Qırx yeddi yaşında intihar etmiş yazıçımız- ARAŞDIRMA

Qırx yeddi yaşında intihar etmiş yazıçımız-<span style="color:red;"> ARAŞDIRMA
29 iyul 2016
# 09:00

Bu yaxınlarda Kulis.Azda öz qiymətini ala bilməmiş yazıçılar haqqında tanınmış yazarlardan sorğu keçirilmişdi. Öz dövründə yazıb-yaradan, ancaq heç kimin tanımadığı bu yazıçılar çox olub.

Onlardan biri də Rəhim Dünyamalıdır.

Unudulmuş, heç kimin tanımadığı bu yazıçı haqqında qısa bir tərcümeyi-hal:

“1948-ci il dekabrın 18-də Quba rayonunun Zizik kəndində anadan olmuşdur. Ordudan tərxis olunan ildən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirmişdir. (1970-1975). Təyinatla Kəlbəcər rayonunda “Yenilik” qəzetinə göndərilmişdir. Burada kənd təsərrüfatı şöbəsinin müdiri işləmişdir (1975-1979).

Sonra “Qızıl Qusar” qəzeti redaksiyasında, Quba rayonunda radio verilişləri redaksiyasında redaktor vəzifəsində çalışmışdır (1981-1995).


Yetmişinci illəri axırlarından dövri mətbuatda publisist yazıları müntəzəm çap olunmuşdur. 1984-cü ildə “Yeni səslər” almanaxında iki hekayəsi çap olunub. Bundan əlavə “Bir gecənin bəyazlığı”, “Torpaqdan güc alanda”, “Yadigar qaranquşlar”, “Tərsinə addımlayan kölgələr” adlı kitabların müəllifidir. “Tərsinə addımlayan kölgələr” və “Torpaqdan güc alanda” romanları son dövrlər yenidən gündəmə gəlir. Hazırda bir neçə nəşriyyat qeyd olunan əsərlərin yenidən nəşrində maraqlıdır.

1995-ci il sentyabrın 9-da Qubada intihar etmiş, Zizik kəndində dəfn olunmuşdur.

Vaqif Yusiflinin Rahim Dünyamalı haqqında yazısına baxaq: “Onu dünyaya gətirən ata, ana fikirləşməmişdilər ki, bir gün Rahim özünə qəsd edəcək. Bir ov tüfənginin soyuq lüləsindən fışqıran güllə Rahimin sinəsində qan dolu kiçik bir gölməçə yaradacaq”.

Ov tüfəngi... Yəqin ki, ədəbiyyatımızın bəxtsiz yazıçıları siyahısına düşən Rahim Dünyamalı Turgenev kimi ov həvəskarı imiş. Ancaq bu ov tüfəngi nə vaxtsa onun özünə tuşlanacaqmış...

Qəribədir, aramızda bir yazıçı yaşayır, kitabları çap olunur, yazır-yaradır, ancaq heç kimin ondan xəbəri yoxdur. Tənqidçilər, ədəbiyyatşünaslar... Heç kim ondan bir sətir belə yazmır. Daha sonra isə intihar. Yalnız yazıçının tanışları və öz ailəsindən başqa elə bil qurbağa gölünə daş atılır. Rahim Dünyamalı adında bir yazıçı intihar edir və biz bunu üstündən neçə il keçəndən sonra bilirik. Əvvəl belə bir yazıçı olduğunu, sonra isə intiharı...

Ancaq Vaqif Yusiflinin yazısına rast gəlirik. Tənqidçi Rahim Dünyamalını belə tanıdır: “Azərbaycan Yazıçılar Birliyinin üzvü, 4 kitab müəllifi. Oçerkləri, hekayələri, povestləri, “Tərsinə addımlayan kölgələr” romanı. “Sonuncu nərə” romanı da vardı, çapını görmədi”.

Bir yazıçının həyatı yalnız bir neçə cümlədənmi ibarətdir? Ancaq Vaqif Yusiflinin əlavəsi var: “Rahimin həvəskar yaradıcılıqdan professional yazıçılığa qədər bir uzun, bəlkə hər günü onun ömrünü əridən YOL keçmişdi. Ürəkdən yazmaq ehtirası, cümlələr sel kimi axıb gəlir, yığıb-yığışdıra bilmirsən... Nəşriyyatların qapısı isə boz, redaktorların gözləri soyuq, baxışları qurum bağlayıb. Redaksiyalar uzun müddət Rahim Dünyamalının Qubadan Bakıya yol ölçən bir cavanı yaxına buraxmırdılar. Amma Rahim bütün bu maneələri öz əsəbləri, dözümü ilə sındıra, qopara bildi.”

“Rahim Dünyamalının qüruru acizliyindən üstün idi” – deyir Vaqif Yusifli: “Özünü sözün ağayana mənasında yazıçı hesab edirdi (buna haqqı vardı), bir həmsöhbət axtarırdı ki, onu duysun, başa düşsün, bir tənqidçi arayırdı ki, onun yazıları barədə əsl həqiqəti ona söyləsin. Və günlərin bir günü onunla tanış olduq. Elə “Azərbaycan” jurnalından qaytarılan (üzərində işləmək lazım idi, buna razı olmayıb əlyazmasını geri almışdı) romanın kitab halında mənə təqdim etdi. O kitabda Rahimin bir kədərli şəkli vardı. Bax, Rahim mənə son görüşümüzə qədər o kədərli şəkildən baxdı...”

Vaqif Yusifli yazısında deyir ki, Rahimin ömrünün son illəri də belə bir cəhənnəm həyatı idi. Rayon mühiti dar, ziyalıya qiymət verən yox, maddi ehtiyac da bir yandan. Getdikcə gözdən düşən həyat...

Dostu, şair Ramiz Qusarçaylı: “Əfsuslar olsun ki, səni öldürməyə nail olan Quba mühiti də, bu ölümdən “tükü” də tərpənməyən Azərbaycan Yazıçılar Birliyi də, onun Quba bölməsi də, rayon rəhbərliyi də bu faciəyə susmaqla öz işlərini bitmiş hesab etdilər”.

Fərman Kərimzadənin qızı Yeganə Kərimzadə bir xatirəsini paylaşır:

“İli dəqiq yadımda qalmayıb, “Ədəbiyyat və incəsənət qəzeti” üçün Nəriman Həsənzadə məndən yaşıdlarım olan gənc yazıçılar haqqında ədəbi-tənqid materialı istəmişdi. Redaksiya müdiri də Nizami müəllim idi. Domsovetlə üzbəüz olan o vaxtkı Bakının ən boyük kitab mağazasına getdim, araşdırdım, axtardım və nədənsə adını belə eşitmədiyim Rahim Dünyamalının əsərinə rast gəldim.

Tanımadığın müəllif daha maraqlıdır. Oxudum. O vaxt dünya ədəbiyyatını, fəlsəfəni su kimi içən mən heyrətlənməyə bilmədim. Bu ki, azərbaycanlı Dostoyevskidi. Əsər haqqında demək olar ki, bir nəfəsə rəy yazıb çapa verdim. Bu mənim ilk tənqidi yazım idi. Sevinirdim. Hamı məni təbrik edirdi. Gənc yazıçı kimi artıq tanınsam da bu başqa yazı idi. Bir müddət sonra ikinci sifariş gəldi. Yenə ədəbi tənqidə ehtiyac vardı. Yenə kitab mağazalarını gəzirəm. Yenə Rahimin sayca neçənci əsəri olduğunu bilmədiyim əsərinə rast gəlirəm. Oxuyuram. Mükəmməl povest. İkinci tənqidi yazım yazılır.

Bir gün evə zəng gəlir. Danışan Rahimdi. Nömrəmi Yazıçılar İttifaqından alıb, Fərman Kərimzadənin qızı olduğumu bilib. Sözləri tələsə-tələsə deyir. Səsi qulaqlarımdadı. Məni Qubaya dəvət edir. Çox səmimi danışığı var. Amma bir sual onu narahat edir:

- Siz məni tanımaya-tanımaya necə oldu haqqımda yazdınız?

-Əsərlərinizlə tanışam.

- İnana bilmirəm!

- Siz dahi yazıçısınız...

Onunla həyatda bircə dəfə görüşdük. İşlədiyim "İşıq" nəşriyyatına gəlmişdi. Qubanın ağ almasını gətirmişdi. Çay içib ədəbiyyatdan danışmışdıq.

Onun ölümündən sonra Ramiz Qusarçaylı mənə bir sual vermişdi.

- Xəbərin var, sənin Rahim haqqında yazdığın yazılar onun ömrünü ən azı on il uzatdı.

- Necə yəni?

- Əsərdə yazdığı hadisələrin şahidi olmuşdu Rahim. Çox təqiblərlə üzləşmişdi. Dözə bilmirdi. Neçə dəfə özünü öldürmək istəmişdi. (Yəqin evdəkilər duyuq düşmüşdü, bilmirəm) Alınmamışdı.

Sənin yazdığın resenziya “Ədəbiyyat”da çıxanda ona yeni ruh verdi. Qəzeti əlinə alıb hamıya göstərirdi. Sonra ikinci yazı. (“Ədəbiyyat və incəsənət” qəzeti sıradan bir qəzet deyildi hər adam haqda da orda yazı getməzdi) Bu yazılar onu on il qorudu...

Belə düşünürəm ki, Rahimə qayğı-diqqət lazımmış. Yaradıcı insan diqqətdən kənar qalanda məhv olur Rahim kimi.

Və özümü hansısa mənada xoşbəxt sayıram ki, həyatımda Rahim kimi insanla rastlaşdım, onu yaradıcılığına az da olsa gənc qələmimlə müdaxilə edə bildim...”

Belə... Bu da bir yazıçı taleyi... Heç birimizin tanımadığı, sonu faciəli bitən bir yazıçı taleyi...

# 4052 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #