Parisdə avtomobil qəzası - “Ən yaxşı hekayəmiz”

Parisdə avtomobil qəzası - <span style="color:red;">“Ən yaxşı hekayəmiz”
1 mart 2016
# 13:07

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahı əsasında Elçinin Parisdə avtomobil qəzası” hekayəsini təqdim edirik.

Ş ə h r ə b a n u x a n ı m. Hatəmxan ağa və Şəhrəbanu xanım ölmüş imişlər ki, bir firəng Şahbazı tovlaşdırıb Parisə apara!..

M ü s y ö J o r d a n. Dimaj Paris!.. Mon diyö!.. Mon diyo.

M.F.Axundov, «Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah cadukuni-məşhur».

I

Kərim müəllim qarışıq yuxu görürdü, çoxdan ölüb getmiş adamlar idi, özü də atası, anası, yaxın adamları deyildi, köhnə qonşuları idi, iyirmi beş il bundan əvvəlki məktəb direktoru idi, arvadının uzaq qohumları idi, Nuridənin əvvəlki ərlərindən biri idi, hamı bir yerə yığışıb qarpız yeyirdi və o qarpız o qədər böyük idi ki, hər dilimi bir qayıq boyda və həmin çoxdan ölüb getmiş adamlar çıxıb bu dilimlərin üstündə oturmuşdular, əlləri ilə qarpızdan böyük-böyük parçalar qoparırdılar, əlləri, ayaqları qarpızın suyuna bulaşa-bulaşa yeyirdilər; qarpız qıpqırmızı idi və Kərim müəllim yuxuda bu al qırmızıya baxa-baxa hiss etdi ki, kimsə güllə atır, güllənin səsini eşitdi, sonra güllənin səsini bir də eşitdi və gözlərini açdı, başa düşdü ki, yuxu görürdü, amma yenə güllə səsi eşitdi, dikəlib yerində oturdu və yenə də açıq-aşkar güllə səsi eşidəndə cəld yerindən qalxıb pəncərənin qabağına gəldi.

Kərim müəllimgilin yaşadığı ikimərtəbəli qədim binanın qabağında balaca bir bağ var idi, səhər tezdən təqaüdçülər girəcəkdəki köşkdən qəzet alıb bu bağda oturub oxuyurdu, sonra analar, nənələr, dayələr bu bağa uşaq gətirirdi və uşaq arabaları skamyaların qabağında pianino dilləri kimi yan-yana düzülürdü, günortadan sonra yenə təqaüdçülər bu bağa yığışıb nərd və domino oynayırdı, sonra da gecə düşürdü, bu bağ da kimsəsizləyirdi, sakitlik çökürdü, sonra səhər açılırdı və hər şey eynilə təkrar olunurdu.

Kərim müəllim pəncərədən həmin bağa baxdı və gördü ki, bir nəfər əlində tüfəng tutub nişan alır, o birisi də onun yanında dayanıb, əllərində iri əlcəklər var və doğrusu, Kərim müəllim əvvəlcə qorxdu, çünki ömründə birinci dəfə idi ki, qarşısında əli tüfəngli adam dayanmışdı və bu adam hələ səhərin gözü açılmamış nişan alırdı, atırdı; sonra Kərim müəllimə elə gəldi ki, kino çəkirlər, çünki bir dəfə – on il bundan əvvəl bu bağda kino çəkmişdilər, amma indi bütün bağda, ətrafdakı küçələrdə bu iki nəfərdən başqa heç kim yox idi, təkcə bağın aşağı başında, bu iki nəfərdən bir az aralıda, küçədə balaca bir furqon maşını dayanmışdı; kim idi bunlar, oğru idilər?

Tüfəngilə nişan alan adam yenə atdı və bu dəfə Kərim müəllim güllə səsi ilə bərabər bir it zingiltisi də eşitdi və gördü ki, iri əlcəklər geymiş adam qaça-qaça zeytun ağaclarına tərəf getdi və zeytun ağaclarının dibində yerə sərilib zingildəyən bir itin qulaqlarından yapışdı, iki əli ilə də iti yerdən qaldırdı, aparıb maşının furqonuna atdı.

Kərim müəllim başa düşdü ki, bu iki nəfər şəhəri yurdsuz-yuvasız, xəstə itlərdən təmizləyir, yəqin Bakının sanitariya idarəsindəndilər, amma, hər halda, yurdsuzyuvasız da olsa, xəstə də olsa, səhərin gözü açılmamış bu yazıq itləri beləcə vurmaq Kərim müəllimə pis təsir elədi, hətta pəncərədən qışqırıb bu tüfəngli və əlcəkli adamlara bir-iki söz demək istədi, amma sonra fikirləşdi ki, dünyada hərə bir peşə sahibidi və it vurmaq da bunların peşəsidi, sonra burasını da fikirləşdi ki, çox ola bilsin ki, həmin o tüfənglinin atdığı güllə qurğuşun deyil, yuxu dərmanıdı və itləri yuxuladıb götürüb aparırlar. Həmin iki nəfər bir az da bağın o tərəfinə-bu tərəfinə baxdı, diqqətlə baxdı, hətta Kərim müəllim o tüfənglinin də, əlcəklinin də gözlərində uzaqdan-uzağa bir hərislik sezdi və fikirləşdi ki, yəqin bu iki nəfər əmək haqqını gətirdikləri itlərin sayına görə alırlar; sonra əlcəkli əlcəyini çıxartdı, tüfəngli tüfəngini maşının kabinəsinə qoydu və ikisi də maşına oturub sürüb getdilər.

Kərim müəllim bir müddət də pəncərənin qabağında dayanıb bağa baxdı, qarşıdakı ikimərtəbəli, üçmərtəbəli binalara baxdı: hamı yatmışdı, təzəcə açılan həmin avqust səhəri hələ heç kim yuxudan durmamışdı, bağın qabağında, küçələrin kəsişdiyi tindəki meyvə-tərəvəz köşkü də boş və adamsız idi, qarpızlar köşkün yanındakı böyük dəmir qəfəsə yığılmışdı və qəfəsin qapısında da iri dəmir qıfıl var idi.

Birdən Kərim müəllimə elə gəldi ki, bu qarpızlar dustaqdı, bu qarpızları o dəmir qəfəs içində həbsə salıblar və Kərim müəllimin özünün ağlına gələn bu fikirdən xoşu gəlmədi, çünki Kərim müəllim boş-boş danışmağı və boş-boş şeylər fikirləşməyi xoşlamırdı. Əsnəyə-əsnəyə tüklü sinəsini qaşıdı və fikirləşdi ki, necə olub ki, atılan güllələrin səsinə heç kim yuxudan oyanmayıb?

Kərim müəllim bu binalarda yaşayan adamların hamısını tanıyırdı, rastlaşanda kimisilə dayanıb hal-əhval tuturdu, kimisilə elə-eləcə salamlaşıb keçirdi, kimisini də, xüsusən sonradan köçüb gələnləri kənardan-kənara tanıyırdı, amma hamısını tanıyırdı, çünki Kərim müəllim indi yaşadığı bu mənzildə anadan olmuşdu, ömründə heç vaxt başqa yerdə yaşamamışdı, yalnız bir dəfə – on yeddi il bundan əvvəl ailəsini yayda bir aylığa Nalçikə aparmışdı, bir dəfə də doqquz il bundan əvvəl on iki günlüyə Şuşa sanatoriyasına getmişdi.

Kərim müəllim gözlərini bağdan çəkib otağın divarından asdıqları saata baxdı – bu divar saatını pedaqoji fəaliyyətinin otuz illiyi münasibətilə məktəbdən Kərim müəllimə hədiyyə vermişdilər və əslində bu hədiyyə Kərim müəllimin bütün həyatında yeganə təltifi idi – saat altıya iyirmi dəqiqə qalmışdı və Kərim müəllim başa düşdü ki, təzədən yerinə girməyinin mənası yoxdur, asta addımlarla mətbəxə tərəf getdi.

Kərim müəllimgilin iki otağı, şüşəbəndi, mətbəxi var idi və Kərim müəllim ikinci otaqdan keçəndə bir anlıq yerində donub qaldı: Şərqiyyənin çarpayısının yanında, özünün balaca taxta çarpayısında uzanmış körpə oyaq idi, gözlərini açıb dinməz-söyləməz Kərim müəllimə baxırdı. Birinci dəfə idi ki, bu körpəni beləcə dinməz-söyləməz və beləcə də ciddi görürdü.

Şərqiyyə Kərim müəllimin böyük qızı idi və bu körpə də Şərqiyyənin oğlu idi, yəni Kərim müəllimin nəvəsi idi və yaman da ağlağan idi. Körpə altı ay idi ki, dünyaya gəlmişdi və bu altı ayda elə bir gün olmamışdı ki, oyaq vaxtı ağlamasın. Indi bu körpəni beləcə oyaq və ağlamayan, ciddi görəndə Kərim müəllim əslində bir balaca həyəcanlandı da: bu necə səhər idi belə, açılırdı?

Kərim müəllim təbii ki, dindar deyildi, taleyə-filana da inanmırdı, amma, hər halda, həmin avqust günü səhərin gözü açılmamış həmin tüfəng əhvalatı, qarpızları dustaqlar kimi hiss eləməyi və indi də bu uşağın yatmayıb beləcə diqqətlə Kərim müəllimə baxmağı kişinin ürəyində nəsə bir nigarançılıq yaratdı. Kərim müəllim mətbəxdə qazı yandırdı, çayniki doldurub qazın üstünə qoydu və eləcə asta addımlarla da yatdığı otağa qayıdıb geyinməyə başladı. Kərim müəllimin arvadı Zəhra da, ikinci qızı Züleyxa da, oğlu Hamlet da yatmışdılar və düzdür, bu dəfə Kərim müəllim yuxudan çox erkən durmuşdu, amma, onsuz da, bu evdə Kərim müəllimdən tez duran yox idi, həmişə saat yeddiyə on beş dəqiqə qalmış ayaq üstə olurdu, kostyumunu şotkalayırdı, ayaqqabısını boya ilə silirdi, hələ evin camaatı durmamış gedib gündəlik çörəyi, kefiri, smetanı, qəzetləri alıb gətirirdi, bundan sonra səhər yeməyini yeyib məktəbə gedirdi; ümumiyyətlə, bu evin bazarlıq işləri ta qədim çağlardan Kərim müəllimə baxırdı. Kərim müəllim orta siniflərdə coğrafiya dərsi deyirdi və indi yay tətilində idi, məktəbə getməyəcəkdi, amma yenə də otuz beş illik adəti üzrə, göy zənbili götürüb eləcə asta addımlarla da evdən çıxıb küçəyə düşdü; körpə də bayaqkı ciddi gözləri ilə Kərim müəllimi bayıra yola saldı.

Şəhər tamam bomboş idi, təkcə süpürgəçi kişi küçəni süpürürdü və Kərim müəllimi görəndə ehtiramla salam verdi, Kərim müəllim də süpürgəçinin salamını aldı və yoluna davam elədi. Bu süpürgəçi neçə illər idi ki, səhərlər bu küçə, bağı süpürüb təmizləyirdi və Allahın hər verən günü Kərim müəllim onun gördüyü birinci adam olurdu.

Əlbəttə, dükanlar, qəzet köşkləri hələ bağlı idi və Kərim müəllim əlindəki boş göy zənbili yellədə-yellədə Dənizkənarı bulvara tərəf getdi və beləcə bomboş küçələrlə addımladıqca Kərim müəllimə elə gəldi ki, elə bil, tanımadığı, görmədiyi bir şəhərdədir; düzdür, Kərim müəllim dünyadakı şəhərlərin, ən azı, doxsan faizinin adını əzbər bilirdi və Bakının da bütün küçələrini, dalanlarını, hətta ayrı-ayrı binalarını da (mikrorayonlardan başqa) yaxşı tanıyırdı, amma olan budur ki, həmin avqust günü – şənbə idi – sübh tezdən Bakının bomboş küçələri ilə addımladıqca Kərim müəllimə elə gəldi ki, tanımadığı, görmədiyi bir şəhərdədir və bu şəhərin sakinləri də yalnız küçələri təmizləyən süpürgəçilərdən ibarətdir.

Məktəbdə uşaqlar Kərim müəllimə «Zənbil» təxəllüsü vermişdilər, yəni Kərim müəllim Zənbil, çünki uşaqlar qorxduqları, ehtiyat etdikləri Kərim müəllimə şəhərdə təsadüfən rast gələndə həmişə əlində zənbil olardı, ya ət dükanının qabağında növbəyə durardı, ya yumurta alardı, ya da ki, başqa bir şey alardı, sonra uşaqlar sinifdən sinfə keçdikcə, məktəbi qurtardıqca və yenidən məktəbə daxil olduqca fikir verdilər ki, bu zənbil həmişə göy rəngdə olur və təxəllüsün əvvəlinə «Göy» sözünü də əlavə etdilər, yəni ki, Kərim müəllim Göy Zənbil, sonra uşaqlar həmin təxəllüsün də əvvəlinə «Köhnə» sözünü əlavə elədilər, yəni ki, Kərim müəllim Köhnə Göy Zənbil: Bu təxəllüsün sorağı Kərim müəllimin özünə də gəlib çatmışdı və Kərim müəllimi qətiyyən narahat eləməmişdi, acıqlandırmamışdı, çünki Kərim müəllim fikirləşmişdi ki, eybi yox, özləri böyüyüb əllərinə zənbil alanda başa düşərlər. Intəhası bir iş vardı və Kərim müəllimin də həmin işdən xəbəri yox idi ki, müəllimlər də öz aralarında Kərim müəllimi həmişə Köhnə Göy Zənbil deyə çağırırdılar (özündən çəkindikləri üçün yanında, təbii ki, belə demirdilər).

Dənizkənarı bulvar da bomboş idi, Kərim müəllimdən başqa kimsə yox idi, amma çoxlu qağayı var idi və quşlar sahil boyu dənizin üstü ilə uçurdu, hərdən aşağı enib dimdiyini suya vururdu və quşların qurultusu-qaqqıltısı bulvarın o kimsəsizliyi içində elə aydın, elə dəqiq eşidilirdi ki, elə bil, adi qurultu-qaqqıltı deyildi, elə bil, quşlar nə isə deyirdilər, danışırdılar; amma Kərim müəllim xəyal aləminə qapılan adamlardan deyildi və bu dəm dükanda smetanın olub-olmayacağı məsələsi Kərim müəllimi qağayıların deyib-danışmasından qat-qat artıq maraqlandırırdı; sonra Kərim müəllim bu quşlara, daha doğrusu, şəhərin sanitariya idarələrinə hirsləndi, çünki fikir vermirdilər, şəhərin bütün çirkabı dənizə tökülürdü, buna görə də qağayılar gəlib burda özlərinə yem axtarırdı.

Kərim müəllim əlindəki boş zənbili yellədə-yellədə sahil boyu addımladıqca qərara aldı ki, bu gün, ya da sabah şəhərin sanitariya vəziyyəti barədə Bakı Sovetinə məktub yazacaq və həmin məktubun ilk cümlələrini fikrində yazmağa başladı və bu zaman bayaqkı tüfəng atan və it daşıyan o iki nəfər yadına düşdü, sonra da gözlərini açıb dinməz-söyləməz baxan o uşaq yadına düşdü.

Şərqiyyənin əri Salman fizika ilə məşğul olurdu, deyirdilər ki, istedadlı alimdir, amma istedad nə ev idi, nə pul idi, nə də maşın idi: Salman da Kərim müəllimgillə bir yerdə olurdu və əgər, doğrudan da, dünyada bəxt deyilən bir şey vardısa, Şərqiyyənin bəxti gətirməmişdi; düzdü, Salman içən, gəzən, deyinən adam deyildi, səhər çıxıb gedirdi işə, bir də axşam gəlirdi, şənbə, bazar günləri də Şərqiyyəni kinoya aparırdı, bulvarda gəzməyə aparırdı, hətta bir dəfə Şüvəlana, gülçülük sovxozuna da aparmışdı, amma Salmanın əynindəki kostyumdan başqa heç nəyi və məktəbi qurtarandan sonra Qarabağda kənddə qoyub gəldiyi qohumlarından savayı heç kimi yox idi. Şərqiyyə iki il bundan əvvəl – necə tapışdılar, harda tanış oldular, Allah bilir – Salmana ərə getmişdi, çünki ... (Kərim müəllim bulvarda gəzə-gəzə biriki dəfə öskürdü) çünki Şərqiyyəni alan yox idi.

Salman indi Bakıda deyildi. Parisdə idi.

Salmanın işlədiyi institutun Fransa alimləri ilə əlaqəsi var idi və Salmanı təcrübə keçməkdən ötrü altı ay müddətinə Parisə göndərmişdilər, sonra Parisdən bir fransız alimi altı ay müddətinə Bakıya gələcəkdi. Kərim müəllim başa düşürdü ki, əgər Salman fərqli olmasaydı, Parisə göndərməzdilər, amma Salman o qədər qaradinməz, həmişə sükut içində olan bir adam idi ki, kürəkəninin Parisə getməyi Kərim müəllimgilin ailəsində elə mühüm bir hadisə olmadı.

Həmin avqust səhəri, boş göy zənbili yellədə-yellədə sahil boyu addımladıqca birdən-birə, nədənsə, Salmanın Parisdə olmağı, o uzaq, böyük və yad şəhərdə yaşaması Kərim müəllimə qəribə gəldi və Kərim müəllim ürəyindəki bu hissin şövqü ilə bir anlıq ayaq saxladı, qıpqırmızı qızarmış üfüqə baxdı və üfüqün beləcə qırmızılığı, göyün tərtəmizliyi və maviliyi, dənizin beləcə sakitliyi və genişliyi, hətta qağayıların sahil boyu uçuşması, quruldayıb-qaqqıldaması Kərim müəllimin xoşuna gəldi, Kərim müəllim bu təbiət mənzərəsini bəyəndi.

Bulvarda ləngidiyi üçün dükanlarda növbəyə durası oldu, meyvə-tərəvəz köşkünün yanından ötəndə bu qərara gəldi ki, bir dənə də qarpız alsın və bir xeyli müddət seçib yaxşı bir Zirə qarpızı aldı, sonra qəzet köşkündə də növbəyə durub radio və televiziya proqramını, təzə qəzetləri aldı və buna görə də evə həmişəkindən gec gəldi.

Qapını Nuridə xanım açdı və Kərim müəllim Nuridə xanımı səhər-səhər öz evlərində görəndə, Nuridə xanımın ciddi sifətinə baxanda başa düşdü ki, nəsə bir hadisə baş verib.

Nuridə xanım Kərim müəllimin böyük bacısı idi və Azərbaycanda ilk qadın idman müəllimlərindən biri idi, həyət tərəfdən Kərim müəllimgillə üzbəüz binada yaşayırdı.

Bir əlində yekə Zirə qarpızı, o biri əlində də göy zənbil tutmuş Kərim müəllim gözlərini bacısının həmişəki kimi pudralanmış boyalanmış səliqəli sifətindən çəkmədən soruşdu:

– Nə olub?

Nuridə xanım kişi səsi kimi yoğunlaşmış səsi ilə:

– Heç nə, – dedi. – Qorxma, keç içəri.

Kərim müəllim içəri girdi, Zəhranı da, Züleyxanı da, Hamleti də otaqda ayaq üstə durmuş gördü, Şərqiyyə də evdə idi, körpəsinin yanında oturub başını aşağı dikmişdi və deyəsən, yavaş-yavaş ağlayırdı, amma, hər halda, evdəkilərin hamısını beləcə salamat görməyi Kərim müəllimi bir balaca sakitləşdirdi və Kərim müəllim fikirləşdi ki, bəlkə Abdulla ölüb? Amma Nuridə xanımın həmişəki zəhmi nəsə başqa şeydən xəbər verirdi və Nuridə xanım əri ölmüş arvada oxşamırdı.

– Salman avtomobil qəzasına düşüb. – Bunu Nuridə xanım dedi və Şərqiyyə daha da için-için ağlamağa başladı.

– Salman gəlib bəyəm Parisdən? – Bunu da Kərim müəllim soruşdu.

Nuridə xanım zəndlə qardaşının gözlərinin içinə baxdı:

– Bəyəm Parisdə maşın-zad yoxdu?

Nuridə xanım özündən iki yaş kiçik qardaşı ilə həmişə fəxr edirdi və həmişə də Kərim müəllimi əri Abdullaya nümunə gətirirdi, amma hərdən elə olurdu ki, iti və sərt baxışlarını qardaşının da gözlərinin içinə sancırdı və bu zaman Kərim müəllim elə bil ki, öz şagirdlərindən biri olub özünü itirirdi; sonra Nuridə xanım əlində tutduğu teleqramı qardaşına uzatdı və Kərim müəllim teleqramı alıb pəncərənin qabağına keçdi ki, işıq yaxşı düşsün və oxumağa başladı: doğrudan da, teleqramda yazmışdılar ki, Salman Parisdə avtomobil qəzasına düşüb, indi xəstəxanadadı, amma burasını da yazmışdılar ki, həyatı üçün təhlükəli bir şey yoxdur.

– Nə olsun? – dedi Kərim müəllim. – Yazıblar ki, həyatı üçün təhlükə-zad yoxdu. Parisin həkimlərinin əlində Salmanı sağaltmaq su içmək kimi, zad kimi, bir şeydi.

Qəribə idi, bir az bundan əvvəl Nuridə xanım da Zəhraya eyni sözləri demişdi. Zəhra bu teleqramı alanda Kərim müəllim bulvarda gəzə-gəzə fikrən Bakı Sovetinə məktub yazırdı. Və Zəhra uzun-uzun illər boyu adət etdiyi günlərin eyniliyi bir balaca pozulan kimi, yəni nəsə gözlənilməz bir xəbər gələndə, yaxud əvvəldən nəzərdə tutulmamış bir hadisə baş verəndə o saat özünü itirirdi, bilmirdi ki, nə eləsin, sonra telefonun dəstəyini götürüb Nuridə xanıma zəng elədi, çünki yenə də özünü itirmişdi, teleqramı telefonla oxudu və Nuridə xanım da hər günkü səhər idmanı yarımçıq kəsildi deyə, narazılıqla eyni sözləri dedi: «Nə olsun? Özləri yazırlar ki, təhlükəli bir şey yoxdur. Parisin həkimlərindən arxayın ol, Salmanın görmədiyi günlərdi, əvvəlkindən yaxşı düzəldəcəklər onu». Sonra Nuridə xanım yenə səhər idmanını davam etdirdi, amma bu dəfə özü səhər idmanını yarımçıq kəsib təzədən Zəhraya zəng elədi: « – Bir də oxu o teleqramı» – dedi, sonra da tələsik geyinib qardaşıgilə gəldi; indi Kərim müəllim də əvvəlcə eyni sözləri dedi. Nuridə xanım keçib otaqdakı yeganə yumşaq kürsüdə oturdu və dedi:

– Dalını oxu.

Kərim müəllim teleqramın ardını oxumağa başladı: yazırdılar ki, Salmanın yaxın qohumlarından biri Parisə gələ bilər və o avtomobildə ki, Salman qəzaya uğramışdı, həmin avtomobilin mənsub olduğu şirkət bütün xərcləri öz boynuna götürür. Kərim müəllim bu sözləri oxuyandan sonra yenə də bacısına baxdı, əvvəlcə bilmədi ki, bu xəbərə necə münasibət bəsləsin, sonra hirsləndi:

– Həyasızlığa bir bax, e! Durduğu yerdə kişini salırlar xəstəxanaya, sonra da pul təklif edirlər.

Düzdü, Kərim müəllim bu sözləri dedi, amma burasını da hiss etdi ki, bu sözlər, beləcə hirslənməyi heç kimə təsir etmədi, sonra Kərim müəllimin gözləri balaca taxta çarpayısında uzanmış körpəyə sataşdı: uşağın gözləri açıq idi, amma ağlamırdı və Kərim müəllim az qaldı soruşsun ki, buna nə olub belə, niyə ağlamır? Amma heç nə soruşmadı və Şərqiyyəyə baxdı: Şərqiyyə xısın-xısın ağlayırdı, tez-tez burnunu çəkirdi, amma heç nə demirdi, dinib-danışmırdı və Kərim müəllim fikirləşdi ki, doğru deyiblər ki, ər ilə arvadın torpağı bir yerdən götürülüb, çünki Şərqiyyə də əri kimi qaragün idi.

Nuridə xanım Kərim müəllimin Şərqiyyəyə baxdığını görüb:

– Yox, Şərqiyyə gedə bilməz. – dedi. – Əlində südəmər körpəsi var.

Züleyxa tələsik dedi:

– Hə, Şərqiyyə gedə bilməz. Mən getsəm yaxşıdı, nə lazımdı eləyərəm orda!

Şərqiyyə daha da bərkdən ağladı; ona görə yox ki, Parisə gedə bilmir, südəmər körpəsi var, uşaq da yaman ağlağandır, ona görə ki, hamı və o cümlədən Şərqiyyə də yaxşı bilirdi ki, Züleyxanın Salmandan zəhləsi gedir və bacısının Salman kimi yöndəmsiz, geyimsiz-kecimsiz, dilsiz-ağızsız bir adama ərə getdiyi üçün öz rəfiqələrindən utanır.

Hamlet Züleyxanın sözlərindən incidi və şüşəbəndin açıq pəncərəsinin qabağına gedib arxasını evdəkilərə çevirdi; Hamlet yaşca Şərqiyyədən də, Züleyxadan da böyük idi, amma evdə onu böyük yerinə qoyan yox idi və Hamletin də belə bir münasibətə etirazı ondan ibarət olurdu ki, inciyib küsürdü.

Nuridə xanım dedi:

– Böyük olan yerdə kiçik danışmaz. Biz, – Nuridə xanım əli ilə Kərim müəllimi göstərdi – o rəhmətliklərin yanında cınqırımızı çıxarmazdıq.

Nuridə xanım çoxdan vəfat etmiş valideynlərini nəzərdə tuturdu və doğrusu, Nuridə xanım valideynləri və özləri ilə əlaqədar o qədər cürbəcür misallar çəkirdi, xatirələr danışırdı ki, Kərim müəllim daha atasını da, anasını da həqiqətdə olduqları kimi yox, Nuridə xanımın misallarındakı, xatirələrindəki kimi təsəvvür edirdi. Züleyxa acıqla bibisinə baxdı, çünki Züleyxa özünü bu evdə hamıdan ağıllı və diribaş hesab edirdi və indi də yaxşı başa düşürdü ki, Nuridə xanım özü fürsətdən istifadə edib Parisə getmək istəyir.

Hamlet şüşəbəndin açıq pəncərəsinin qabağından otağın ortasına gəldi və bibisinə baxdı, atasına, anasına baxdı, Züleyxaya, Şərqiyyəyə baxdı, hətta balaca taxta çarpayısına uzanıb əllərini gözlərinin qabağında oynadan və diqqətlə əllərinə baxa-baxa səsini də çıxartmayan körpəyə baxdı və yanıb yaxıla-yaxıla:

– Hər yerdə mənim hörmətim var, bircə bu evdən başqa! – dedi, bir balaca qəhərləndi və sürətlə gedib bayır qapısını açdı və ardınca da qapını çırpdı.

Kərim müəllim cavanlıq çağlarında teatra gedib «Hamlet»ə baxmışdı və o unudulmaz tamaşanın təsiri ilə yeganə oğlunun adını Hamlet qoymuşdu və indi Nuridə xanım açıq-aşkar bir rişxəndlə qardaşı oğlunun ardınca baxdı, çünki Hamletin yaşı otuz beşi keçmişdi, amma hələ də bir sənət sahibi deyildi, hələ də orta məktəb şagirdi kimi, gələcək üçün cürbəcür planlar qururdu, gah ssenari yazırdı və gecə-gündüz bu ssenarinin eşqi ilə yaşayırdı, gah gedib aeroportda işə düzəlirdi və məşhur gömrükxanaçı olmaq eşqilə yaşamağa başlayırdı, gah da səhərdən axşamacan kitabxanada oturub filosofların, xüsusən Feyerbaxla Hegelin əsərlərini oxuyurdu və bu dəfə də qalın-qalın dəftərləri yazıb doldura-doldura Feyerbaxın Hegeldən üstün olduğunu sübut edirdi, filosof olmaq eşqilə yaşamağa başlayırdı.

Nuridə xanım:

– Oturub məsləhət eləmək lazımdı, – dedi. – Məsləhətli don gen olar.

II

Kərim müəllim o oxuculardan idi ki, qəzetin birinci səhifəsindən axırıncı səhifəsinə kimi bütün yazıları oxuyardı və indi də şüşəbənddə oturub qəzet oxuyurdu.

Nuridə xanım səhərdən bəri qardaşıgildə idi və mətbəxdə oturub həm havanın, həm də yanan qazın istisindən tər tökə-tökə yarpaq dolması bişirməkdə Zəhraya kömək edirdi.

Züleyxa böyük otaqda, divanda uzanıb gündəlik oxuyurdu. Bu gündəliyi Züleyxaya tramvay parkında birgə işlədikləri rəfiqəsi vermişdi. Gündəlik çox gözəl xətlə yazılmışdı, səhifələrində gül, bülbül, iki tərəfindən də ox sancılmış ürək şəkilləri var idi və Züleyxanın rəfiqəsi bu şəkilləri rəngli qələmlərlə çəkmişdi. Gündəlikdə söhbət nakam məhəbbətdən gedirdi, oğlanların vəfasızlığından danışılırdı, amma Züleyxa diqqətini toplayıb özünü tamamilə bu gündəliyə həsr edə bilmirdi, heç bir başqa qayğı çəkmədən yalnız bu gündəliklə yaşaya bilmirdi, çünki dəqiqədə bir şey bəhanə edib mətbəxə gedirdi ki, görsün Nuridə xanım nə danışır. Nuridə xanım heç bir gizli söhbət eləmirdi, çünki Nuridə xanım həmişə Kərim müəllimə inanmışdı və indi də inanırdı; düzdü, Nuridə xanım çıxıb öz evlərinə getmədi, qorxdu ki, getsə, Züleyxa dava-dalaş salar və birdən Paris məsələsi onsuz həll olunar, amma, hər halda, Nuridə xanım öz qardaşına inanırdı və bilirdi ki, əvvəl-axır Parisə Nuridə xanım özü gedəcək.

Abdulla ikinci otaqda oturub mürgüləyirdi və hərdənbir də mizin üstündəki teleqrama baxıb gülümsəyirdi, başını bulayırdı və yenə də əsnəyib mürgüləyirdi. Abdulla dəllək işləyirdi, Nuridə xanımın dördüncü əri idi, amma özündən əvvəlki ərlərdən fərqli olaraq etibarlı çıxmışdı, qaçmamışdı və düz on altı il idi ki, bir yerdə yaşayırdılar. Nuridə xanım evə zəng eləyib Abdullanı çağırmışdı və Abdulla da səhərdən bəri mürgü döyə-döyə günorta yeməyini gözləyirdi və mürgüləyəmürgüləyə də müxtəlif bəhanələr fikirləşirdi ki, günorta yeməyindən sonra buradan çıxıb gedə bilsin, çünki çeşməyinin qabında beş manat pul gizlətmişdi və hərgah buradan çıxıb gedə bilsəydi, bu gün həyat gözəl olacaqdı. Züleyxa hər dəfə Abdullanın yanından keçəndə çalışırdı ki, nəfəs almasın, çünki həmişə olduğu kimi, yenə də Abdulladan ucuz kişi ətrinin iyi gəlirdi və bu iy gəldikdə oxuduğu hisslərdən, həyəcanlardan, rəngli qələmlərlə çəkilmiş şəkillərdən sonra Züleyxaya çox pis təsir edirdi.

Abdullanın öz biclikləri var idi və bu biclikləri yalnız Nuridə xanım başa düşə bilirdi. Abdulladan ətir iyi ona görə gəlirdi ki, dəllək işləyirdi və dəlləkxananın ətri bədəninə hopurdu, – bu öz yerində – ona görə ki, səhər-səhər, fürsət tapıb içdiyi arağın qoxusunu öldürmək üçün üz-gözünə ətir vururdu. Şərqiyyə şüşəbəndin aşağı başında oturub uşağı əmizdirirdi və uşaq yenə də altı aylıq həyatında birinci dəfə idi ki, belə ciddi idi, ağlamırdı və hər dəfə Kərim müəllimin gözü uşağa sataşanda kişi məəttəl qalırdı.

Həmin avqust günü hava get-gedə qızırdı və günorta Bakıda bir isti var idi, nəfəs almaq mümkün deyildi və birdən-birə dağların başındakı gözəl Şuşa Kərim müəllimin yadına düşdü və Kərim müəllimin təsəvvüründə şimşək çaxdı, göy guruldadı və bir şıdırğı yağış başladı ki, kişinin qəzet tutmuş əli aşağı düşdü, gözləri uzaq bir nöqtəyə zilləndi və Kərim müəllim qəflətən fikirləşdi ki, görəsən, Parisdə də yağış yağır?

Əlbəttə, Kərim müəllim Qərbi Avropanın və o cümlədən də Fransanın iqlim şəraitinə yaxşı bələd idi, amma indi birdən-birə Paris sirli və eyni zamanda, adamın ürəyini qəribə təzə hisslərlə dolduran bir şəhərə çevrilmişdi.

Nuridə xanım dedi ki, xörək hazırdır, Zəhra otaqdakı mizin üstünə qab-qacaq düzməyə başladı və Kərim müəllim də ac idi, amma Kərim müəllim ürəyinin dərinliyində istəmirdi ki, xörək hazır olsun, istəmirdi ki, yığışıb süfrənin arxasında otursunlar, istəmirdi ki, indicə birdən-birə yağmağa başlayan bu şıdırğı yağışın altından çıxsın; Kərim müəllim yaxşı bilirdi ki, evdəki bu sakitlik müvəqqətidi, bilirdi ki, hamının fikri-zikri başqa yerdədi və indi ciddi söhbət başlayacaq. Bu vaxt qapının zəngi çalındı, Hamlet tələsik içəri girdi, bir-bir evdəkilərə baxdı, sonra Abdullaya yaxınlaşıb pıçıltıyla nəsə soruşdu, Abdulla başını buladı, yəni ki, yox, sonra Hamlet də mizin arxasında əyləşdi.

Hamı mizin arxasında idi və yarpaq dolmasını yeməyə başlamışdılar, təkcə uşaq balaca taxta çarpayısında uzanıb əllərini gözlərinin qabağında oynadırdı və təəccüblə əllərinə baxırdı, elə bil ki, əllərinə baxa-baxa dünyanı kəşf eləməyə başlayırdı.

Heç kim heç nə danışmırdı, boşqaba dəyən çəngəl-bıçağın səsi eşidilirdi, Abdulla bir-iki dəfə yavaşdan öskürdü, Züleyxa bir-iki dəfə üzünü yana çevirib havanı üfürdü ki, Abdulladan gələn ətir iyini özündən kənar eləsin; Züleyxa dolmanı yeyirdi, heç nə demirdi, gözləyirdi və o gözəl gündəlikdəki çılğın məhəbbət hissləri aləminə dala bilmirdi, narahat idi.

Hər halda, Nuridə xanım Nuridə xanım idi və sükutu da o pozdu:

– Heyf, Şərqiyyə əliuşaqlıdı... Ana olmağın qayğısı da çoxdu də...

Bu dəfə Züleyxa gizli bir rişxəndlə bibisinə baxdı, çünki Nuridə xanımın əvvəlki ərlərindən hansındansa bir qızı var idi və o qız indi gərək ki, Kazanda yaşayırdı; nə Nuridə xanım, nə də Kərim müəllimgil heç vaxt o qız haqqında heç nə danışmırdılar və o qız da heç vaxt məktub yazmırdı, Bakıya gəlmirdi və ümumiyyətlə, Nuridə xanım da, Kərim müəllimgil də özlərini elə aparırdılar ki, elə bil, dünyada heç o qız olmamışdı; nə isə, o qızın işi bir sirri-xuda idi.

Nuridə xanım sözünə davam elədi:

– Şərqiyyə Parisə gedə bilməz...

– Parisə mən gedəcəyəm! – Bunu Züleyxa dedi.

Şərqiyyənin gözləri doldu, amma, həmişəki kimi, heç nə demədi. Nuridə xanım acıqla Züleyxaya baxdı, sonra da Kərim müəllimə baxdı, yəni ki, nə üçün sözünü demirsən? Əlbəttə, əvvəl-axır son söz Kərim müəllimin idi və mizin arxasında oturanlar bunu yaxşı bilirdi ki, Kərim müəllimin son sözü, həmişəki kimi, Nuridə xanımın xeyrinə olacaq.

Düzdü, Kərim müəllim qəzetləri bir kənara qoyub gəlib mizin arxasında əyləşmişdi, yarpaq dolması yeyirdi, amma Kərim müəllim hələ də o şıdırğı yağışın, o qəfil yağışın altından çıxmamışdı və ən qəribəsi bu idi ki, və Kərim müəllim özü də burasını hiss edirdi ki, əslində həmin yağışın altından çıxmaq istəmir; ömründə Kərim müəllimdə belə şey olmamışdı, Kərim müəllim həmişə istini isti kimi qəbul etmişdi, soyuğu da soyuq kimi qəbul etmişdi və heç vaxt yağışa ehtiyac hiss etməmişdi, heç vaxt boş xəyal aləminə qapılmamışdı, amma indi birdən-birə beləcə şimşək çaxdı, beləcə göy guruldadı, beləcə yağış başladı və o yağışın sərini ürəyini beləcə təzə hisslərlə doldurdu. Kərim müəllim ürəyindəki bu təzə hisslərin nə olduğunu, nə dediyini və nə istədiyini bilmirdi, amma bir təzəlik, yenilik hiss edirdi və bu təzəlik eyni zamanda bir qüssə də gətirirdi, ötüb gedən bir ömürdən, həyatın eyniliyindən xəbər verirdi.

Kərim müəllim üzünü arvadına tutdu:

– Sən nə deyirsən?

Kərim müəllimin bu sualı çox gözlənilməz oldu, çünki uzun-uzun illərdən bəri bu evdə adət etmişdilər ki, Zəhra həmişə səhərdən axşama kimi ayaq üstə olsun, xörək bişirsin, qab-qacaq təmizləsin, paltar yusun, yayda mürəbbə bişirsin, sirkəbadımcan qoysun, pal-paltarı naftalinləsin, qışda da xəmir xörəkləri bişirsin və təbii ki, Zəhranın ciddi məsələlərə qarışmağa macalı olmurdu; əslində, Zəhranın ciddi məsələlərə qarışmağa heç həvəsi də yox idi və bu barədə Şərqiyyə anasına çəkmişdi; amma Zəhranın verdiyi cavab Kərim müəllimin sualından da gözlənilməz oldu:

– Vallah, ay Kərim, bəlkə elə mən özüm gedim?

Kərim müəllimin heyrətdən gözləri bərəldi:

– Nə?

– Hə də... Gedib əyin-baş da alıb gətirərəm sizinçün...

Züleyxa özünü saxlaya bilmədi:

– Sənin bəyəm təzə modalardan başın çıxır?

– Niyə çıxmır?

Kərim müəllim bayaqkı heyrətlə:

– Sən tək-tənha durub buradan Parisə gedəcəksən? – soruşdu.

– Nolar, ay Kərim, ömrümdə bir dəfə də mən bir yerə gedərəm də...

Nuridə xanım Zəhranın gözlənilməz cavabından sonra indi-indi özünə gəlirdi və acıqla dedi:

– Ömründə bir dəfə niyə? O boyda Nalçikə getməmisən?

Kərim müəllim gözünü arvadından çəkdi.

Doğrudan, görəsən, Parisdə yağış yağır?

Hamlet həyəcanını gizlətməyə çalışa-çalışa evə gələndən bəri ilk dəfə səsini bərkdən çıxardı:

– Siz heç bilirsiniz nə danışırsınız? Paris nədi bəyəm, Maştağaya getməkdi sizinçün? Paris Parisdi e, Paris! Parisə gedən adamın gərək təcrübəsi olsun. Parisə gedən adam gərək indiyə qədər, heç olmasa, bir dəfə xaricə getmiş olsun!

Abdulla səhərdən bəri bütün bu söz-söhbətə fikir vermirdi və təkcə bunu fikirləşirdi ki, nə bəhanə gətirib aradan çıxsın, çeşməyin qutusunu açsın, bu gözəl dünyada sərbəst olsun, azad olsun, bir az boğazını yaşlasın, sonra da gedib qırx il bir yerdə dəlləklik etdikləri Martirosu nərddə udsun, amma Hamletin dediyi sözləri eşidəndə əvvəlcə, elə bil, qulaqlarına inanmadı, sonra gördü ki, Hamletin sözlərindən sonra hamı və o cümlədən Nuridə xanım da təəccüblə ona baxır və sinəsini irəli verib belini dikəltdi, qəflətən bütün vücudunu titrədən həyəcanını gizlətmək istədi; məsələ burasında idi ki, həmin isti avqust günü Kərim müəllimgilin evində, süfrə arxasında əyləşən adamlardan heç biri heç bir vaxt xarici ölkədə olmamışdı və bu sahədə heç bir təcrübəsi olan yox idi, təkcə Abdulla müharibə vaxtı Avstriyanın azad olunmağı uğrunda vuruşmuşdu və bu barədə də özü yox, həmişə Nuridə xanım danışardı.

Əlbəttə, Abdulla heç vaxt gözləməzdi ki, beləcə sayılsın, təcrübəsi beləcə qiymətləndirilsin və Abdulla tamamilə əmin idi ki, Parisə Nuridə xanım gedəcək, qalan sözlər boş söhbətdir və əslində Abdulla ürəyinin gizlinində sevinirdi ki, Nuridə xanım Parisə gedəcək, çünki, heç olmasa, on-on beş gün tək qalacaqdı, on-on beş gün bu fani dünyada azad nəfəs alacaqdı, Bakıda sərbəst yaşayacaqdı. Abdulla özünün Parisə gedəcəyini heç ağlına da gətirmirdi, amma indi səhərdən bəri fikirləşib tapdığı, saf-çürük etdiyi bəhanələr də birdən-birə yadından çıxdı, çeşmək qutusunun içindəki beşlik də yadından çıxdı, növbəti dəfə usta Martirosu nərddə udmaq şövqü də yadından çıxdı və birdən-birə də Abdullanın köksünü bir fərəh hissi doldurdu, çünki özü öz gözlərində ucalmışdı.

Kərim müəllim arvadının gözlənilməz sözlərindən sonra, indi də oğlunun dediklərinə heyrət etdi, oğluna, sonra «içki düşkünü» Abdullaya baxdı, amma təmkinini pozmadı və sakitcə soruşdu:

– Nə demək istəyirsən?

– Demək istəyirəm ki... – Hamlet yavaş-yavaş qızarmağa başladı. – Yaxşı olardı Fəridə getsin!..

– Kim?

– Fəridə!.. Bu sahədə onun təcrübəsi var!.. Keçən il... Keçən il Bolqarıstana turist səfərinə getmişdi!..

Kərim müəllim heç nə başa düşmədi:

– Fəridə kimdi?

Hamlet daha da bərk qızardı. Züleyxa dedi:

– Beş ildi bu, Fəridəni sevir, gecə-gündüz onun dərdindən ah çəkir. Fəridə də buna əl vermir. Indi yəqin bunun qabağına şərt qoyub ki, Parisə getsin!.. Adını da dəyişdirmək istəyir Fəridənin dərdindən...

Kərim müəllim sidq-ürəkdən təəccüb etdi:

– Adını niyə?

– Fəridənin xoşu gəlmir bunun adından!..

Kərim müəllim oğluna baxdı və təkcə:

– Malades! – dedi.

Bircə anın içində Abdullanı soyuq tər basmışdı və Abdullanın sinəsindən səssiz bir ah qopmuşdu ki, ay axmaq, bu qədər yaşamısan dünyada, amma hələ də başında ağıl deyilən şey yoxdu, xoruz kimi quyruğunu pırpızlaşdırıb sinəni qabağa vermişdin, bilmirdin ki, dünya fanidir, ömür bivəfa?

Kərim müəllim həmin dəqiqələrdə ömründə heç vaxt olmadığı bir ikilik içində idi: öz evində, hələ atasından qalmış mizin arxasında əyləşmişdi, yarpaq dolması yeyirdi, söhbətə rəhbərlik edirdi, eşitdiyi sözlərə heyrət edirdi, amma, eyni zamanda, Kərim müəllim o şıdırğı yağışdan tamam çıxa bilmirdi və əslində çıxmaq istəmirdi, çünki o yağışın sərinində bir təzəlik var idi və bu təzəlik adamı özünə çəkirdi, bu təzəlikdə bir şirinlik var idi.

Uşaqlar məktəbi bitirirlər, dağılıb hərə bir yerə gedir, təzələri məktəbə gəlir və onlar da Kərim müəllimə Köhnə Göy Zənbil deyir.

Kərim müəllim bir-bir Zəhraya, Züleyxaya, Hamletə, Şərqiyyəyə, Nuridə xanıma, bu «içki düşkünü» Abdullaya baxdı və qəflətən fikirləşdi ki, bu adamlardan heç birinin ağlına gəlmədi ki, desin, Parisə sən get və bu qəfil fikir, doğrusu, az qaldı Kərim müəllimi kövrəltsin, amma eybi yox idi, çünki Kərim müəllimin bunların təklifinə ehtiyacı yox idi; sonra Kərim müəllimin gözü balaca taxta çarpayısına uzanıb əllərini gözlərinin qabağında oynadan və diqqətlə də öz əllərinə baxan uşağa sataşdı və yenə təəccüb etdi ki, balam, bu uşaq nə yaman düzəlib belə, səhərdən bəri bir dəfə də olsun ağlamayıb.

Görəsən, Parisdə yağış yağır?

Bu dəfə Kərim müəllimin özünün özünə acığı tutdu: bu nə axmaq sualdı belə, təkrar edirsən? Və Kərim müəllim silkinib o şıdırğı yağışın altından çıxdı, avqust gününün istisinə qayıtdı, yenə də həmişəki Kərim müəllim oldu. Şərqiyyə bütün günü birinci dəfə ağzını açıb nəsə demək istədi:

– Görəsən, Salman yazıq...

Kərim müəllim acıqla qızının sözünü kəsdi:

– Nə Salman-Salman salmısan? Salmanın nə dəxli var bura?

Sonra da Kərim müəllim qəti sözünü dedi:

– Parisə mən özüm gedəcəyəm!

Hamlet yerindən sıçradı:

– Axı, mən... Axı, mən... Axı, mən Fəridəyə söz vermişəm!

Kərim müəllim altdan-yuxarı oğluna baxdı və yalnız əlini havada yelləməklə kifayətləndi və:

– Ay-hay!.. – dedi.

Əvvəlki ərləri, Kərim müəllimgil, adi tanışlar, bir sözlə, dünyada heç kim heç vaxt Nuridə xanımın ağlamağını görməmişdi, amma indi birdən-birə Nuridə xanımın gözləri doldu və dodaqları səyriyə-səyriyə:

– Axı, sən, onsuz da, bütün dünyaya bələdsən... – dedi.

Kərim müəllim çalışdı ki, bacısının üzünə baxmasın və dedi:

– Bir var bilmək, bir də var gözünlə görmək.

Nuridə xanım daha heç nə demədi, gözlərindən iki damla yaş giləsi diyirlənib sifəti ilə axdı – deyəsən, daha qocalırdı – və ayağa qalxıb Kərim müəllimgildən çıxdı. Abdulla da ayağa qalxıb Kərim müəllimə baxdı, çiynini çəkdi və Nuridə xanımın ardınca mənzildən çıxdı.

Kərim müəllim başa düşdü ki, Nuridə xanım bir də bu evə ayaq basmayacaq. Hamlet yenə də bir-bir atasına, anasına, bacılarına baxdı və yanıb yaxıla-yaxıla soruşdu:

– Mən... Bəs mən... Bəs mən Fəridəyə nə deyim?

Züleyxa:

– Get de ki, axmağın böyüyüyəm! – dedi və böyük otağa keçdi.

III

Həmin avqust günü axşamçağı idi. Kərim müəllim şüşəbənddə oturub çay içirdi və fikirləşirdi ki, sabah sübh tezdən durub bazara, dükana yox, əlaqədar idarələrə getməlidir ki, Paris səfərinin kağızkuğaz işlərini həll etsin və məktəbdəki müəllimlərin sifətləri bir-bir gəlib dururdu Kərim müəllimin gözlərinin qabağında və bu sifətlərdəki açıq-aşkar heyrət, doğrusu, Kərim müəllimin xoşuna gəlirdi.

Zəhra mətbəxdə qabları yuyurdu və yuya-yuya da fikirləşirdi ki, səhər durub halva çalmaq lazımdı və kişinin yoluna halva qoymaq lazımdı, çünki halva elə şeydi ki, heç vaxt xarab olmur, özü də adam doyuzduran şeydi, yoxsa ki, qərib ölkədi, nə bilirsən nə verəcəklər yeməyə, deyirlər ki, Fransada ilbiz yeyirlər, hələ deyirlər ki, eşşək əti də yeyirlər.

Hamlet acıq eləyib çıxıb getmişdi və deyirdi ki, axşam gəlib çamadanını götürəcək və ümumiyyətlə, bu evdən biryolluq gedəcək, amma hamı yaxşı bilirdi ki, bir azdan Hamlet gəlib mətbəxdə oturacaqdı və axşam yeməyini yeyəcəkdi, çünki Hamletin beləcə küsüb getməyi çox olmuşdu və həmişə acanda da geri qayıtmışdı. Züleyxa yenə də böyük otaqda, divanda uzanıb o gözəl gündəliyi oxuyurdu və indi tamamilə həmin gündəlikdəki çılğın hisslər aləminin içində idi və o yerdə ki, Züleyxa səliqə ilə gündəliyin səhifəsinə tikilmiş qoşa kino biletini gördü, özünü saxlaya bilmədi, bir-iki dəfə hıçqırıb için-için ağladı, çünki rəfiqəsi sevdiyi o vəfasız oğlanla sonuncu dəfə bu biletlərlə kinoya getmişdi və bu biletlər indi həmin məhəbbətin sonuncu yadigarı idi.

Şərqiyyə bayaq yarpaq dolması yedikləri mizin üstünə şal salıb uşağın əsgilərini ütüləyirdi.

Uşaq balaca taxta çarpayısında uzanmışdı və yenə də əllərini gözlərinin qabağında oynadırdı. Bu vaxt qapının zəngi çalındı. Kərim müəllim gəlib qapını açdı.

Poçtalyon idi, Kərim müəllimə teleqram verdi və kağızına qol çəkdirib getdi. Kərim müəllim əlində tutduğu teleqramı oxudu, sonra bir də oxudu. Teleqram Salmandan idi, yazırdı ki, narahat olmayın, xəstəxanadan çıxıram və heç kimin də Parisə gəlməyinə ehtiyac yoxdu.

Züleyxa zəngin səsinə gündəlikdən ayrılıb durub qapının yanına gəlmişdi və Kərim müəllimdən heç nə soruşmadı, teleqramı alıb özü oxudu və dedi:

– Axmaq Salman! Mən onun yerinə olsaydım, indi hamınızı gətirtmişdim Parisə!

Kərim müəllim otağa tərəf gedə-gedə fikirləşdi ki, gərək bayaq təklif eləyəydi ki, Parisə Nuridə getsin, amma qanadına baxmamışdı ki, nə biləydi ki, axırı belə olacaq; sonra Kərim müəllim nəvəsinin çarpayısının yanında ayaq saxladı. Uşaq gözlərinin qabağında oynatdığı əllərinə baxırdı, sonra Kərim müəllimə baxdı, yenə də əllərinə baxdı və birdən-birə bərkdən ağlamağa başladı. Kərim müəllim qalın qaşlarını çatdı:

– Hə, başladı yenə çığırmağa... – dedi.

Züleyxa:

– Etiraz edir də! – dedi.

Kərim müəllim qalın qaşlarını çatdı:

– Nə etiraz? Kimə etiraz edir?

Züleyxa:

– Elə bizim hamımıza! – dedi. Sonra güldü: – Protest eləyir bizə! – Sonra da böyük otağa qayıtdı ki, o nakam məhəbbətin sonuncu yadigarı olan qoşa biletə yenə də tamaşa eləsin.

Kərim müəllim qızının sözlərindən bir şey başa düşmədi, gəlib pəncərənin qabağında dayandı və qarşıdakı bağa baxdı: təqaüdçülər oturub domino və nərd oynayırdılar və xəbərləri yox idi ki, bu gün səhərin gözü açılmamış sanitarlar bu bağdan neçə sahibsiz it apardılar, sonra Kərim müəllimin yadına düşdü ki, şəhər Sovetinə məktub yazmalıdır və bu günün işini sabaha qoymaq lazım deyil; qələmkağız götürüb mizin arxasına keçdi, amma uşaq çox bərk ağlayırdı və Kərim müəllimin fikirlərini dağıdırdı.

Uşağı kiritmək mümkün olmadı, gecə yorulub yatana qədər ağladı.

Avqust, 1983. Şüvəlan.

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun İncə dərəsində yaz çağı

Yaşar Tabut

Əbdürrəhim bəy Haqverdiyev Şeyx Şəban

# 1190 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #