Kulis Nərgiz Cabbarlı “Yaradıcılıqdakı pozitiv ovqatın kəskin dəyişimi” məqaləsini təqdim edir.
Bir sıxma dən idi ömrüm elə bil
Töküldü ovcumdan, quşlar apardı…
S.Sarvan
Şeir canlı orqanizmdir. Onun da qəlbi, ruhu var. Ritmi, ürək döyüntüsü var. O da nəfəs alır, nəfəs verir, ağrıyır, ağrıdır… Və bu döyüntünün, bu səsin içərisində bircə ton belə başqa səsin izinə rast gəlsən, hər şey alt-üst olar. Özlüyündən çıxar. “Kimliyini” itirər. Çünki kimisə, nəyisə, hansı şeirisə, hansı misranısa xatırladan nümunələr bu dünyaya qüsurlu doğulmuş insanlar kimidirlər. Yaxud da ömrü boyu özü ola bilməyən, onu-bunu təqlid edən insanlar kimi… Nə fərq edər ki. Biri mənəvi, digəri fiziki yarımçıqlıqdır. Və hər ikisi də ağırdır.
Amma öz səsi, öz “havası” və öz ovqatı olan şairlər həmişə seçilə bilirlər. Heç bir axına qapılmadan, öz məkanlarında – bapbalaca adalarındamı, böyükdən də böyük “dövlət”lərindəmi – bu da bir başqa məsələdir, amma hər halda, özlərinin olan ərazidə yaşayırlar. Qarışmadan, dağılmadan, poetik tamlıqlarını, bütövlüklərini parçalamadan, zədələmədən…
O poetik havanı “şair havasına” çevirən isə başqasından deyil, məhz öz ruhlarından gələn poetik səsin özünəməxsus ahəngidir.
Belə fərqlənən, özü olan şairlərdən biridir Sabir Sarvan. Ədəbi mühitdə bir o qədər də görünməyən, çox yazmayan, amma hər halda özünəməxsusluğu ilə seçilən bir şair… Son iki ildə onun “Qibləm ürəyimdir” və “Yarandım yaşadım” adlı iki kitabı dərc olunub. Anlamadığım və təqdir etmədiyim bir şey var: ikisi də demək olar ki, eyni şeirləri təqdim edir və ikisində də yaradıcılığının əvvəlki illərinə aid nümunələr var. İkinci amil qəbul edilən olsa da, birinci haqqında eyni fikri söyləyə bilmirəm.
Amma bütövlükdə bir şeir kitabı (xüsusilə “Qibləm ürəyimdir”) haqqında deyə bilərəm ki, o, toplu kimi öz müəllifini canlı və konseptual şəkildə təqdim edə bilib… Üslubundan tutmuş forma seçiminə, öz poetik “mən”i ilə rahat nəfəs aldığı, tam və dolğun ifadə olunduğu şeir modellərinə, sözlə “oynamaq” üçün deyil, ruhunun və ovqatının ifadəsi üçün apardığı “çarpışmaya” qədər…
Ən əsası isə… Bütün kitab boyu fərqli problemlər, fərqli mövzular şeirin obyektinə çevrilir. Qarabağ savaşından, Çaldıran döyüşündən, “Axtarsan vətənin sərhədlərin / Düş tarix boyunca qanın izinə” həqiqətindən tutmuş, tənhalığa, itirilmiş gəncliyə, sevgiyə, gözəlliyə, qocalığa qədər… Amma maraqlıdır ki, mövzu rəngarəngliyi içərisində hər zaman Bir Poetik Qəhrəman boy verir. Müxtəlif ovqatlara düşən – gah kükrəyən, coşan, gah “sözlərindən qan iyi gələn”, gah “gözəl xanımlarla gözəl şeirləri” ilham pərisinə çevirən, gah “Dərdi gözlərində diri qalan”, gah da qəbul edə bilmədiyi qocalıqla “zarafatlaşaraq” itirilmiş gəncliyinə yanan poetik qəhrəman… Eyni zamanda da bu “zarafatın” içərisində kinayəni də, ağrını da, qəbullanmanı da, qəbullana bilməməni də çox dəqiq ifadə edən müəllif…
Atəşfəşanlıq yox, sükut
İzdiham yox, təklik çəkirsə səni
Özündən başqa
Həmsöhbətin yoxdursa,
İtirməkdədirsə dadını
Çorək,
Qadın dodaqları,
Su…
Halını pozma, canım,
Qocalıq deyilən şeydi bu.
Haldan hala düşsə də, hər dəfə müxtəlif ovqatlarda qarşımıza çıxsa da, daxildəki əsas “nüvə”ni – “Mən”i dəyişməyən, hər an “bu mənəm” deyən bir poetik qəhrəman…
Kitab əsasən bir neçə aspektdə yadda qalır: bəhs edilən mövzuların əvəzlənmə stixiyası, müəllifin maraqlı deyimlər yaratma bacarığı, ənənəvi şeirin sərhədləri daxilində öz ruhunu vermə gücü, bir də yaradıcılıqdakı pozitiv ovqatın məhz bu kitabda kəskin dəyişimə uğramasıyla… Hər biri haqda ardıcıllıqla danışaq…
İlk zərbə “Qaçır Qarabağlı uşaq” şeirindən gəlir. Damarlarda qanı coşdura biləcək “mənzərə-portret” yaradılmasına hədəflənən bir nümunədir. Nə açıq bir çağırış var, nə açıq bir ittiham, nə də açıq bir qınaq. Sadəcə dərdini götürüb insanların üstünə qaçan qarabağlı uşağın real cizgilərlə yaradılmış görüntüsü canlanır göz önündə.
Səhər al qanla açılır,
Quşlar göydən ölü düşür.
Alışmır güllə səsinə,
Budaq qorxur, gülü düşür
Saçı dağılıb alnına,
Sıyrım-sıyrım olub dizi
Gözlərinin qabağında
Anasının qanlı üzü
Qaçır Qarabağlı uşaq…
O hadisələri xatırlarkən həqiqətən də yada düşən ilk şey bir gün “al qanla açılan” səhərin hər şeyi dəyişdirməsi olur. O səhər həyatın axarını da dəyişdi, taleləri də, Vətənə və insanlara münasibəti də… Şeirdə bir “al qanla açılan səhər” ifadəsi işlədilir və bu yetir ki, insanların dağıdılaraq dəyişən dünyası özünü şeirin alt qatından yetirsin, üzə – üstə çıxsın. Az sözlə çox şeylər ifadə etməkdir bu. Bir təsvirlə bir çox hadisələri, prosesləri, yaşantıları mətnə gətirməkdir. Məsələn, “Göydən ölü düşən quşlar” və bu detala əlavə edilən “budaq qorxur, gülü düşür” təsvirinin yaratdığı assosiasiya o qədər canlıdır ki, bu qorxunun insanlara, təbiətə yaşada biləcəkləri haqqında əlavə sözə ehtiyac qalmır. Bir halda ki, quşlar ölü düşür, bir halda ki qorxudan balasını salan qadınlar kimi budaqlar da çiləklərini “salır”, o zaman “gözünün qabağında anasının qanlı üzü” ilə qaçan qarabağlı uşağın yaşadığı, duyduğu dəhşəti hiss etmək müşkül deyil.
Dərd gələndə tək-tək gələr,
Dərd gələndə qoşa gəlməz.
Bir bu qədər xata, bəla,
Ağıla gələr, başa gəlməz,
Sanı yoxmu?
Aşağıdan yer qalxıb,
Yuxarıdan göy enib,
Qışqırığı boğazına,
Gözləri haqqa dirənib,
Sonu yoxmu?
Qaçır Qarabağlı uşaq…
Burada yaradılan fikir kombinasiyaları, həmçinin şeirin strukturu daha maraqlı nəticələrə səbəb olur. Adətən “dərd gələndə batmanla gələr”, “qoşa gələr” kimi işlədilən ifadə bir qədər dəyişikliyə uğradılaraq “tək-tək gələr” kimi verilir. Amma məna qatında bu, vurulan zərbələrin tək-tək olmasının daha çox ağrı verdiyinə hesablanıb. Strukturda qəfildən misraların arasına artırılan “sanı yoxmu”, “sonu yoxmu” ifadələri göydəndüşmə kimi görünsə də, ümumi ritm kompazisiyasını tamamlayır. Eyni zamanda başqa bir kompazisiyanın – “aşağıdan qalxan yer”lə “yuxarıdan enən göy” arasında qalıb sıxılan, boğulan, “qışqırığı boğaza, gözləri haqqa dirənən” uşağın faciəsinin təsvirini tamamlamış olur.
Ağ alnında qara-qada,
Hara qaçsın bu dünyadan?
Ayaqları heydən düşüb,
Şişib alnının damarı
İnsanlar ee…y,
Sizə sarı
Qaçır Qarabağlı uşaq
Hara qaçsın? Ağrı ilə verilmiş sualın cavabı deyil, verilmə səbəbi üzdədir: laqeyd, gözlərində ölüm-itim adiləşmiş İnsanlar… “Alnının damarı şişən”, amma yanğısı səsə çevrilib, hayara çevrilib canından çıxmayan uşağın yerinə şair haray çəkir: “İnsanlar eeeeyyy…. sizı sarı qaçır Qarabağlı uşaq”…. Bununla – bu harayla da ümumi kompozisiya hər anlamda tamamlanmış olur.
Ümumiyyətlə, illərdir ki, bu problemin də, bu ağrının da şeirimizdə çox fərqli rakurslardan təhlili, işıqlandırılması müşahidə olunur. Hansı mətndəsə kədərin, ağrının, hansındasa quru patetikanın, hansındasa kinin, nifrətin “əyarı” çox olur. Bu şeirdə isə həqiqətin və “oyatmaq, silkələyib ayıltmaq istəyi”nin “əyarı” boldur. Özü də sadə, səmimi və patetikadan uzaq bir şəkildə verilib…
Qeyd etdiyimiz kimi, Sabir Sarvan özünəməxsus deyim tərzi olan şairlərdəndir. Xalq şeiri üslubunda, ənənəvi şeir formalarında yazsa da (sərbəstə bəzi hallarda üz tutur), bu qəliblər daxilində öz havasını, öz ovqatını, öz deyim şəklini ifadə edə bilir. “Özü olmaq” mərtəbəsində qalmağı bacarır. Çox ciddi mətləblərə bəzən incə yumor, incə kinayə, incə ironiya qatır, hərdən də həyatın verdiklərinə qarşı cığal davranan qəhrəmanı ilə “vəziyyətdən çıxmaq” istəyir. Və bütün bunlar o qədər incəliklə edilir ki, harada ciddi, harada zarafatla danışıldığını müəyyən etmək çətinləşir. Məsələn,
Nə varsa ötərgi, nə varsa yüyürək,
Gedək, bu dünyaya təzədən gələk
Göz görən yerdə də deyil bu ürək
Baxam harası yox, harası qalıb.
Şeirin digər bəndlərində “bir qəfil gəlişlə gələn sevgi” ifadəsinin gözlənilməz təəssüratını sonra “ağlımı başımdan alan sevgi”, “gözümü açandan həmən dünyadı” kimi ənənəvi ifadələr əvəzləyir. Bu pisdir. Amma bu əvəzləmə prosesinin içərisində “Göz görən yerdə də deyil bu ürək, Baxam harası yox, harası qalıb” misralarının yaratdığı ovqat və obraz davamlı olaraq oxucunu izləyir, rahat buraxmır. İncə bir zarafat çaları da hiss olunmaqla… Bu isə gözəldir…
Yalnızca onun şeirə gətirdiyi maraqlı, fərqli deyim tərzləri deyil bu şeirləri özünəməxsus edən. Halbuki onların da az rolu yoxdur. Bu şeirlərdə Həqiqətə yanaşma, görünməyəni görmə istəyi (bacarığımı?!) göstərir özünü. Faktların, hadisələrin, əşyaların “o tərəfinə” baxmaq istəyi göstərir:
Bir yanı kölgədi, bir yanı işıq,
Sinəmin altında neçə guşə var
Lap belə xoşbəxtlər xoşbəxti olsun
Qəlbində yüz nisgil, yüz əndişə var.
Adəmdən bu yana təzə görünmür,
Yanardıq, yaradan bizə görünmür,
Çox da ki baxanda gözə görünmür
Hara daş atılsa, orda şüşə var.
Dünyanın yalanı məhəbbət imiş,
Sevmək sona kimi… boş söhbət imiş
Alıb-aldatmaq da fərasət imiş
əvvəl kim deyərdi belə peşə var,
Şair qəlbinin duyumu və həssaslığı bu dəfə həyatın reallığını göstərməyə xidmət edir (o reallığı bəzəməyə, gözəlləşdirməyə yox!). “Çox da ki baxanda gözə görünmür / Hara daş atılsa, orda şüşə var” – deyimi yetir ki, bu dünyanın və həyatın reallığı cızılsın. Bəzən bilmədən qırdığımız qəlblərin elə bir obrazı yaradılsın ki, öz uğurlu deyimi ilə insan anlamazlığının mahiyyətini açmış olsun. Acı, çılpaq şəkildə üzə çırpılan həqiqət kimi. Amma eyni zamanda burada da bir təskinlik, bir ümid arayışı göstərir özünü.
küsmə bu dünyadan kol-kosa görə
hər kolun altında bir bənövşə var.
Bu isə ənənəvi qəlib daxilində (bənövşə obrazının tanış təəssüratı ilə) özünü yaratmaq bacarığıdır. Yaradıcılığının hər zaman özünü qoruyan pozitiv, həyat dolu keyfiyyətidir.
Sabir Sarvanın yaradıcılığında diqqət çəkən xüsusiyyətlərdən biri kimi maraqlı təsvir və obrazlar yaratmasını qeyd etmişdim. Bu şeirlərdə bir sözün, bir ifadənin, bir anlayışın bəzən elə fərqli xüsusiyyətləri verilir, elə fərqli bucaqlar altından ona baxılır ki, bir addımla iki məqsədə yetirilir. Məsələn, bir mənzərənin təsviri ilə həm Dərdin tərifini vermək, həm də yaşanan ömrün, taleyin mahiyyətini açmaq necədir?
Çıxdım axırına boş ümidlərin,
Çıxdı axırıma gümanlar mənim.
Dərdi gözlərimdə diri görəcək
əyilib nəşimi yuyanlar mənim.
Sanki sual-cavab aparılır, dialoq qurulur İnsanla Özü arasında. “Dərd nədir?” “…Mən ölərkən belə gözlərimdə diri qalan şey”… “Bəs mən necə bir ömür yaşadım? “Ölüykən belə Dərdi gözlərində diri qalan insan kimi…”
Yaradılan fərqlilik yalnız obrazlarda deyil. İfadələrdə də var. Amma əvvəlki kitabından daha fərqli olan (belə bir “qırılma” mərhələsini son zamanlar bir neçə şairin, məsələn, Məmməd İsmayılın yaradıcılığında da gördük) cəhət bu kitabda bütün həyat müşahidələrinin, bütün izləmələrin bu dəfə “kəskin qırılma” mərhələsi yaşamasıdı. Kəskin qırılmaya məruz qalmasıdı… Bu, əvvəlki yaradıcılıqda olan çılğınlıqdan, (“Yaz gəldi, qanım qaynadı,/Dünya nə göyçək görsənir… yadıma gəncliyim düşür/elə ki şimşək görsənir”, yaxud “Hara baxsan, oxşayacaq/Yar üzünə, yar üzünə” kimi) pozitiv əhvaldan fərqlənən, “son” stixiyasının təsirinə qapılan bir mərhələdir. Sanki “vida anı” yaşanır. “Qanlı misralarım yadigar qalar, / Yaradan açılan sarğılar kimi” – yazan şairin poetik qəhrəmanı ilə həyat arasında əvvəlki pozitiv bağ görünmür. Qırılmayıb, amma görünmr də. “Aparır bir az özüylə, Məni hər gedən, gedirəm” – şəklində etiraflarla sonun başlanğıcı yaşanır sanki. Artıq bu qəhrəmanı həyatının ahıl dövrünü yaşayan “Qocalıq” cəlb edir. Qocalıq düşündürür. Qocalıq tutub saxlayır. Və maraqlıdır ki, bu, yaşla bağlı məqam kimi görünmür (?!)
küçədə ağlayan qarı
açım-açım açan güllər
başını tovlayıb gedib
əsim-əsim əsən yellər
ömrünü talayıb gedib
nənnilərdən gələn yolun
son ucu harda dayanır?
Mənə baxma, könül yaxma,
Gözündən ölüm boylanır.
Küçədə ağlayan qarı,
Baxdım, könlümü göynətdin,
Ağlamaq yaxşı şeydimi,
Mənə ağlamaq öyrətdin?
Əlbəttə, poeziya duyğularla bağlıdır, yaşananların, duyulanların mətndə ifadəsidir. Yaşanan ömrün mərhələ-mərhələ şeirdə görünməsidir. Amma bu bir “keçid” olmalı idi, kəskin qırılma deyil. Halbuki bütün yaradıcılığı boyu bu şairin şeirlərində pozitiv əhval, həyata bağlılıq, ən çətin məqamların ifadəsində belə “yapışma nöqtəsi” tapma üzdə idi. İndi isə yaşanan ömürə fərqli Küncdən baxılır. Görünənlər həqiqət olsa da, baxış bucağı dəyişib:
Vaxt varıydı çarpışırdıq fələklə,
Gündüz idi, Gecə idi, Mən idim.
Üç dost olub, dolaşırdıq göyləri,
Arzu idi, Xəyal idi, Mən idim.
Yaz sovuşdu, payız girdi araya
Ruhumuzu düçar etdi sarıya,
Çaşıb qaldıq yol çatanda yarıya,
Qorxu idi, Ümid idi, Mən idim.
Nə gəzəsən sönən odda, ocaqda,
Keçən keçdi, qalan qaldı uzaqda
Bir də gördük üçümüzük otaqda
Həyat idi, Ölüm idi, Mən idim…
Bütün bunlara baxmayaraq, əsas olan bu ki, bu dəyişim belə şeiriyyətin və şeirin xeyrinə “işləyib”.