Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir.
Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.
"Yuxu qapısı” rubrikasının budəfəki qonağı yazıçı Şərif Ağayardır. Adalet.az müsahibəni təqdim edir:
- Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?
- Mənim inancıma görə, yuxu, xəyal, intuisiya, ilham kimi mürəkkəb proseslər yalnız insanın şüur və şüuraltısı ilə bağlı deyil. Bunlar insanüstü hadisələrdir həm də. Yəni, ilahi.
- Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?
- Çin olan yuxularım çox olub. Dəfələrlə, yuxu görmüşəm, yaxınlara demişəm ki, filan şey belə olacaq və olub. Mən çox da fatalist deyiləm. Ancaq bizdən daha ağıllı, daha böyük bir gücün tərkib hissəsi olduğumuza inanıram. O güc hərdən öz möcüzələrini bizə göstərir. Ədəbiyyatı da bu möcüzələrdən hesab edirəm və istedadlı söz qarşısında heyrətimin səbəbi budur.
- Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?
- Yuxunun mənasından çox ovqatı mənə təsir edir. Ona görə yozmuram, sadəcə hiss edirəm.
- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?
- Yuxu həm bəşəri, həm kosmik, həm mistik, həm də metafizik hadisədir. Yuxu dünyanın yalnız dərk etdiyimizdən ibarət olmadığına bariz nümunədir.
- Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?
- Yaxın bir qohumum vaxtsız rəhmətə getmişdi. Travma yaşamışdım ona görə. Yuxuma tez-tez girirdi və hər yuxuma girəndə çox pərişan olurdum. Bir gün məzarının üstünə getdim, xahiş etdim ki, məni incitməsin. Hətta canlıymış kimi bu sözləri də dedim: "Gec-tez hamımız yanına gələcəyik, darıxma, sən öz ölülüyünü yaşa, biz də sağlığımızı, malı-mala qatmayaq”. Bundan sonra, demək olar ki, yuxuma girmədi. Onun məni aydınca eşitdiyinə bütün varlığımla əmin idim. Bu bizim UZİ vasitəsiylə ana bətnindəki uşaqdan informasiya almağımız kimidir. Dünyasını dəyişənlər bizi görür və eşidir
- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?
- Mən bu barədə yuxuda özüm-özümlə söhbət də eləmişəm. Məsələn, demişəm, budur, mən yuxudayam, amma rəngləri görürəm, bu necə ola bilər? Demək, yalan deyirlər ki, rəngli yuxular olmur.
- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?
- Çox yaxınlarımı görürəm. Amma vaxtsız itirdiyim adamlar mənə çox təsir edir deyə, onlar daha çox yadımda qalır. Bir də müharibədə itkin düşən əmim tez-tez girir yuxuma. Gah onu hardasa adamların içində tapıram, gah özü qapını açıb içəri girir, gah da əqli qüsurlu xəstə kimi girir yuxuma, danışdıra bilmirəm. O da mənə çox əzab verir. Qəbri də yoxdur ki, gedəm başa salam (gülür).
- Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?
- Məni Allahın varlığına ən çox inandıran amillərdən biri yuxudur. Məncə bu, Heraklitin siz deyən fikrindən daha tutarlıdır. Tanrı ruh və yuxuyla daha çox yaxınlaşır bizə. Ruhda da, yuxuda da zaman və məkan olmur. Zamansızlıq, məkansızlıq, baqilik budur bax. Metafizika deyəndə də bunu nəzərdə tuturam.
- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?
- Bildiyiniz kimi dünyada rəng adlı şey yoxdur. Rənglər işığın sınma bucağına görə əmələ gəlir. İndi mən sizə sual verirəm: rənglər gerçəkdirmi? Həm hə, həm yox. Yuxu haqqında da belə düşünürəm. Əgər rəng adlı şey yoxdursa və biz bunu bilə-bilə rəngləri görürüksə, heç nəyin mütləq mənada varlığı və yoxluğunu mübahisə edə bilmərik.