Kulis Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.
“Gözlərim niyə tüpürür?” – dedi
Ağlamaq istəməyən
ağlamağa məcbur olan uşaq
Bəlkə də ən doğrusunu demişdi...
Onun gözləri ağlamırdı
Bu dünyaya tüpürürdü ancaq
***
palataya girib sancı çəkən qadınlara
bir-bir təpindi həkim ərklə:
“nədi, qızdı, ya oğlandı səndə?”
sıxıla-sıxıla dilləndilər gənc qadınlar...
oğlan doğacaq olanlara
daha işıltılı baxışlarla baxdı həkim
muştuluq alacaqdı
qadını bayırda gözləyən ərindən
qayınanasından axı...
səbri çatmırdı
gəlirini-çıxarını hesablayırdı
növbəni
həkim yoldaşına
təhvil vermədən...
***
əlüzyuyanın üstündəki
diş fırçam belə kürəyini
sənin diş fırçanın
kürəyinə söykəmiş
***
Sevirdi polisləri beş yaşlı oğlu
Həbsxanadan təzə çıxan adamın
Böyüyəndə polis olacam deyirdi atasına
Hər dəfə uşağın ağzından vurur anası
dəyişirdi söhbəti
Bir dəfə də: “polislər adamı
tutub aparır...
“sən polis olmayacaqsan!” - dedi kövrələ-kövrələ...
“polislər qanunu pozan adamları tutur ” - dedi qəfildən ata
Ana çaşqın nəzərlərini zillədi ərinə...
qanunun nə demək olduğunu xəbər aldı oğlan
“böyüklər sözə baxmayanda qanunu pozurlar” - dedi ata...
Uşağın iriləşmiş gözləri yol çəkdi
“mənim gördüyüm polislər
adamları xilas edir,
siz düz bilmirsiz” - söylədi...
Harda gördüyünü soruşdular o polisləri
Oğlan “filmlərdə gördüm” - dedi...
Yanmaq
Xalamın əri özünü yandırmışdı
Neft töküb başına
Çəkmişdi kibriti
Allahdan tez görmüşdü xalam
əri qurtulmuşdu
amma
bətnindəki altıaylıq körpəni
itirmişdi
sonra ana olmaqdan ötrü
çox həkimlərə getdi
heç bir dölü salamat qalmadı
atam danlayırdı xalamın ərini:
“kişi də borcdan ötrü
yandırarmı özünü arvad kimi?!”
Atamı bacanağının ölmək arzusundan çox
Ölüm üçün seçdiyi yol yandırmışdı
Ölümlərdə, intiharlarda belə
Qadınlarla ayrı-seçkilik salar
Aralarına kişilər
Atamın gözü önündə
Nə qədər qadın yandırmışdı özünü
Üstünə günü gətirilən
Zorla evləndirilən
Uşağı əlindən alınan
qadınların
Ürəklərinin odu
Saçlarını da oda tutmuşdu
Nə samuray deyildilər
Xəncərlə “xarakiri” edəydilər
Nə yüksək-yüksək sıldırımları yox idi
Özlərini atsınlar
Nə su pərisi kimi
Azadlıqları vardı
Dalğalar arasında yox olmağa...
Xalamın əri
Özünü yandırmışdı
Hardasa on beş il əvvəl
Atam onu danlayırdı:
“kişi də özünü yandırarmı arvad kimi?!”
İndi alovlar içində
meydanlarda “rəqs eləyən”
kişilər barədə
xəbərlər oxuyuram
(gərək intihar olsa “rəqsin” adı...)
Onda düşünürəm:
Niyə yoxdu bu kişilərin başqa silahı?!
Yerin dərin-dərin qatlarından
Neft çıxarır
Odlayırlar özlərini
Niyə bu kişilər savaşmadan
Qanlarına bələnmədən
Belə tez məğlub düşürlər axı?!
***
Sənin evindən
Kilometrlərcə uzaq evimdə
Səni xatırladacaq heç nə yoxdu mənə...
Bircə
Keçən yay günə sərib qurutduğun
Alça turşuların
əlinlə yığıb bişirdiyin doşabın üçün
minnətdaram sənə...
kasıb evindən
şəhərdə yaşayan nəvənə
təkcə bunları göndərməyə
yetmişdi gücün...
indi təzyiqim qalxanda
alça turşularından yeyir
qan şəkərim düşəndə
doşabdan içirəm səhərlər, nənə.
“Allah rəhmət eləsin sənə!” deyirəm hər dəfə
Çünki bütün həyatın boyu
Arxandan bu sözləri desinlər istəmişdin
Başqa bir iddian da yox idi
Başqa bir diləyin də...
Alçalar bitəndə
Doşab şüşənin dibinə enəndə
Səni xatırlamamaqdan qorxuram, nənə...
Bu şeiri yazdım ki,
Tez-tez rastıma çıxsın
Yadıma salsın
“Allah rəhmət eləsin! ” deyim sənə...
Bundan böyük istəyin yox idi
Nə sağlığında
Nə də indi...
Bilirəm...
***
Ata evinin toy hədiyyəsi
divar saatı
zamanla dolub-boşalmamış ki
zamanı içində saxlamış
gəncliyini yada salır
qadın saata hər baxanda
dördkünc saatın
alt künclərinin birində
balaca pasport şəklindən baxan kişi də
elə bu saatın içində
heç yerə çıxıb getməmiş
zaman keçdikcə
qadına elə gəlir artır
şəkildəki kişinin gülümsəməsi
şəklə baxdıqca qadın da gülümsəyir...