“Yaxşı kitablar təkrar oxuduğumuz kitablardır”, - Andre Morua “Ədəbi portretlər”ində yazırdı. Belədirsə, onda Jan-Pol Sartrın “Sözlər” povesti mənim üçün çox yaxşı kitabdır. 10 il ərzində onu bəzən bütövlüklə, bəzən hissə-hissə neçə dəfə mütaliə etdiyimi saymaq ağlıma da gəlməyib.
Ancaq “zövqlər barədə mübahisə etmirlər”. Mütaliəyə incəsənət kimi baxan bir dostumda bu kitab güclü təəssürat oyatmadı. Bəlkə də sirr paralellərdədir. Sartr kitablar arasında böyüyən balaca Sartrı yazıb. Kim öz uşaqlığının başqa birisinin gözü və qələmində necə göründüyünü bilmək istəməz ki?! Bu, vur-tut xatırlamaq şansı da deyil, daha böyük bir hissdir - başqasının həyatını oxuyaraq öz həyatını görmək...
***
Məndə olan “Sözlər”in titul vərəqində yazılıb:
“Əziz Kişvər Bağırovna! 10 ”A” sinif şagirdləri Sizə çəkdiyiniz bütün qayğılara və bizə verdiyiniz biliklərə görə təşəkkür edir”.
(Bu mətn rusca yazılmışdı)
Və tarix - “28 iyun 1966-cı il”. Hesablamaq çətin deyil ki, bu kitabı rus dili müəllimələrinə hədiyyə edən o yeniyetmələrin hazırda 63-64 yaşları var. Onların təşəkkür forması isə kitabdır. Bu cür vaxtlar vardı, indiki şagirdlərdə bu, gülüş və anlaşılmazlıq yaradır. Ancaq tarixi kitab vərəqi kimi cırıb atmaq mümkün deyil - fakt faktlığında qalır.
Bu kitabın sonrakı taleyi əslində bizim son 20 ildəki tariximizin qısa illüstrasiyası ola bilər. Kitab məktəb kitabxanasında qalır, müstəqillik illərində rus dilinin tədrisi də, kitabxanadakı rus dilindəki kitablar da ixtisara düşür. Və Sartrı zibilliyə tullanmaqdan xilas edən bir kitabxanaçı qadın kitabı evinə gətirir, “Sözlər” onun oğlundan gəlib mənə çıxır.
Bu “kitablar haqda kitab”a yazılan zibillik koordinatları yaşadığımız cəmiyyətdə yaxşı kitabların qismətinin göstəricisidir. Pis kitablara isə yaşıl işıq - oxucusu olmasa da...
***
“Həyatımı böyük ehtimalla başladığım kimi də bitirəcəm - kitabların arasında” - Sartr yazır. “Sözlər” bu həyatın necə başladığının tarixçəsidir.
Tək və tənha, sərt baba, qəribəliklərlə dolu nənə və onların heç bir sözündən çıxa bilməyən ana ilə bir evdə böyüyən Sartra kitablarla çox erkən dostluqdan daha uğurlu və xilasedici tale fikirləşib tapmaq olmazdı. “Sözlər”i 2 fəslə bölməklə müəllif öz uşaqlığının lakonik təsvirini verir: 1-ci fəsil “Oxumaq”, 2-ci fəsil “Yazmaq” adlanır.
“Oxumaq” 1912-ci ildə bitir. 7 yaşlı Sartrın “Yazmaq” dövrü başlayır. Kitabdakı hadisələr 1915-ci illə tamamlanır və Sartr müsahibələrində avtobioqrafiyasının digər dövrlərini yazacağına əminlik yaratsa da, “Sözlər”in ardı, “Sözlər”ə bənzər yeni nəsə yazmır.
***
“Atalarla övladların mübarizəsində körpələrlə qocalar işbirliyindədir: biri kahinlik edir, ikincisi bu kahinliyi yozur. Təbiət danışır, təcrübə isə şərh edir - orta nəsil səsini kəsib dayanmalıdır”. Atasız böyüyən balaca Jan-Polun babası Şarl Şveytserlə (yeri gəlmişkən, məşhur humanist, həkim, musiqiçi və nobeliat Albert Şveytserin əmisi oğlu) münasibətlərini bu cümlələr mükəmməl əks etdirir. “Orta nəsil” - Sartrın anası Anna-Maridir. Onun yeganə davranış taktikası susmaqdır, mehrini nəvəsinə salmış baba isə körpədə həm də öz ölüm qorxusunu gizlədir. Balaca Sartr bu ailə dramının mərkəzi personajıdır, hamının diqqət mərkəzidir. Bu, ona çoxlu imtiyazlar verir, o cümlədən, ərköyünlük və kifir olmasına baxmayaraq öz bənzərsizliyinə və gözəlliyinə inam.
Ömrün startındakı bu faktları Sartr ümumiləşdirərək yazır: “Hər bir insanın öz təbii koordinatları var: yüksəkliyin səviyyəsini nə iddialar, nə də məziyyətlər müəyyənləşdirir - hər şeyi uşaqlıq həll edir”.
Unikallıq - bu, silahdır. Sartr yazır:“Mənə öz müqəddəs ağacıma dırmaşmaq gərək deyildi - mən artıq orada oturmuşdum və düşmək fikrim də yoxdu. Mən insanlardan yuxarıya yüksəlmək barədə heç düşünmürdüm də; dünyanın efemer oxşarları olan əşyalardan yuxarıda qanad çalmaq istəyirdim...”
5 yaşlı uşağı mütaliəyə anası alışdırır. Baba əleyhinədir - odur ki, kitabları ondan gizlədirlər. Ancaq bir gün sirr aşkar olanda və Şarl hirslənəndə qadınlar “günah”ı uşağın boynuna atırlar: Jan-Pol mağazada jurnalları görüb anasını onları almağa məcbur edib. Və babanın hirsi soyuyur. “Atam yəqin ki, kitabları yandırardı, babam isə tənələrlə kifayətləndi”.
Mütaliənin uşaq psixikasında açdığı izləri isə Sartr bu cür ifadə edir: “Babam gizlində məndə yazıçılara - bu cılız vasitəçilərə qarşı ürəkbulanma yaratmağı arzulayırdı. Nəticə tamamilə əksinə oldu: mən istedadla xidmətləri səhv salmağa başladım. Bu yaxşı oğlanlar mənə bənzəyirdilər: mən sözəbaxan olub ağrılarımı səbirlə daşıyanda bilirdim ki, irəlidə mükafat, zəfər çələngi gözləyir. Qardaş, bacı və dostlardan məhrum mən yazıçıların timsalında ilk dostlarımı tapdım. Öz romanlarının qəhrəmanları kimi, onlar da sevir, böyük əzablar çəkir, ancaq hər şey yaxşı qurtarırdı; mən məftunluqla və sevinc içində onların bütün bədbəxtliklərini yaddaşımda canlandırır və təsəvvür edirdim ki, başlarına fəlakətlər gələndə onlar necə “Bəxtim gətirdi! Yaxşı şeir yaranacaq!” fikirləşib şadlanırdılar”.
Beləliklə, balaca Sartr yazıçı ilə onun yazdıqlarını eyniləşdirir. Əgər kitab qəhrəmanlığı tərənnüm edirsə, deməli, yazıçı özü də qəhrəmandır və öz həyatını yazır. Obrazların çəkdikləri əzab müəllifin öz əzabıdır, üstəlik müəllif bu əzablarla fəxr edir.
Kitab isə müəllifi həm də ölümsüzləşdirir. “Mənim nəzərlərimdə onlar ölmürdülər, hər halda sona kimi ölmürdülər - onlar kitablara çevrilirdilər”, - Sartr yazır və misallar çəkir:
“Mənim nəzərimdə, Kornel qırmızısifət, kələ-kötür gonbul idi, onun dəri qabığından yapışqan qoxusu gəlirdi. Çətin anlaşılan nitqi olan bu sərt, yöndəmsiz tipi bir yerdən başqa yerə köçürəndə onun iti bucaqları mənim qoltuqlarımı cızırdı. Ancaq səhifələri açdımmı, onun tutqun və zərif qravürləri bir etiraf kimi məni özünə cəlb edirdi. Flober kətan paltarlı, qoxusuz, çilli bəstəboy idi. Viktor Hüqo öz sonsuz sayda görkəmləri ilə bütün rəflərdə eyni vaxtda məskunlaşırdı...”
Uşağın xəyallarında, yazıçı - titandır, qədim yunan mifologiyalarının ölümsüz qəhrəmanıdır. Deməli, yazmaq - əbədi sağ qalmaq üsuludur.
“Yazıçıları hər şeydən yuxarıda yerləşdirmişdim və mənə 5-ci Karlın Titsianın əlindən düşdüyü fırçanı əyilib necə qaldırdığını danışdıqlarında qətiyyən təəccüblənmədim: “Buna bax, krallar elə bu cür işlər üçün mövcuddur da!” Eyni zamanda, yazıçılara ehtiram göstərmək ağlıma da gəlmirdi: onları nəhəng olduqlarına görə tərifləməli deyilik ki... Onlar sadəcə öz vəzifə borclarını yerinə yetirirlər. Yerdə qalanları isə qınayırdım ki, cılızdırlar. Bir sözlə, hər şeyi tərsinə anlayırdım və istisnanı qayda ranqına yüksəldirdim: mənim nəzərimdə bəşəriyyət sadiq heyvanlarla əhatələnmiş seçilmişlərin dar dairəsi idi”.
Bu seçilmişlər isə yazıçılardı.
Üstündən 5 onillik keçəndən sonra, 1963-cü ildə yazdığı “Sözlər”də Sartr özü-özünə sual verir: “Mən oxuyurdummu? Yox, mən ekstazda can verirdim”.
Orta burjua təbəqəsinin tipik övladı olan balaca Sartr mütaliənin onu real həyatdan necə izolə etdiyini xatırlayır: “Xəyallarımdakı adada mən birinci idim, müsabiqədən kənardım; ancaq adi şəraitə düşdümmü - sonuncuların sırasına enirdim”.
Və bu, “kitab uşaqları”nın qaça bilmədiyi bir qismətdir sanki...
Eyni zamanda, bu “seçilmişlərin dar dairəsi”nə aid olmağı bacarmaq - yaşamın əsas məqsədi kimi qəbul olunur. “Mənə təlqin edirdilər ki, biz komediya oynamaq üçün yaşayırıq. Mən rol oynamağa hazırdım, ancaq bir şərtlə ki, bu, baş rol olsun” - yazan Sartr sonrakı bütün həyatı ilə bu cümlələri reallaşdırmağa çalışdı. Əsərləri ilə, Nobel mükafatından imtinası ilə, epatajları, 1968-ci ildəki fəaliyyəti... ilə. “Paris Mayı” dönəmində Sartrı həbs etmək təklifi verənlərə Şarl de Qollun “Volteri həbs etməzlər” cavabı da bu qəbildəndir. Sartrı həbs etməyin ziyanı (və Sartra faydası) onu Azadlıqda saxlamaqdan qat-qat çoxdu.
Babasına, onun alim yoldaşlarına, bu nüfuzlu qocalara baxıb köks ötürən balaca Jan-Pol “Tezliklə dünyadan köçəcək, Avropanı matəmə, bəlkə də barbarlığa qərq edəcək bu əvəzolunmaz qocalarla əhatələnmiş mən hər şeyimi verərdim ki, qeyri-mümkün hadisə baş versin və ürəyimdə hökm səslənsin: “Balaca Sartr öz işinin ustasıdır. Əgər o, olmasa, bu, Fransa üçün yeri dolmayan bir itki olacaq” yazır.
İnanmaq olar ki, o, istədiyi hökmə nail ola bilir.
***
Oxumaqdan Yazmağa keçidin baş vermə anını o, təsadüf adlandırır. 1912-ci ilin yayında anası və nənəsi ilə birlikdə Parisdən Arkaşona yollanırlar, baba isə paytaxtda qalır.
Qoca Şarl qadınlara və balaca Jan-Pola həftədə 3 dəfə məktub yollayırdı. 7 yaşlı Jan-Pola məktub şeirlə yazılırdı. Uşaq babaya adekvat üslubda cavab yazmaq niyyətinə düşür, anası da kömək edir. Və poçtun gətirdiyi cavabda baba nəvənin şeirini tərifləyir. Nəzmlə məktublaşma bütün yay boyu davam edir.
“Mənə heca lüğəti bağışladılar və mən şeir yazana çevrildim. Hətta qonşuluqdakı ağbəniz, xəstəliyin arabaya məhkum etdiyi Veve adlı qıza madriqal həsr etdim. O qız bir neçə il sonra öldü, mənim şeirlərimə isə biganə qaldı”.
O vaxtın ab-havasını ümumiləşdirərək Sartr yazır: “1912-ci ildə bütün uşaqlar dahi idi - məndən başqa. Mən meymunluq edir, mərasimləri yerinə yetirir, özümü yaşımdan böyük göstərirdim, ancaq yazmağa ilk növbədə ona görə başladım ki, Şarl Şveytserin nəvəsiydim. Lafontenin təmsillərini oxudum və narazı qaldım - onları yenidən yazmaq qərarına gəldim”.
Şeir eksperimentləri tezliklə nəsrlə əvəz olunur. Balaca Jan-Pol birbaşa roman yazmağa başlayır. Dəftərlərin üstünə “Romanlar üçün dəftər” yazaraq nömrələyir. İlk “roman”ını da “Kəpənək naminə” adlandırır. Burada alim ata və qızı nadir kəpənək növünün ardınca Cənubi Amerikaya yollanır, başlarına çoxlu fəlakətlər gəlir. Əlbəttə, bu, Jül Vernin təsiri altında yazılmışdı. “Mən özümü plagiator sayırdımmı? Yox, mən özümü orijinal yazıçı sayırdım” - Sartr xatırlayır.
Eynilə Bussenar və Jül Vern kimi, Jan-Pol da yazdıqlarını elmi-kütləvi biliklərlə zənginləşdirirdi. Məsələn, qəhrəmanlar akula ilə rastlaşıbsa, ensiklopediyanı açıb akula haqda məlumatları köçürürdü.
Yenidən baba Şarl məsələyə qarışır və nənəsinin cızma-qarasını faydasız, mənasız sayır. “Mənim susqunluqla qarşılanan və çətinliklə səbir etdikləri ədəbi fəaliyyətim yarımleqal şəraitə keçdi”, - 1915-ci il üçün Sartr yazır.
***
“Sözlər” - asan oxu deyil. O, özünəməxsusdur, mürəkkəbdir, intellektual yazıdır. Oxucu Sartrın “hara getdiyini” bilmir, ancaq “necə getdiyini” bilir.
Özünün hara can atdığına isə müəllif bu cümlələrlə eyham vurur: “30 yaşımda mən uğurla dəlisov bir fənd etdim: “Ürəkbulanma”da tam səmimi şəkildə özümə bənzərlərin məqsədsiz, haqq qazandırılmayan mövcudluğunun acısını qələmə aldım. Guya ki, söhbətin mənə dəxli yoxdu, halbuki, Rokanten mən özüm idim. Onun vasitəsilə mən öz ömrümün toxumasını acımasız göstərdim. Eyni zamanda isə mən “mən” idim - seçilmiş, cəhənnəmin salnaməçisi, öz protoplazmik mayesinə tuşlanan şüşədən və poladdan düzəlmiş fotomikroskop. Sonralar mən fərəhlə izah etdim ki, insan özü kimi ola bilməz: mən də özüm ola bilmirdim, ancaq mənim bu qeyri-mümkünlüyü açıb göstərmək, öz missiyasının obyektinə, öz şöhrətinin tramplininə çevirmək imkanı yaradan mandatım vardı...”