AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi son illərdə bir sıra maraqlı layihələr həyata keçirib. Beynəlxalq tədbirlər təşkil edilib, diqqətçəkən nəşrlər hazırlanıb. Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin müxtəlif ölkələrin ədəbiyyatını əhatə edən xüsusi sayları işıq üzü görüb. Dərginin bir müddət əvvəl çapdan çıxan “İran ədəbiyyatı” sayı da ədəbi mühitin, peşəkarların diqqətini çəkib.
Kulis.Az həmin nəşrdən seçmə materialları yazılı razılaşdırma əsasında və baş redaktorun təqdimatı ilə öz oxucularının ixtiyarına verir.
Ötən əsrin 90-cı illərindən etibarən, yəni, təxminən, son 25 ildə İran sinematoqrafının dünya miqyasında qazandığı parlaq uğurlar, bu tərəqqinin sırf ekran sənətindəki peşəkarlığa bağlılığı ilə yanaşı (bəlkə ondan da qabaq!), başqa bir mühüm gerçəyi də ortaya qoydu: kinodakı bu inanılmaz inkişafın əsasında 20-ci yüzilin ortalarına doğru İran ədəbiyyatında baş qaldıran yeni dirçəliş dalğası, ədəbi təfəkkürün hüdudlarının, bədii sözün imkanlarının davamlı genişlənməsi dayanır. İran ədəbiyyatında sözügedən dalğanın ilk bəlirtilərinin üzə çıxmasından indiyədək keçən zamanın ədəbi mənzərəsi (hətta xeyli ümumi şəkildə belə!) diqqətə alındıqda, bu fikrin özünə son dərəcə güclü, dayanıqlı əsaslar qazandığı aşkar görünür.
Həmin ədəbi mənzərəylə, son 80 ilə yaxın müddətdə İran ədəbiyyatına (üstün anlamda!) tamamilə fərqli bir keyfiyyət qazandırmış ədiblərin yaradıcılığıyla geniş, sistemli tanışlıq müxtəlif səbəblərdən, xüsusən də, keçmiş dönəmlərin (bu tayda sovet, o tayda şahlıq rejimi!) siyasi-ideoloji əngəlləri üzündən Azərbaycan oxucusu üçün, çox təəssüf ki, uzun zaman əlçatmaz olub. Daha doğrusu, məhdud sayda mütəxəssisin müxtəlif səviyyələrdə bildiyi (ya da sadəcə bələd olduğu!) bir sahə kimi qalıb.
Axır illərdə, digər ölkələrin ədəbiyyatı kimi, müasir İran bədii sözünün də Azərbaycan oxucusuna çatdırılması, belə deyək, bu yöndə mütaliə təmaslarının artırılması, gücləndirilməsi baxımından, təşəbbüslər irəli sürülməkdə, addımlar atılmaqdadır. Bəlli təşəbbüslər, addımlar, özlüyündə lazımlı, dəyərli olmaqla bərabər, bu sahədəki ehtiyacın dolğun, sistemli ödənməsi üçün (aydın məsələdir ki!) yetərli görünmədiyi kimi, arzulanan effekti də verə bilməz.
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin bir sayının bütünlüklə çağdaş İran ədəbiyyatına həsr edilməsi ideyası bilavasitə həmin ehtiyacdan qaynaqlanıb. Dərginin bu sayında modern İran ədəbiyyatının mümkün olduğunca geniş, zəngin, koloritli (istər etik, istərsə də estetik planda!) mənzərəsini verməyə çalışmışıq. Prozada Sadiq Hidayətdən Mustafa Məstura, poeziyada Nima Yuşicdən Qeysər Əminpura qədər, dramaturgiyada Şəhram Kərəmi olmaqla, müxtəlif ədəbi nəsilləri, estetik təmayülləri təmsil edən 30-a yaxın İran ədibinin yaradıcılığı “Dünya ədəbiyyatı”nın bu sayında öz (optimal!) təqdimatını tapıb. Bundan əlavə, iki elmi məqaləyə yer verilib ki, bunların hər biri müasir İran ədəbiyyatına dair çox maraqlı dəyərləndirmələri, uğurlu müqayisələri, dürüst təsnifləndirmələri özündə ehtiva edir.
Bir neçə aylıq gərgin təşkilati-yaradıcı işin nəticəsi olan bu sayın hazırlanıb işıq üzü görməsində (həm birbaşa, həm dolayısı ilə!) əməyi keçən, fəaliyyətimizi dəstəkləyən hər kəsə dərin təşəkkürümüzü, səmimi minnətdarlığımızı bildiririk.
Seyfəddin Hüseynli
“Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru
Camal Mirsadiqi
Qar, lənətə gəlmiş qar!..
Tərcüməçi: Ağabala Mehdiyev
Onda mənim 14-15 yaşım olardı. Müştərilərin arxasınca qapılara gedər, borcları yığardım. Ustam həmişə məni atama tərifləyərdi:
– Maşallah, çox qoçaq və diribaş uşaqdı. Hara göndərsəm, pulu almamış geri dönmür.
Bizim qəssab dükanı yolun üstündəydi. Cürbəcür müştərilərimiz olardı. Ora çox iyrənc məhəlləydi. Ürəyin istəyən qədər müfəttiş, zabit və hər cür müftəxor vardı. Gəlib nisyə ət alırdılar, amma sonra dükana borclu olduqlarını “unudurdular”. Gərək bunu kimsə onların “yadına salaydı!” Uzaqdan qaraltıları görünən kimi ustam tez qışqırardı ki:
– Ağa Cəfər, tez qaç dalınca, get gör, neynirsən!..
Çox murdar iş idi. Bunun üçün həm üzlü, həyasız olmalıydın, həm də inadkar və zirək. Bir sözlə, murdarçılıq... İndi yadıma düşəndə ürəyim bulanır. Amma o mənim bütün hiylə və fəndlərini öyrəndiyim yeganə iş idi. Mən onun bütün yollarını sınaqdan keçirmişdim. Elə buna görə də ustam xətrimi çox istəyirdi və onun-bunun yanında “zirək uşaqdı, qoçaq uşaqdı” deyə-deyə hey məni tərifləyərdi. Onun işi məni tərifləməkdən ibarət idi. Mənim də qoltuğumun altı qarpızlanırdı, özü də necə! Elə bilirdim ki, bu işi ancaq mən bacararam. Dükanın digər şagirdlərinin belə bir bacarıq və qabiliyyəti yox idi. Buna görə də onların qabağında çox qürrələnər və özümü dartardım.
Bəhanələr bir-birinə oxşayırdı:
– Bəli, bəli, düz deyirsən, yadımdan çıxmışdı. Sabah gəlib həll edəcəm, indi xırda pulum yoxdu.
Ya xırda pulları olmurdu, ya tələsirdilər, ya vaxtları olmurdu, ya da başqa bəhanələr. Axırda da kobud sözlərlə və hədə-qorxu ilə məni özlərindən uzaqlaşdırmaq istəyirdilər.
– Ayıbdı, ay uşaq, itil get burdan, yoxsa tutub polisə verərəm səni!
Belə hədə-qorxuları çox eşidirdim. Gah səslərinin qalın yerinə salardılar, gah üzlərini turşudardılar, gah gözlərini bərəldərdilər, gah da barmaq silkələyərdilər. Amma kim idi onların qabağında geri çəkilən və əl çəkən! Onda mən də keçirdim çığır-bağıra:
– Ət almısınız, pulunu verin!..
Əgər mənə əl qaldırsaydılar, elə qıy-qışqırıq salırdım ki, camaatı başıma toplayırdım, onda özləri yerlərində donub qalırdılar. Belə olanda borclarını ödəyir, bildikləri bütün söyüş və başqa pis sözləri mənə və ustama yağdırır, sonra çıxıb gedirdilər. Ustamın yanına gəlib bunları ona danışanda qəhqəhə çəkib gülərək deyərdi:
– İt balaları müftəxorluğa öyrəşiblər, camaatı soyub öz boyunlarını yoğunlatmaqdan başqa bir iş bilmirlər.
Borclular arasında hər cür adam olurdu: arvad, kişi, çadralı, hicabsız, mülki şəxs, hərbçi, qoca, gənc. Onların camaatın malını yeməkdən niyə bu qədər xoşlandığını başa düşmürdüm. Kasib da deyildilər. Dükana biri dəbdəbəli geyim-kecimlə gəlirdi, biri parıldayan zərli-paqonlu mundirlə. Amma dad arvadların əlindən! Ustamın köməkçisi ağa Mahmudun başına nə oyunlar açırdılar, nə hoqqalar çıxarırdılar!
Bir gün bir arvadı təqib edirdim, əsl “firəng gəlincik”lərindən idi. Özünə əməlli-başlı əl gəzdirmişdi, kirşan üstündən kirşan vurmuşdu. O, üç kilo sümüksüz ət almış və ondan sonra yoxa çıxmışdı. Yadımdadı, əti alıb zənbilinə qoyandan sonra utana-utana dedi:
– Vay, pulqabım evdə qalıb! Nə pis oldu! Usta, indi mən neyləyim?
Elə baxdı, elə gülümsədi ki, ağa Mahmud dərhal dedi:
– Eybi yoxdu, xanım, sonra gətirib verərsiz, nə olacaq ki...
O, uzaqlaşandan sonra ustam ağa Mahmuddan soruşdu:
– Ağa Mahmud, bu alabəzəyi tanıyırdın?
– Vallah, elə də yox. Bir-iki dəfə ət alıb, müştəridi.
– Gərək Cəfəri göndərəydin dalınca.
– Yox, əşşi, inanmıram sən deyənlərdən olsun. Birdən xətrinə dəyər, bunlar varlı-hallı adamlardı.
Amma ağa Mahmud aradan 3-4 ay keçəndən sonra da həmin arvad bu tərəflərdə görünməyəndə dedi:
– O alabəzək əcəb hoqqabaz imiş! Bunları geyim-kecimlərindən də tanımaq olmur!
Mən də onun adama uzaqdan “gəl-gəl” deyən geyim-kecimini nəzərə alıb pulu rahatlıqla alacağımı düşünürdüm. Amma hiyləgərin yekəsi imiş. Məni o qədər bu küçədən o küçəyə, bu dalandan o dalana apardı ki, lap əldən düşdüm. Özü də elə forslanırdı, guya mən bunun evinin qulluqçusuyam, ona görə arxasınca qaçıram. Elə ki adam çox olan yerə çatırdıq və mən qıy-qışqırıq salmaq istəyirdim, səs tonunu dəyişib mehribanlıqla dillənirdi:
– Yaxşı, yaxşı, bildim.
Mən də elə bilirdim ki, xəlvət bir yerə keçən kimi pulu çıxarıb mənə vermək fikrindədir. Belə hallar çox olmuşdu. Mənə deyirdilər ki, gözlə, xəlvət bir yer tapaq. Sonra bir dalana, ya kandara çəkilib köynəklərini yuxarı qaldırır, mənim qığılcım saçan gözlərim önündə corablarının boğazından, ya alt paltarlarının büzməsindən əzik pullar çıxarıb mənə verirdilər. Amma bu dəfə yanılmışdım. İt qızı məni dolayırdı, hər hoqqadan çıxırdı ki, camaatın yanında onu biabır eləməyim. Xəlvət yerə çatanda yerdən daş götürüb arxamca atırdı. Daşların 2-3 dənəsi lap qulağımın dibindən keçmişdi.
Axır ki, onu tələyə saldım. Alış-veriş sıralarının birində başladım hay-küy salmağa, qışqırmağa. Bütün dükançıları, yoldan keçənləri yığdım başıma. Arvad çox pis ilişmişdi. Pulu çantasından çıxarıb üzümə çırpdı, ağzını əyə-əyə dedi:
- Al, itaparan olsun!
Pulu götürüb yola düşdüm. Bir neçə küçə gedəndən sonra gördüm sürətlə arxamca gəlir. Pulu verməyinə peşman olmuşdu. Elə bilirdi ki, mənim özümə iki tümən verib pulunu geri ala bilər. Zəmanənin ən hiyləgər adamlarından biriymiş. Kaş onda mənim yanımda olaydın və onun həmin xəlvət küçədə necə yaxşı və mehriban davrandığını öz gözlərinlə görəydin!
Həmin gün səhər qar yağmağa başlamışdı, özü də necə qar! Kaş orda olaydın və onun yağmağına tamaşa edəydin! Qar əvvəl küçə və xiyabanları basdı, sonra elə bil “əlini uzadıb” hər şeyin üstünü örtdü, evlər, yollar, ağaclar ağappaq oldu. Qar! Qar! Qar! Kaş görəydin qar üstünə qar necə yağır, üst-üstə necə qalanırdı! Qar dönüb yekəpər, bədheybət bir adama çevrilir, guya əllərini havaya qaldırırdı; qar dönüb olurdu bir ağac və kiçik ağ quşlar gəlib onun budaqlarında otururdular; qar çevrilirdi novçadan sallanan şıltaq bir pişik balasına! Qar! Qar! Adam istəyirdi ki, bütün günü ocağın yanında oturub, qarın yağmasına tamaşa etsin.
Od qalanmış manqalın qırağında əyləşmişdik. Bazarda kasadlıq idi, müştəri azalmışdı. Soyuq adamın atasını yandırırdı. Heç kəsdə çölə çıxmağa həvəs yox idi. Ətdən çıxan sür-sümük piştaxtanın üstündə yığılıb qalmışdı. Polkovnikin xidmətçisi gəlib onları itləri üçün aparmamışdı. Piştaxtanın görünüşü yamanca pozulmuşdu. Gərək sür-sümüyü fitənin arasına yığıb çölə aparaydım. Amma kim idi manqalın yanından duran! Manqalın istisi adama əməlli-başlı kef verirdi və ustamın söhbəti könül oxşayırdı.
O, uzaq keçmişdən danışırdı: bir “sir” yağın dörd abbasıya, yumurtanın dənəsinin bir sənara olduğu və xeyir-bərəkətin qeybə çəkilmədiyi vaxtlardan. Ustamın qardan xoşu gəlmirdi. Hətta qarla düşmən idi. Qaşqabaqlı halda qar dənəciklərinə baxar və belə deyərdi:
– Qurban olum yağışa. Qar nədi?! Yağış bir müddət yağır, vəssalam. Amma qar yerdə qalır, yerin nəfəsini kəsir. Qar camaatın həm canının, həm də malının düşmənidir. Əhalinin evini yıxır qar. Dilsiz-ağızsız heyvanları çöldə ac-yalavac qoyur.
Ustam danışırdı ki:
– Keçmişdə bir dəfə adamboyu qar yağmışdı. O qar evlərin təməlini islatdı, divarları uçurdu, ağacları sındırdı, mal-heyvanı acından qırdı. Camaatın vəziyyəti çox pisləşdi. Qəhətlik, xəstəlik tüğyan edirdi. İnsanlar bir tikə çörəyə görə hər işə əl atırdılar. Acından köpür, yıxılıb ölürdülər.
Ustam gözlərini qar dənəciklərindən çəkmədən sözünə davam edirdi:
- Allah rəhmət eləsin hacı Yəhyaya, qəbri nurla dolsun! Bir gün xəlvətcə qazanlara neçə kisə düyü töküb ocağın üstünə qoydu, yaxşı bir dəmpüxtək bişirdi. Sonra da boşqablara çəkdi və mənə dedi:
– Abbas, ağacan, savabı sənin olsun, apar bunları imkansızlara çatdır, Əli əvəzini yetirsin!
Çox soyuq idi, qar aman vermədən yağırdı. Mən dəmpüxtək boşqablarını götürüb çölə çıxır, aparıb imkansız adamlara verirdim. Heç yadımdan çıxmaz, axırıncı boşqabı özüm üçün götürmüşdüm, evə tərəf gedirdim. Qəfil, palçıqdan tikilmiş bir komadan ağlayan uşaq səsi eşitdim. Bir az qabağa getdim, qapının dəliyindən içəri baxdım. Gördüm ki, çox gənc bir qadın oturub yerdə, döşünü salır südəmər körpəsinin ağzına. Körpə onun döşünü ağızına alır, sonra itələyib ağzından çıxarır və başlayır ağlamağa. İki yaşlı bir başqa uşaq da ağlayaraq: “Ana, acmışam, acmışam...” deyirdi. Bilməzsən bu səhnəni görəndə nə hala düşdüm! Ürəyim ağrıdı. Yavaşca qapını döydüm. Qadın pərişan halda qapıya çıxdı. Dəmpüxtəki boşqabqarışıq ona verdim. Sonra əlimi saldım cibimə və üstümdə nə qədər pul var idisə, hamısını çıxarıb qoydum boşqabın qırağına, çıxıb getdim...
Ustam danışa-danışa çölə baxırdı. Hiss olunurdu ki, qarın zəifləməsinə sevinir. Artıq bayırda tək-tük də olsa, adamlar gözə dəyirdi. Göydən seyrək qar dənələri ensə də, daha bunun adına “qar yağır” demək olmazdı. Bu, səhərdən fasiləsiz yağan qarın “dibində qalanı” idi.
Ustam çölə baxdığı yerdə birdən dik atılıb çığırdı:
– Cəfər, qaç dalınca, aradan çıxır!..
Manqalın yanından durub çölə qaçdım, soyuq – amansız soyuq haqladı məni. Ustam arxamca qışqırdı:
– İyirmi tümən borcu var! Neçə dəfə ət aparıb, həmişə də “gətirib verəcəm” deyib, gəlməyib!..
Ayağımı qara basan kimi başladım titrəməyə. “Ay arvad, axı bu nə vaxtın çölə çıxmağıdır? Axı sən heç dünyanın düz vaxtı bu tərəflərdə görünmürdün, indi, heç it öz başını damından çıxarmadığı bu qar-qiyamətdə çöldə nə gəzirsən? Elə məni manqalın yanından durğuzmağa gəlmişdin?!” İnsafsız arvad elə də cəld yeriyirdi! Mən iki addım atmamış o, artıq tini burulmuşdu. Əynində andıra qalmış çadra, ayaqlarında qaloş! Bir az yeyin getmək istədim, az qaldı başı üstə yıxılım zəhrimar qarın içinə. Tinin başına çatdım. Orada heç kəs yox idi. İşləri korlamışdım, əlimdən qaçırmışdım onu. Küçənin axırına kimi qaça-qaça getdim, o biri tinin başına çatdım, amma arvaddan əsər-əlamət yox idi. Əlim ətəyimdən uzun qayıtdım dükana.
– Ay fərsiz, əldən buraxdın, hə? – ustam dilləndi.
Oturmaq istəyirdim ki, sür-sümüyü göstərib dedi:
– Daha durmusan, bunları da yerbəyer elə.
Mən sür-sümüyü fitənin arasına yığıb bərk düyünlədim, sonra dalıma atıb bayıra çıxdım. Döyülmüş it kimi titrəyirdim. Zəhrimara qalsın bunu! Hava yaxşı olanda qalan sür-sümüyü digər tullantıların yanına qoyub yol üstündəki zibilliyə atır, sonra məxsusi bir avazla səslənirdim, dərhal itlər quyruqlarını bulaya-bulaya gəlirdilər. Amma indi o qədər yol getməyə hövsələm yox idi. Buna görə də sümükləri arxa tərəfdə bir yerə atıb geri döndüm. Bu amansız qarın soyuğundan az qalırdı ayaqlarım qopub düşsün. Qayıdıb ayaqlarımı ocağa yaxınlaşdırdım. Ocağın istisi çox xoş gəlir, adama ləzzət verirdi. Az qalırdım ayaqlarımı soxum odun içinə. Hələ tam qızınmamışdım ki, ustam qışqırdı:
–Yenə çıxdı ortaya! Tez ol, qaç arxasınca, amma daha bu dəfə əldən buraxma! İyirmi tümən səkkiz qiran borcu var. Məzhəbsiz, nə gəlib ət alır, nə də borcunu qaytarır...
Başılovlu çıxdım. Zəhər tuluğuna dönmüşdüm. Bıçaq vursaydılar, qanım çıxmazdı. Bir buna deyən lazım idi ki, axı sən heç buralara üzükməzdin, indi nə azarın var bu tərəflərdə?!
Küçənin başında ona çatıb qışqırdım:
– Xanım, ay xanım!..
Bir-iki kişi dönüb mənə baxdı. Lap xəcalət çəkdim. Məhəllə uşaqları ilə çoxlarını sınamışdıq. Əgər min nəfərin içində, tutalım, “Rüqəyyə xanım, hey!” desəydin, bütün kişilər dönüb sənə baxırdılar. Elə bil hamısının adı “Rüqəyyə xanım”dır.
Küçədə sakitlik idi deyə, səsim bomba gurultusu kimi yayıldı.
– Ay xanım, heeey!..
Amma o qadın heç nəyə fikir vermir, yeyin-yeyin addımlayırdı. Öz-özümə:
– Bu lap yaramaz əbləhlərdəndir, - dedim.
Yırtıq-deşik qaloşları da buna bir işarət idi. Az sonra özümü arxadan ona yetirib qışqırdım:
– Xanım, ay xanım!
O, qəfildən dayandı və dönüb üzümə baxdı. Üzünü görəndə yerimdə donub qaldım. Çox gözəl, təravətli, həm də gənc bir qadın idi. Özü də bir az yağış yağandan, ya külək qalxandan sonra üzünə baxmaq mümkün olmayanlardan deyildi. Elə ürəyəyatan, könülaçan siması vardı ki, baxdıqca baxmaq istəyirdin. Çadrasına bərk-bərk bürünmüşdü, qoltuğunun altında bir batmanlıq qazan boyda bir boğça tutmuşdu. Üzümə baxa-baxa dedi:
– Nə istəyirsən, ay oğlan?
– Məni ustam göndərib...
Sözümü ağızımda qoydu. Gözündəki parıltıdan məni tanıdığını anladım. Narahat tərzdə dedi:
– Get ona de ki, dalımca adam göndərməyinə ehtiyac yoxdu, hazır olan kimi gətirəcəm.
Başqaları kimi əsla nala-mıxa vurmadı. Elə əvvəldən başa düşdüm ki, oyun çıxaranlardan deyil. Amma bu amansız soyuq ovqatımı zəhrimara döndərmişdi.
– Ustam tapşırıb ki, pulu almayınca ayağını dükana basma.
– Bala, axı mənim arxamca düşməyin yaxşı deyil. Camaat görür. Bu, mənim üçün ayıbdır. Get ustana de ki, əlimə pul düşən kimi əvvəl sənin pulunu verəcəm. Mən onun pulunu yeyən deyiləm! Gör mən neçə ildir, onun müştərisiyəm!
Soyuq indi tamam səbrimi kəsdi.
– Deyib ki, pulu almayınca dükana gəlmə. Kasadlıqdı, vəziyyət yaxşı deyil.
O, bir an dayanıb üzümə baxdı. Sonra bir kəlmə də demədən başını aşağı salıb cəld yeriməyə başladı. Elə bildim ki, ağlına nəsə bir çarə gəlib. Adətən, bir söz deməmək yaxşı əlamət sayılırdı. Məni aparırdılar evlərinin qapısına və ondan-bundan borc alıb verirdilər. Bu o qədər yaxşı qadın idi ki, təzədən üz vurmağa ürəyim gəlmədi. Məni nə söyür, nə daş atır, nə də təhdid edirdi. Beləcə, daha heç nə demədən arxasınca getdim. O da dillənib bir söz demirdi. Amma camaat bizə baxırdı. Axırda bezib dayandı. İri qara gözlərini mənə zilləyib:
– Oğul bala, inan ki, olsaydı, verərdim. Belə dalımca düşmə, yaxşı deyil, camaat pis şeylər fikirləşər. Axı sən uşaq deyilsən, belə şeyləri başa düşməlisən.
Səsi titrəyirdi. Bilmirəm, bunun səbəbi o lənətə gəlmiş soyuq idi, ya başqa nəsə. Əvvəl elə fikirləşmişdim ki, məni borcunu qaytarmaq üçün evinə aparır. Xam xəyallara dalmışdım. Yenə zəhər tuluğuna döndüm. Soyuqdan ayaqlarım sözümə baxmır, az qalırdı qulaqlarım qopub düşsün. Ustamın “ay fərsiz, əlindən çıxartdın hə?” deməyi yadıma düşdü. Başladım qışqır-bağır salmağa. Qadın çaşıb qalmışdı:
– Ay insafsız, əgər yoxdursa, axı hardan alıb verim?! Camaatın yanında məni biabır etmək istəyirsən? Yaxşı, qışqırma, sabah bir yerdən tapıb gətirərəm. Vallah, gətirəcəm.
Yenə cəld yeriyib uzaqlaşmaq istədi. Çadrasının bir tərəfindən yapışdım. Ayaqlarım, qulaqlarım donurdu. Qulağımda “ay fərsiz, əlindən çıxartdın hə?” cümləsi cingildəyirdi. Məni ağlamaq tutmuşdu.
Səsimi xeyli qaldırmışdım.
Camaat başımıza yığışanda qadının çöhrəsi meyit rəngi almışdı. Adamlar mənim halıma yanırdılar:
– Ay uşaq, nə olub? Niyə ağlayırsan?
Səsimi bir az da qaldırdım, qışqırığm bütün küçəni bürümüşdü. Sonra, bilmirəm, nə dedimsə, qadın mənim üstümə yeridi və boş əli ilə məni vurmağa başladı. Başıma elə vurdu ki, əməlli-başlı ağrı hiss elədim. Gözüm yaşla doldu. İnsafsız çox möhkəm vururdu, əli də yaman ağır idi. Məni o vaxta kimi heç kəs, hətta atam elə vurmamışdı. Yanaqlarımdan yaş süzülürdü. Ətrafdan səslər ucalmağa başladı:
– Ay qız, niyə vurursan uşağı?!
– Sənin nə haqqın var onu vurmağa?! Uşaq görmüsən onu?
Qadının davranışından heyrətə düşmüşdüm. İş heç vaxt bu həddə çatmazdı. Adətən, camaat yığışan kimi məsələ həll olurdu. Amma indi bəyaz çöhrəli bu qadın göz qabağındaca məni döyürdü. Əgər camaat onun əlindən almasaydı, şikəst edəcəkdi məni. Mat qalmışdım. Nə özü mərəkəni tərk edib gedirdi, nə də başqaları kimi necəsə mənim könlümü almağa çalışırdı... Elə hey vururdu. Sanki nə etdiyini özü də bilmirdi. Küçədə qoltuğunda boğça, qarın içində dayanmışdı. Camaat bizi dövrəyə almışdı. Mən tamam özümü itirmişdim. Ona həm acıqlıydım, həm də yazığım gəlirdi. Kaş əvvəldən buraxaydım, çıxıb gedəydi. Onun nə hala düşdüyünü görmək lazım idi! Çöhrəsində çox yazıq və miskin bir ifadə vardı. Dövrələmə dayanan camaatın ortasında durmuşdu, qara gözlərindən qığılcım saçılırdı. Beləcə dayanıb kövrək bir ağac kimi titrəyirdi.
Mənimsə ayaqlarım, qulaqlarım, əllərim donurdu. Günahın hamısı yenidən yağmağa başlamış qarda idi. Mən lap itə dönmüşdüm: yava, quduz bir itə. Qadının çadrasından yapışıb dartdım. Qoltuğunun altındakı boğça aşağı sürüşdü. Gördüm ki, onu vahimə bürüdü, özünü itirdi. Boğçanı möhkəm tutmaq istədi, amma əlləri əsdi, boğça onun qoltuğundan sıçrayıb top kimi göyə qalxdı: eynən futbol topu kimi. Və havada açıldı. Onun içindən sür-sümük töküldü... Mənim bayaq küçəyə tökdüyüm, adətən, polkovnikin xidmətçisinin itlər üçün apardığı sür-sümük... Onlar hamının gözü qarşısında yerə səpələndi.
Qız gözümün qarşısında bükülüb ikiqat oldu. Sür-sümüyün üstünə əyilib dizlərini yerə qoydu, yanağındakı göz yaşlarını silməyə başladı. Mənim nitqim qurudu, cəld irəli atılıb, yerdəki sür-sümüyü tələsik toplamağa başladım. İçim həm başımıza yığışmış adamlara, həm də özümə olan hirs-hiddətlə dolmuşdu...
Sonra nə oldusa, yadıma gəlmir. Bir də onu gördüm ki, yağan qarın altında ağlaya-ağlaya qaçıram. Qar, lənətə gəlmiş qar!..