Amerikada yaşayan azərbaycanlının vətən sevdası HEKAYƏ

Amerikada yaşayan azərbaycanlının vətən sevdası HEKAYƏ
19 oktyabr 2015
# 12:56

Kulis Xalid Kazımlının “Potomak bulvarı hovuzunun dibindəki xırda pullar” hekayəsini təqdim edir.

Potomak çayının sağ sahili qələbəlik idi. Hər rəngdə, hər boy-buxunda, hər görünüşdə, hər yaşda insanlar çayın sahilindəki bulvarda gəzişirdilər. Bir xeyli adam da içki növbəsinə durmuşdu. Hövsələ ilə dayanıb növbələrinin çatmasını gözləyirdilər, vaxt keçirmək üçün laqqırtı vurur, öz aralarında zarafatlaşırdılar. Qaradərili insanlar daha sərbəst görünürdülər. Onlar heç kəsə məhəl qoymadan hamıdan daha bərk gülür, hamıdan artıq əl-qol hərəkəti edir, özlərini situasiyanın, Vaşinqtonun, hətta dünyanın ən qüdrətli ölkəsi olan ABŞ-ın ağası kimi aparırdılar. Qaradərililərlə müqayisədə asiyalı olduqları miniatür biçimli əndamlarından və qıyıq gözlərindən bilinən çinlilər, yaponlar, koreyalılar, filippinlilər sakit idilər, nə səsləri çıxırdı, nə də “belədə biz də varıq” ədası sərgiləyirdilər. Təbii ki, onların içində ABŞ-da doğulub-böyüyənlər də olmamış deyildi, ancaq asiyalılar özlərinə xas fağır görkəmlərində, sakit, təvazökar görünürdülər.

Biz üç azərbaycanlı jurnalist və bizi qonaq edən vaşinqtonlu həmvətənimiz Potomak çayının sağ sahilindəki böyük, ikimərtəbəli dondurma kafesinin önündəki masalarda oturub dondurma yeyə-yeyə, kola içə-içə isti may gününün axşamında bulvarda qaynaşan adamlara baxırdıq.

Hava çox istiydi. Bizdə, Bakıda o cür hava iyulda olur. Vaşinqtonda isə hələ mayın 10-u deyildi, amma insanların əksəriyyəti artıq qısaqol köynəkdə və dizdən aşağısı olmayan balaqsız şalvardaydılar. Bizim kimi vətənindən az qala plaşda çıxan, Vaşinqtonda təyyarədən düşəndə istidən qarsalanan, ancaq hələ də Vaşinqtonsayağı yüngül geyinən adamlar az idi.

Qaradərililərin sərbəstliyi, özlərini yuxarıdan aparmaları diqqətimi cəlb elədi və mən bu barədə bizi axşamdan etibarən şəhərdə gəzdirən, indi də gətirib türkiyəli qardaş-bacının işlətdiyi kafedə dondurmaya qonaq edən Elnura dedim. Elnur razılaşdı:

- Bunlar sonradan belə oldular. Obamanın prezident seçilməsindən sonra özlərini Amerikanın yiyəsi sayırlar. Amma burada bir adama dəyib-dolaşdıqları yoxdur, eləcə, hərəkətləri bir az kor-kobuddur, bir də bərkdən danışıb-gülürlər.

Səfər yoldaşımız Ərşad da sözümə qüvvət verdi, dedi ki, gündüz Ağ Evin qabağında olarkən avtobusla Alabamadan, o biri ştatlardan gətirilmiş məktəblilər görüb, qaradərili şagirdlər əllərini Ağ Evə tərəf uzadıb “blək haus” (qara ev) deyə qışqırır, qəhqəhə çəkib gülürmüşlər.

- Ağdərili şagirdlər sakit idilər, - Ərşad dedi, - elə fağır görünürdülər ki. Amma qaralar Ağ Evin hasarına dırmaşırdılar. Növbətçi polis irad tuturdu, qulaq asmırdılar.

- Cəmi 150-200 il əvvəl isə bunların babalarını Afrikadan qul kimi alıb gətiiblər. Ağdərili plantatorlar bunların babalarına çox zülm eləyib, amma indi vəziyyət görün nə qədər dəyişib, - bunu da üçüncü səfər yoldaşımız Elşən dedi.

Elşən qrupumuzun rəhbəriydi, ixtisasca jurnalist olsa da, hazırda məşhur şirkətlərdən birində mətbuat xidmətinin rəhbəriydi. Səfərimizin təşkilatçıları yeddi nəfərlik qrupumuza onu fasilitator (bələdçi-rəhbər) seçmişdilər. O, ingiliscə və rusca ana diliymiş kimi danışırdı. Elə bizi qonaq edən Elnur da onun qardaşının dostu, sinif yoldaşıydı. Səfərə gedəcəyimiz məlum olandan bəri onlar internet üzərindən yazışmışdılar, biz Vaşinqtona çatan kimi o, öz maşınıyla otelə dalımızca gəlmiş, Elşəni Vaşinqtonu gəzməyə apararkən, Ərşad və mənə də onlara qoşulmağı təklif etmişdi.

- Nədən bu qədər növbə var? – əlimlə içki növbəsinə duranları göstərərək Elnurdan soruşdum. Maraqlıydı.

- Saat 6-7-dən sonra Vaşinqtonda içki satan yerlərin çoxu bağlanır. Burdakılar işləyir, bulvarda gəzmək istəyənlər isə çoxdur, ona görə. İçki məsələsində bunlar çox ciddidirlər. Burda azyaşlılara içki satmaq da qadağandır.

Ümumiyyətlə, ətrafda ticarət və iaşə obyektləri olduqca az idi. Belə bir mənzərə bizim üçün gözlənilməz idi. Öz şəhərimizin bulvarında addımbaşı kafelər, çayxanalar, ticarət köşkləri görməyə vərdiş etmişdik deyə, Potomak çayının sağ sahilindəki bulvar bizə qəribə görünürdü.

Maraqlıydı, bəs əyninə “Fənərbağça” klubunun köynəyini geymiş sarışın türkiyəli gənc və onun kafenin içindəki masalardan birində əyləşib səylə dərs oxuyan, imtahana hazırlaşan bacısı necə olub ki, burada, Vaşinqtonun mərkəzində bu cür gəlirli dondurma kafesi aça, işlədə bilirlər?

Elnur izah etdi ki, burada o cür təşəbbüslərə qoruq-qaytaq yoxdur, üstəlik, amerikalılar kafe-restoran açıb-işlətmək məsələsinə bizim qədər şövqlə, ehtirasla yanaşmırlar, hamısının gəlirli, rahat işləri, sığortaları var.

Maraqlıydı. Mənsub olduğun millətlə uzaq bir ölkənn irqi, milli, sinfi baxımdan qarmaqarışıq bir cəmiyyətindəki düşüncə arasında bu qədər fərqi görmək heyrətamiz idi.

Elnur bu cəmiyyətə necə adaptasiya olub, özünü bura yad saymır ki, onu ögey hesab etmirlər ki? Soruşdum.

Potomak çayının sahilində qarışqa kimi qaynaşan insanlara baxa-baxa Elnur bizə həyatını danışdı. O, Vaşinqtona yeddi il öncə, iyirmi iki yaşında gəlib, gəldiyi gündən əlində işi olub, nüfuzlu şirkətdə proqramçı işləməyə başlayıb, pis qazanmayıb, xüsusi bir yadlıq, ögeylik hiss etməyib, dil problemi olmayıb. Hazırda evi-eşiyi, maşını var, amma subaydır.

- Hərdən çox darıxıram, - Elnur söhbətinə davam etdi, - bu adamlara eynilə sizin kimi baxıram. Fikirləşirəm ki, bu adamların içində bir sinif yoldaşım, əsgərlik dostum, universitet yoldaşlarım, qonşularım, qohumlarım, heç kimim yoxdur. Nə olsun ki, yaxşı qazanıram və hazırda bankda hesabımda yaxşı pulum var. Əsas bu deyil. Çevrəm yoxdur, mühitim yoxdur. Bunlarla məni birləşdirən ortaq şeylər yoxdur, doğma, əziz deyillər. İş yoldaşların hərəsi dünyanın bir yerindədir. Mən “Azərbaycandanam” deyəndə gözlərini döyürlər, “o haradadır” deyə soruşurlar. “Bitvuin Raşə ənd İran” deyə birtəhər başa salıram. Yaxşı ki, qonşularımız məşhurdur.

Elnur bunu deyib gülümsündü. Dedim ki, hə, bu məşhur söhbətdir, deyirlər, amerikalıların çoxu özlərindən başqa, dünyanın digər ölkələrini yaxşı tanımırlar.

- Elədir, - Elnur razılaşdı. – Təsəvvür edin ki, özləri əlli dövlətdən ibarətdir. Bir səyahət həvəskarı olan amerikalı öz ölkəsinin ştatlarını tam gəzmək üçün hər il tətildə bir ştata getsə, gərək əlli il vaxt sərf eləsin. Sizə bir şey deyim, amerikalılar bizim kimi hər şeydən bir az bilmirlər, bir şeyi yaxşı bilirlər, qalan şeyləri isə yerli-dibli bilmirlər. Əksəriyyəti belədir. Hətta bir dəfə Floridada bir italyan əsilli professorla tanış olmuşdum. Əlli beş yaşı vardı. Gördüm, italyandır, gitara çalır, söhbət etdiyimiz zaman məşhur bəstəkar Ennio Marikonenin adını çəkdim. Tanımadı. Mat qaldım. Necə yəni, musiqiçi bir adam Marikonenini necə tanımaz. Yadına salmağa çalışdım. Marikonenin “Bir dəfə Amerikada” filmindəki melodiyasını zümzümə elədim, dedim, o da italyandır, filmdə də italyanlar çəkilib-filan. Yenə tanımadı, dedi, heç o filmə də baxmayıb. Bütün dünya baxıb, amma bu baxmayıb. Eləcə də digər amerikalılar.

Biz anlayışla başımızı tərpədirdik. Potomak çayının qırağında, artıq sərinləməkdə olan havada əsrarəngiz bir rayihə vardı. Bu, Vaşinqtonun qoxusu olmalydı. Potomak çayı da möhtəşəm idi, lal-lal axırdı.

- Bəzən yığışıb getmək istəyirəm ölkəmizə. Qohum-əqrəba ilə danışanda deyirlər, nəbadə elə bir şey edəsən, adam cənnətdən qaçmaz. Deyirlər, gələcəksən, bir aydan sonra peşman olacaqsan, sonra bir daha gedə bilməyəcəksən. Ağıllı ol deyirlər. Amma nə vaxta qədər? Hələlik cavanlıqdır, pul var, macəra var, bəs sonra necə olacaq? Bunun yaşlaşmağı var, filanı var.

“Filanı var” deyərkən o, yüz faiz ölümü nəzərdə tuturdu. Hiss olunurdu ki, Elnur o “filan”dan, elə bir gündən qorxur, bilir ki, bir gün hansısa səbəbdən vəfat edərsə, onu paketləyib vətəninə göndərən olmayacaq, o da hazırda Potomak çayının sağ sahilində qaynaşan çoxrəngli insanların uyuduğu adsız, nəm-nişansız məzarlıqda dəfn olunacaq, qəbrinin üstünə gedən də olmayacaq.

Zarafat eləmək istədim:

- Hələlik yaşa, ailə qur, yaşlaşanda gələrsən, uca bir təpə başında yer götürərsən.

Ərşad dilləndi:

- Başqa ölkələrdə darıxıb, bezib gələnlər olur. Beş-on gündən sonra peşman olurlar. Çoxu qayıdıb gedir.

Elşən başqa söz dedi:

- Məncə, öz ölkəmizə qapanıb qalmalı deyilik, dünyaya açılmalıyıq, yayılmalıyıq, hər yerdə olmalıyıq, icmalar yaratmalıyıq.

- Biz birtəhər camaatıq ey, Elşən, - Elnur ona cavab verdi. – Eqoistik. Arada burda olan azərbaycanlılar, yığışırıq, nəsə bir tədbir keçiririk, mübahisə edir, küsüşüb ayrılırıq. Baxırsan ki, hamısı işlədikləri, oxuduqları yerdə öz kollektivlərinin sevimliləridir, ancaq biz-bizə olanda mütləq intriqaya giririk.

Ərşad əlavə etdi:

- Rusiyadakılar da elədir, Almaniyadakılar da, İsveçdəkilər də. Harda üç azərbaycanlı var, mütləq orada intriqa var. Bu qədər ölkələrə getmişəm, birində başqa şey görməmişəm.

Biz, əlbəttə, Vaşinqtonun ilıq may axşamında diaspor məsələlərini, eləcə də Amerika cəmiyyətinin üstün və naqis cəhətlərini müzakirə etmək üçün yığışmamışdıq. Ətrafda daha maraqlı şeylər vardı. Bura bizim üçün başqa planet kimi bir şey idi.

Nəhayət, qalxası olduq. Olduğumuz yerdən xeyli uzaqda saxladığımız avtomobilə tərəf gedəndə bir hovuzun yanından keçdik. Hovuzun kənarında xeyli adan vardı və onlar hovuza xırda pul tullayırdılar. Elnur dedi:

- Əgər istəyirsinizsə ki, Vaşinqtona bir da yolunuz düşsün, onda siz də bu hovuza xırda pul atın. Belə bir inanc var.

Ərşad dedi ki, o bir çox şəhərlərdə belə şey eləyib, amma hələ ki, onlara bir daha yolu düşməyib, Kiyevdə isə etməsə də ildə azı iki dəfə ora gedəsi olur.

Bununla belə, üçümüz də cibimizi eşələdik. Sentləri çıxarıb bir-bir hovuza atdıq. Yaxşı işıqlandırılan dayaz hovuzun dibində xeyli xırda pul parıldayırdı. Demək, dünyanın hər tərəfindən gələn insanlar hovuza atılan xırda pulların onları Vaşinqtona, dünyanın mərkəzinə yenidən qaytaracağına inanırlar.

Sonra biz Elnurun maşınında yola düzəldik, səliqə ilə tikilmiş Vaşinqtonun sakit, kimsəsiz küçələrini gəzdik. Bir-iki yerdə Elnurun azərbaycanlı sürücü damarı tutdu, qadağan olunan yerdən döndü, qarşı yolla irəlilədi. Xoşbəxtlikdən, yol-patrul xidmətinə rast olmadıq, yoxsa, Elnurun dediyinə görə, babat cərimələnəcəkdi.

Otelə dönüş yolunda Elnur birbaşa məndən soruşdu:

- Sizcə, mən 150 -200 min dollarla ölkəyə qayıtsam, bir iş qura bilərəm? Məsələn, şəhərin yaxşı bir yerində kafe açıb işlədə bilərəmmi?

Ümumi sözlər danışdım, ümid vermədim. Vətənindən, tay-tuşlarından ötrü çox darıxan, bu üzdən canını qoymağa yer tapmayan bir gəncə “nə var e, burda, gəl öz el-obana” demədim. Çünki bu saat onun bank hesabında olan pul-paranın çoxlarında olmadığını, Elnurun yüzminlərlə tay-tuşunun bu arzuyla yaşadığını, Avropaya, başqa ölkələrə getmək istədiyini bilirdim. Adam gənc yaşında gəlib, yaxşı pul qazanıb, əla işi var, gözəl, rahat həyat yaşayır və elə bilir ki, özünə gün-güzəran qurmaq bu qədər asandır.

“Ambassador” otelinin önündə avtomobildən endik. Sağollaşıb ayrılarkən Elnura dedim:

- Hovuzun dibindəki xırda pulları gördün? Hamı Vaşinqtona can atır, amma Bakının hovuzlarında xırda pul görməzsən. İyulda gəl, iki həftə qal, xoşun gəlsə, birdəfəlik dönərsən, xoşun gəlməsə, yenə gedərsən. Bu, daha ağıllı variant olar.

O, başını tərpətdi.

- Məşhur səyyah Tur Heyerdalın bir sözü var, deyir, dünyanı gəzib cənnət axtaran insan axırda onu tapır – öz vətəninə qayıdanda.

- Heyerdal düz deyir, - dedim, - amma sən ona fikir vermə. O, bunu qocalanda deyib.

Ayrıldıq.

Üstündən 3 ay keçdi. Bir dəfə Elşən işlə bağlı redaksiyaya zəng eləmişdi. Ordan-burdan danışdıq, Vaşinqton səfərimizi xatırladıq. Yadıma düşdü, Elnuru soruşdum. Elşən dedi ki, iyulda iki həftəlik gəlib, üç-dörd günlüyə rayona gedib, ertəsi gün qayıdıb gəlib, tay-tuşlarıyla görüşüb, oturub-durub, amma bir həftədən sonra çox darıxıb, özüylə gətirdiyi pulun bir yarısını xərcləyib, bir yarısını da problemli qohum-qardaşına verib və gedəndə Elşənin qardaşından borc alası olub.

- Hə, - dedim, - elə bilirdi, buralarda yel əsib, qoz tökülüb.

- Amma, bilirsən, axırda neylədi? – Elşən qısa pauza verərək və məndə maraq oyadaraq dedi. – Getmişdik bulvara, cibindən çıxarıb fəvvarə hovuzuna pul atdı, dedi ki, bu pullar onun Bakıya dönüşünün qarantiyasıdır.

Bizimkilər belədir, cənnətə aparıb qoysan da, dönüb vətənə qayıtmaq istəyəcəklər.

# 1934 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #