Kulis tanınmışlar qələm adamlarının ədəbiyyat üzrə bu ilin Nobel mükafatçısı Svetlana Aleksieviç haqda fikirlərini təqdim edir.
Yazıçı Əkrəm Əylisli
- Svetlana Aleksieviçlə şəxsi tanışlığım olmayıb. Amma onun daxil olduğu Belarus 60-cılarının ədəbi çevrəsindəki digər simaların hər biri ilə şəxsi tanışlığım da, müəyyən dostluğum-yoldaşlığım da olub. Onlar beş nəfər idilər: Vasil Bıkov, Ales Adamoviç, Anatoli Kudravets, Rıqor Borodulin və sonda Svetlana Aleksieviç. Bunların dörd nəfəri hələ 60-cı illərdə bütün sovet ədəbi məkanında geniş tanınırdı. Svetlana Aleksieviç o zaman bir o qədər də məşhur deyildi. Onun yaradıcılığının parlaq dövrü sovet rejiminin süqutundan sonra başladı. Və bu süqut olmasaydı Svetlana Aleksieviç çox çətin ki, bu günün Nobel mükafatçısı ola biləydi.
Vasil Bıkov Nobel mükafatına daha çox layiq idi. Mən buna heç bir şübhə eləmirəm. Və ədəbi prosesə yaxından bələd olan kimsənin buna şübhəsi ola biləcəyinə inanmıram. Ancaq hər zamanın öz hökmü, “Hər aşiqin öz dövranı var”. Fakt budur ki, Svetlana Aleksieviç Nobeli Belarusa gətirən ilk ədəbi şəxsiyyət, ilkin ədəbi simadır. Amma bu yerdə istər-istəməz düşünməli olursan: bu real ədəbi şəxsiyyətin məhz Belarus ədəbiyyatı ilə hər hansı bir üzvi əlaqəsi, real bağlılığı varmı?
Mən həmişə bu fikirdə olmuşam ki, yazıçı hansı xalqın dilində yazırsa elə o xalqın da mədəniyyətinə mənsubdur. Məsələn, milliyyətcə ukraynalı olan Qoqol Ukrayna yazıçısı deyil, rus yazıçısıdır. Rus uşaqlarının ən sevimli şairi yəhudi Marşak da əlbəttə rus şairidir. Hələ Boris Pasternakı, İosif Brodskini və başqalarını demirəm.
Ancaq bu mənim şəxsi mülahizəmdi. Kaş bizim də rus dilində hər hansı bir yazıçımız Nobel mükafatına layiq görüləydi. Beləsi varmı? Yoxdur! Və ədəbiyyatımızın ruhi xudpəsəndliyə, mənəvi əyalətçiliyə yuvarlandığı indiki zəmanəmizin haçansa belə bir ədəbi şəxsiyyət yetirəcəyinə ümid bəsləmək əbəsdir.
Nobeli almaq üçün məncə, “biz sözdə yox, işdə və əməldə dünyəvi olmalıyıq”, ancaq təəssüflər olsun ki, biz buna işimiz və əməlimizlə can atmırıq. Ondan hələ ki, sürətlə uzaqlaşmaqdayıq.
Jurnalist Çingiz Sultansoy
Svetlana Aleksieviçin mukafat alması mənim üçün gözlənilməz oldu. Ona gorə yox ki, pis yazıçıdır. O, tanınmış yazıçıdır. Rusdilli məkanda yaxşı və məhsuldar bir yazar-jurnalist kimi tanınır. Svetlananı aşağılayan yazılar artıq dərc olunub rusdilli məkanda. Onun yaxşı yazıçı olmadığını deyirlər. Bəziləri onun heç yazıçı olmadığını yazır. Yəni ki, onun sevimli janrı - çoxlu musahibə almaq və bu müsahibələrin vasitəsi ilə ölkənin, dövrün, konkret zamanın, insanların və onların münasibətlərinin mənzərəsini göstərmək - yazıçılıq deyil, ədəbiyyat deyil, hətta publisistika da deyil, sırf jurnalistikadır. Mən bu fikirlə razılaşmıram. Ona gərə ki, ədəbiyyatın məqsədi insanı göstərməkdirsə - bədii boyalarla -Svetlana Aleksieviç bunu edir. Mən bu janrda bir neçə yazı oxumuşam. Bu janr Qərbdə çoxdan var. ABŞ-da, məsələn... Və bu sayaq yazılmış kitablardan 10-12 müsahibə oxuyanda doğrudan da maraqlı bir bədii təsir qüvvəsi yaranır.
Daha çox rusca yazan Belarus yazıçısının Nobel mükafatı alması göstərir ki, böyük yazıçı olmaq və dünyada belə qəbul edilmək üçün sərhədlər yoxdur. Yalnız böyük ədəbiyyat nümunələri yaratmağı bacarmaq lazımdır
Svetlananın "Müharibənin qadın üzü yoxdur" romanının senzuradan keçməyən parçalarını oxumuşam, çox güclüdür. Təkcə bu fakt bir daha göstərir ki, senzura və sovet hakimiyyəti tək onun deyil, çox yazıçının qol-qanadını qırıb.
Bir sözlə Svetlana Aleksieviç böyük yazıçıdır.
Yazıçı Etimad Başkeçid
Svetlana Aleksieviçin yaradıcılığına normal bədii kriteriyalarla və yanaşmalarla qiymət versək, sözsüz, bu yazıçıya «Qızıl qələm» mükafatı da düşmür. O, daha çox publisistika, reportaj janrında yazılmış yazılarıyla uğurludur. Açığı, onun yaradıcılığıyla tanış deyildim, ancaq dünəndən başlayaraq bir neçə hekayəsini və publisistik yazılarını oxudum və heç peşman olmadım ki, niyə belə bir sənətkarı tanımamışam. Aleksiyeviçin hansı tip yazıçılara aid olduğunu ayırd etmək üçün indiyəcən aldığı mükafatlara nəzər salmaq kifayətdir: Gerder adına «Ən yaxşı siyasi kitab» mükafatı, «Avropada qarşılıqlı anlaşmaya görə» və s. Sonuncu hadisələr göstərir ki, ən azından ədəbiyyat üzrə verilən Nobel mükafatının prestijindən əsər-əlamət qalmayıb. Bu mükafatın verilməsi siyasi gedişə çevrilib.
DJ Fateh
Mən Svetlana Aleksieviçin adını həmkarım, rusiyalı radioaparıcıdan eşitmişdim. Onun publisistikası ilə yaxşı tanışam və düşünürəm ki, Aleksieviçin məzmunu o qədər güclüdür ki, yazı üslubu əhəmiyyət kəsb etmir. Onu ən azı ona görə oxumağa dəyər ki, müharibənin hansı dəhşətləri ehtiva etdiyini anlayasan. Əlisilahlı insan, hətta müdafiə olunursa, təhlükəlidir. Bu gün səhər mənim efirimdə "Bir zamanlar yaşamış insanlardan kimi diriltmək istərdiniz?" - sorğusuna 4-5 nəfərin Hitlerin adını yazıb göndərməsindən anlaşılır ki, "humanizm" sözü heç də bütün həmvətənlərimiz haqqında deyilməyib. Heç bilmirəm, bizim oxucuya Svetlana Aleksieviç lazımdırmı?! Təsadüfi deyil ki, bütün bizə yad cərəyanlar bu gün məhz kitabsız zümrəni özünə cəlb edir.