Kulis.Az “Qaynana” serialının məşhur aktyoru Kənan Yusifovun şeirlərini təqdim edir.
Bağışlayın!
Mən standartlara girmədim
Bağışlayın məni
Hər səhər qalstukumu taxıb
Kreditlə aldığım “Hunday”a minə bilmədim
Lap əvvəldən altı yüz balla
Min bir cah-calalla
universitetə girə bilmədim
Bağışlayın
Bu uşaq kəllədi,
Kitab əlindən düşmür,
Riyaziyyatın atasıdı
Bir dənə qızla görüşmür
Siqaret çəkmir
Avara-avara gəzmir
Heç kimin əngini əzmir
Deyə bilmədiniz mənim üçün
Bağışlayın məni
Nə həkim, nə müəllim
Nə bank işçisi
Nə elm bilicisi
Nə də alim olmadım
Savadımla müəllim gözünü oymadım
Bağışlayın məni
Toyda hansısa filankəsin qızına
Yaxşıdı gedin
Filan restoranda toyumu edin
Deyə bilmədim sizə
Qohum qızı gətirmədim evimizə
Bağışlayın məni
Mən mən olduğuma,
Fərqli doğulduğuma görə
Bağışlayın.
Deyirsən də...
Deyirsən gedirəm
Deyirsən yetim qoyacam səni.
Mənim yetimlikdə on doqquz il stajım var,
Sənin getməyin nə yazar, yetimlik kitabçama ?
Deyirsən sevmirəm
Deyirsən nakam qoyacam səni.
Mən nakamlar binasında zirzəmi siçovulu
Bir pendir parçası qədər də dəyərin yox.
Deyirsən ağlayacaqsan
Deyirsən yasa boğacam səni.
Mən öz içimdə mərsiyə oxumağı arzulayan mollayam
Gülə-gülə halva yeyən ədəbsiz gəncə bənzədin sən də!
Deyirsən unutma
Deyirsən döndüm bəlkə.
Elə bil mən stansiya, sənsə qatarsan
Relslərsə dairəvi
sözsüz dönəcəksən bir gün.
Deyirsən....
Əşşi, deyirsən də...
Tfu...
Şokdan ağzımda tüpürcəyim quruyub
Yoxsa tüpürərdim üzünə, sən öl!
İlk dəfə peşmanam dəvə olmadığıma
Yoxsa tüpürərdim üzünə, sən öl!
Üzündə bahalı kosmetikadan rəsm əsəri,
Şvarskopa heyfim gəlir,
Yoxsa tüpürərdim üzünə, sən öl!
Üzünə çoxları tüpürüb, mənsə fərqlilik sevirəm
Yoxsa tüpürərdim üzünə sən öl!
Hələ tanımırlar
Uzun bir şeir kimidi həyatım
Hər bənddə qocalıram
İşlənmiş kağız kimi
Yazıq-yuzuq olub
əzik-üzük baxıram
zibil qutusundan
Ağappaq vərəqlərə
Xoşbəxt, bir az da lovğa vərəqlərə
Yazıqdılar
Qələm görməyiblər hələ.
Cırıq bir çətir kimidi həyatım
Hər dəliyimdən bir az su, bir az da kədər keçir
Dəlik-dəliyəm
Dəli-dəli baxıram vitrindəki parçalara
Rahat, bir az da həsrətlə baxırlar havaya
Bədbəxtdilər
Yağışı tanımırlar hələ.
Uçuq bir koma kimidi həyatım
Hər maşın zərbəsindən düşür bir tərəfə tikəm
Tikə-tikə olub
Ürkə-ürkə baxıram maşınlarla yanımdan ötən daşlara
Səliqəli və qürurlu dayanıblar
Qorxmazdılar
İnsanı tanımırlar hələ...