Sevgilisinin toyuna dava salan tələbə - HEKAYƏ

Sevgilisinin toyuna dava salan tələbə - <span style="color:red;">HEKAYƏ
24 yanvar 2017
# 13:26

Kulis.az Samir Sarının “Gözlənilən bir qətlin baş tutmayan tarixçəsi” hekayəsini təqdim edir.

Onlarınkı klassik ayrılıq oldu. Son 20 ildə azı on min qız öz tələbəlik sevgisinə “Mamam məni ərə verir” demişdi. Əfsanə də Qoşqara elə dedi. Qoşqar da bu təhdidlə üzləşən on min oğlandan biri kimi reaksiya verdi:

- Xalan oğluna?

Amma o yanılmışdı, Əfsanə qəti şəkildə:

- Yox, - dedi və onun intuisiyasını darmadağın etdi: - Dayım oğluna.

- Hmm. Mən universiteti bitirəsi, magistraturaya girəsi, onu qurtarası, babat iş tapası, ailə qurmağa hazır olası... 3-4 il vaxt lazımdır. Gözləsən, ailə qurarıq.

- Mən gözləyərdim, amma mamam gözləmir.

- Onda ta nə deyim? Allah xoşbəxt eləsin. Toyuna bizi də çağır. Yığışıb gələk.

Bu dialoqdan sonrakı hadisələr sırf müvafiq mövzulu filmlərdə və romanlarda olduğu kimi getdi: hüznlü pauza, dolmuş gözlər, kövrək vidalaşma, “unuda bilməyəcəm” vədi və s.

İki aydan sonra, məzunların son zəngindən bir həftə əvvəl Əfsanənin dəvətnamələri gəldi. Toy Gəncədə olacaqdı. Qrupdakı 25 nəfərdən on altısı toya getmək qərarına gəldi. Qrup nümayəndəsi Elxan və Qoşqar hamının yerləşəcəyi böyüklükdə avtobus danışdılar və toy günü səhər saat 11-də yola düşdülər. Axşam saat 10-da, toya aş gələndə toydan çıxacaqdılar.

Toya gedənlər 9 oğlan, 7 qız idi. Onların hamısı Əfsanə ilə Qoşqarın macərasından xəbərdar idilər. Qızlar yol boyunca Qoşqarı süzür, onun kədərli sir-sifətinə baxıb pıçıldaşırdılar, deyirdilər, yazıq çox pərişandır. Elxan da onlara qoşulmuşdu, deyirdi, hə, Qoşqara əsl travma olacaq bu toy.

Kimin nə vaxt travma alacağını isə, kim bilir...

Nəhayət, qonaqlar toyun baş tutacağı şadlıq sarayına çatdılar. Toy başladı. Adi toylardan idi: çalğıçılar, tamada, bəzənmiş gəlin, kostyum, ağ köynək, qırmızı qalstuk geyinmiş bəy və s. Bəy cantaraq bir oğlan idi. Əfsanəni də elə bəzəmişdilər ki, Qoşqar belə onu güclə tanıdı.

Əvvəlcə qudalar sağlıq dedilər, oynadılar. Sonra dayılar, əmilər mikrofona çağrıldılar. Hamısı dərin, məzmunlu çıxışlar etdilər, evlənənlərə xoşbəxtlik arzuladılar. Yalnız əmilərdən biri savadlı adam çıxdı, onun arzusunda “körpə qığıltısı” söz birləşməsi yer aldı.

Bəy-gəlin qohum olduğundan dayılar, əmilər, xalalar, bibilər də təbii ki, qohum idilər və kimin oğlan evi, kimin qız evi olduğu bilinmirdi. Hamı bir-birinə qarışıb oynayırdı. Arada tələbələr gəlini – kurs yoldaşlarını da qaldırıb oynatdılar. Amma təzəbəy narazı qaldı, qısqanc idi, görünür.

Hamı yeyib-içib dəmlənəndən sonra gəlinin tələbə yoldaşları da yada düşdü. Tamada onları toy əhlinə təqdim edərək, bir neçə nəfəri tost deməyə çağırdı. Elxan ayağa qalxdı, amma tək getmək istəmədi, Qoşqarın da qolundan yapışdı:

- Gedək, xoşbəxtlik arzula, arada inciklik-filan qalmasın. Jest elə.

O biri uşaqlar da, xüsusilə qızlar israr etdilər, Elxan, Qoşqar, Aygün çalğıçıların yanına getdilər. Öncə Elxan danışdı, sözünü indiyəcən heç kəsin ağlına gəlməyən bir ifadə ilə bitirdi:

- Allah xoşbəxt eləsin!

Aygünün çıxışında əsas fərq onda oldu ki, o, sözünü “Allah xoşbəxt eləsin”lə başladı, ardınca əmin olduğunu bildirdi ki, gənclər ömür yolunda qoşa addımlayacaq, bütün çətinlikləri birgə dəf edəcəklər, nəsibləri də ailə səadəti olacaq.

Tələbəçilik dövründə qrupun ən dilli-dilavər oğlanı kimi ad çıxarmış Qoşqar yenə orijinallıq etmək istədi:

- Mən şeir demək istəyirəm.

Tamada həvəslə razılaşdı:

- Buyur, qardaş, buyur, - dedi və dönüb çalğıçılara işarə etdi ki, fonda bir həzin musiqi çalsınlar.

Qoşqar musiqiçilər təsadüfən seçdiyi “Bu ayrılıq nədən oldu” melodiyasının fonunda, sol əlini şalvarının cibinə qoyaraq (bu da çoxdanın ənənəsiydi) sözə başladı:

- Böyük şairimiz, sevgi-məhəbbət şairimiz, mərhum Nüsrət Kəsəmənlinin belə bir şeiri var, deyir:

Nələr, nələr yada düşdü,

Xatirələr oda düşdü.

O günlərdən qəlbimizə

Qorxulu bir səda düşdü,

Görməyəydim kaş ki səni.

Bura qədər ölkənin bütün toylarında olduğu kimi, tosta-filana qulaq asan yox idi. Amma ortalığa sükut çökdü deyə hamı çəngəli, bıçağı bir kənara qoyub tost deyən oğlana diqqət kəsildi. Qoşqar davam edirdi:

Bahar gəldi qış evinə,

Bu köçəri quş evinə.

O vaxt naşı bənna kimi

Yaddaşımın daş evinə

Hörməyəydim kaş ki səni.

O, bu bəndi deyəndə toyxananın o başındakı Əfsanəyə baxırdı. İkinci kupletdən sonra gəlin qurcuxdu, narahat oldu. Qoşqar şeirin üçüncü bəndini dilə gətirdi:

Külə dönmüş od-ocaqsan,

Bəlkə belə qalacaqsan.

Onda uşaq deyildim ki,

Bilirdim ki solacaqsan,

Dərməyəydim kaş ki səni.

Bu dəfə bəy qurcuxdu, qalstukunu çıxardı, gah nişanlısına, gah da tost deyən oğlana qəzəblə baxa-baxa pencəyini də çıxardı, əyilib Əfsanəyə “bu nə deyir, aaz, dərməyəydim nədi” dedi. Qoşqar ona fikir verməyərək, şeirin sonuncu misralarını səsləndirdi:

Hicran gəldi sinə-sinə,

Günlər ötdü sənə-sənə.

Bir güldanda saxlayaydım,

Öz əlimlə özgəsinə

Verməyəydim kaş ki səni...

Şeir bitdi, təxminən 6-7 saniyə, bir qumbaranın halqasının çəkilməsindən partlamasına qədər olan vaxt ərzində toyxanada heç kəsdən səs çıxmadı. Tələbələr situasiyanı xilas eləmək üçün Qoşqarı alqışladılar. Elxan cəld musiqiçilərə dönüb “Könlüm qəmi neylər” mahnısını çalmalarını xahiş etdi. Çalğıçılar 1982-ci ildən bəri ölkədə baş tutan bütün toylarda bir neçə milyon dəfə səslənmiş melodiyanı çalmağa başlayanda qonaq tələbələr ortalığa cumdular.

Bəyin və gəlinin qardaşları, gənc kişi qohumları baxışdılar, çıxışa yönəldilər, mövqe tutdular. Hirsindən qızarmış bəy artıq ağlamaq üzrə olan gəlinə “bu nə p... yeyir, aaz” deyə amansız bir sual ünvanlayıb cavab gözləyirdi. Əfsanə anlayırdı ki, onların ilk gecəsi müdhiş sorğu-sualla və böyük ehtimalla dava-dalaşla keçəcək.

Can qorxusu Qoşqarın bir az əvvəl içdiyi içkinin xumarlığını beyin nahiyəsindən qovub çıxarmışdı. O anlayırdı ki, əgər yaxın iki-üç dəqiqədə nəsə bir tədbir görməsə onu burda ən azı öldürəcəklər. Gözünün qabağına xəbər başlıqları gəldi: “Tələbə gənc toyda bıçaqlandı – şok qətl”; “Azərbaycanın Gəncə şəhərində toyda baş verən insident nəticəsində 47 bıçaq yarası alan 25 yaşlı tələbə gənc ölüb”; “Toyda amansız qətl – Gəncədə”.

Qoşqar bunu düşünə-düşünə ortada oynayır, bəylə-gəlinin gözü qəzəbdən dönmüş qohumlarını süzür, çıxış yolu axtarırdı. Çıxış yolları tutulmuşdu.

Rəqs melodiyaları davam edirdi, hamı bir-birinə qarışıb oynayırdı. Birdən ani fürsət yarandı, Qoşqar qarmaqarışıqdan istifadə edərək, özünü şadlıq evinin mətbəxinə saldı, gənc ofisianta beş manat verib, arxa çıxışın harda olduğunu göstərməsini xahiş etdi. Ofisiant ərzaq məhsullarının gətirilməsi üçün nəzərdə tutulan arxa çıxış qapısını Qoşqara göstərdi. O, qaça-qaça arxa küçəyə çıxdı, sonra dalına-qabağına baxa-baxa önünə çıxan ilk taksiyə oturub Bakıya gedən maşınların durduğu yerə aparmasını xahiş etdi.

Bakıya gedən taksinin sürücüsü ona “Bir az gözləyək, daha bir nəfər götürüb gedək” - deyəndə Qoşqar dilləndi:

- Lazım deyil, onun da pulunu mən verəcəm, sən tez sür, Bakıya çatmalıyam, ölüm-qalım məsələsidir.

Sürücü maşını yerindən tərpədəndə Elxandan zəng gəldi:

- Alçax, hardasan? Burda səni soruşurlar...

- De ki, gəlir, - Qoşqar dedi və sürücüdən xahiş etdi: - Başına dönüm, bərk sür, gedək.

On dəqiqədən sonra bir də zəng gəldi, bu dəfə zəng edən Tural idi:

- Ay eşşək, səni axtarırlar, bizi də yığıblar qarderoba, döymək istəyirlər.

- Tural, de ki, mən artıq Yevlağa çatıram.

Aradan bir saat keçdi, zəng edən yox idi. Qoşqar narahat oldu, qrupun ən sakiti Mirsəidə zəng vurdu, o içmirdi, emosiyaları sakit olmalı idi. Seyid telefonu açan kimi qışqırdı:

- Vicdansız, sənə görə bizi çilədilər burda. Elxan yıxıldı, dizi sıyrıldı. Polis gəlib. İndi bizi aralaşdırıblar, polis bölməsinə izahat yazmağa gedirik.

- Hmm, yaxşı, çox gözəl, çatıram, çatıram - Qoşqar bu sözləri sürücü və sərnişinlər məsələnin mahiyyətini başa düşməsinlər deyə deyirdi. Yoxsa, Elxanın travma almasına çox üzülmüşdü.

Taksi Lökbatan civarında Bakı dairəvi yoluna burulanda Qoşqar qrupun məzəlisi Əfrahimə zəng vurdu:

- Necədir vəziyyət, Əfi?

- Necə olacaq? – Əfi dilləndi. – Qızlarla dolu ictimai nəqliyyatda səsli qaz buraxmış yeniyetmə kimi pərt bir vəziyyətdə gəlirik şəhərə. Sən qaç gizlən, səni ya toy yiyəsi tutub öldürəcək, ya da biz.

Qoşqar doğrudan da bir həftə gizləndi. O, bir də son zəng günü üzə çıxdı. Xəta sovuşmuşdu. Artıq tələbə yoldaşları onu bağışlamışdılar. Əfsanə istisnaydı. O şeir ona baha başa gəlmişdi, son zəngə buraxmamışdılar.

Uşaqlar bir həftə əvvəlki hadisəni məzəli bir macəraya çevirib danışıb-gülür, lağlağı edirdilər. Hətta Əfrahim o məşhur şeirin ardına özündən bir bənd də əlavə etmişdi:

- Qalxdın, toyda şeir dedin,

Heç bilmədin, nə tort yedin.

Qaçıb çıxmasaydın o gün,

Morqa gedərdi meyidin –

Hürməyəydin kaş ki sən...

Hamının kefikök şəkildə danışıb-güldüyü yerdə birdən Qoşqar iki ildir nişanlı olan Günelə tərəf dönüb soruşdu:

- Günel, sənin toyun nə vaxtdır, bacı?

Günel gülə-gülə cavab verdi:

- Hə, mənim toyumda da “Yenə o bağ olaydı”nı deyib xoşbəxt edərsən məni...

# 1733 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #