Elif Şafakın batil inancları: “Duz çevirir, çörək otu səpir...”

Elif Şafakın batil inancları: “Duz çevirir, çörək otu səpir...”
28 iyun 2014
# 07:30

Kulis.Az Elif Şafakın “Alim qadınlar və batil inanclar” məqaləsini təqdim edir.

Səhər konfrans çox tez başladı. Axşama kimi davam edəcəkdi. Necə olsa mövzular dərindi, danışanlar da iti danışır. Arxam, qabağım, sağım, solum dəst geyimli qadınlar, kostyum-qalstuklu kişilərə doludur. Arada mənim kimi tək-tük uzun don geyinənlər olsa da çoxu təmiz akademik görkəmindədir. Qəhvə fasiləsi olan kimi özümüzü foyedə masaların başına veririk. Yanımda dayanmış qadın özünü təqdim edir. Siyasi analitik, XX əsr Balkan millətçiliyi mütəxəssisi, köməkçi professor kimi uzun adı olan şıq geyimli qadın ilə söhbətə başlayırıq. Ortaq maraq dairələrimiz ortaya çıxdıqca açılışır, yazmaqda olduğu məqalənin ana xəttini anladır. Üzlərimiz durğun, üzərimizdə ciddi bir əda, danışdığımız söhbətlər ağırlığından biz də ağırlaşmışıq. Ta ki, həmsöhbətim önə doğru əyilib tort yemək üçün çəngəl-bıçaq dəstindən mənə bir dəst uzadan kimi.

İndi bu səhnəni “dayandırmaq” lazımdır. Çünki normalda ən çox üç saniyə davam edən səhnə on-on beş saniyə sonra da bitmək bilmir. Təmiz əxlaqlı, ciddi, hər şeyi bilən, dayanmadan işləyən beyinlərlə dolu olan salonda akademik bir qadınla elmi mövzulardan danışan vaxtı birdən-birə donub qalıram. Qadın əlindəki çəngəl-bıçağı almağımı gözləyir. Guya nəzakətli davranıb torta qonaq edəcək. Udqunub gülümsəyirəm: “Rica etsəm, çəngəli verib, bıçağı isə masanın üstünə qoyarsınızmı?” Heç nə başa düşmədiyi üçün təkrar etmək lazım gəlir. Başqa şəkildə yoxlayıram. “Rica edirəm, çəngəli də, bıçağı da masanın üstünə qoyun özüm götürərəm.” Robot kimi təəccüblü hərəkətlərlə dediklərimi yerinə yetirir. Mən də öz çəngəl-bıçağımı götürürəm. Söhbətə qaldığımız yerdən davam etmək istəsəm də anlayıram ki, qadının fikri dağılıb, məndən açıqlama gözləyir.

“Şey… mən heç kəsin əlindən bıçaq almıram, aramız dəyməsin deyə.”

Ağır-ağır başını yelləyir. Gördümi birinci dəfə görürmüş kimi məni diqqətlə, maraqla incələyir. Ona görə də dedim heç olmaya danışım.

“Heç kimin əlindən bıçaq almıram. Gecə dırnaq kəsmirəm. Göz muncuqlarına arxamı çevirib oturmuram. Börək üçün yaydığım xəmirin içinə nəfəsim keçməsin deyə nəfəsimi saxlayıram. Qapı kandarına ayağımı qoymuram. Duz çevirir, çörək otu səpir, tərs üzü üstə düşmüş çörəyi düzəldir, cin deməmişdən əvvəl dilimi dişləyir, ovcumun içi qaşınanda dairə formasında qaşıyıram…”

Mən danışdıqca qadının üzünü dəhşət böyüyür. Etika xətrinə gülümsəyərək “Qəribədir, necə də qəribədir!” deməklə kifayətlənir. Sonra sözlərinə o lazımsız ifadəni də əlavə edir: “Mədəni təlimlər!” Səsi soyuq olmasa da quru, baxışları pis omasa da məsafəli idi. Hər şeyi analiz etməyə öyrənmiş beyni bunu da analiz edib bir kənara qoydu. Yaxşı ki, çox keçməmiş qəhvə fasiləsi bitərək bu ciddi, akademik qadını mənim batil inanclar siyahımı dinləməkdən, məni də onun üzündəki dəhşəti seyr etməkdən qurtarır. Kostyumlu kişilər, dəst geyimli qadınlar güruhuna qatılaraq təzədən konfrans zalına geri dönürük.

İkinci hissəni həmin ciddi, akademik qadın idarə edir. Amiranə şəkildə öskürür, boğazını təmizləyir, sonra çıxış edəcək adamları tanış edir və sanki əvvəlcədən hazırladığı giriş sözlərini deyir. Masada çıxış edəcək dörd adam var, sıra ilə hər birinə söz verir. O qədər dəqiqdir ki, hətta çıxış üçün verilmiş on dəqiqə müddət bitən kimi çıxışçının sözünü kəsib o birinə verir. Nəhayət söz dördüncü adama gəlib çatır. Yaşca o birilərdən xeyli böyük olan beynəlxalq əlaqələr üzrə mütəxəssis sözünə başlamazdan əvvəl çevrilib salona göz vuraraq deyir: “Konfrans rəhbərimiz çox avtoritardır. Vaxtımı keçməyim, şeytan qulağına aparar!”

Tuk-tuk-tuk. Çıxışçı qulağını çəkib masaya vurur. Həmin ciddi akademik qadının beli birdən dikəldi, elə bil bel xəttini xətkeşlə çəkmişdin. Üzündə elə bir ifadə vardı ki, sanki bu dünyada hamı dəlidi. Üzü gərginləşdi, həyəcanlandı. On beş dəqiqə keçməsinə baxmayaraq dördüncü çıxışçı hələ də danışırdı. Akademik qadın isə bu dəfə onun sözünü kəsməyə cürət eləmədi. Mənə elə gəldi ki, bu işdə batil bir qüvvənin əli var və rahat-rahat çıxışçını dinləməyə davam elədim.

# 3375 dəfə oxunub

Oxşar xəbərlər

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #