Kulis şair Dəyanət Osmanlının yeni çapdan çıxan “Nəfəsimin qatili” kitabından bir neçə şeiri təqdim edir.
Eşq sevimli bir canidir
Sən elə bilirdin
eşqdir ölümün çarəsi
amma anladın başına gəldiyində
eşq ölümdən də qəddar
sevimli bir canidir.
Sənin düşdüyün sevdada
mənim günüm ağrıyır.
Ürəyim yuvasında
qorxan quş tək yuxusuz.
Gecənin üzü dərdli
göylər duyğusuz və zərif
quşların qocalmış qanadlarında.
Sən elə bilirdin
gecənin bu vaxtında ucaraq
qaçıb qəzadan
eşqdə gizlənmək olar.
Eyy-eheyy...
əkdiyim o qoxusuz gülün
kölgəsində ruhum təntiyib
adım yara bağlayıb qəzəbində.
Sənsə elə bilirsən
çaşıb qaysağını qopardıqca
qanayacaq köhnə yaralar
yenidən döyünəcək ürək
ölümün və eşqin fərqinə varmadan.
Gerçəyə istehza edən talesiz yolçuluqlar
keçmişə könüllü başlayacaq.
Qar altında can verən...
1.
Dünyanın o başında
qarlı bir ormanda
qar altında can verən
bir ovçu komasıyam.
Bir atəş səsi eşitmədən
bir ölüm hayqırtısına bayılmadan
adınla üzbəüz buluşaq
Tanrım.
Qeybin qapısından dönüb
üzünü görmək vədinə inamım yox
qalmadı taqətim
ömrü dənəməyə bir daha.
Bir etiraf göndərsəm
səni özlədim deyə
düz olsa da inanma.
Yıxıl dualarımdan
öldürsəm də oyanma.
Ölüm qapıda dayansın
soyuq kəssin sözümüzü
sorğu-sual bitməsin.
Qar bağlasın yolları
izimiz görünməsin.
2.
Tanrıyla
buluşma anını
lap çoxdan unutmuşam
doğma qarlı ormanda
ümidini qar basmış
sakini susuz
əkməksiz
havasız
bir ovcu türbəsiyəm.
Haydı
gəl buluşalım
bir atəş səsində
bir ölüm hayqırtısında.
Tanrım
əgər yaralı bulsan məni
bir səfər macərasında
üzümdə bir təngimiş soyuq nəfəs
başımın üstündə
bir tərk edilmiş doğma ürək görərsən.
Mənə çatar-çatmaz
üz-göz olmadan ayaq saxla
dəyişək buluşma zamanını
bircə rəhmətin bəs eylər
haqq üçün qəhr olan mutluluğa.
Sağlıqla qal
Əziz anam Yetərin baş daşına
Köprü üstə dayanıb
qonaqları ötürdüm.
Səni ovcuma alıb
son evinə götürdüm...
Sağlıqla qal
ay ana
daha gecdi mən gedim.
Bir az işim-gücüm var
sahmana salım gəlim.
Dilim ağrıyır deyim:
köhnə evin virandı
rəfdə salamat qalan
şəkillər və Qurandı.
Divarlar da buz kimi
bir nəfəs yox qızdıra.
Bir ruh ola söz kimi
ocağını yandıra...
Xatirələr dirilə
öləsən gülə-gülə.
Görürsənmi
ay ana
əlim qalıb amanda.
Ac dərdlər arasında
vurnuxuram
bir yana
yenə də çıxammıram.
Mən bir fani aşiqəm
səni torpağa gömdüm.
Bir oyundu bilirəm
ölümünü də sevdim.
Yolun səmti bilinməz
ağrıyıb ləngiyərəm
ölüm xəbərim gəlməz
özünə dərd eləmə.
Qəfil sənə gəlirsəm
odam dardı söyləmə.
İstər sonu ölüm olsun...
Sən yeriyirsən və yeyirsən
acıyırsan və hirslənirsən
mənim aclarımı çəkib
varlığıma sevinirsən
ölümümə heyfslənib
yaşamaq istəyirsən.
Bəlkə ümidin
ritminə həsrət qaldığın
bir doğma səsədir.
Yuxun ərşə çəkilib
bir xatirə ardıyca.
Balasını yuxuda itirmiş kimi
sərsəm oyanıb
sonra özünü sağ görüb
bir salavat çevirirsən.
Tənha və köməksiz qalanda
doğmaları bir-bir itirəndə
su keçməz boğazından
həyat gözündən düşməz yenə də
olacağa inanmadan yaşamaq istəyirsən.
Nə vecimə istər sonu ölüm olsun...
Elə mən də həyatı sevib
öyrəşdim oyunlarına
haqqında anlayışım olmadığı zamanda.
Sən də mənim sağ adımsan
Məzarlıq gülləri
həyata aşiq ölümün
ləkəsiz və amansız üzünə gülümsəyir.
O güllərin qoxusunda
Tanrının şərhsiz qədəri bayğın
və bir-birinə aman vermədən
insanı sonadək təqib edən
əzabla sevinc sarmaşıb.
Fələyin üzünə qarşı
heç bir başdaşı
mən xöşbəxt olmuşam,
demir.
Məzarlıqda ən kasıb adamın
xatirəsi də söyləmir:
mən burda evsiz və tənha qalmışam.
Çox ağır və insafsızdı
daşımın qara üzü.
Üstündə yazı da
ovutmaz doğmasını.
Eyy... yoldan küsən naməlum
sən də mənim sağ adımsan
kiminsə sinə dağısan.
Olma sonundan qaçmısan...
Gəl başımın üstündə dur
mən də üzü şad görünüm
Tanrının məsləhət bildiyi yerdə.
Bəlkə xatırlamağa
nə bir söz var
nə adam
Heç bilmirəm dünyanın
harasında çaşmısan
gəlib bağlı qapımın
yanından addamısan.
Bəlkə də yol uzunu
qaramca deyinmisən
tanımadan üzümü
min lənət söyləmisən.
Bəlkə xatırlamağa
nə bir söz var
nə adam
bəs niyə ağlamağa
dərd istədin
ay adam.
Bir iz yoxsa önündə
fürsət düşməz getməyə
mənəm itin günündə
adam tapdın hürməyə.
Yenə aldatdım səni
bir sevginin adına.
Çöldənmi tapdım səni
qoyum öz insafına.
Aramızda toz-duman
gözüm önümü seçməz.
Nə tuhafsan
ay aman
ruhun özünə dönməz.
Əgər ölməyəcəkdin
bəs niyə ürəyin var.
əgər getməyəcəkdin
nəyə gərəkmiş yollar.
Tanrını dost kimi əzizlədim
Ufacıq bir ürəyin
qapısı önündə qalmaq
soyuqda qızdırmadan
istidə sətəlcəmdən
həyatın içində
dəngəni itirib
yıxılmaqdan daha betərdi.
Dost məkrindən
düşmən hiyləsindən
qaçmağa bir yerim olmadı.
Sevinəndə
Tanrını dost kimi əzizlədim
acı çəkəndə
düşmən kimi darıldım adına belə.
Doğma yurd yerində
ya Tanrının rızasında
yaşamağa və ölməyə
bir köşə olmayanda
sığındım anılara.
Şeytankeçməz yollarda
səbirsiz var-gəl edib
hesab çəkməyə
bir suçlu görmədim.
Get bir qəbir o yanda öl
1
Getməyə yurd bulmadıq
bir söz üstən geri döndük
ayrılığın haləsində
ömrə səbir verə-verə
hürrün qəbrinə endik.
Can ağrısından betərdi
bir abırın utancı
aşıb-daşırkən öfkəmiz
sığdıq bir evə
bir yatağa.
Amma bir qəbirə sığmarıq
ruhumuz ayrılmalı ala-yarımçıq.
Qəbrimin yanından
keçən yol
sənin xilas yolundu.
Hər dəfə özündən çıxıb
yaşamın uğrunda savaşırkən
üzünü döndərib anidən
geriyə baxmadan
təsadüfən burdan ötərsən.
2.
Hər dəfə özündən çıxıb
qəbrimin yanından ötərkən
ala-bulud kimi dolursa könlün
get bir qəbir o yanda ağla özünü...
Baş götürüb
yanımdan həyəcansız ötəndə
anıların belə bağışlamaz.
Qeybin qayğılı səsi
xoş gəldin derkən
tənin ürpəşir bilirəm.
Qəbrimin yanında ləngiyib
gecəyə düşüb təntiyəndə
soyuqdan addımın dolaşanda
bu lal dilim də dinməz
bu kar səsim də çıxmaz deyim:
bir dur yanıma gəl.
Yuvasız və tək qalanda
çox gəlirsən
az gedirsən
o yanıma keçirsən
bu yanıma dönmürsən.
Onu istəyirsən
bir gün qızıb deyəcəm:
sən də ölməyə yer tapmırsan
məzarım təkadamlıqdı
get bir qəbir o yanda öl.
Sən də küsüb öləcəksən
gözdən-könüldən içdə...
Məzarım alınmaz bir ürək
Bir əsgər vətənini
anasıyla al-dəyişik salmışsa
bu vətən uğrunda savaşdığında
balasının ana ovcunda
özgür yaşayıb
onurlu öləcəyinə inanmışsa
Tanrı da döndərəmməz onu ölümdən.
Bir şəhid əmin yatdığı torpaqda
cənnəti görmüşsə
və bu cənnətin üstündə
qazilik keçər arzuların könlündən.
Üstündən saysız illər keçib
kiminçün yaşayıb
kiminçün öldüyüm yadımda deyil
dağılmış bir qurd yuvasında
kimliyim unudulmuş.
Məzarım alınmaz bir qala
kitabım susmaz bir tribuna
məzarım inləyir ürək kimi
küskün ruhların ayaqları altında.
Nazimin itirdiyi tablo
Bu gün yola çıxdım
rəssam dostum Nazim Şahın
fırçasında dodaqları quruyan
bir doğma anının yorğunluğunda
Şaman evi tablosunda gecələdim.
Babamın əziz yurdu
bəlkə də bu son gəlişimdir.
Sən nə yanımda,
nə ölənlərin arasındasan...
Heç Tanrı da istəməz
bulum yenə də səni
ürəkdən sarılım adına.
Burda Nazimin itirdiyi tablo
mənim hələ bitməyən
son şeirimdən bəhs edir.
Naməlum bir talenin rəngsiz kopiyasında
yaralarım qopur sal-sal
ürəyim də bulanır.
Həyatla savaşda
uduzmaq qüruruma toxunur.
Gerçəkdən təslim olduğumu görür kimi
yuxumda dəli-dolu
bir doğma dərd üzür könlümü.
Tanrım
sən də elə hey
pərişan görürkən məni
həm sevindirdin
həm də səbirlə sarsıtdın.
Nə yapmamı istərsən
sanki yalan və doğru bilməzsən.
Səbrinlə canımı yaxdın
Tanrım
halal etmək fikrim yox
keçmişin qəddar qətlini.
Oysa
asi çıxalım taleyin hökmünə
sonunda savaş səhnəmiz sağ qalır yenə
Nazimin qurumuş fırçasında
və Şaman evinin mistik divarlarında.
Mən qeybin içindən gəldim
…Hər dəfə də onu oxuyanda öz-özümə deyərdim:
görəsən, bu Osmanlı Dəyanət hardan gəlib…
Xaqani Qayıblı
Mən qeybin içindən gəldim.
Teleqraf tellərində
yorğunluğunu çıxaran
quş köçünün dağılan nizamı tək
yurd-yuvam tar-mar olanda
söz əlindən tutub gəldim.
Mən qeybin içinə gəldim
Borçalının lap dərin yerindən.
Pırlayıb quş tək uçdum
yad ayağı altından
fələyin dilindən yayınıb
təzə söz kimi düşdüm
Tanrının qafasına.
Nəbzimizin səsini
sözümüzün nəfəsini
yellər aparıb itirmiş
tərk etdiyimiz torpaqlardan
sanki gedər-gəlməzdən qayıtmışam
canım ağır və yaram ilacsızdı.
Ömrün pozulmuş dəngəsində
əllərim çənəmin altında
özümə bir ağı uyduraram.
Dilimdən dua kimi çıxıb
bir ocağın haləsində
öz qanına susayan
nimdaş bir yurd anısıyam
qoy dostlar oxuyub
gileylənsin arxamca.
Hardan gəlirdin
ay adam
ilin-günün şər çağında
bəlkə mənəm bulmadığın
ya da ölmüş bildiyin.
Amma yalan olsa belə
düzünü deyim:
kimliyini
tutamadığı sözü
aqibətini unutduğum
dostuma bənzəyirsən.
Bəlkə köçüm dağılıb burda
indi dar günümə gəlmisən.
Uca göyün altında
Başımın qovğası
sabahımın ölməz duası
həyatımı himn kimi ayaqda saxlar
bir vəfalı bozqurdun səsi
sinə dağlarımı qürurlandırar.
Uca göyün altında
bir türk odasıdı ürəyim
sakinsiz və təsəllisiz.
Divarlarda savaş tarixçələri
keçmişin qürurlu nəfəsidi.
Hər yaralandıqca
ruhum tərk olar səsimlə...
Axır bir gün dilim dönər
zalımın canın almağa
qarğış daşdan ağır gələr.
Ulus haqqın geri istər
öz qızmış öfkəsiylə
kimiliyinə şər atanın
məzarına el söyər...
Yaşam və ölüm
sarsılıb düşüncəmdə
içimdəki qaranlıq önündə acizəm.
Bir yovşan gölgəsinə sığınıb
fikir altında iki qatlandım
neyləyim sualı kimi.
Nəfəsimin qatili
1
Rastlarkən rəsminə itirdiyin birinin
üzü unudulmuş dostu görəndə
anılar adamın nəfəsini kəsir.
Bir hüzr törənində
bir doğma söz eşidəndə
bir əşyaya toxunub sındıranda
çox üzücüdür keçmişə dönmək.
İnsanı sükuta qovuşdurar anılar
bir naməlum qoxu duyanda
quşlar üstümü kirlədər deyə
bir ağacın yanından
ustufca ötəndə...
Bəzən ayaqda zorla dayanıb
həyata meydan oxurkən belə
anılar nəfəsimin qatili...
Üzünü heç görmədiyim
bir könül xoşluğu
adını heç eşitmədiyim
bir üzgünlük duyğusu
məni həyatımdan sapdırıb
məzarımdan belə didərgin salır.
2
Anılar qanımın səsi
durmadan tənimi oxşayır
ilk qar yağmurudu anılar
saçlarımda donub
üzümün qırışlarında əriyir...
Tamını-duzunu ayırd etmədiyim
yoxluğun həzzidi
acımasız tərk etdiyim yerdi anılar.
Bir axşam yol ayrıcında çaşıb
sabahı gözləyəndə
sağ-salim qalmaqçün
bəhanələr arasında vurnuxanda
nəfəsimin insafsız qatilidi anılar...
Tərpənməz canımı görəndə
özünüzü şaşırtmadan
cansız bir daşın yanından ötür kimi
yürüyün bu qətlin yanından
qismətinizin ardıyca.
Ömrün qışında vida günü
Tanrım
ölüm hələ son nəfəs deyil
buluşalım səninlə
ömrün bitdiyi yerdə.
Yaşamağa vaxt qalmasın
savaşmağa söz olmasın
ölməyə həvəs olmasın
yolda qalan kor göz olsun.
Ömrün qışında vida günü
gecənin şər vaxtında
sözlər donub buz bağlayar
sarmaşıb bir-birinə.
Səhər ertə tərslikdən
qıpqırmızı gün çıxıb
anıları əridər.
Bəzən olur özümü
tərk edilmiş yurd yerində
dizini qucaqlamış
bir kabus tək buluram.
Bəzən canımı özümə qısqanıb
həyatdan üşənirəm.
Bəzən də keyfini çıxarıb vida anının
Tanrının arxayın vaxtında
ölümün qulağına
bir çırtma vurmaq istərəm.