Bəzi əsərlər var ki, məşhurdur, amma oxuyanda xəyal qırıqlığına uğrayırsan. Həmin məşhur əsər səni cəlb eləmir, sona qədər oxuya bilmirsən.
Bəs tanınmış yazıçılarımız hansı məşhur əsəri oxuyanda xəyal qırıqlığına uğrayıblar? Hansı məşhur əsəri bəyənməyiblər?
Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.
Əkrəm Əylisli
- Məsələn, Pasternak “Doktor Jivaqo” və Solijenitsinin “Arxipelaq Qulaq” əsərlərini axıracan oxuya bilməmişəm. Sorokin, Murakami, Orxan Pamukun əsərlərini çox çətinliklə oxumuşam. Çingiz Aytmatovun “Edam kötüyü”nü və İsa Hüseynovun “İdeal”ını da necə deyərlər, həzmi-rabedən keçirə bilməmişəm. Mehdi Hüseynin “Abşeron” və Süleyman Rəhimovun “Şamo” romanlarını cəmi 10-15 səhifəsini güc-bəla oxuya bilmişəm. Belə əsərlərin sayını bəs deyincə artırmaq olardı. Hələlik bu qədər kifayətdir.
Seyran Səxavət
- Mənim bir oxucu kimi stilim budur ki, hər hansı kitabı başdan bir az oxuyuram, görürəm, getmir, arxasını oxumadan qoyuram kənara. Oxuyub bəyənmədiyim məşhur əsəri xatırlamıram açığı. Çünki çox məşhur əsərlər oxumuşam. Bütün dünyanın oxuduğu məşhur əsərləri... Elə məşhur əsər də olub ki, haqqında çox danışılıb, amma oxumamışam. Həmişə yaza bilmədiyim kimi, həmişə oxuya da bilmirəm. Eksperiment üçün hansısa məşhur əsəri qabağıma qoyub görən bu niyə məşhurdur deyə oxumamışam.
Yaşar
- Elə əsərlər çoxdur. Stendalın “Qırmızı və Qara”, Umberto Eko “Gülün adı”, Hemenqueyin “Əcəl zəngi”. Çoxdur belə əsərlər, indi yadıma düşənləri dedim. Bəlkə də 80 əsər adı çəkə bilərəm.
Fəxri Uğurlu
- Məndə bir xasiyyət var, kitabı oxumamışdan əvvəl onun haqqında araşdırıram, bir növ kəşfiyyat aparıram. Məsələn, sizə bir şey deyim. Mən Markesin bir sıra əsərlərini, eləcə də “Yüz ilin tənhalığı”nı oxumuşdum. “Patriarxın payızı” romanını deməzdim bəyənməmişdim. Ancaq, tutaq ki, o əsər mənə görə “Yüz ilin tənhalığı”ndan aşağıdadır. Yəni “Patriarxın payızı” o ucalıqda əsər deyil. Gəncliyimdə “Novıy mir” jurnalında Solijenitsinin “Birinci dairədə” romanını oxudum. Oxudum deyəndə, tam oxumadım, oxuya bilmədim. Solijenitsinlə tanışlığım ordan başladı. Bu yazıçını o zaman bədii cəhətdən çox üstün hesab edirdim. Ancaq sonra gördüm ki, elə deyil. Məsələn, Şoloxovdan xeyli aşağı yazıçıdır. Mən onun bu romanını oxuyanda nadir ədəbi nümunə olacağını düşünürdüm. Ancaq təəssüfləndim. Bu sadəcə salnamə idi, mənim gözlədiyim bədii səviyyədə deyildi. “Sakit Don” ondan qat-qat üstündür.
İradə Tuncay
- Pasternakın “Doktor Jivaqo” romanı. Gördüm ki, boş hay-küydür. Qərbin sovetə yönəltdiyi siyasi təbliğatdır. Həmin vaxt Platonov da vardı... Amma yəhudi deyildi axı. Ona görə “raskrutka”sı yox idi. Yəni ədəbiyyat olaraq Platonov daha nəhəngdir. Lap dissident ədəbiyyatı olaraq da...
Aqşin Yenisey
- Çoxdur belə əsər. Məsələn, son oxuduğum romanlar arasında Milan Kunderanın "Dözümsüzlük", Xalid Hüseynin "Çərpələng uçuran", Amin Maalofun "Səmərqənd", Orxan Pamukun "Masumiyyət muzesi" və s. adını çəkə bilərəm. Elmi-kütləvi ədəbiyyatdan Riçard Doukinzin "Tanrı aldanışı" və Yuval Hararinin "Heyvanlardan Tanrılara: Sapiens" kitablarını da bu sıraya qoyuram. Hər iki kitab mənə görə orta məktəbi yaxşı oxumamış yeniyetmələr üçün maraqlı ola bilər. Oxuyarkən xəyal qırıqlığına uğramağıma baxmayaraq dini cəfəngiyatın içində eşələnən gənclərimiz üçün bir çox məsələlərə aydınlıq gətirər deyə “Tanrı aldanışı” kitabını dilimizə çevirirəm, artıq yüz səhifəsi hazırdır. Özümü yaxşı aparsam payıza yekunlaşacaq.
Etimad Başkeçid
- Den Braunun “Da Vinçi kodu”. Tom Henksə görə filmini birtəhər izləmək olar, amma əsərin özündən ləzzət almadım. Küyə düşüb oxuduğuma görə peşman oldum. Rəhmətlə başlayıb lənətlə qurtarır. Bu tipli “intellektual” trillerlər mənlik deyil.
Nobel mükafatçısı Elfride Yelinekin “Pianoçu qız” romanı da onun kimi. Başdan-ayağa pornoqrafiyadır. Ondansa pornoqrafiya filmi izləmək yaxşıdır.
Rəbiqə Nazimqızı
- “Əli və Nino”nu çox tərif elədilər, əvvəlindən bir az oxudum, maraqlı gəlmədi, görünür, üslub məsələsidir, amma hələ də özümü məcbur edib, oxuya bilməmişəm. Knut Hamsunun "Aclıq" romanını bəyənməmişəm, hərçənd onun səyahət qeydləri və hekayələri mənə çox doğma gəlir. Bir də “Dəli Kür”ü oxuyanda məyus olmuşam, çünki ilk dəfə filminə baxmışdım, kitabı oxuyandan sonra gördüm ki, kinosu kitabla müqayisədə çox-çox maraqsızmış. Ümumiyyətlə, çox zaman mənə təriflənən əsərlərlə bağlı məyusluq keçirirəm, görünür, ya daha çox şey gözləyirəm, ya da zövqüm fərqlidir.
Qismət
- Dünyadan Heminquey "Əcəl zəngi", bizdən Sabir Əhmədlinin bütün əsərləri.