İşğal olunmuş adamlar – Ayxan Ayvazdan HEKAYƏ

İşğal olunmuş adamlar – Ayxan Ayvazdan <span style="color:red;">HEKAYƏ
5 iyul 2016
# 08:30

Kulis.Az Ayxan Ayvazın “Sənin işğal günün” hekayəsini təqdim edir.

Bu hekayəni sənə görə yazıram, unutmamağın, həmişə xatırlamağın üçün. İndi sən işğal olunmuş torpaq kimisən, sənə yollar getmir, dörd tərəfini tikanlı məftillər hörüb.

Sənə köhnə bir sevgi əhvalatı danışacam. Bir oğlan olur, təmiz, saf, hələ kirlənməmiş. Dünyanın pisinə bulaşmayan, gözləri parıltılı kasıb bir oğlanın sevgisidir bu. Qızı oxuduğu məktəbdə görür. Sən heç ilk baxışdan məhəbbətə inanırsan? Bəlkə də sənə gülməli görünəcək, bəlkə çox klassik hesab edəcəksən bunu. Amma inan ki, yaşadığımız bu boz, robotlaşan dünyada hələ də belə sevənlər var.

Hə, əslində bütün sevgi əhvalatının mövzusu, məzmunu eynidir. Su, ağaclar, evlər, gəmilər, göy üzü, uşaqlar bizə həmişə uzaqdan eyni görünüb. Yaxınlaşdıqca, toxunduqca onları hiss etmişik, duymuşuq. Hər şey silinib yox ola bilər - yaşadığımız bina, ev, ailə, insanlar, şəhər, kənd, parklar, qəsəbələr, kinozallar, teatrlar, futbol meydançaları və s. Ancaq öz içimizdəki şəhəri, onun insanlarını məhv eləmək olmur. Şəhərlər işğal oluna bilər, lakin xatirələrimiz heç vaxt.

Bax sənə danışmaq istədiyim, əslində bunu bacara bilmədiyim, sözlərimin kifayətsiz qaldığı o köhnə, keçmiş, bizim dünyadan uzaqda saf hisslərlə yaşayan və gördüyü qıza ilk baxışdan vurulan o oğlanın xatirələri qol-budaq atmadı, sadəcə quru ağac, qısır torpaq kimi qaldı. O torpağa getmək, o ağaca toxunmaq mümkündür, ancaq bu, boşluğa uzadılan əllər kimi havada qalacaq, ya da boşuna atılan güllələr kimi bir saniyəlik tüstü buraxacaq arxasınca. Onun sevgi əhvalatı işğal olunmuş şəhər kimidir. İndi bu şəhərdə kimlərsə yaşayır, kimlərsə çərpələng uçurur, kimlərsə evlər tikir, işləyir, sevir, sevişir... O isə ora gedə bilmir: yollar bağlıdır, ora avtobus, qatar, təyyarə getmir, biletlər satılmır, ətrafını iki sənin boyda tikanlı məftillər hörüb, başqa dillərdə danışılır, başqa insanlar başqa adət-ənənə ilə, başqa həyatla mövcuddurlar.

Yaxın otur, sənə bu oğlandan danışacam. Bəzən həyatda qarşına çıxan epizodik, tez yaddan çıxan hadisələr olur, onu kimlərləsə bölüşürsən, lakin bu daşa çırpılan su kimidir, ya da boş otaqda danışdıqlarının divarlara dəyib əks-səda verməsi. Heç vaxt bu oğlanın sevgisini başqalarına olduğu kimi, məni ağrıtdığı, sarsıtdığı kimi danışa bilməyəcəm.

Bir dəfə metroda bomba xəbəri verildi. Hamı təlaşlandı. Qatardan düşüb tunelə girdik. Bir qız qəfil qoluma girdi, heç nə demədi, heç nə danışmadı. Elə bil sudan çıxmışdı, tir-tir titrəyirdi. Hiss etdim ki, tükləri biz-biz durub, üzü meyit üzü kimi dümağdır. Biz növbəti stansiyaya çatana qədər nə mən, nə də naməlum qız danışdıq. Sonra elə bil ayılan kimi oldu, yuxudan duran adamlarda olduğu kimi gözlərini ovuşdurdu, ətrafa döyükdü. Qolunu qolumdan çıxarıb “sağ ol”suz, bir kəlməsiz çıxıb getdi.

İndi nə vaxt metroya minirəm o qızı görürəm. Bu əhvalatı danışdığım adamlar iki yerə bölünür: inanan və inanmayanlar. İnananlar: “Yekə kişisən, qızla niyə tanış olmadın, niyə nömrəsini almadın?” İnanmayanlar: “Sən də lap ağ elədin. Elə şey olar?”

Həyatda başıma gələn bu cür qəribə hadisələrin nədənsə məndə böyük təsiri olur, depressiyaya düşürəm, uzun müddət özümə gələ bilmirəm, kitablara, filmlərə qapanıram, ətrafımdakı insanlar mənə boş çən kimi gəlir, uzaqlaşmaq, harasa, getmədiyim şəhərlərin küçələrində azmaq istəyirəm. İnsanların bu cür əhvalatlarıma inanmağı üçün çox çaba sərf edir, dil qəfəsə qoymur, müxtəlif arqumentlər irəli sürürəm. İnanan olanda bağrıma basıb qucaqlamaq istəyirəm. İnanmayanlar isə mənə işğal olunmuş torpaqları xatırladır... Heç kim orda bir həyat olduğuna inanmır. Mən də elə işğal olunmuş torpaq kimiyəm.

Hə, lap yadımdan çıxdı, sənə o keçmiş sevgidən bəhs edəcəkdim. Əslində bu çərənləmələr, uzun-uzadı izah sənin inanmağın üçün deyil, sadəcə bu əhvalatı anlamağın, mənim kimi öz həyatının parçası kimi görməyindi. Əhvalatı tam danışmağa da hövsələm çatmır, ucundan-qulağından deməyim məncə yetərli olacaq.

Oğlan qızın hər gün arxasınca düşür. Qız artıq duyuq düşüb, növbə məktubdadır. Məktub ünvana çatanda hər şey ip kimi açılmağa, uzanmağa başlayır. Qız razı deyil, hətta bundan qalmayıb oğlana ondan əl çəkməyi üçün hədələyir: “Bir də qabağıma çıxma”. Oğlan isə qıza tabe olsa da ayaqları sözünə baxmır. Bir belə, iki belə axırda oğlanı möhkəm döyürlər. Özü də düz qızın qabağında. Anası onu sarıyır, yarasını yodlayır, onu döyənləri qarğayır. Oğlan isə gülümsəyir, xoşbəxtdir, anasına susmağını tələb edir. Qızı ilk dəfə belə yaxından gördüyü üçün həmin anı unuda bilmir. Sonra hər şey alt-üst olur, qızı qaçırdıb bir dostunun evinə aparır, qışqır-bağır, qızın söyüşləri, tüpürcək. Oğlan nə eləyir, qız ona bağlanmır. Günlər gəlib keçir, heç nə yox. Axırda oğlan qızı buraxır. Düşünür ki, bəlkə geri qayıdar. Qız həmin şəhərdən köçür, oğlan onların əşyalarının “Kamaz”ın arxasına yığıldığını görür. Hər gün küçədə oturur, yatır, içir, ağlayır. Küçə tamam boşalır, adamsız olur, yalnız küləklər qalır. Xatirələr... artıq onlar da yoxdur. Gecə girib uşaq, qoca, qadın tanımadan qıran düşmən əsgərinin yaratdığı xarabalığa bənzəyir bu küçə.

Bu əhvalatı sənə ona görə danışdım ki, indi mən də səni işğal olunmuş torpaq kimi xatırlayıram. Laçınlı bir dostum var, beş yaşı olanda çıxıblar şəhərdən. Hər dəfə oranı, dağları, evləri xatırlayanda əzab çəkir, yumruğunu sıxır. “Bircə o yadımdadır. Evdən çıxdıq. Mən maşında anamın qucağındaydım. Qabaqda “Kamaz” gedirdi. Qəfil nəsə atdılar. Düz maşınla “Kamaz”ın ortasından keçdi”. Hə, o oğlanın gecələr yuxusuna həmin silah girir və həmin silahın işığına dik atılır. Laçınlı oğlan kimi səni, işğal olunmuş torpağı xatırlaya bilmirəm, yalnız kiçik bir hissə yadıma düşür və o an diksinirəm, çarpayımdan yıxılan kimi oluram, özümü hündür mərtəbəli binanın qırağında, aşağıda hər şeyin xırda-xırda göründüyü halda hiss edirəm.

Sən mənim həyatıma həmin o köhnə sevgi əhvalatı danışdığım oğlanın qarışıq duyğular içində olduğu vaxt gəldin. Yaddaşımda bir-birinə bitişdirə bilmədiyim parçalar var: Hüseyn Cavid parkı, görüşdüyümüz üç gün, sənin hazırlıqların, saçların, buruq saçların, iri, badamı gözlərin, arıq bədənin... Bir də o son sözlərin: “Sabah görüşək, sənə ehtiyacım var...”

Görüş vaxtına bir saat tez gəlmişdim, yadımdadır. Bir də o yadımdadır ki, sən gəlmədin, həmin gün ətrafımdakı adamların da işinin gətirmədiyini hiss elədim: hamı əsəbiydi, itlər pişiklərə qənim kəsilmişdi, sevgililər dalaşırdı, qoca kişilər qışqır-bağır salmışdı, bir də şəhərdə mitinq baş tutmuşdu, adamları polislər dəyənəklə yerə yıxmış, sürütləmiş, su şırnağı ilə dağıtmış, döymüş, maşına yığıb uzaq yerə aparmışdı. Şəhər düşmən əsgərlərinin qəfil girib hamını güllədən keçirdiyi, boşalmış, kimsəsizləşmiş, unudulmuş, ölülərin və yaralıların olduğu xarabanı xatırlatdı həmin gün. Həmin gün işğal olundu hər şey: sən, mən, şəhər, insanlar. Çıxıb getməyə evim vardı, danışacaq dostlarım da, ancaq onlar tikanlı məftillərin o üzündəydi.

Bizim şəhəri işğal etmişdilər, nə sənə, nə də başqalarına getməyə yol qoymamışdılar. Hər yer silah səsindən sonrakı insan çığırtısına, uşaq ağlayışına, qadın diz çırpmasına bənzədi.

Bu hekayəni sənə ona görə yazıram, hardasansa, harda itmisənsə, oxumağın, yada salmağın və sonra birdəfəlik unutmağın üçün. Sən işğal olunmuş torpaqsan. Qayıda bilməyəcəyimiz, tikanlı məftillərlə örtülü, küçəsini, evini, yolunu, izini, ünvanını itirdiyimiz işğal olunmuş torpaq. Başqa uşaqların çərpələng uçurduğu, başqa insanların yaşadığı unudulmuş, tərk edilmiş, cənnətdən qovulmuş Adəm və Həvva kimi cəzalandırılmış yer. Sən və mən kimi. O köhnə sevgi əhvalatını yaşayan oğlan kimi, öz şəhərlərindən köçüb getmiş o qız kimi, yuxularında tez-tez silah səsinə dik atılan o laçınlı oğlan kimi...

Sən hardasansa, hansı unudulmuş, tərk edilmiş, işğal olunmuş şəhərsənsə, xarabalığa dönmə, küçələrə, parklara, çiçəklərə, ağaclara çevril. Demişdim sənə, bəlkə yadından çıxıb yenə deyirəm: Mən heç nəyi unutmuram! Bu məktubu oxuduğun vaxt başqa bir əhvalatın bir parçası olacam, başqa bir tale yaşayacam, başıma gələnləri danışacam, amma heç kim buna inanmayacaq. Elə mən də sənin gedişinə inanmadığım kimi... Səni xatırlamaq üçün tez-tez unudacam. Yadında saxla: şəhərlər işğal olunur, xatirələr yox. Səninlə xatirəmiz belə işğal olundu. Bu gün təqvimimdə matəm günüdür.

# 2401 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #