Kulisdə “80-cilər niyə yazıçı olmadı?” sərlövhəli yazı dərc olunub. Yazının müəllifi Hikmət Orhun qeyd edir ki, müasir ədəbi müzakirələrdə 80-cilər ədəbi nəsli haqqında bu cümlə tez-tez təkrarlanır: İtirilmiş nəsil. Hətta, bəzi tənqidçilər deyir, onlar “ölü doğulub”. Sözsüz, hər dövrdə aşağı-yuxarı üç-dörd imza özünü təsdiqləyə bilir, tarix üçün maraqlı olur. 80-cilər ədəbi nəslində də üç-dörd elə imzanın adını sadalamaq olar. Ancaq onlar var olduqları qədər, həm də yoxdurlar.
Müəllifin dediyinə görə, 60-cılar nəslindən sonra özlərini təsdiq edə bilməyən 80-cilər ədəbi iqtidarda olanlarla vuruşa bilməyib və nəticədə tanınmayıblar: “Ona görə də, düşdüyü bataqlıqdan çıxmağa çalışan yazıçılar bu gün də bir məclisə düşəndə, çap olunmaq üçün bir qəzet yaxud sayt tapanda o dəqiqə şikayətlənməyə başlayır, özlərindən əvvəlki nəsli çalıb-çapmağa çalışırlar. Amma qatar gedib. Onların oxucularının çoxdan fatihəsi oxunub. Yazdıqları mətnlərin ömrünün sonu çatıb. Artıq yeni dövrlə ayaqlaşa bilmirlər”.
Kulis bu yazıda səslənən fikirlərə bağlı 80-ci illər nəslinin nümayəndələrindən münasibət öyrənib. Cavabları təqdim edirik.
Nəriman Əbdürrəhmanlı:
- 80-ci illər ədəbi nəslinə mənsub olanların ömrünün ən gözəl illəri ictimai quruluşun, bununla yanaşı formalaşmış ədəbi məkanın dağıldığı vaxta düşdü. Bu potensialına görə öz sələflərindən xeyli irəli getmiş bütöv bir nəslə gözlənilməz zərbə oldu. Amma mənə elə gəlir, "yazıçı olmadılar" ifadəsi yöndəmsiz ifadədir. Yazıçının buynuzu olmur, orden medalının, fəxri adının, mükafatlarının olması da əsas şərt deyil. Başlıcası Əlahəzrət MƏTNdir, o da göstərir ki, 80-cilər nə qədər əziyyətli yol keçsələr də əsl ədəbiyyata sələflərindən daha yaxındılar. Heç də çox çap olunmaq sağlam ədəbiyyat göstəricisi deyil. Kamal Abdulla, Rafiq Tağı, Afaq Məsud, Saday Budaqlı, Səfər Alışarlı, Eyvaz Əlləzoğlu, Əlabbas, Aslan Quliyev, Zahid Sarıtorpaq, Yaşar, Etimad Başkeçid, Mübariz Cəfərli, Fəxri Uğurlu... (təkcə nasirləri sadalayıram) elə yazdıqlarıyla bütöv bir ədəbi hava yaradıblar. Bunu görmək və dəyərləndirmək lazımdı.
Əlabbas Bağırov:
Hikmət bəyin yazısını oxudum. Bəzi doğru qənaətləri ilə bərabər, hayıf ki, o, 80-cilərlə bağlı tək səthi yox, həm də yanlış təsəvvürə malikdir. Bir çox sələfi kimi, o da müəllifi bəlli olmayan və ədəbi düşüncəyə qəsdən sırınmış sitatdan bərk-bərk yapışıb: “İtmiş nəsil”, “itirilmiş nəsil”, “ölü doğulmuş nəsil” və s. Əvvəla gərək o, özündən əvvəlki nəsildən qismən də olsa fərqli bədii-estetik dünya görüş və düşüncəyə malik nasirləri oxuyub, sonra nəticə çıxaraydı.
Birincisi, Rəhmətlik Eyvaz Əlləzoğlunun çaylar kimi çağlayan istedadını bir tərəfə qoyub nəsildaşlarından “qabağa düşməyinə” vaxtsız ölümünün “şans” yaratdığını əlahiddə bir arqument kimi qabartmaq çox cəfəng bir iddiadır. Dostları və qədirbilənlər kimi itirdiklərinin fərqindədirlər, narahat olmağına dəyməz.
İkincisi, Azad Qaradərəli və Aslan Quliyevi təzə yazan uşaqlar kimi həftədə bir hekayə çap elətdirib təqdim etməyin məlumatsızlıqdan da başqa adı var yəni? Əgər onların qatarı gedibsə və bu səhvən belə anlaşılırsa, onda vay bizim halımıza. Aslanın hərəsindən bircə nüsxə olan romanlarını heç Qaranər də çəkə bilməz. Elə Azadın da.
Üçüncüsü, əgər bu nəsil itibsə, onda adını Hikmət bəyin özününçəkdiyi hörmətli və nüfuzlu yazıçılarımızdan savayı, Rafiq Tağı, Aqil Abbas, Kamal Abdulla, Çingiz Abdullayev, Afaq Məsud, Mehriban Vəzir, Zöhrə Əsgərova, Firuz Mustafa, Nəriman Əbdürrəhmanlı, Kamran Nəzirli, Kamil Əfsəroğlu, Əjdər Ol, Zahid Sarıtorpaq, Vaqif Sultanlı, Baba Vəziroğlu, Sadıq Elcanlı, Murad Köhnəqala... kimdi və Hikmət bəy deyə bilərmi onlar hansı məzhəbə qulluq eləyirlər? Deyə bilməzsə, cavan dostumuza xatırladım ki, onların hər biri çağdaş nəsrimizin simasının müəyyən olunmasında halal haqqı olan çox dəyərli qələm sahibləridir. “Rusiyadan gələn qardaş”, “Sərçələr” “Dönəlgə”, “Qoç əti”, “Soyxa”, “At günü”, “Küt balta”, “Ağı”, “Komada olan adam” “Qarpız tumu”, “El hamamında”, “Xiffət”, ”Ağ yol”, “Tütün limanı”” və s. onlarla sanballı nəsr nümunəsini gözdən keçirmək, mən bilən, Hikmət bəyin bir elə də vaxtını almaz, ən azı o, bundan sonra yaşlı həmkarlarına qarşı diqqətli və insaflı olar.
Eyvaz Zeynalov:
- Deyir, bir dəli bir quyuya bir daş atdı, yüz ağıllı yığıldı, o daşı quyudan çıxarda bilmədi. 80-cilər haqqında kiminsə haçansa dediyi itmiş nəsil ifadəsi buna oxşayır. Balam, bu nəslin nümayəndələri heç 60-cılardan az çap olunmur axı. O başqa məsələdir ki, cavan yazıçılarımız yalnız özlərini, bir-birini oxuyurlar, bir-biri haqqında fikir söyləyirlər, çox vaxt da heç bir əsərlərini oxumadan özlərindən əvvəlkiləri inkar edirlər. Axı mən özümü necə itmiş nəslin nümayəndəsi hesab edim ki, hekayələrim 4 və 5-ci sinfin Azərbaycan dili və Ədəbiyyat dərsliklərində (cəmi 10 hekayə - azdımı?) neçə illərdi tədris edilir. Kitablarım Tiflisdə gürcü dilində, 2 kitabım türk dilində, bir kitabım alman dilində Almaniyada (bir romanım da bu il çap olacaq) çap olunub, daha bir neçə dilə tərcümə edilib? Bunların hamısını axı danmaq, yaxud çıxdaş etmək olmaz. Gərək bir yazıçının əsərlərini oxuyasan, bundan sonra onun yaradıcılığından danışasan.
Əvvəla səksənincilər oxucuların yaddaşında təzəcə möhkəmlənməyə başlayanda bir tərəfdən başabəla yenidənqurma ortaya atıldı, siyasi məsələlər cəmiyyəti daha artıq məşğul etməyə başladı, ardınca respublikamız müstəqillik əldə edən kimi ölkəmizi qarışıqlıq, xaos bürüdü, o biri tərəfdən əlifba islahatına gedildi. Bütün bunlar fəal oxucu kəsimini kəskin şəkildə azaltdı. Bu zaman ən böyük zərbə səksənincilərə dəydi. Altmışıncılar oxucu yaddaşında daha artıq möhkəmlənmişdi. Səksənincilərin mövqeyi hələ kövrəkdi. Lakin sonrakı mərhələdə altmışıncılar da heç onlardan bir o qədər fərqlənmirdilər. Artıq komputer, internet kitaba fəal marağı bir qədər də azaltdı. Ona görə də, məncə, artıq hardasa bir bərabərlik yarandı. Səksənincilər hazırda da, kim nə deyir desin, itmiş təsiri bağışlamır. “Azərbaycan” jurnalındakı dəyirmi masa iştirakçılarının müstəqillik dövrü üçün tərtib etdikləri onluq (10 seçmə əsər) bir daha bunu deməyə əsas verir. Oradakı əsərlərin xeyli qismi səksənincilərindi. Bir də, müstəqillikdən və ondan əvvəl altmışıncılar Nobel qazandılar, səksənincilər qaldı? Bu baş versəydi, onlarla müqayisədə səksəninciləri itmiş nəsil saymaq mümkündü. Proses davam edir. Altmışıncılar da yazıb yaratmaqdadı, qalanları da. Unutmayaq, ən dəqiq qiyməti zaman verir. İllər keçəndən sonra vaxtında kimsənin nəzərini o qədər də cəlb etməyən bir əsər bütün bir əsrin göstəricisinə çevrilir. Odu ki, tələsməyək. Bu məsələ üzərində baş sındırmaqdansa yeni yazılan əsərləri diqqətlə oxuyaq, qayğı ilə dəyərləndirək.
Kamran Nəzirli:
-Ümumiyyətlə, mən belə bir bölgünün əleyhinəyəm. Necə yəni, 60-cılar, 70-cilər, 80-cilər? Yazıçını, şairi də "nəsillər"ə bölərlər? Buna çox təəssüf edirəm. Azərbaycandan kənara çıxıb desən ki, bizdə belə bir "bölgü" var, vallah, adama gülərlər! Görəsən, Axundov hansı "nəsil"dir? Heminquey, Folkner, ya da elə Markes hansı "nəslin" nümayəndəsidir? Məgər bu yazıçılar "bölgüyə" görə yazıçı olublar? Belə lokal söhbətləri yığışdırmaq lazımdır. İstər bir hekayə, ya roman yazsın, istərsə də onunu yazsın, dəxli yoxdu, əgər o, həqiqətən sənət əsəridirsə, yaşayacaq. Dünya ədəbiyyatında belə nümunələr çoxdur, elə bizdə də var. Ona görə də belə əhəmiyyətsiz "bölgülər"in yeri yoxdur. Yazı yazın, dünyaya çıxın, gözünüzü açıb yaxşı-yaxşı baxın ətrafa, aləmə. Görün dünya nə ilə nəfəs alır...