Bütün sevdiklərini başına topladı və... – VİDA NOTLARI

Bütün sevdiklərini başına topladı və... – <span style="color:red;">VİDA NOTLARI
23 noyabr 2017
# 17:05

...“Öləndə bütün sevdiklərini başına toplamışdı...”

...“Hamı onun xətrini çox istəyirdi...”

...“İşdə mənə dedi ki, sağ qolumu hiss etmirəm”.

Natiqin yasında ilk eşitdiyim cümlələr.

İçəridə, yas çadırında bayaqdan yolboyu tanımadığımız adamlar gördüm. Natiqin ölümündən xəbərsiz sakitcə addımlayırdılar.

Natiqin son rəsmi. Oturduğumuz masanın düz yanında, mollanın başı üstündə. Gülümsəyir şəkildə, elə həmişəki kimi.

“Evə gedib, zəng eləyib atasına, anasına, tanış-bilişə, hamını yığıb başına. Deyib, gəlin yeyib-içək, “Qarabağ”a baxaq” – APA TV-nin rəhbəri Vüqar Hüseynov danışırdı.

“Elə stoldaca keçinib”.

“Səhər işdə deyirdi ki, sağ qolum, ayağım tutulub, hiss edə bilmirəm. Məndə də həmişə ağrıkəsici iynə olurdu. Soruşdu, dedim, yanımda yoxdu. Dedi, uşaqları göndərərəm, eybi yoxdur. Bir az keçəndən sonra gördüm gülür, kefi yaxşıdır. Dedim, nə oldu, sən uşaqları göndərirdin. “Yox”, dedi, Ülkərdən karvolol aldım, atdım, keçib getdi. Sən demə, ürəyim ağrıyırmış, Ülkər dərdimi yaxşı başa düşüb. Mən də zarafatla dedim ki, həkimi qoyub, “medsestra”dan imdad diləyirsən. Güldü, dedi, əsas odu ürəyim yerinə gəldi”.

Vüqar Hüseynov əhvalatı danışandan sonra başını tərpədə-tərpədə:

“Natiq qızılıydı, qızıl parçası” - deyib sükuta bürünür.

“Biz əmisiz qaldıq, Ayxan”. İş yoldaşı Fəridin sözləridir. O da Vüqar müəllimin əhvalatını danışır. “Çay içəndə, əlindən stəkan düşüb, sonra da yıxılıb”.

Nəsimi Nəbizadə deyir ki, Natiq heç vaxt xəstələnməmişdi:

- Heç qrip də olmurdu, e. O Polat Aləmdar var ha, üç dəfə asqırır, bu 10 dəfə asqırırdı, amma xəstələnmirdi. İşdə dedi, qolum keyiyib. Məndə də olur da keyimə. Sonra keçdi dedi. Axşam da ata-anasını, bacı-qardaşını yığıb ki, sizə qonaqlıq verəcəm. Qalanını da bilirsən. Gecə hamımız buradaydıq. Deməli, “Qarabağ”ın oyununa baxırmış, onda da keçinib. Mənə xəbər verəndə, elə bildim zarafat eləyirlər. Gəldik. Atası mənə dedi ki, yadındadır, oğlumun toyu olmuşdu, sən də ordaydın. Yadındadı?”

Hamı o günkü ölüm xəbərini zarafat bilib. Heç kim inanmırmış. Elə indinin özündə də. Ölüm heç vaxt üzündə əbədi təbəssüm gəzdirən Natiqi öz yanına salıb aparmazdı...

Qardaşı deyir, yasda neçə vaxtdır görmədiyim adamlar var. Hamısı da yaxınlaşıb baş sağlığı verəndə Natiqlə bu yaxınlarda görüşüb hal-əhval tutduqlarını danışırlarmış.

...Getmədən əvvəl hamıyla görüşüb.

...Son dəfə də ata-anası, bacı-qardaşı.

...”Qarabağ”ın oyunu, yeyib-içmə və son...

Qohumlarından biri deyir ki, axşam evə gələndə zəng eləyib hamını evə yığdı. Atası bir az ləngiyibmiş, elə qardaşı da. Onda təzəcə keçinibmiş Natiq...

Çadırın qarşısındayam. Siqaret kötükləri Natiqlə çəkdiyimiz siqaretləri yadıma salır. O qədər siqaret çəkmişdik ki... Və o qədər də susmuşduq ...

Sonuncu dəfə alışqan istədim ondan. Həmişəki kimi gülümsünüb cibindən alışqanı çıxardı: “Deyəsən, həmişə olmur səndə” – deyib təbəssüm qondurdu üzünə. Siqaretlərimizi yandırıb uzun-uzun susmuşduq.

***

...Vaxt yetişdi, hamımız blokun qabağında Natiqin tabutunu gözləyirdik.

Bu vaxt tünlükdə ağlayan bir qoca gördüm. Elə bil keyimişdi. Bircə sağ əlini ayağına vururdu. Səssizcə...

“Gülə-gülə öldü...”

Deyirdi atası...

“Məni öldürmədi Allah...”

“Natiqi itirdim”.

“Balam getdi...”

“Gülə-gülə getdi”.

“Heç belə şey olar? Heç belə ölüm olar?”

“Hamımızı yığdı, dedik-güldük, yedik-içdik. Sonra keçindi”

Çarəsizcəsinə ağlayırdı. Bircə sağ əli ayağını döyürdü, ona baxanda elə bildim, o biri tərəfi işləmir, keyiyib.

“İnfarkt məndə də var. Amma Natiqi apardı Allah”

İndi blokun ağzından tabut çıxacaqdı. Düşündüm ki, dəhşət hələ qabaqdadır.

Tabut gəlmədən əvvəl qadınların hönkürtüsü gəldi. Blokun dar girəcəyindən birtəhər tabutu keçirdilər.

Qadınlardan biri haray çəkdi:

“Ay Natiq! Ay Natiq! Hara gedirsən?”

“Ay qardaş! Ay qardaş!”

Özümü güclə saxlamışdım. Yas yerlərinin ürək dağlayan səhnəsiydi bu.

“Bax, gün çıxıb, gün çıxıb Natiq”

Bacısının bu sözündən sonra mən də hönkürtümü saxlaya bilmədim...

Uşağı olacaqmış dedilər. Xanımı hamiləymiş. Tabut uzaqlaşdıqca, camaat pıçapıçla o qadından danışırdılar. Təəssüf nidalarının yaratdığı himn səsləndi qulaqlarımda.

Bir qadın yüyürə-yüyürə tabutun arxasınca qaçanda kimsə onu saxladı.

“Hara gedirsən, Natiq? Hara axı?”

Səsin yanından keçib tabutun arxasınca tələsdik.

İndi Natiq torpağa gedirdi. Üzü soyuq torpağa.

Gün də çıxmışdı bir yandan. Havadan bahar qoxusu gəlirdi.

***

Maştağadakı qəbiristanlıq. Tənha bir qəbir. Natiq bundan sonra burda qalacaqdı. Yanında heç bir doğması da yoxdu. O daracıq qəbirin yanında tanımadığımız bir qadının qəbri vardı.

Hər dəfə qəbirin üstünə torpaq atıldıqca Natiqin atası eyni qaydada əlini dizinə çırpır, çarəsizcə ağlayırdı.

Bir də qardaşı onun oğlunu qucaqlayıb səssizcə torpağa qovuşan Natiqi izləyirdi. Oğlu da hər torpaq atılışında üzünü yana çevirib gözünün yaşını axıdırdı.

Natiqin üstünü torpaq örtəndə gördüm ki, başımızın üstündə Günəş dayanıb. Ağlayan qoca ata yaylığını çıxarıb üz-gözünü silirdi.

“Balam... Natiq balam... Balam getdi...”

Gün işığı torpağı tunc rənginə boyadı. Mənə elə gəldi ki, o gün işığı əlini heç vaxt Natiqin üstündən çəkməyəcək...

# 1879 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #