Afaq Məsud: “Özümü qoruya bildim” - MÜSAHİBƏ

Afaq Məsud: “Özümü qoruya bildim” - <span style="color:red;">MÜSAHİBƏ
31 may 2017
# 12:13

Kulis.az şair Salam Sarvanın yazıçı Afaq Məsudla söhbətini təqdim edir.

– Afaq xanım, dönüb keçmişə baxanda gözünüzə ilk görünən ömrün hansı çağları olur?

– Çox məqamlar görünür. Uşaqlıq illəri, məktəb həyatı, evimiz, ata-anam, gözümü açıb böyüdüyüm məşhur Hüsü Hacıyev 19… Söz-söhbətləri, səsləri hələ də qulağımdan getməyən rəhmətlik İlyas Əfəndiyev, Əhməıd Cəmil, İsmayıl Şıxlı, İsa Hüseynov… О illərin təmiz, saf ədəbiyyat mühiti… Аtamın qəribə yanğıyla, pəsdən oxuduğu qədim türkülər, evimizin qonaq-qaralı, ədəbiyyat havalı axşamları…

– “Qəza” hekayənizdə belə bir məqam var: “Hə, deməli indi uşaqlarını yarı yolda qoyub ölə bilməzdi. İxtiyarı yox idi...” Təbii, hekayənin canı bu məqamda deyil, bu cümləyə söykənib başqa detalı vurğulamaq istəyirəm: sanki insan ömrünün mahiyyətiylə bağlı qəribə bir çıxılmazlıq bütün hekayələrinizin içindən bir xətt kimi keçir. Təxminən belə bir hiss: vaxt keçdikcə ömrümüzə o qədər adam yığırıq ki, sonra onların əlindən tənhalığa çəkilmək də olmur. Bəlkə də, mən yanılıram...

– Siz yanılmırsınız, hekayə də bundan bəhs edir. Əsərin baş qəhrəmanı – qadın gecənin bir yarısı, evə qayıtmayan ərinin ölduyunu zənn edir və bundan qəribə bir rahatlıq duyur. Bu ani rahatlığın səbəbi, dediyiniz həmin o tənhalıq yanğısıdır. İnsanlarla, hətta ən doğmalar və əzizlərlə belə, daim yaxın məsafələrdə olmaq, elə bilirəm, hər bir yaradıcı fərd üçün müəyyən sıxıntılar yaradır. Biz bu insanları sevirik, onlarsız darıxırıq, onların uğrunda canımızdan keçməyə hazırıq, lakin yaradıcılıq… O, mütləq şəkildə sonsuz azadlıq, boşluq və çəkisizlik yanğısıyla bir gəlir. Fiziki vücudunu, çəkini itirdiyin, qələmin tərkində əlçatmaz yüksəkliklərdə səyirdiyin, yoxla-var arasında uçunduğun bu əlahiddə məqamlarda sən adi telefon zəngindən, kiminsə müraciətindən müvazinətini itirib, laxlayıb aşağı yıxılırsan və təbii ki, belə hallar zədəsiz ötüşmür. Zədələnən də, məlum məsələdir ki, sənin qol-qıçın olmur. Bu, yuxunun şirin məqamı üstünə atılan soyuq sudan diksinməyi xatırladan, dözülməz bir haldır və mənim üçün yaradıcılığın ən mürəkkəb məqamı da budur.

– Şeir yazmısınızmı? Bunu niyə soruşdum... Dünyada xeyli məşhur yazıçılar var ki, yaradıcılıq bioqrafiyasının lap əvvəlindən nazik bir şeir kitabı boylanır. Maraqlıdı, nəsrə şeirdən gələn yazıçılarla o birilərinin arasında hansısa fərq varmı – stilistika, ifadə tərzi və s. baxımından – bu barədə düşünmüsünüzmü?

– Yox, yazmamışam. Buna cəhd də etməmişəm. Məni narahat edən məsələləri, fikirləri şeirlə ifadə etmək haqqında, olsun ki, heç düşünməmişəm də. Və əslinə qalanda da, yazmaq istədiklərim və yazdıqlarım poeziyadan uzaq mətləblərdir. Poeziyanı çox sevirəm, amma hələ lap cavan yaşlarımdan, demək istədiyini cümlə ilə yox, hər hansı poetik üslubda, yaxud qafiyəli sətirlərlə ifadə etməyin səbəbi mənə qaranlıq qalıb həmişə. Yəqin ki, bu, tamamilə ayrı bir ehtiyacdır və hər ikisinin bədii ədəbiyyat olduğuna baxmayaraq, poeziya ilə nəsri, rəssamlıqla heykəltəraşlıq kimi, fərqli sənət sahələri hesab edirəm. Düşünürəm, ciddi ədəbiyyat yaradan bunlardan birini seçməlidir.

– Ədəbi prosesi təhlil edən bir neçə yazıda rast gəlmişəm ki, Azərbaycan nəsrinə modernizmi 70-ci illərdə Afaq Məsud gətirib. “İzm”lərə münasibətiniz necədir? Yaradıcılığınız, ümumən, sənət haqdakı düşüncələriniz nəzəri qəliblərə sığırmı?

– Azərbaycanda, nədənsə məni modernist yazıçı hesab edirlər. Amma bu, belə deyil. «Gecə, «Alman kilsəsi», «Sərçələr», «Dovşanın ölümü», yaxud o biri hekayələr, romanlar, pyeslər… Bunların hansı modern əsərdir ki? Bircə sürrealist üslubda yazılmış «İzdiham»ı çıxmaqla, hamısı realist nəsrdir. Onların modern ədəbiyyat kimi qəbul edilməsinin səbəbi, olsun ki, bu əsərlərin mahiyyətində, alt qatlarında daşıdıqları fikir və ideyaların qeyri-ənənəviliyi, Azərbaycan düşüncəsi arealından bir qədər kənara çıxmasıdır. Modern ədəbiyyat təsirini yaradan da, düşünürəm budur. Nəzəri qəliblərə gəlincə, açığı, bu barədə düşünməmişəm. Ədəbiyyatın yaranışı prosesində hansısa nəzəriyyə, janr, məncə elə bir əhəmiyyət kəsb etmir. Əsər yaranır, onu sonradan hansısa cərəyanlara aid edilirlər. Belə proseslər, yəni ədəbiyyatın təhlili, onun hansısa cərəyanlara ayrılması, dediyiniz həmin o «izmlər» rəfinə yerləşdirilməsi, ümumiyyətlə ədəbiyyatşünaslıq, ədəbi tənqid, düşünürəm, ədəbiyyatdan çox, cəmiyyətin, oxucu kütləsinin maarifləndirilməsinə xidmət edir. Bu, yazılıb-yaradılan ədəbiyyatdan hərəkətlənən elmi-maarifçi bir sahədir. Mənim atam da tənqidçi olub və Fizulidən üzü bəri yazıb-yaratmış ədəbi simalar, ədəbi proseslər barədə yüzlərlə məqalə, irihəcmli monoqrafiyalar yazıb. Və o da, ədəbi tənqidin heç bir əsəri, yaxud ədəbi prosesi nizamlamaq, nəyisə dəyişmək, hansı tərəfə yönləndirmək iqtidarında olmadığını deyirdi həmişə.

– Nəsrinizdə psixoloji qatlar, insanın ekzistensial dərki çox qabarıqdır. Belə bir yazıçı məntiqlə həyatda da həssas adam olmalıdır. Həssaslığınız rahat yaşamağa mane olurmu, iç təlatümləri, daxili gərginlik yaradırmı?

– Bir vaxtlar, əlbəttə ki, yaradırdı. Amma indi mənə yazmaq üçün, sadəcə asudə vaxt lazımdır ki, o da yoxdur. Lakin əlbəttə, yaradıcı fərd yüksək həssaslıqlı naqil kimidir. Оnun enerji ötürücülüyünü işıq lampası voltu ilə hesablasaq, bunun, mənzillərimizi işıqlandıran 200, 300-lük yox, kim bilir neçə min volt enerji ötürücülüyü olduğunu anlayarıq. Söhbət, əlbəttə ki, ali enerji ötürücülüyündən gedir. Təbii ki, belə bir enerji daşıyıcılığı fərdə asan başa gəlmir, zaman-zaman mütləq şəkildə içəridə elektrik qəzaları, toqquşmalar, bəzən isə yanğınlar baş verir. Bu yanğınlarda ölənlər, bəzən öz həyatlarına qəsd edənlər də olur. Lakin bu qəzalara və yanğınlara tab gətirib yaşamaq da mümkündür. Düzdür, yanmış insan kimi yaşamaq, bir o qədər asan başa gəlmir, gərək yanıqlarını göynətməyən yolları, cığırları tapasan və oralarda yaşamağa alışasan.

– Müsahbələrinizin birində belə bir fikrə rast gəlmişəm: “Heç vaxt özümü “ədəbi proses” deyilən nəyinsə içində hiss eləməmişəm və bu gün də hiss eləmirəm...” Bu fikrinizdən ilk baxışdan xaotik görünən düşüncələrə çıxmaq olar. Yəqin ki, yazıçı ədəbi mühitin içinə, ədəbiyyatşünas təhlillərin hədəfinə, ədəbi mövqelər uğrunda yarışlara qoşulduğu andan böyük tənhalığından əl çəkir. Və görünür, bu, çox ağrılıdı...

– Bir böyük xoşbəxtiliyim də, dediyiniz o yarışlara qoşulmamağımdır. Mən bu gün də özümü bu prosesdə hiss etmirəm və bəlkə də elə bu səbəbdən tənhalığımı, yəni özümü qoruyub saxlaya bilmişəm. Həyat yoldaşımla Mərdəkanda – havanın, buludların, yaşıllıqların səsi eşidilən, sakit bir ərazidə yaşayıram. Axşamlar Günəş qüruba enəndə gəzintiyə çıxıram və prosesə orada qoşuluram.

– Necə düşünürsünüz, rəssamın çəkdiyi portretdəki cizgilər portreti çəkilən adama məxsusdur, yoxsa rəssamın özünə? Bu, sofistik sual deyil, sadəcə, bu kontekstdə əsərlərinizdəki qadın obrazları barədə fikrinizi bilmək istərdik.

– Baş qəhrəmanı qadın olan əsərlərimin çoxu bioqrafikdir, bu barədə dəfələrlə demişəm. Əlbəttə yazıçı, ya rəssam ilk növbədə özünü yazır, çəkir. Bu, yaradıcı stixiyanın özünun tələbidir. Qadın obrazlarıma gəlincə, düşünürəm, onlar - ölkəmizin, eləcə də dünyanın qadın əksəriyyətinin üzləşdiyi, uğradığı uçurumlardan xilas yolları axtara-axtara gəlib əsərlərimdə tapdığı xilaskar qadınlardır.

– Əli Vəliyev, Məsud Əlioğlu kimi böyük ədəbiyyat adamlarının ailə mühitində olmusunuz. Sizin ailədəki ədəbiyyat aurasının özəllikləri çoxları üçün maraqlıdı. Bu barədə danışmaq istərdinizmi?

– Bu haqda, əslində, yazmalıyam. Bu, böyük bir romana sığacaq, tarixi-bədii əsərin mövzusudur. Qismət olsa, yazacağam.

– Bir yazıçı olaraq, necə düşünürsünüz: dilimizin imkanları təfəkkürümüzün sərhədlərini sıxırmı? Məsələn, elə bir düşüncə məqamı, mərtəbəsi qarşınıza çıxıbmı ki, onu ifadə etmək üçün dilimizdə həmin qatlar yoxdur?

– Mənim üçün ən böyük xoşbəxtlik, səadət, dediyiniz həmin o mərtəbələrlə rastlaşmaqdır. Bu, baş verərkən, dil faktoru, söz ehtiyatı kimi məsələlər arxa plana keçir. O mərtəbələrdə duyulanlar, yaşananların çoxu qoxu, ətir kimi, sözə çevrilmir. Əsas məsələ, yazıçının həmin o mərtəbələrlə, məqamlarla rastlaşmasıdır, oralarda əxz etdiyi ali həqiqətləri, sirləri qədərində anlaması və insanlığa nəyi deməli olduğunu dərk etməsidir. Düşünürəm, yalnız bundan sonra əsər yazmaq olar. Hətta ən kasad dil ehtiyat ilə belə. Бu mənada, mənim üçün heç vaxt dilin imkanları problemi olmayıb. Və əslində də, söz ehtiyatının həcminin, hər hansı bir fikrin, ya duyğunun ədəbi ifadəsinə elə bir böyük təsiri yoxdur, əgər yazıçı, ya şair fikrini naxışlı cümlələr və ibarələrlə ifadə etməyə üstünlük vermirsə. Düşünürəm, yazıçı az söz ehtiyatı, ən quru qəzet cümlələri иlə də böyük ədəbiyyat yarada bilər. Bunu dünya ədəbiyyatı nümunələrinin misalında da görmək olar. Jorj Simenon kimi, əsərləri bestsellerə çevrilmiş yazıçının, bütün yaradıcılığı boyu cəmi 800 sözdən istifadə etməsi, eləcə də Dostoyevski, Çexov, Kafka və digər bu kimi korifeylərin çox az söz ehtiyatı ilə bəşəri шедеврляр yaratması, elə bilirəm, bu məsələ ilə bağlı bütün qaranlıq məqamlara aydınlıq gətirir.

– Düşüncə depressiyasına düşdüyünüz hallar olubmu?

– Depressiya məndən uzaq bir haldır. Qanım qara ola bilir, kədərli anlar yaşayıram, amma depressiya baş vermir. Daha doğrusu, buna imkan yoxdur. Bəzən özümü, gün-gündən sürətlənən zamanın içi ilə, dərə-təpəli, eniş-yoxuşlu yollarla şütüyən sürət qatarına bənzədirəm. İdarə və ev işləri, övladlar, qohumlar, dostlar, harаdasa yağmaq istəyə-istəyə, başımın üstündə bulud tək, topalanıb qaralmaqda olan əsərlərim… ətrafımda çovğünqabağı burulğanlarla aramla burulan fikir ilğımları…

– Söhbətə keçmişə baxışla başlamışdıq... Gələcəyinizi, gələcəyimizi necə görürsüz?

– Gələcəyimiz bizim özümüzdən asılıdır. Onu işıqlı, xoşbəxt görmək istəyiriksə, vicdanımızın səsinə qulaq asmalıyıq. İnsan olduğumuzu dərk etməli, İnsanlığın nə olduğunu, nədən ötrü yaradıldığının səbəbini anlamağa və İnsan olmağa çalışmalıyıq.

# 1508 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
# # #