Rəqəmlərin 9-da qurtardığı zamanlar-Şəhriyar Del Geraninin şeirləri

Rəqəmlərin 9-da qurtardığı zamanlar-Şəhriyar Del Geraninin şeirləri
15 may 2015
# 11:45

Mayın 16-da (saat 16.00-18.00) Sahil bağında Şəhriyar Del Geraninin “Darıxmağın adı” kitabının təqdimat mərasimi olacaq. Şəhriyarın kitabından seçmə şeirləri təqdim edirik.

bir ovuc əllərin…

Vaqif Bayatlı Odərə ithaf olunur

(esse)

uzun-uzadı zamanlardı xoşbəxtəm,

özü də təkadamlıq.

siz bilmirsiz təkadamlıq səadətlər necə olur.

heç bilmirsiz təkadamlıq necə olur.

heç bilmirsiz səadətlər necə olur.

heç bilmirsiz necə olur kirli ayaqlara təzə

ayaqqabıları geyinmək.

əvvəlcə qucaqlamaq da var hələ. hələ bir dəfə

öpüb gözümün üstə də qoymuşdum.

anam görüb ağlamışdı. demişdi:

- o, möhür deyil. həm də, ayaqqabıya

səcdə günahdı.

mənsə soruşmuşdum ondan:

- bəs sənin ayaqlarına?..

anam təzə ölüb. lap təzə.

çağırsam səsimə səs verəcək qədər məsafədə.

bəlkə heç cəsədi soyumayıb hələ də.

and içərəm, əlləri im-istidi anamın.

bax, allah haqqı düz deyirəm. anamın əlləri

təkcə əl deyildi axı.

uşaqlıqda oyuncaqlarım olmayıb, hamısını

pişiy aparıb deyirdi anam.

bax, mən o zaman anamın əlləriylə

oynayırdım.

saymağı da onun barmaqlarında

öyrənmişəm – doqquzacan.

bir barmağını tikiş maşını aparmışdı.

zaman o zaman idi ki, rəqəmlər

doqquzda qurtarırdı.

hələ bağçada müəllimə məni vurmuşdu da

bunun üstündə.

çubuğunu stola döyəcləyib qışqırırdı

– niyə doqquzdan sonra on demirsən

ay axmaq uşaq?!

mənsə cavabında kəkələyərək

– anamın əllərində on yoxdu axı,

allah haqqı yoxdu, yoxdu – demişdim...

hələ ağlamışdım da onda...

anam yaxşı adam idi, həlim birisiydi.

yeriyəndə ayağının altında qarışqa qalsaydı

belə inciməzdi qarışqa.

allah dediyimiz xərçəng tapşırmışdı

ciyərlərinə.

biçarə qadın da allaha inanan adamıydı,

elə qoruyurdu ki xərçəngi...

həkimlər deyirdi, anama bildirməyək

xəstəliyini.

bildirməyək deyəndə ki, məndən savayı

bir də atam xəbərdar idi.

bir dəfə böyük bacım anam yatan otağın düz

qapısının ağzında yapışdı yaxamdan.

dedi, qaqa, mənə düzünü de, onsuz da

bilirəm iynə-dərmanların adından, sən

atamın canı düzünü de, anam xərçəngdi?

mənim sakit danışmağıma baxmayın, o,

bunları hönkürərək deyirdi.

düzü, özümü itirdim,

gözünə baxa bilmirdim bacımın.

bacım allaha oxşayırdı onda.

elə bilirdim qəti yalan danışa bilmərəm ona.

bir də soruşdu:

- aldatma məni, düzünü de qurbanın olum, o

xaraba xərçəngdəndi, hə? Görüm onu

sovxaya qalsın!..

deyirəm ki, mənim sakit danışmağıma

baxmayın.

o, bunları hönkürərək deyirdi.

elə mən boynunu qucaqlayıb sakitləşdirmək

istəyirdim ki, anamın xəstəlikdən sarsılmış

xırıltılı səsi eşidildi: “ay bala, elə demə, allaha

acığ gedər”...

heç bilmirəm necə deyim xoşbəxt olduğumu,

atılmış uşaq kimiyəm indi.

məncə,

bütün atılmış uşaqlar eyni cür oğurluq eləyir,

eyni cür gülümsəyir, eyni cür darıxırlar.

mən darıxanda saçlarımı qarışdırıram,

barmağımı dişləyirəm,

pərdəni dartıb qırıram.

sonra ayağımın altına stul qoyub çıxıb pərdəni

asıram. xoşum gəlir pərdə asmaqdan.

kənddəki evimizdə qəşəng pərdəmiz vardı, upuzun,

baharı rəngli.

qatlayıb vurmuşduq pəncərəyə.

əzizi-girami qonaqlar gələndə açıb süfrə

eləyirdik.

o deyirlər e, süfrə müqəddəsdi-filan,

boş-boş söhbətlərdi.

pərdə daha müqəddəsdi, inanın mənə.

daha doğrusu pəncərə.

heyif deyil pəncərə?..

lap çox darıxanda pəncərədən çölə baxıram.

adamlar pəncərə şüşələrinin arxasından

baxanda daha mehriban görsənirlər.

pəncərəsiz yerlər elə axmaq yerlərdi ki.

mən aylarla pəncərəsiz qalmışam.

deyirdim, ay allah, varsansa bir iynə

göndər bu tavana deşib keçsin, iynə ucu

miqdarı deşikdən göy üzünə baxım.

düzdü, iynə ucu miqdarı deşikdən

baxmaqla zövq almaq olmaz göyüzündən.

bir də, bu olmaz sözündən

zəndeyi-zəhləm gedir.

nə bilmək olar? bəlkə də mümkündü.

çox yəqin heç nə başa düşmədiniz

dediklərimdən. lap yaxşı…

deyirəm ki, yamanca sevirəm göy üzünü. ta

uşaqlıqdan vurğunuyam.

göy üzü qəşəng yerdi, orda pis adamlar yoxdu.

polislər də yoxdu orda.

sevdiyim adamları göy üzünə bənzədirəm.

düz sözümdü.

(bənzədirəm də sərsəm sözdü, oxşadıram

daha yaxşı səslənir)

sevdiyim adamları göy üzünə oxşadıram...

nə deyim?

gərək hamının göy üzündə kimisə olsun

mütləq olsun

allah haqqı düz deyirəm

mən bütün günəşli günlərdə göyə baxıb

doqquzacan sayıram.

niyə inanmırsız ki?..

anamın xatirəsinə

bir də var pıçıldamaq

sən gəlməyən küçəyə

eləcə baxmaq

bir də sənin güldüyün

şəkillərə ağlamaq

sonra ikiyə bölündü

ağaclar və adamlar

heç bilmədim necə oldu

hara getdi doğmalar

gəlin köçdü böyük bacım

səndən sonra biləsən

əmimçün də ev tikdilər

daşdan hasar çəkdilər

səndən sonra uçurtdular

nənəmizin daxmasın

ondan qabaq böyük bacım

gəlin köçdü deyirəm

ondan sonra uçurtdular

nənəmizin daxmasın

əşyaların ən qəddarı

toz basmış tuflilərdi

geyib həyətdə gəzirəm

qoy həyət darıxmasın

bilmirəm mən dəyişdim

ya daşlaşdı xatirən

indi daha rahat olub

səni də xatırlamaq

bir də demişdin, gözləyin

bir sabah dönəcəyəm

bir də illər ötüb keçdi

açılmadı o sabah

bir də vardı pıçıldamaq

sən gəlməyən küçəyə

eləcə baxmaq

baxmaq

baxmaq

avqust şeiri

sevgi - həm də aldanmaqdı

ən azı bir ömür boyu

getmək - həm də düşünməkdi

hardasa bulud olduğunu

birgə olduğumuz yerlərə

əl eləyib keçməyimdisə yoxluğun

sən olmadığın gecələrdə

təkbaşına içməyimdisə yoxluğun

bir küçə yoxsan demək

bir-iki skamyalıq

bir-iki şəkillik yer yoxsan demək bu şəhərdə

indi

yatmış divar saatı səssizliyiylə

dünyadan köçməyimdi yoxluğun...

təksən

demək ki, təksən

dilənçi qız and verməyə kimsə tapmırsa yanında

təksən

demək ki, təksən

ömür ancaq keçirsə dərman içmək saatlarında

yoxsan

demək ki, yoxsan

köynəyimi yağış yuyur asdığın paltar ipində

yoxsan

demək ki, yoxsan

nisyə şərab verməyir dükançı kaftar bibi də

təkcə baş götürüb getməzlərmiş gedənlər

bir ev götürüb gedərlərmiş

bir uşaq

bir beşik,

bir az tez qayıt

bir az içmə

bir az darıxıram apararlarmış özləriylə

təkcə baş götürüb getməzlərmiş gedənlər

həm də heç vaxt qayıtmazlarmış...

sentyabr şeiri

sən axı bilmirsən

üzünnən irağ –

it kimi darıxmağ nə təhər olur...

sən axı bilmirsən

sənin yoxluğun

hamıdan, hər şeydən

beş-betər olur

sən axı bilmirsən

əlim qurusun –

sənə açmadığım zəng zəhər olur

günəş zəhər olur

gün zəhər olur

yağış zəhər olur

yol zəhər olur

bir qurtum arağla

bir siqaretlə

uzanır gecələr

taa... səhər olur

sən axı bilmirsən

hardan biləsən

üzünnən irağ –

it kimi darxımağ nə təhər olur...

# 1878 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #