşan tutmanın ilk əlamətlərini dəqiq təsvir edir. Onun xəstəliyi intihar maniyası ilə kəskinləşir.
4) Nellinin xarakteri isə epilepsiyanın təbiətini anlamaq üçün elə də maraqlı deyil, o, əvvəlki üç halın izah etdiklərinə yeni heç nə əlavə etmir.
2. Qocalma
“İdiot”dakı general İvolginin qocalma marazmı alkoqolizmlə daha da pisləşir. Bu zavallı, məsuliyyətsiz məxluq daima içki üçün pul dilənir: “Verəcəm, vallah, verəcəm”. Onun yalanını ifşa edəndə isə o bir dəqiqəlik özünü itirsə də, sonra yenidən köhnə vərdişinə qayıdır. Məhz yalana patoloji meyl onun ağlının vəziyyətini səciyyələndirir, alkoqolizm şəxsiyyətin tənəzzülünə az vasitəçi olmayıb.
3. İsteriya
1) “Karamazov qardaşları”ndan Liza Xoxlakova – 14 yaşlı qız, qismən iflicdir, iflic çox yəqin isteriyadan yaranıb və möcüzə ilə sağaldıla bilər… O, yaşına görə çox böyükdür, çox həssas, nazlı və şıltaqdır, gecə qızdırmalarından əziyyət çəkir – bütün simptomlar klassik isteriya halına uyğun gəlir. Gecələr yuxusa şeytanlar girir. Gündüz isə pislik və dağıntı törədəcəyini xəyal edir. O, bu yaxınlarda baş tutmuş və Dmitri Karamazovun günahlandırıldığı ata qətli barədə həvəslə mülahizələr yürürdür: “Onun öldürməyi hamının xoşuna gəlir” və s.
2) “Şeytanlar”dakı Liza Tuşina həmişə isteriyanın sərhədindədir. O, inanılmaz dərəcədə əsəbi və narahatdır; məğrurdur, lakin möcüzəli ürəyiaçıqlıq nümayiş etdirə bilir. Onun qəribəlikləri və göz yaşı ilə nəticələnən isterik gülüş tutmaları olur. Bu cür açıq kliniki isteriya hallarından əlavə Dostoyevskinin qəhrəmanlarında isterik meyllərin müxtəlif formaları müşahidə olunur: “İdiot”da Nastasya Filippovna, “Cinayət və cəza”da Katerina İvanovna “əsəbdən” əziyyət çəkir, qadın qəhrəmanların çoxu isteriyaya meylli olması ilə seçilir.
4. Psixopatiya
Dostoyevski qəhrəmanları arasında çoxsaylı psixopatlar var: Stavroqin – əxlaqi natamamlıq halı, Roqojin – erotomaniyanın qurbanı, Raskolnikov – şüurun ani bulanması halı, İvan Karamazov – daha bir anormal. Bütün bu hallar şəxsiyyətin tənəzzülünün sübutudur. Bir neçə tamamilə dəli personajlar da daxil olmaqla, çoxlu digər misallar var.
Yeri gəlmişkən, alimlər bəzi tənqidçilərin Dostoyevskinin Freydin və Yunqun sələfi olması barədə iddialarını inkar edirlər. Lakin Dostoyevskinin S.-Q.Karus adlı alman həkimin “Psixiatriya” əsərini dəfələrlə istifadə etdiyini inamla sübut etmək olar. Dostoyevskinin Freydin xəbərçisi olması ehtimalı Karusun kitabındakı terminologiyanın və hipotezlərin Freydinkilərə uyğun olmasına əsaslanır, lakin əsas konsepsiyalar fərqli idi. Müəlliflər müxtəlif ideyaları eyni terminologiyayla ifadə edirdilər. Əsəbi adamlardan və ruhi xəstələrdən ibarət böyük qalereya yaratmış yazıçının “realizmi” və ya “insani təcrübəsi” barədə ciddi-ciddi danışmağın mümkünlüyü şübhə altındadır.
Hər şeydən əlavə Dostoyevskinin qəhrəmanlarının daha bir heyrətamiz cəhəti vardı: onlar bütün kitab boyu dəyişmirlər. Hələ təhkiyənin əvvəlində biz tam yerinə oturmuş xarakterlərlə qarşılaşırıq, vəziyyət nə qədər dəyişsə də, onlarda xüsusi dəyişiklik baş vermir. Məsələn, Raskolnikov hadisəsində biz görürük ki, insan xarici dünya ilə harmoniyanın mümkünlüyü fikrinə gəlib çıxıb, lakin bu yalnız zahirən baş verir, daxilən Raskolnikov çox dəyişmir. Dostoyevskinin digər qəhrəmanlarında isə bundan da az dəyişiklik baş verir. Kitabda daima hərəkətdə olan, qəfil dönən, kənara çəkilən, öz döngəsinə daima təzə qəhrəmanları və vəziyyətləri daxil edən yeganə şey intriqadır.
Birdəfəlik razılaşaq ki, Dostoyevski hər şeydən əvvəl qarşımıza çıxan hər personajın sona qədər eyni qaldığı, artıq formalaşmış vərdişlərini və cizgilərini dəyişmədiyi detektiv romanların müəllifidir; bu və ya digər romandakı bütün qəhrəmanlar, mürəkkəb şahmat partiyasında təcrübəli şahmatçılar kimi hərəkət edirlər. Yaxşı intriqa ustası Dostoyevski oxucunun diqqətini çəkməyi əla bacarır, onu ustalıqla nəticəyə aparır və həsəd oyadan sənətkarlıqla oxucunu gərginlikdə saxlayır. Lakin əgər artıq bir dəfə oxuduğunuz kitabı yenidən oxusanız və süjetin bütün dolaşıq gözlənilməzliklərdən xəbərdarsınızsa, əvvəlki gərginliyi yaşamadığınızı hiss edəcəksiniz.
“CİNAYƏT VƏ CƏZA” (1866)
Dostoyevski süjeti ustalıqla dolaşdıra bildiyi və deyilməmiş sözlərin, ehyamların sayəsində oxucunu gərginlikdə saxlaya bildiyi üçün, rus məktəbliləri onun kitablarından Fenimor Kuperin, Viktor Hüqonun, Dikkensin və Turgenevin kitabları ilə eyni dərəcədə zövq alırlar. Mən ilk dəfə qırx beş il əvvəl “Cinayət və cəza”nı oxuyanda on iki yaşım var idi və bunun qüdrətli, həyəcanverici kitab olduğunu düşünmüşdüm. On doqquz yaşım olanda, Rusiyadakı Vətəndəş müharibəsinin dəhşətli illərində onu yenidən oxudum və anladım ki, bu, uzunçu, dözülməz dərəcədə sentimental və pis yazılmış kitabdır. İyirmi səkkiz yaşında kitaba yenidən qayıtdım, çünki həmin vaxt Dostoyevskidən də bəhs etdiyim bir kitab yazırdım. Dördüncü dəfə isə onu Amerika universitetlərində mühazirələrə hazırlaşarkən oxudum. Və yalnız bu yaxınlarda bu əsərin məni narahat edən tərəfini tapdım. Qüsur, bütün qurğunun etik və estetik cəhətdən dağıldığı, çat verdiyi onuncu fəslin dördüncü hissəsindədir. Tövbə səhnəsinin əvvəlində, qatil Raskolnikov Sonya sayəsində özü üçün Əhdi-Cədidi kəşf edir. Sonya ona Lazarın dirilməsini oxuyur. Hələ ki, pis getmir. Lakin sonra axmaqlığına görə dünya ədəbiyyatında tayı-bərabəri olmayan ifadə gəlir: “Əyri şamdandakı şam qırığı yanıb qurtarmaq üzrə idi: şam, bu əbədi kitabın oxunması ətrafında belə qəribə şəkildə birləşən bu qatillə bu zinakar qızı bu kasıbyana otaqda zəif halda işıqlandırırdı”. Qatil və əxlaqsız qadın” və “əbədi kitab” – nə gözəl üçbucaqdır! Bu, romanın açar cümləsi və Dostoyevskinin tipik ritorik fəndidir. Bəs niyə qulağa bu qədər yad gəlir? Niyə belə kobud və zövqsüzdür? Məncə, nə böyük sənətkar, nə böyük moralist, nə əsl xristian, nə əsl filosof, nə şair, nə sosioloq qatillə – kimin? – bədbəxt fahişənin bu qədər fərqli başlarını müqəddəs kitabın üstündə əyib, saxta fəsahət uğruna belə yalançı birləşmə yaratmamalıdır. Xristian Allahı, xristian Allahına inananların qavradığı kimi, əxlaqsız qadını on iki əsr bundan əvvəl bağışlamışdı. Qatili isə hər şeydən əvvəl tibbi cəhətdən analiz etmək lazım idi. Onları müqayisə etmək qeyri-mümkündür. Raskolnikovun qəddar və mənasız cinayəti bədənini sataraq ləyaqətini itirmiş qızın taleyinə heç yaxın gəlmir. Qatil və əxlaqsız qadın Müqəddəs kitab oxuyur – cəfəngiyyatdır! Burada bədii cəhətdən əsaslandırılmış heç bir əlaqə yoxdur. Yalnız qorxulu və ya sentimental romanlardakı kimi təsadüfi əlaqə var. Bu yüksək patetika və dindarlıq şedevri yox, ucuz ədəbi fənddir. Bundan əlavə bədii mütənasibliyin olmamasına fikir verin. Raskolnikovun cinayətinin bütün rəzil təfərrüatları təsvir edilib və müəllif onlarla müxtəlif izahat verib. Sonyaya gəldikdə isə onun öz peşəsi ilə məşğul olduğunu bir dəfə də görmürük. Qarşımızda tipik ştamp var – fahişə əvvəlcədən suçludur. Mənim fikrimcə isə sənətçi heç nəyi bəri başdan qəbul etməyəndir. Əsl sənətkar belə şeyə yol verməz.
***
Raskolnikov niyə öldürür? Səbəb həddindən artıq dolaşıqdır. Əgər Dostoyevskinin kifayət qədər optimistcəsinə sübut etmək istədiyinə inansaq, Raskolnikov bir tərəfdən ailəsinə, digər tərəfdən yüksək ideallara sadiq, fədakarlığı bacaran, mehriban, böyükürəkli, çalışqan, lakin hədsiz bədgüman və qürurlu gənc idi – hətta heç bir səmimi/aşiqanə münasibətlərə ehtiyac duymadan özünə qapanmağa hazır idi. Bu çox yaxşı, böyükürəkli və qürurlu gənc ümidsizcəsinə kasıbdır. Raskolnikov sələmçi qarını və onun bacısını niyə öldürür? Aydındır ki, ailəsini kasıblıqdan qurtarmaq, onun universiteti bitirməyinə yardım etmək üçün varlı alçağa ərə getməyə hazırlaşan bacısını xilas etmək üçün. Lakin o, həm də kimin tərəfindən uydurulduğu məlum olmayan əxlaq qanunlarına tabe olan adi adam yox, öz qanunlarını yaratmağa, əxlaqi məsuliyyətin bütün ağırlığına, vicdan əzabına dözməyə və yaxşı məqsəd uğrunda (ailəyə kömək, insanlığa fayda vermək imkanı yaradan təhsil almaq) mənəvi dincliyinə və ləyaqətli həyata zərər vermədən ən alçaq vasitəni (qətli) seçməyə qadir şəxsiyyət olduğunu sübut etmək üçün adam öldürür. Bir də o, Dostoyevskinin sevimli ideyasına görə qatil olur – maddi ideyaların yayılması insanın əxlaqını pozur və hətta yaxşı gənci belə qatil edə bilir. Beləliklə o, olayların uğursuz inkişafı zamanı asanlıqla cinayətə əl ata bilir. Raskolnikovun “məqalə”sində inkişaf etdirdiyi faşist ideyalara diqqət yetirin: bəşəriyyət iki hissədən ibarətdir, kütlə və ali insan, əksəriyyət mövcud əxlaqi qanunlara tabe olmalıdır, lakin kütlədən yüksəkdə dayanan tənha adamlara öz qanunlarını təsis etmək sərbəstliyi verilməlidir. Əvvəlcə Raskolnikov bəyan edir ki, insan həyatı kəşflərə mane olursa, Nyuton və digər böyük alimlər yüzlərlə həyatı qurban verə bilərdi. Sonra naməlum səbəbdən o, insan soyunun xeyirxahlarını unudub diqqətini tamam başqa ideala yönəldir. Onun bütün şöhrətpərəst meylləri, elə oralarda istifadəsini gözləyən qüdrəti götürməyə cürəti çatan, kütləni idarə edən böyük şəxsiyyət hesab etdiyi Napoleonun üzərində toplanıb. İnsanlığa iddialı xeyirxahlıqdan iqtidar aşiqi tirana sıçrayış hiss edilmədən baş tutur. Bu sıçrayış həmişə tələsən Dostoyevskinin edə biləcəyindən daha dəqiq psixoloji təhlilə layiq məqamdır.
Müəllifimizin daha bir sevimli ideyası budur ki, cinayət cinayətkarı bütün canilər üçün qaçılmaz aqibətə – mənəvi cəhənnəmə gətirib çıxarır. Lakin tənhalıqdakı daxili əzablar bağışlamaya aparmır. Bağışlama yalnız insanların gözü qarşısında, cəmiyyətin mühakiməsinə çıxarılanda, qəsdən özünüməhv və yaxınların yanında biabır etmədən sonra gəlir – yalnız bunlar cəfakeşə bağışlanma, tövbə, yeni həyat və buna bənzər şeylər bəxş edə bilər. Raskolnikovun keçməli olduğu yol budur, lakin o, cinayətlərə qayıdacaqmı? – məlum deyil. Onun azad iradə, cinayət xatirinə törədilən cinayət, öz əxlaqi qanunlarını yaratmaq barədə ideyalarını xatırlayın. Dostoyevski bütün bunları məqbul etməyi bacarıbmı? Şübhə edirəm. Hər şeydən əvvəl Raskolnikov nevrastenikdir, istənilən fəlsəfi ideyanın təhrif olunmuş halda qavranması isə onu diskeditasiya edə bilməz. Dostoyevski Raskolnikovu hərfi mənada yalnış yola düşmüş, maddi ideyalardan karıxmış, möhkəm, təmkinli, ciddi gənc etsə, daha çox uğur qazanardı. Lakin Dostoyevski yaxşı anlayırdı ki, bundan bir şey alınmazdı, əgər təmkinli gənc Raskolnikovun zəif psixikasının tab gətirmədiyi mənasız ideyalara qapılsaydı belə, sağlam insan təbiəti onu qəsdən adam öldürməkdən çəkindirirərdi. Təsadüfi deyil ki, Dostoyevskinin bütün canilərin (“Karamazov qardaşları”nda Smerdyakov, “Şeytanlar”da Fedka, “İdiot”da Roqojin) ağlı başında deyil. Dostoyevski mövqeyinin zəifliyini hiss edərək, Raskolnikovu cinayətin uçurumuna itələmək üçün, hər şeyə əl atır, bizi inandırmaq istəyir ki, cavan oğlanı bu uçuruma sürükləyən alman fəlsəfəsinin fəsadlarıdır. Nəinki Raskolnikovun özünün, həm də bacısının və anasının rəzil yoxsulluğu, bacısının fədakarlığa hazır olması, hədəf seçilmiş qurbanın alçaqlığı və mənasızlığı – bu cür təsadüfi səbəblərin bolluğu göstərir ki, Dostoyevski mövqeyinin laxladığını hiss edirdi. Kropotkin düzgün qeyd edib: “Raskolnikovun təsviri arxasında belə bir məsələni həll etməyə çalışan Dostoyevskinin özünü görürəm: onun özü, yaxud onun vəziyyətində olan insan Raskolnikov kimi cinayət həddinə çatdırıla bilər və Dostoyevskinin qatil olmağına hansı məhdudlaşdırıcı motivlər mane olardı. Lakin məsələ burasındadır ki, belə insanlar öldürmürlər”. Mən Kropotkinin bu müddəasının altına imza atıram “məhkəmə müstəntiqi və ya Svidriqaylov kimi insanlar romantik ixtira sahəsinə aiddirlər”. Mən bir az da irəli gedib Soneçka Marmeladovanı da bura aid edərdim. Sonya personajı öz başlanğıcını heç bir günahı olmadan cəmiyyətin qoyduğu çərçivələrdən kənar yaşamağa məcbur qalmış və cəmiyyətin həyat tərzləri ilə bağlı biabırçılıq və əzab yükünü çiyinlərinə yüklədiyi romantik qadın qəhrəmanlardan götürür. Bu cür qəhrəmanlar heç vaxt dünya ədəbiyyatında gözə dəymirdilər. Ta ki, yaxşı abbat Prevost onları “Manon Lesko” (1731) romanında – daha nəfis və buna görə də daha təsirli – obrazında üzə çıxarana qədər. Dostoyevskidə aşağılanma, alçalma mövzusu lap əvvəldən bizi tərk etmir. Bura Raskolnikovun bacısı Dunya və bulvarda görünən sərxoş qız, xeyirxah fahişə Sonya da daxildir – onların hamısı qadın qəhrəmanların əl-qolunu qıran vahid Dostoyevski ailəsinin bacılarıdır. Dostoyevskinin ehtirasla əmin olduğu fiziki əzabların və itaətin insan təbiətini düzəltməsi ideyasının kökləri, onun şəxsi faciəsinə əsaslanır: yəqin ki, o, içində yaşayan azadlıq aşiqinin, üsyançının, individualistin Sibirdə keçirilən illər ərzində silindiyini, təbii sadəliyini itirdiyini hiss etsə də, israrla oradan “düzəlmiş” halda qayıtdığını hesab edirdi.
İDİOT (1868)
“İdiot”da Dostoyevskinin müsbət qəhrəmanını görürük. Bu yalnız Məsihə xas yaxşılığa və bağışlamaq xüsusiyyətinə malik knyaz Mışkindir. Mışkin fövqəladə həssas adamdır: o, başqa insanların başına gələn hər şeyi hiss edir, onları böyük məsafələr ayırsa da. Onun mənəvi müdrikliyi, başqalarının dərdini anlaması və mərhəməti belədir. Knyaz Mışkin – təmizliyin, səmimiyyətin, açıqlığın özüdür, bu isə qaçılmaz olaraq onu başdan ayağa şərti və süni xarici dünya ilə toqquşmaya gətirib çıxarır. Onu yoluna çıxan hər kəs, hətta onun hipotetik qatili Roqojin də sevir. Əsas qadın qəhrəman Nastasya Filippovnanın böyük ehtirasla sevən və onu knyaza qısqanan Roqojin, sonda knyazı indicə sevgilisini öldürdüyü evinə buraxır və Mışkinin mənəvi təmizliyi sayəsində həyatla barışır, qəlbində tüğyan edən ehtirasların əlindən sakitlik tapır.
Lakin knyaz Mışkin də psixi cəhətdən natamamdır. Uşaqlıqda inkişafdan qalmışdı, 6 yaşınadək danışa bilmirdi və epileptika tutmalarından əziyyət çəkirdi. Epileptik olduğu üçün sağlam və sakit həyat tərzi sürməsə, beyni daim pozulmaq təhlükəsi altındadır. (Kitabda təsvir olunan hadisələrdən sonra psixi xəstəlik ona qalib gəlir).
Evlənmək iqtidarında olmasa da, – müəllif bunu birbaşa deyir – knyaz Mışkin iki qadın arasında qalır. Onlardan biri qüsursuz təmiz, gözəl, səmimi qız olan Aqlayadır. O, ətrafındakı dünya ilə, daha doğrusu zəngin və hörmətli bir adamın qızı kimi gənc aristokrata ərə gedib “xoşbəxt ömür sürmək”lə barışmaq istəmir. Aqlaya nə istədiyini özü də bilmir, lakin o qətiyyən bacılarına və ailəsinə oxşamır. O, Dostoyevskivari desək, sözün yaxşı mənasında “dəlidir”. (Dostoyevskinin dəliləri normal insanlardan üstün tutduğu aşkardır). Başqa sözlə, o “axtarışda olan”, içində ilahi işığı gəzdirən şəxsiyyətdir. Knyaz Mışkin və müəyyən dərəcədə anası onu başa düşən yeganə insanlardır. Lakin əgər sadədil anası onun fərqliliyinə görə sadəcə narahatlıq keçirirsə, Mışkin onun narahat ruhunu hiss edir. Mışkin doğru yolu göstərib onu xilas etməyə çalışır və onunla evlənməyə razı olur. Burada hər şey çətinləşir: romanda demonik, məğrur, qüsurlu, cazibədar, müəmmalı, heyrətamiz və alçalsa da təmiz qala bilmiş Nastasya Filippovna da var. O, Dostoyevskinin əsərlərində tez-tez görünən qeyri-mümkün, uydurma, qıcıqlandıran qəhrəmanlardan biridir. Bu əlçatmaz qadının bütün duyğuları ən üstün dərəcədə ifadə olunur: onun yaxşılığı da, günahkarlığı da sərhədsizdir. O, qoca pozğun tərəfindən aldadılıb. Qoca onu məşuqəsinə çevirib bir neçə il yaşayıb, indi isə namuslu qadınla evlənir. Nastasya Filippovnadan canını qurtarmaq üçün tərəddüd etmədən onu öz katibinə ərə verməyə qərar verir.
Nastasya Filippovnanın əhatə edən hər kəs bilir ki, əslində o, namuslu qadındır, onun ikimənalı vəziyyətində məşuqu günahkardır. Lakin bu, ona dəli kimi aşiq olan nişanlısının onu alçalmış qadın hesab etməsinə mane olmur, Aqlayanın ailəsi isə qızlarının Nastasya Filippovna ilə gizli münasibət qurduğunu öyrəndikdə şoka düşürlər. Bu heç Nastasya Filippovnanı da “alçalmasına” görə özünə nifrət etməkdən xilas etmir və o, əsl “aşna” olmaq qərarına gəlir. Yalnız knyaz Mışkin Məsih kimi onu heç nədə günahlandırmır, dərin heyranlıq və hörmət bəsləyir (Yenidən Məsihlə Mariya Maqdalena əhvalatı ilə gizli paralel hiss olunur). Burada Mirskinin daha bir dəqiq qeydini sitat gətirmək yerinə düşər: “Dostoyevski xristianlığının… çox şübhəli xüsusiyyətləri var. Bu nisbətən səthi təlimdir, onu əsl xristianlıqla eyniləşdirmək təhlükəlidir”. Əgər biz bura müəllifin daima oxucuya öz pravoslavlıq yozumunu sırıdığını və istənilən psixoloji, yaxud psixopatik düyünü açarkən qaçılmaz şəkildə bizi Məsihə, daha doğrusu özünün Məsih və pravoslavlıq anlayışına gətirib çıxardığını əlavə etsək, “filosof” Dostoyevskidə bizi nəyin qıcıqlandırdığını daha yaxşı təsəvvür etmiş olarıq.
Gəlin romana qayıdaq. Knyaz Mışkin dərhal anlayır ki, ona vurulan iki qadından Nastasya Filippovnanın ona daha çox ehtiyacı var, çünki o daha bədbəxtdir. Buna görə Nastasya Filippovnanı xilas etmək üçün Aqlayanı nəzakətlə rədd edir. Burada Nastasya Filippovna ilə Mışkin comərdlikdə yarışmağa başlayırlar, Nastasya ümidsizcəsinə Mışkini Aqlaya ilə xoşbəxt olması üçün azad etməyə çalışır, Mışkin isə Nastasyanın “həlak olmağından” (Dostoyevskinin sevimli sözü) qorxaraq onu buraxmır. Lakin Aqlaya Nastasya Filippovnanı öz evindəcə təhqir etmək üçün qalmaqal yaradanda, Nastasya Filippovna özünü rəqibinə görə qurban vermək üçün bir səbəb görmür və knyaz Mışkini Moskvaya aparmaq qərarına gəlir. Son anda isterik qadın yenidən fikrini dəyişir və Mışkinin onun günahı ucbatından “həlak olmağını” istəmədiyi üçün, təzəcə əldə etdiyi mirası Nastasya ilə havaya sovurmağa hazır olan gənc tacir Roqojinlə qaçır, kilsə nigahından qaçarcasına. Knyaz Mışkin onların ardınca Moskvaya gedir. Onların həyatının növbəti dövrü ustalıqla müəmma dumanı altında gizlədilib. Dostoyevski Moskvada nələr baş verdiyini oxucuya açıqlamır, yalnız arabir çoxmənalı və sirli ehyamlar verir. Roqojin də, knyaz Mışkin də özünü get-gedə daha ağılsız aparan Nastasya Filippovnaya görə patetik əziyyətlərə düçar olublar. Onlar hətta xaçlarını dəyişdirərək Məsih qardaşları da olurlar. Bununla da müəllif bizə başa salır ki, Roqojin qıcqanclıq cinayətinin cazibəsindən qaçmağa çalışır. Sonda Roqojin, üç nəfərin içində ən normal adam, dözməyib Nastasya Filippovnanı öldürür. Dostoyevski onun cinayətinə yüngülləşdirici səbəblər tapır: cinayət vaxtı Roqojinin güclü qızdırması vardı. O, cinayətdən dərhal sonra xəstəxanaya düşür, sonra isə Sibirə sürgün edilir – müəllifin yaratdığı mum fiqurların saxlandığı məxsusi anbara. Knyaz Mışkin gecəni Roqajinlə öldürülmüş qadının yanında keçirir, onun ruhi xəstəliklə bağlı növbəti və görünür sonuncu tutması baş verir və o, bütün cavanlığını keçirdiyi İsveçrədəki xəstəxanaya qayıdır, əslində oranı heç tərk etməməliydi.
Bütün bu çılğınca qarışıq hadisələr cəmiyyətin müxtəlif təbəqələrinin edam, yaxud rus xalqının böyük missiyası haqqında fikirlərini ötürmək üçün nəzərdə tutulmuş dialoqların arasına səpələnib. Qəhrəmanlar heç vaxt rəngləri ağarmadan, qızarmadan və ya səntirləmədən söz demirlər. Dini motivlər zövqsüzlüyü ilə ürək bulandırır. Müəllif sübutu olmayan hökmlər verir: məsələn, bildiyimiz kimi Nastasya Filippovna təmkinliliyin, zərifliyin və qüsursuz davranışların nümunəsidir, lakin bəzən özünü lap qəzəbli fahişə kimi aparır.
Amma süjetin özü ustalıqla qurulub, intriqa çoxsaylı məharətli fəndlərin köməkliyi ilə baş verir. Amma onlardan bəziləri Tolstoyla müqayisədə, sənətkar barmaqlarının yüngül toxunuşundan daha çox, zopa zərbəsini xatırladır; ola bilsin ki, bir çox tənqidçilər mənimlə razılaşmasınlar.
"KARAMAZOV QARDAŞLARI" (1880)
"Karamazov qardaşları" Dostoyevskinin inadla digər romanlarında işlətdiyi detektiv texnikasının ən gözəl nümunəsidir. Bu roman uzun (1000 səhifədən çox) və maraqlıdır. Orada diqqətə layiq çox şey var, hətta fəsillərin adları. Demək lazımdır ki, müəllif nəinki kitabının bərbəzəkli və fantastik olmağını yaxşı anlayır, o həm də oxucuya acıq verərək, onun marağını oyatmaq üçün hər xırdalığı istifadə edir, daima bunu vurğulayır. Təkcə mündəricata ötəri nəzər salmaq kifayətdir. Artıq dediyim kimi, fəsillərin adları qeyri-adidir və insanı çaşdıra bilər, romanla tanış olmayan insan asanlıqla qarşısında roman yox, hansısa eksentrik vodevilin librettosu olduğunu düşünüb yanıla bilər.
3-cü fəsil: "Coşqun qəlbin etirafı.. Şeirlərlə", 4-cü fəsil.: "Coşqun qəlbin etirafı.. Lətifələrlə", 5-ci fəsil: "Coşqun qəlbun etirafı.. Başı aşağı". Sonra ikinci cildin 5-ci fəsli: "Qonaq otağında canfəşanlıq", 6-cı fəsil: "Daxmada canfəşanlıq", 7-ci fəsil: "Və açıq havada". Bəzi başlıqlar qəribə əzizləmələrlə adamı heyrətə salır: "Konyakcığaz içərkən". Əksər fəsillərin adının məzmunla uzaqdan-yaxından əlaqəsi yoxdur, məsələn: "Daha bir korlanmış etibar", yaxud “Üçüncü çilə”. Onlar mənasızdır. Və nəhayət bəzi oynaq başlıqlar saf oxucunu bir qədər ələ salaraq yumoristik hekayə adı kimi qəbul edilir. Qəribə olsa da, yalnız altıncı, kitabın ən zəif hissəsində fəsillərin adları məzmuna uyğun gəlir. Hiyləgər müəllif oxucunu bu cür cırnadaraq, ələ salaraq cəlb edir. Lakin bu yeganə fənd deyil. O, oxucu marağını oyatmaq və saxlamaq üçün daima yeni vasitələr axtarır. Görün romanın əvvəlindən hadisələrin baş verdiyi şəhərin adının necə açıqlanmasına baxaq. Kitabın axırına qədər şəhərin adı deyilməyib:
“Skotopriqonyevski (sığır sürülərinin aparıldığı yer, sığırlara məxsus açıq ərazi, öküz-şəhər kimi bir addır bu), Skotopriqonyevski. Bəli, neyləyək ki, şəhərimizin adı Skotopriqonyevskidir; bunu indiyə qədər açıqlamaq istəməmişdim”.
Daima oxucunu gözdən kənarda qoymamaq – onu bir tərəfdən yazıçının tələsinə çəkdiyi qurban kimi, digər tərəfdən yazıçının izləri itirərək qaçdığı dovşan kimi görmək – yazıçı tərəfindən oxucuya belə münasibət müəyyən dərəcədə rus ədəbiyyat ənənəsindən gəlir. Puşkin "Yevgeni Onegin"də, Qoqol "Ölü canlar"da tez-tez gözlənilmədən oxucuya müraciət edir, bəzən üzr istəyir, bəzən xahiş, bəzən də zarafat edir. Lakin oxucu ilə belə oyunlar həm də qərb romanlarından və ya onların sələfi – cinayət xronikalarından götürülüb. Dostoyevski bu xronikaların ənənəsinə uyğun gələn məzəli bir fəndə əl atır: xüsusi vurğu salınmış birbaşalıqla əvvəlcədən bildirir ki, cinayət törədilib.
“Aleksey Fyodoroviç Karamazov, on üç il öncəki qorxunc əsrarəngiz ölümü bir vaxtlar hamının dilində gəzən… bölgəmizin dərəbəyi Fyodor Pavloviç Karamozovun üçüncü oğlu idi.”
Müəllifin bilərək etdiyi bu birabaşalıq ədəbi fənddən başqa bir şey deyil. Onun məqsədi dərhal oxucunu bu “qorxunc əsrarəngiz ölüm”lə həyəcanlandırmaqdır. Kitab tipik detektiv, mürəkkəb cinayət romanıdır, lakin hadisələr asta cərəyan edir. Çıxış situasiyası belədir: Ata Karamazov – əclaf, əxlaqsız qoca, detektiv müəllifinin qətl üçün diqqətlə seçdiyi mərməhət hissi oyatmayan qurbanlardandır. Onun dörd oğlu var – üçü qanuni, biri nigahdankənar, onlardan hər biri qatil ola bilərdi. Kiçik, mərhəmətli Alyoşanın müsbət qəhrəman olduğu aydındır, lakin bir dəfə Dostoyevski dünyasını və onun qanunlarını qəbul etdikdə, biz hətta Alyoşanın atasını qəsdən qardaşı Dmitrinin yoluna çıxdığına görə, yaxud atasının təmsil elədiyi pis qüvvələrə qəfildən üsyan etdiyinə görə, ya da istənilən digər səbəbdən öldürə biləcəyini düşünürük. Süjet elə inkişaf edir ki, oxucu uzun müddət qatilin kim olduğunu tapmağa çalışır; üstəlik hətta hakimin qabağına öldürülənin böyük oğlu günahsız Dmitri çıxır, halbuki əsl qatil Karamazovun nikahdankənar oğlu Smerdyakov olur.
Oxucunu sirri tapmağa cəlb etmək üçün (detektiv romanların əsas yaxşı cəhəti də budur) Dostoyevski, oxucu şüurunda ehtimal olunan qatilin – Dmitrinin – ona gərəkli portretini yaradır. Bu çaşdırmaca, Dmitriyə çox lazım olan üç min rublun gərgin və boşuna axtarışı ilə başlayır. O, yarım santimlik bir həvəngdəstini götürüb evdən əkilir. “Aman Allahım, o kimisə öldürəcək, – deyə bağırdı Fenya”.
Dmitrinin sevdiyi qız, Dostoyevskinin növbəti "şeytani" qəhrəmanı Qruşenka, qocanın şəhvət obyektinə çevrilir və yaşlı kişi yanına gələcəyi təqdirdə qıza pul vəd edir. Dmitri qızın təklifi qəbul etdiyindən şübhə etmir. Qruşenkanın atasının yanında olduğundan əmin olan Dmitri hasardan adlayıb bağa keçir və pəncərədə işıq görür:
“O, kolun arxasında, kölgədə dayanmışdı; pəncərədən düşən işıq kolun ön tərəfini işıqlandırmışdı. “Başınağacı, giləmeyvələr, necə də qırmızıdırlar!” – özü də bilmədən pıçıldadı. Sonra yataq otağının bağçasına tərəf qalxdı. Fyodor Pavloviçin yataq otağı ovcunun içindəydi”.
Bu balaca otaq qırmızı şirma ilə ortadan ikiyə ayrılıb. Ata Fyodor orda, pəncərinin yanında durmaqdadır.
“İxtiyarın çiynində indiyə qədər heç görmədiyi yeni, dama-dama bir ipək xalat vardı, belini saçaqlı, eynilə ipəkdən kəmərlə sıxmışdı. Xalatın yaxasından təmiz, zərif fanilası, qızıl qol düymələri ilə incə holland bezindən köynəyi görünürdü. (…) İxtiyar sağdakı bağça qapısını görə bilmək üçün az qala yarıya qədər əyiləcəkdi. (…) Mitya yandan baxırdı, tərpənmirdi. Qocanın nifrət etdiyi profili, sallanmış boğazı, çəngəl kimi burnu, şəhvani həsrətlə gözlədiyi ağzı otaqdan gələn işıqla əməllicə görünürdü. Mityanın qəlbində birdən-birə qorxunc, şiddətli bir öfkə qabardı və özündən çıxaraq cibindəki həvəngdəstəni çıxardı.”
Daha sonra yenə maraqlı cinayət romanlarının və ya qanlı detektivlərin yaxşı ənənələrinə uyğun olaraq, çoxlu nöqtələrdən ibarət ritorik ifadə gəlir. Sonra müəllif sanki nəfəsini dərərək, başqa istiqamətdən hücuma keçir. “Mitya sonralar belə deyəcəkdi: Allah qoruyurdu məni o zaman!” Bu o mənaya gələ bilərdi ki, onu son dəqiqədə nə isə dayandırıb, lakin yox, bu ifadədən dərhal sonra iki nöqtə, onun ardınca isə sanki əvvəlkini gücləndirən cümlə gəlir: “Düz o anda qoca nökər Qriqori oyanmış, bağçaya çıxmışdı”. Beləliklə, Allah haqqında sözlər əvvəlcə qoruyucu mələyin onu vaxtında cinayət yolundan saxladığı mənasına gələ bildiyi kimi, Allahın qaçan qatili görməsi üçün qoca qulluqçunu oyatması mənasına da gələ bilər. Və burada maraqlı manevr işlənir: Dmitri qaçandan Qruşenka ilə birgə özünü içkiyə verdiyi əyalət yarmarkasında tutulmasına qədər (qətldən həbsə qədər 75 səhifə keçir), müəllif süjeti elə qurur ki, dilli-dilavər Dmitri bir dəfə də günahsızlığını biruzə vermir. Üstəlik həvəngdəstə ilə vurduğu, bəlkə də öldürdüyü qulluqçu Qriqorini də xatırlayan Dmitri, onun adını çəkmir; "qoca" sözünü asanlıqla atasına da aid etmək olar. Bu metod, məncə, hiyləgər fənddir; müəllifin oxucunu aldadıb, atasının qatili sanılsın deyə Dmitrinin söhbətlərini qəsdən qarışıq etdiyi çox tez büruzə verən fənddir.
Bir başqa məsələ də məhkəmədə Dmitrinin üç min rublun atasının yanına getməmişdən əvvəl üstündə olduğunu iddia edərək doğru, yoxsa yalan dediyini anlamaq məsələsidir. Əks təqdirdə, onu qocanın qız üçün hazırladığı üç mini oğurlamaqda şübhəli bilmək olardı, bu isə öz növbəsində onun evə daxil olub qətl törədiyi mənasına gələrdi. Və qəfil məhkəmədə balaca qardaş Alyoşa yada salır ki, son dəfə bağda gecə baş verən hadisədən əvvəl qardaşı sinəsinə döyüb qışqırırdı ki, həmin yerdə (yəni sinəsində) ona çətin vəziyyətdən çıxmağa lazım olan şey var. Onda Alyoşa düşünmüşdü ki, Dmitri ürəyini nəzərdə tutur. İndi isə o qəfil xatırladı ki, hətta həmin anda Dmitrinin ürəyinə yox, nisbətən yuxarı, pul kisənin olduğu yerə döydüyünə fikir vermişdi. Alyoşanın bu xatirəsi Dmitrinin əslində pulu daha əvvəl tapdığına zəif, lakin yeganə sübut idi, deməli, bəlkə də o, atasını öldürməmişdi. Şübhələri yox edib Dmitrini xilas edə biləcək digər məsələ isə müəllif tərəfindən tamamilə rədd edilir. Smerdyakov ortancıl qardaş İvana qatil olduğunu və cinayət aləti kimi ağır külqabından istifadə etdiyini etiraf etmişdi. İvan Dmitrini xilas etmək üçün əlindən gələni edir, lakin bu vacib məqam məhkəmədə bir dəfə də olsun dilə gətirilmir. Əgər İvan məhkəməyə külqabından danışsaydı, həqiqəti bərpa etmək üçün çox şey etməyə ehtiyac qalmazdı. Sadəcə külqabını yaxşıca təhlil edib üzərində qan ləkəsi olub-olmadığını təyin etmək, onun formasının öldürülən adamın ölümcül yarasının cizgiləri ilə üstü-üstə düşüb-düşmədiyini müəyyənləşdirmək kifayət edərdi. Lakin bunu etmədilər, detektiv roman üçün əhəmiyyətli xətadır. Bu analiz, Dmitrinin süjet xəttini izləməyə kifayət edir. İkinci qardaş qətlə göz yumaraq şəhəri tərk edir, o faktiki olaraq Smerdyakovu cinayətə itələyir, beləliklə, onun ortağına çevrilir. Ümumiyyətlə İvan intriqaya üçüncü qardaş Alyoşadan daha çox cəlb edilib. Alyoşadan söhbət düşən yerlərdə müəllifin iki müstəqil süjet arasında gedib-gəldiyini hiss edirik: Dmitrinin faciəsi və demək olar ki, müqəddəs Alyoşanın hekayəsi. Alyoşada, knyaz Mışkində olduğu kimi, müəllifin rus folklorunun sadəlövh qəhrəmanlarına sevgisi görünür. Ağsaqqal Zosimanın hekayəsini süjetə heç bir xələl vermədən kitabdan çıxarmaq olardı, hətta yəqin ki, bu kitaba bütövlük və müntənasiblik verərdi. Və yenidən İlyuşeçkanın tamamilə müstəqil, ümumi fikri bölən hekayəsi səslənir, özlüyündə bu hekayə gözəldir. Lakin İlyuşa adlı oğlan və onun Dostu Kolya ilə iti Juçka, gümüşü top, isterik atanın kaprizli hoqqaları haqqındakı bu gözəl hekayəyə belə xoşagəlməz, riyakar soyuqluq verir. Ümumiyyətlə müəllif Dmitrini təsvir edərkən qələmi müstəsna canlılıq qazanır, sanki Dmitri və onu əhatə edən hər kəs daima güclü lampalarla işıqlanır. Amma Alyoşa peyda olan kimi tamamilə başqa, cansız mühitə qərq oluruq. Alaqaranlıq cığırlar oxucunu sənət dühasının tərk etdiyi soyuq ağıl dünyasına aparır.
Tərcümə: QİSMƏT
sim-sim.az