Sanki mən məsciddə sərxoşam – Leyla Sarabi

Sanki mən məsciddə sərxoşam – <span style="color:red;">Leyla Sarabi
17 may 2019
# 16:21

Kulis.az Leyla Sarabinin mənsur şeirlərini təqdim edir.

Çirkablarda məhəbbət simfoniyası

Bəzən boynuna almaqdan qorxduğun yükü çiyninə alıb daşıyırsan. Hər ötən gün bir az-bir az alışırsan yükünə. Hətta bir gün özünə elə yuva qurur ki, bünövrəsi sən olursan. Ağac yerə kök atan kimi ürəyindən güc alır. Sən onunla, o səninlə bütöv bir "mən" olursan.

Hara getsən, səninlədir. Tənhalığın belə onsuz tənha qalıb darıxmasını istəyirsən. Addımını basmağa yer tapmadığın izdihamda çiynindəki canın yenə səninlədir, səndədir.

İndiyədək onsuz necə yaşamışam? Yəqin onsuz çox qəribə məxluqmuşam. Bəlkə cansız-qansız ən sadə bir əşyaymışam?

Kimsə məni qaynar odda əzab çəkən qazan görüb, kiminçünsə cırıldayan dəmir qapı olmuşam.

Mənə qalsa, şəffaf şərab qabı olardım. Boğazıma qədər dolu al qanımı ətri, dadı ilə öz rəngində hər yanımdan keçənə, hər gözümdən içənə göstərərdim. Və hamını sərxoş edib, özüm ayıq gəzərdim.

Amma indi durum daha qəlizdir. İndi sanki mən məsciddə sərxoşam. İçimdəki vicdan yükü çiynimdəki eşq yükündən iki dəfə yüngüldür. Mən onunla üfunətli çirkablarda məhəbbət simfoniyası oxumağa məcburam.

Yükün səndən güc aldıqca sən altında səhra qumuna dönüb çat atırsan. Bir gün onu daşımaqda aciz qalıb canına min can sığan gənc torpağa tapşırırsan.

Yolun uzun, vaxtın qısa... Mənzilinə qayıdırsan. Ac yuxusuzluq çökür haldan düşmüş gözlərinə.

Bəlkə də bir əbədiyyət yuxusu yatıb bir baharda oyanırsan. Hər yan firuzə, hava nərgiz, amma yenə yarımsan.

Hüceyrəmdən oyanmaqçün nəyim çatmır görəsən? Çiynimdəki yük yerim bomboş qalıb deyəsən.

Sən həyatsan, mən ölüm…

İnsan ən çox sevdiyini öldürəndə qurtum-qurtum sükut udur. İnsan ən doğmasından ayrılanda gözünün duzunda, ovcunun izində azıb qalır. O, əldən düşmüş əllərini, ruhundan qopmuş ayağını yorğan kimi sənin qorxunun üstünə örtür. Sən onun burnunda ilişib qalan son nəfəsini ciyərlərinə mıxlamaqçün çəkic axtarırsan.

O da gülür, sən də…

O da ölür, sən də…

Gözləri kainatın yox rənglərinə, qulaqları əcəlin lal səslərinə, fikirləri ürəyindən ağır-ağır tökülən nəbzinə qarışır. İndi qatarı gələcək, yurdunu dəyişəcək. Zamanın ayağını qırmaq istəyirsən. Cəmi bir xırıltılı ah ciyərinə bərk-bərk döyəclədiyin nəfəsi söküb o qatarın altına atacaq. Onun tələskənliyi sənin tənbəlliyinin əlini buraxıb qaçacaq.

Bu təzadın mərkəzində, içində ulaşan ağrıların oduna:

O da yanır, sən də…

O da donur, sən də…

Burnuna üfürdüyün son nəfəsi qatar xıncımlayıb keçir. Nəbzi də tökülür nar ağacının dibinə. İndi doğrusu da, əyrisi də fəzaya səpələnəcək. Külək sənə olan sevgisindən öpəcək. Qapını, pəncərəni açırsan, parçaları divarlara hopmasın, rahat uçsun havaya. Əllərini ağzına bükürsən, səsin çıxmasın. Qışqır-bağır vaxtı deyil, ağlama. Gözlə, gözlə görünməyən ən nəhəng xatirələri hürkmədən axıb çıxsın otaqdan.

Qatarın tərpənir, əzizim.

Sən azadsan, mən məhkum..

Sən həyatsan, mən ölüm…

Səndən daha günəş, səndən daha dəniz...

Biz səninlə qızmar yayda görüşsəydik, ovucuna günəşdən də sarı, dənizdən də mavi, yamyaş, qaynar ürək qoyardım. Bu dünyada səndən daha günəş, səndən daha dəniz heç kim olmazdı.

Yox, biz susqun payız gecəsində rastlaşsaydıq, sən xəzana baxıb küsmə deyə, yaşıldan da yaşıl yarpaq olardım. Anam torpaq, atam ağac yalvarsa da, solub yerə qonmazdım. Min budağın arasında tənha qalıb, büzüşsəm də, buludların turş suyunda hər gün çimib, üşüsəm də, baxışların ümid kimi məni sarsın deyə, gülə-gülə gözlərinə baxardım. Bu dünyada səndən tamam, bizdən bütöv daha heç kim olmazdı.

Bəlkə sənlə bəyaz qışda görüşərdik. Sazaq yanağında qıpqırmızı iz qoyardı. Sən donmuş əllərini, şaxta vurmuş dodağını isitməyə ocaq axtaranda, ilk qar dənəsinə dönüb kirpiyində əriyərdim. Yanağında gəzə-gəzə, ürəyini isitdikcə ilk qar görən bəxtəvərə dönərdin. Kainatda sən tək naxış bir də heç kim olmazdı.

Mən səninlə yaz gələndə görüşsəydim, 1 kəpənək ömrünü 100 ilədək uzadardım. Səni sevmək üçün ilk baharı bütöv təqvimə sığdırardım. Hər gün çiçək, hər ay çəmən, əzizim. Səndən sonsuz daha heç kim olmazdı.

Biz ki, bomboz Bakı mussonunda görüşdük. Külək qovub buludlara yolladı, bulud bizi ayrı-ayrı səhralara ağladı. Bizdən yaxın, bizdən uzaq daha heç kim qalmadı.

# 4456 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #