Həmişə yaşıl işıq - Mirmehdi Ağaoğlu yazır...

Həmişə yaşıl işıq - <span style="color:red;">Mirmehdi Ağaoğlu yazır...
1 aprel 2019
# 11:40

Onun komaya düşmə xəbərini eşidəndə təzəcənə çörək yeməyə hazırlaşırdıq. Qəfil zəng gəldi. Dedilər bir az əvvəl İrandan bir nəfər zəng vurub, deyib ki, komaya düşüb, təcili ayağı kəsilməlidir, qanqrendi. Yoxsa pis olacaq. Əməliyyatın xərci də filan qədər. Sabah, uzağı biri gün o pul İrana çatdırılmalıdır, özü də gərək oğlundan-qızından, yaxud yaxın qohumundan kimsə yanında olsun, xəstəxanada sənədə qol çəksin ki, məsuliyyəti üzərinə götürür. Çünki ağır əməliyyatdır. Əməliyyat vaxtı ürəyi yatar, ya sağ çıxmaz deyə həkimlər qorxurlar. Vaxtında özünü yetirsəydi, bəlkə nəsə eləmək olardı, indisə gecdir, dizdən aşağısı kəsilməlidir. Yoxsa...

Belə xəbərdən sonra iştahmı qalar, qalmaz. Tok vurmuş kimi hərəmiz bir tərəfdə quruduq. Nə edək, kimdən mədəd umaq? Kimlə danışaq? İranda da heç kimimiz yox. Nə qədər təkid elədik ki, tək getmə, yanında kimisə apar, sənə həyan dursun, baxıcılıq eləsin, inadkarlığına saldı ki, yox, heç kəs lazım deyil, tək gedib, tək qayıdacağam. İndi də belə... Axı nə baş verir? Zəng edən kim idi? Özü niyə danışmayıb? Necə yəni komaya düşüb? Burdan gedəndə vəziyyəti yaxşı idi, birdən-birə noldu? Bəlkə ağlımıza gətirmək istəmədiyimiz daha betər hadisə baş verib? Allah eləməsin. Yoxsa, bizə fırıldaq gəlirlər? Yaxşı, bəs bu qədər pulu hardan tapaq? Pulu tapdıq, kimlə göndərək, kimin xarici pasportu var, kim gedəcək, onu İranda necə tapacaq?

Suallar çox, cavablar isə yox idi.

Rabitəsiz suallar təkcə beynimizdə yox, ətrafımızda da cınqı kimi sağa-sola saçılırdı. Yoldaşım mənə sual verirdi, mən ona. Bu qarışıqlığın içində heç nədən başı çıxmayan 3 yaşlı oğlum da bizim təlaşımızı görüb bir-birimizə verdiyimiz sualları təzədən özümüzə qaytarırdı. Görünür, uşaq da babası üçün narahatlığını belə ifadə edirdi.

Yoldaşım bir neçə dəfə anasıgilə zəng vurdu. Bir xəbər çıxmayıb ki? Bəlkə təzədən İrandan gələn nömrəyə zəng etsinlər? Suallara hələ də cavab yoxdur, onlar da başlarını itiriblər, həyəcan bitmir. Dua-səna edə-edə, Allaha yalvara-yalvara, nəzir-niyaz deyə-deyə yığışıb onlara gedirik ki, görək bu müşgülü necə həll edirik, bu dərddən necə xilas oluruq?

***

....onu təkqıç görəndə dəhşət məni bürüdü. Bir həftə, on günün içində adam necə dəyişərmiş: sınıxmış, əzgin, çarəsiz. Polad kimi möhkəm adam getmiş, yerinə yuxa kimi kövrək bir adam gəlmişdi. İkinci Dünya Müharibəsindən sonra ordu saxlamaq qadağan edilmiş Yaponiyaya bənzəyirdi, bədəninin parası ilə qüdrəti də getmişdi. Əvvəllər vulkan kimi qaynayıb-daşan bir kişi bundan belə nə edəcəkdi? Səhər tezdən durub evdən çıxır, köhnə “Zapı”sı ilə Bakını ələk-vələk edir, bir dəqiqə də dinc durmurdu. Bu qədər işi necə çatdırırdı, necə görürdü, bilmirdin: Ələtdə kombi qoyub, yarım saat sonra Şüvəlanda kafel vura bilərdi, Yeni Yasamalda ölçü götürüb, onca dəqiqə sonra Köhnə Günəşlidə qapı-pəncərə quraşdırırdı... Hamının da dadına Xızır kimi yetişirdi. Bir də axşam evə gəlib süfrə arxasına keçəndən sonra rahatlıq tapırdı. Günün yorğunluğunu isə mütləq süfrə başında bir-iki qədəhlə canından çıxarırdı.

Onu işləyən görəndə deyərdin bu kişiyə iki ayaq azlıq edər, dörd ayaq gərəkdi. Bundan sonra bir ayaqla nə cür yaşayacaq? Üstəlik ailənin bütün məsuliyyəti də çiynində. Bir oğul evləndirməli, iki qız köçürməli. Çətin olacaq, çox çətin.

***

İranda əməliyyat olunub qayıtmağından iki gün keçmişdi, ya keçməmişdi, eşitdim stolun üstünə dırmaşıb, tək ayağı üstə köməksiz-dayaqsız dayanıb, otağın lampasını dəyişib. Nə qədər deyiblər, düş, Allah eləməmiş yıxılarsan, ayağının kəsiyi hələ bitişməyib, açılar, bir xətər çıxar, onsuz şəkər adamsan, yaran da gec sağalır, sözə-danlağa baxmayıb. Səhəri gün də durub işə yollanıb. Yenə nə qədər təpiniblər məhəl qoymayıb, deyib ki, bütün günü çarpayıda uzanıb qalmaq onluq deyil, ömründə heç vaxt səhərdən-axşamadək yıxılıb yatmayıb, heç soyuqlayanda da. Bu yaşdan sonra bütün günü evdə necə otursun?

Evdə deyiblər, heç olmasa bir-iki gün də döz, kəsiyin yeri təmiz sağalsın, sonra çıxarsan, yenə inadkarlağına salıb, xəstə-xəstə, axsaya-axsaya, kastellərin köməyi ilə birtəhər keçib oturub “Zapı”ya, sürüb sexə.

O, duran, bu duran.

Xahiş-minnət edirdik ki, axı belə vəziyyətdə işləmək olmaz, sənin vəziyyətində olanlar adətən evdə oturarlar, əvvəlki kimi çalışa bilməzsən. İşləmək istəyirsənsə, heç olmasa pinəçilik, ya başqa münasib bir iş düşün tap, birtəhər başını qatarsan. İnadkarlığından qalmırdı ki, yox, elə əvvəlki işimlə məşğul olacam, svarka, dəmir işi, çilingərlik, sex işi, kombi quraşdırmaq... Burda nə var, oturacam, fəhlələr dəmiri gətirəcəklər, mən də svarkamı edəcəm.

Arada yoluxmağa gedirdim, deyirdi hər şey yaxşıdır. Bircə maşın sürmək çətindi, onun da çarəsini tapmışam, kastellə basıram muftaya, skorostu dəyişib, o cür sürürəm. Mən də guya ağıllı çıxmışam, məsləhət verirəm: heç olmasa imkanlaşdır, avtomat karobka ilə işləyən maşın al. Onda sürmək asan olar. Pah, necə ciddi məsləhət vermişəm, ilahi? Məsləhət deyil, elmi kəşfdir! Elə danışıram, elə bil xəbərim yoxdur, guya bilmirəm ki, avtomat karobka xam xəyaldır, ailənin dolanışığını güclə çıxarır, avtomat karobkalı maşını necə alacaq? Ancaq nə edim, təsəlli xətrinə, ümid yaratmaq naminə nəsə deməliydim.

Avtomat karobkalı maşını yox, ancaq protezi nə vaxt aldı, onu bilmədik. Bir də gördük, budur, şalvarın sol balağı həmişəki kimi qatlanmayıb, özü də kastelsiz-falansız gəlir. Düzdür, bir az axsayır, amma eybi yox. Əsas odur, kastelləri atıb. Amma uzağa yox, maşının arxa oturacağına atıb ki, birdən gərək olar. Harda gərək olduğunu da deyəcəm, darıxmayın. Bir-iki gün əsa ilə gəzdi, sonra onu da atdı. Cüzi axsamağını çıxsaq, yeriyəndə elə bilirsən əvvəlki adamdır, heç İranda ayağının birini...

İndi maşını da rahat sürür. Hə, maşını da dəyişib, köhnə də olsa “Qaz-31”ə keçib. Maşının banında yüklük yeri quraşdırılıb. Sizə bir sirr açım? Bakının ən böyük, ən ağır dəmir-taxta sifarişləri onun maşınında daşınır. İstəyən olsa, nömrəsini verə bilərəm. Deyirəm axı gözü qorxmur, İranda əməliyyat masasına uzanıb həkimə “nə gözləyirsən, tez elə kəs, ya da laqonda ver, özüm kəsərəm” deyə təpinən adamdır... Bir də görürsən budur, yolun ortası ilə yekə bir yük gəlir, darvazadır, dəmir lövhələrdir, ya hər nədirsə, o qədər iri bir şeydir ki, axırı altında maşın varmı, yoxmu o da hiss olunmur. Hər adamın cəsarəti çatmaz maşına bu cür yük vurub yola çıxsın. Bunun üçün gərək şir ürəyi yeyəsən. Doğrusu, bilmirəm, şir ürəyi yeyib, ya yox, amma canavar ürəyi yediyini özü mənə etiraf edib. Dedim axı, yeyib-içməklə arası yaxşıdır, üstəlik möhkəm ov həvəskarıdır da, tüfənginə nə heyvanlar, nə quşlar tuş gəlməyib ki.

Bəs yol polisi saxlamırmı? Saxlayır, niyə saxlamır. Özü deyir ki, sağ olsunlar, hörmət qoyurlar. Düzdür, bəzən anlaşılmazlıqlar da yaranır. Həmin vaxtı da bax, kastellər lazım olur. Bir dəfə yenə polis saxlayıb. Bu da kasteli götürüb maşından düşüb. Polisin yanına çatanda kastellə protez ayağına danqıldadıb. Polis əvvəl özünü itirib, heç nə başa düşməyib, bu səs hardan gəlir, handan-hana məsələnin nə yerdə olduğunu bilib, deyib sən ki, belə vəziyyətlə bu cür sınıq-salxaq maşın sürürsən, işindən-gücündən qalmırsan, çıx get, sənə həmişə yaşıl işıqdı.

Arada evdə uşaqlarla da zarafatlaşmağı var. Gərək hər axşam protez çıxarılsın, kəsik yer yuyulub-təmizlənsin, qulluq göstərilsin. Ayağına təzə protez qoydurduğu vaxtlarmış. Protez ayağının əvəzinə salamat ayağını qabağa uzadıb. Uşaqlardan hansısa ha güc eləsə də protez çıxmayıb, başını qaldırıb atasına baxanda görüb kişi gülür... Yəqin kefinin yaxşı vaxtıymış.

Gülür gülməsinə, ancaq bilirəm ki, hərdən ayağı üçün darıxır da, deyir, elə bilirəm ayağımın ucu qaşınır, qaşımaq istəyirəm. Bir də protez ayağında çox qalanda ağrı, göynərti verir. Çox gəzməkdən kəsiyin yeri arada döyənək də bağlayır. Amma usanmaz, ayağı olmadığını hiss elətdirməz. Əvvəlki təki işində-gücündədir. Tanıyan olmasa, bilməz bir ayağı yoxdur.

Bir dəfə yenə onlarda oturmuşduq. Televizorda ən müasir protezlər barədə veriliş göstərirdilər; əzələyə, sinirə birləşdirirlər, rahat hərəkətə gətirə bilirsən, möcüzədir. Zarafatla dedim ki, əlindən hər iş gəlir, dəmirdən az qala robot yığasan, bəlkə bu protezlərdən birini düzəldəsən? Ciddi görkəm alıb nə desə yaxşıdı: “Düzəldərəm düzəltməsinə də, amma qorxuram salamat ayağımdan yaxşı işləyə, yenə axsayam”.

Deyəsən qızının toyu ərəfəsi idi. Evdəkilərin ayaqqabıları təmizlənib günün qabağına sıra ilə düzülmüşdü, hamının ayaqqabısı öz tayını qucaqlayıb şəkil çəkdirirmiş kimi şux dayanmışdı. Bircə onun ayaqqabısı təktay idi – onda hələ protezə keçməmişdi. Əşya olanda nolar, boynubüküklüyü ap-aydın hiss olunurdu. Və mən həmin gün siqaret çəkə-çəkə bir xeyli o təktay ayaqqabıya baxıb fikirləşdim ki, təkcə adamlar yox, elə əşyalar da taylarını itrəndə miskin görünürlər.

Toy demişkən... Toyda oynamağından da qalmır. Elə ki, yedi-içdi, kefi düzəldi, musiqiçilərə yaxınlaşıb mütləq bir “Uzundərə” sifariş verəcək. Bəh-bəh-bəh... Görün necə şövqlə oynayır!

Onun yerində kim olsa bu boyda məşəqqətdən sonra yerindən durmaz, əlini ağdan-qaraya vurmazdı. Amma o, dayanmır, həyatla oynadığı bu “futbol”u təkayaqlı da oynayıb qapısından qol keçirməyi bacarır.

Hərdən qabağıma əlinin, ayağının biri olmayan adamlar çıxır. Onları, çarəsiz, miskin, dilənən vəziyyətdə görəndə o, gəlib durur gözümün qabağında. Düşünürəm ki, həyatını çəkib hamıya göstərmək gərək. Qoy məlum olsun ki, taleyin qəfil zərbələrindən yıxılmayanlar da var bu həyatda. Əla motivasiya olardı. Özü də... Hamı üçün, hamımız üçün.

# 4475 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #