General Məhəmməd Əsədova həsr olunmuş HEKAYƏ

General Məhəmməd Əsədova həsr olunmuş HEKAYƏ
20 noyabr 2015
# 12:01

Kulis Azad Qaradərəlinin “Generalın atı” hekayəsini təqdim edir.

General Məhəmməd Əsədovun xatirəsinə

- Duuu! Çər səni öldürsün!

Ana tərs-tərs oğlunu süzdü və sonra da acıladı:

- Sənə neçə dəfə deyiblər ki, o ata yük yükləmə!

Yaşı əllini keçsə də anasının bir sözünü iki eləməyən oğlu deyindi:

- İki səbət üzüm nə vaxtdan yük olub axı?!

Sonra da özü-özü ilə danışırmış kimi səbətləri çox çətinliklə atın belindən ala-ala dedi:

- Ay üzüm var ha!

Ananın içindən soyuq bir gizilti keçdi. Dizləri əsdi, üşütmə tutdu onu:

- Allah sən saxla! Mən də yuxumda üzüm görmüşəm. Üzüm göz yaşıdı… Bu millətə day göz yaşı qismət eləmə, mənim o yaranal balamı da öz şahpərinlə qoru, ey göylər şahı, yerin ləngəri, ərşin sütünü!

Yaşı yüzü haxlasa da hələ həkim-dərman görməyən ana birdəncə üşütməyə ürcah oldu və özünü sürüyüb birtəhər saldı içəri.

Gecə ağbilək iki dəfə zəngildədi. Qonşu Abbasın evi tərəfdən elə çöldəcə axurda ot gəvələyən Kəhər də bir-iki dəfə kişnədi. Ana axşamdan tutulduğu uçunma-üşütmə azarından canını qurtara bilməsə də huşu başındaydı. Oğlunu səslədi:

- Ədə, ay oğul! O Ağbilək bərk zəngildiyir… Nənəsi ölmüşün atı da yeri-göyü havxırır… Çıx çölə bir… Həyət-bacada qurd-quş olar…

Bərk yorğun idi. Ot biçmişdi, odun yığmışdı, bağı suvarmışdı, iki səbət keçiəmcəyi üzüm yığıb çətinliklə olsa da Kəhərə yükləyib evə gətirmişdi. Sonra da mal-davarı yerinə-yurduna yığmaqda arvad-uşağa kömək eləmişdi. Kəhəri qaşovlamışdı…

Kəhər dedim… Hə, bu at gələli onun işi birə-beş artmışdı. Atı böyük qulluqda olan general qardaşı gətirmişdi. «Qarabağ cinsidi bu. Çaykəndi erməni quldurlarından təmizləyəndən sonra at minmək keçdi könlümdən… Ağdamdan almışam bunu… Mən hər dəfə gələndə Şıxılcan düzündə minib çapacam bunu… Nəbadə üstünə yük-zad yükləyəsiniz ha! Bu yük atı deyil, minik atıdı! Allah qoysa, Şuşada qələbə paradını bu atın üstündə qəbul edəcəm!» Belə deyib getmişdi…

Əvvəl-əvvəl at onu yanına buraxmadı. Elə yedəyində aparıb hörüyünü dəyişdirər, suvarar, sonra da axşamlar gətirib bağlayardı axuruna…

Amma sonra özünü saxlaya bilmədi: «Əşşi, neynim e, general atıdı! Mən də öz evimin generalıyam də! Minəcəm, vallah! Baharlı olasan, at minməyəsən?! Minəcəm!»

Mindi, amma çox çətinliklə. İş ondaydı ki, atı minmək bir zülm idisə, düşmək də bir zülm idi. Adamın ayaqlarını qapırdı, gəmirirdi…

Belə-belə at ona, o da ata öyrəşdi. Axırda belinə az-az yük də yüklədi.

At yenə bir ağız kişnədi. Ana bu dəfə lap şivən qopardı:

- Ay namərd uşağı, bir eşiyə çıxın, dayna! Döşümün giləsi yanır, bu partlamış ürəyim də çıxır ağzımnan! O at qapı-bacanı dağıdır axı!

Durub paltarını geyindi, eşiyə çıxdı. At qabağındakı ota dilini də vurmamışdı. Özü də o qədər dartınmışdı ki, axuru söküb dağıtmışdı.

Ağbilək onu görən kimi üzünü Qənimətin evinə tərəf tutub üç dəfə uladı. Bu dəfə axır ki, kişiyə də isti keçdi. Başında papağının qalxdığını da hiss etdi. Tükləri elə qalxmışdı ki, papağı da özüylə qaldırmışdı.

Əlini göyə uzadıb salavat çevirdi, sonra dua oxudu:

- La ilahə illəllah! Əş ədü ənnə əliyyən vəliyyullah! Əş ədu ənnə Məhəmmədin rəsulallah!

General qardaşının Kəhəri gətirdiyi gün yadına düşdü. Atın axurunu düzəldə-düzəldə həmin anları bir də yaşadı.

Onda prokuror dostuyla gəlmişdi. Atı özü qaşovladı, sonra yəhərləyib mindi və üzünü dostuna tutdu:

- İsmət, qoy bir az bunu gəzdirim, sonra sənə bir maraqlı əhvalat danışacam!

Atı yastanda bir qədər sürdü, sonra qayıdıb gəldi. Ayağını üzəngiyə qoymadan atılıb yerə düşdü və sonra dedi:

- Bir gün Qaçaq Nəbiyə xəbər verirlər ki, Bartaz kəndində bir at var, bir at var, daha nə deyim! Nəbi ola, at ola, qoyardımı onu orada qala?! Gecəynən özünün ən yaxşı atlarınnan birini minir, gəlib bax bizim Baharlının yanından keçir, Bəsit çayını adlayıb gedir Bartaza. Atını düz sürür at sahibinin qapısına və deyir: «Allah qonağı istəməzsənmi?!» O zama da qonaqdan soruşmazdılar ki, kimsən, nəçisən, hardan gəlib-hara gedirsən? Ay, İsmət, baxma e, mənim bu qardaşıma, hər dəfə sən bizə gələndə soruşur ki, nə vaxt gedəcəksiniz! Ha-haha!

Elə şaqqanaq çəkib güldü ki, qonağı da, bir az pərttəhər olmuş qardaşı da qoşuldular ona!.. Bərk zarafatçıl idi, amma hərdən sözünü zarafatla deməyi də vardı…

«Hə, Nəbi əyləşir yuxarı başda. Ev sahibi də başlayır tədarük görməyə. Kəsdiyi öyəcin ətini şişlərə taxa-taxa arvadına qayıdır ki, süfrəni urvatlı elə, qonaqdan gözüm su içmir, bı ya Nəbidi, ya da allahın bəlasıdı… Hər nədisə, allahına bəndəlik eləyən adam deyil… Xüləsey kəlam, süfrəni kasad eləmə!»

Süfrədə can dərmanı desən varmış! Həə, Nəbi bir sağa baxır, bir sola, nə ətə, nə çörəyə əl vurmur, öz şələsini açır, çıxardığı bişmiş yumurtaları duza batırmadan soyub qoyur ağzına. Sonra da gülə-gülə qayıdır ki, biri birin göndərib bazara, deyir get can al gətir, can olmasa, yarımcan al gətir, yarımcan olmasa, zağnabıd al gətir, zağnabıd da olsama, zəhrimar al gətir! Can-ətdi, yarımcan-yumurtadı, zağnabıt-qatıqdı, zəhrimar da ki, ayrandı! Qardaş, mənimki yarımcandı!

Ev sahibinin gözündən Nəbinin yumurtanı düzsüz yeməyi qaçmamışdı! Ona görə öz-özünə deyir: «Bu kişinin məqsədi nədisə, duzumu dadmadı, çörəyimi də kəsmədi… Allah saxlasın bundan sonrasını…»

General gur saçlarını tumarlayıb əlini prokuror dostunun çiyninə qoydu:

- İsmət! Sən bir adət-ənənəyə bax e! Yumurtanı duzsuz yedi ki, atını aparacağı kişinin duz-çörəyini sındırmasın! Ə, bəs bu çörək itirən ermənilər bizim duz-çörəyi niyə tapdalayırlar ə? Vallah, o duz-çörək kəsəcək onları!

Sonra dərindən ah çəkib söhbətinə davam etdi:

- Həəə, Nəbi gecəynən atını bağlayıb kişinin atının yerinə, Boz atı minib «asta qaçana tanrı qənim olsun!» deyib, çıxıb gedir… Mənim rəhmətlik atamın da adı Nəbiydi, özü də bərk at azarkeşiydi… At həvəskarı olmaq mənə onnan keçib!

Yuxarı balkondakı açıq pəncərədən «Boz at, səni sər tövlədə bəsələrəm» mahnısının sədaları ətrafa yayıldı. General, qardaşı oğlunun həmin kaseti əmisinin sevdiyini bildiyi üçün oxutduğunu anladı və gülümsündü…

… Qayıdıb içəri girəndə oğul-uşağın televizor başına yığışdığını gördü. Əvvəl istədi keçib yerinə uzana, amma eşitdiyi son cümlələr onu yerə mıxladı:

-… vurulmuş vertolyotun içində…

General qardaşının və onun dostunun adını da oxudular…

… Bütün rayon camaatı, hətta qonşu rayonların da baştərpəndənləri onların kəndinə yığılmışdılar. Əslində yasa gələnlər onların həyətinə gəlməliydilər, amma həyətləri bu boyda adamı tutmazdı axı! Ona görə də bütün Baharlı kəndi yas yeri olmuşdu.

Anasının qara kəlağayısını kəndin girəcəyindəki tut ağacına bayraq əvəzi bənd eləmişdilər. Bütün kənd, bütün izdiham yas içindəydi…

… Kəhər axşamdan bağlandığı yerdə idi. Gözlərinin bulağından axan yaş bütün sifətini basmışdı. Üzünü göylərə tutub kişnəmək, kişnəmək istəyirdi, amma səsi çıxmırdı…

Diqqətlə baxan olsaydı, atın gözlərinin qan çanağına döndüyünü görmüş olardı… bütün ölkə kimi…

1999

# 2153 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #