Nazim Hikmətə zəng eləməyim – Ayxan Ayvaz yazır

Nazim Hikmətə zəng eləməyim – <span style="color:red;">Ayxan Ayvaz yazır
1 fevral 2016
# 08:30

Kulis Ayxan Ayvazın “Yazıçılara zəng” yazısını təqdim edir.

Sizin səhnədə mənə güldüyünüz qədər ağlamışam

Çarli Çaplin

Selincerin məşhur “Çovdarlıqda uçurumdan qoruyan” romanında baş qəhrəman Holdin Kolfilid oxuduğu əsərlərin müəllifinə zəng etmək istəyindən danışır. Mən bu hissi bir neçə dəfə yaşamışam.

Kafkanın “Çevrilmə”sini oxuyurdum. Qreqor Zamzanın böcəyə çevrilməsi, ata və anasının onu evdən uzaqlaşdırması mənə təsir eləmişdi. Əsəri oxuduğum vaxt zəng gəlmişdi. Dostum: “Mən evdə dalaşmışam, sizdə qala bilərəm”. Əlim üzümdə qaldı, Kafkanın səsini eşitmək ehtiyacı hiss etdim. Birdən-birə onun Praqadakı həyatı gözümün qabağında canlandı: atası ilə mübahisələri, Milenaya olan sevgisi, evdən işə getdiyi qısa və üzücü yol.

Zəng etmək istədim və bütün bu olanları ona danışmaq, ürəyimi boşaltmaq istədim:

- Kafka, salam. Səni narahat edən bir oxucundur. – onun nə cavab verəcəyini təxmin edə bilmirəm. – “Çevrilmə” romanını indicə bitirdim və sənin dəhşətli həyatın gözümün qabağından keçdi. İstədim ki, səninlə danışıb öz sıxıntımı unudum”.

Təbii, Kafka həyatda yoxdu və bizim telefonla danışmağımız heç vaxt mümkün olmayacaq.

- Kafka, sənin “Məhkəmə” romanını oxuyanda da başıma qəribə bir hadisə gəldi. Deməli, münasibətdə olduğum bir qızla kitab dükanındaydıq. O, əlinə sənin kitabını götürüb məndən soruşdu ki, bunu oxumaq olar. Mən də yekəxana-yekəxana dedim ki, “Məhkəmə” sənlik deyil. Sonra səbəbsiz ayrıldıq. Bir gün universitetdə kiminsə əlində “Məhkəmə”ni gördüm. Əlimə alıb vərəqləyirdim... Bir xatırlatma edim ki, sənin bu gözəl əsərini Vilayət Hacıyev olduqca gözəl tərcümə edib. Hə, kitabı əlimdə vərəqləyirdim ki, birdən zəng gəldi. O qız idi. Deyirdi ki, mənə verdiyi kitabları qaytarmaq istəyir. Mən duruxdum, “Məhkəmə”yə baxıb gülümsündüm, amma özümü toparlayıb dedim ki, lazım deyil, qoy səndə qalsın. O, verdiyim kitabların içində sənin “Milenaya məktublar” əsərin də vardı”.

Sevdiyim yazıçılardan biri olan, fransız eksiztensialist yazıçı Jan Pol Sartr Nobel mükafatına layiq görülmüşdü. Qeyri-adi həyat tərzi keçirən Sartr mükafatdan imtina etdi və Nobel Komissiyasına məktubla müraciət etdi. Qısa məktubun bir yerində belə deyilir: “Mən yazıçı adımın qarşısında Nobel mükafatçısı yazılmağını istəmirəm.” Yəni o, Sartrı izah edəcək əlavə epitetə ehtiyac olmadğını deyirdi.

Sartrla bağlı da təxminən buna bənzər bir hadisə baş verdi. Onun “Ürəkbulanma” romanını oxuyanda Zabrat qəsəbəsində qarovulçu işləyirdim. Soyuq havalar təzəcə başlamışdı. Özümlə çay, konfet, bir də çörəkarası kolbasa aparırdım. Balaca butka idi, yolun qırağında. İçərini bir ağzıəyri “pilitka” qızdırırdı.

- Sartr, sənə bu soyuq yerdən zəng edirəm. “Ürəkbulanma”nı oxudum və bitirəndən sonra çölə çıxdım. Mənə tapşırılan güldanlara, ağaclara baxdım, nə qədər tənha olduğumun fərqinə vardım. Hiss etdim ki, bu əsəri yazan adamla danışmağa ehtiyac duyuram. Gecənin dördü, ya beşi olar. Maşınlar yolda görünmür, küçə işıqları sönüb. Bircə başımın üstündə ayın süd işığı var. Vəssalam.

Lap yadımdan çıxdı, Kamyunun “Yad” romanını oxuyanda özümü həmin əsərin adsız qəhrəmanı kimi hiss edirdim. Hamıya qarşı laqeyd olmuşdum, görüşdüyüm adamlarla həmsöhbət ola bilmir, öz soyuq tövrümlə onları özümdən uzaqlaşdırırdım. Kamyuya zəng edib susmaq istəyirdim, bir-birimizi aradakı sükutdan başa düşəcəyimizi zənn edirdim. Düşünürdüm ki, heç vaxt yazıçılar, şairlər ölmür.

Şair demişkən, indinin özündə də Nazim Hikmətlə danışmağı çox istəyərdim. Məni ən çətin anlarda, intihar həddində olduğum vaxtlarda Nazim Hikmətin şeirləri xilas edib. Hər gün onun şeirlərini dərman kimi içmişəm.

Ben sensiz de yaşarım

Ama seninle bir başka yaşarım...

...Şimdi sen de her kes gibisin.

Nazim Hikmətin bir çox şeirini əzbərdən bilirəm. Həyatda olsaydı, zəng edib ona öz şeirlərini deyərdim. Qulaq asar, bəlkə də kövrələrdi. Xəttin bu tərəfində mən, o tərəfində Nazım. Onun həbsxanada keçirdiyi, Türkiyəsindən uzaqda yaşadığı illər... Eh, Nazim! Həyat çox amansızdı. Əlisəmid Kürün şeirində dediyi kimi, mən səni eşitmirəm, mən səni görürəm, Nazim Hikmət.

Nazim Hikmətin “Don Kixot” şeiri də var. Çox qəribədir ki, Servantesə deyil, məhz Don Kixota zəng etmək istəyərdim.

- Sən, Don Kixot edə bilməyəcəyin işlərin altına özün girirsən və parodiyaya çevrilirsən. Yaraqçın Sanço Pansa bu baxımından çox bicdi. Biz hamımız elə sənin özün deyilikmi? Hamımız Don Kixotuq, yel dəyirmanları ilə vuruşuruq, xəyalımızda Dulsineya adlı bir qadın var. Bizi uzaqlara aparacaq atımız çox sısqa və arıqdı. Uğurunda vuruşduğumuz, mübarizə apardığımız şeylər bizə tərs şillə kimi dəyir. Ey gözəl Don Kixot, doğuluşum, kəndimiz, həyətimizdəki üstü kirəmitli evimiz, bağçamızda aramsız hürən alabaş itimiz, uşaqlığım, ilk sevdiyim qız, dostlarım, atam, anam, hətta ilk gördüyüm insanlar, başıma gələn saysız-hesabsız, maraqsız-maraqlı əhvalatlar, başqalarının danışdığı cürbəcür hekayətlər, oxuduğum kitablar, getdiyim yerlər, baxdığım rəsm tabloları, son zəng, məktəbə getdiyim ilk gün, balaca vaxtı dörd-beş uşaqla dalaşıb ilk dəfə burnumun qanaması, güvəndiyim dostlarımın çıxıb getməsi, dünyada gedən hadisələr – bu və bu kimi minlərcə, bəlkə də milyonlarca sadalamadığım şeylərin hamısı mənim xatrımdadır və inanmıram ki, mən bir gün yaşadığım bu anları unuda biləcəm.

Bu əhvalatı danışan Al Caponeyə zəng etmək istəmişəm həmişə:

“Uşaq idim, hər gün Tanrıya yalvarırdım ki, mənə bir velosiped versin. Gecələr dayanmadan, yorulmadan dua edirdim, bizi yaradandan öz arzumun gerçəkləşməsini istəyirdim. Ancaq heç bir şey olmurdu. Dəyişən heç nə yox idi. Sonra anladım ki, bu cür etməklə velosiped ala bilməyəcəm. O gün başıma vurdum ki, dua etməklə bir şey çıxmayacaq. Cəsarətimi topladım və o gün gedib bir velosiped oğurladım. Velosipedim olan gün çox xoşbəxt idim. Arzuma çatmışdım. İndi isə gecələr Tanrıya məni bağışlamağı üçün dua edir, yalvarırdım. Axı mən cinayət işləmişdim.”

Son

Bir dəfə isə Səfər Alışarlının kitabını oxuyurdum. Bitirmək üzrəydim və düşünürdüm ki, o, sağdır, zəng edib, içimdəki kədəri yazıçıya yükləyə bilərəm. Qəfil zəng gəldi, diksindim. Kim olsa yaxşıdır? Səfər Alışarlı.

Əvvəllər özüm yazıçılara zəng etmək istəyirdim. Sağ olan, hələ də bizimlə yaşayanlara dəfələrlə zəng etmişəm. İndi isə qəribədir, istəyirəm, mənə zəng etsinlər. O hissi yaşamaq, yazdığım hekayələrin haralardasa oxunduğunu duymaq, o yerlərin enerjisini daşımaq istəyirəm.

Zənnimcə, bu böyük bir istək deyil. Və mən həmişə öz xırda arzularımın bədbəxtliyini yaşamışam. Böyük arzular diləmək istəməmişəm buna görə. Xırda arzular mənə yetərlidir. Düşünürəm ki, dünyanın hər bir yerində yazıçıların həmişə xırda arzuları olub. Heç bir yazıçı özünü aşan arzunun altına girməz. Onsuz da onlar üçün amansız olan həyat daha da çətinləşər.

Mənə zəng etmək diləyi ilə, sağlıqla qalın, əziz oxucular!

# 1184 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #