Qadın da vətən kimidi... – 8 Mart Şeirləri

Qadın da vətən kimidi... – <span style="color:red;">8 Mart Şeirləri
8 mart 2019
# 11:03

Kulis.az 8 Mart – Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə qadın şairlərimizin seçmə şeirlərini təqdim edir.

Səhər Əhməd

***

Xoşuma gələn geyimlər

yaşıma uyğun deyil.

Yaşıma uyğun olanlar

xoşuma gəlmir.

Ürəyimdən keçən günlər

başıma uyğun deyil.

Onunçün istədiklərim

başıma gəlmir.

Nə ola, alınan mallar

geri verilə.

Mən də qaytaram bu canı,

xoşuma gəlmir.

Cansız bir maneken olam,

heç dəyişməyən.

Baxam donuq bir vitrinin

boz şüşəsindən.

Sevinc Elsevər

Azad qadın heykəlinə

yağış tökür göydən

Cəlil Cavanşirin kitab təqdimatına tələsirəm

"Azad qadın” heykəlinin yanına çatanda

paltomun başlığını atıram kürəyimə ehtiramla

saçlarımı yağışa öpdürürəm

çadrasını başından biryolluq çıxartmış o qadın kimi

özümü gizləyərək

hətta yağışa, soyuğa qarşı da

bürünərək ötməyə ürəyim gəlmir

bu məğrur və şax dayanan qadının yanından.

Esmira Məhiqızı

***

ağlıma gəldi ki, mən mən deyiləm,

mən orda qalmışam, oralar məndə.

ömür də bölünüb ağa, qaraya,

ağlar uzaqlarda, qaralar məndə.

heç mənlik deyilmiş bu yol, bu yöntəm,

hər karvan dalınca ulayan itəm,

bir azca qürbətəm, bir azca vətən,

haralar varıymış, haralar məndə.

dərdə diz basmaqdan, dizlərim yara,

izimə düşürəm, izlərim yara,

ayağım, ürəyim, gözlərim yara,

yeriyir, yüyürür yaralar məndə.

Rəbiqə

***

Allah, mənə bir az bəxt ver,

bir az da vaxt, yaşayım.

Bir az ömrümdən yaşayım,

Bir az sərvaxt yaşayım.

Mənə gecələr yuxu,

Səhərlər gümrahlıq ver.

Mənə bir damcı qorxu,

Bir damcı toxtaqlıq ver.

Bir az ümiddən yolla,

Bir az işıq at, bəsdi.

Bir az ağıl ver, seçim

Nə bəsdi, nə əbəsdi.

Bir az mərhəmət göndər,

Bir də, bol-bol məhəbbət.

Bircə sənə yazmağa

Bir yerim olsun xəlvət.

Bir tikə çörək tapım,

Bir parç su, yaşayaram.

Bir də qızımı qoru,

Nə versən, daşıyaram.

Aysel Əlizadə

***

Məndən sonra doğulacaq qadın,

ruhumu vəsiyyət edirəm sənə.

Gələn bütün kişiləri,

şeirlərimi

bir də sevgimi vəsiyyət edirəm.

Sevilməyini istəyirəm...

Məni düşün bu şeiri oxurkən

bizi düşün.

Dünyanın ən xoşbəxti ol

ən bədbəxti də

mənim kimi...

Hərdən

qəlbini rahat burax

hərdən də günah işlət.

Səndən öncə bir şair qadın vardı

bir az məsum, bir az günahkardı.

Bir adi qadın vardı,

bir dəlisov qadın

bütün qadınlar o idi.

Coşqun yaşardı

sakit yaşardı

sevgiləri

ayrılıqları vardı

ən yaxşı kişiləri

ən pis qadınlara bağışlayardı.

Bir qadın vardı...

bir tərəfi həmişə sevgi qoxardı

bir tərəfi yalnızlıq olardı...

...sənə kədərimi vəsiyyət edirəm

bilirəm,

kədər yaraşacaq sənə

gözlərin havaya dikiləcək

havanın rəngsizliyində

daha kədərli görünəcək.

Sənə sevincimi vəsiyyət edirəm

bilirəm,

sevinc yaraşacaq sənə

gözəlləşəcəksən.

Sən gülüncə o xoşbəxt olacaq.

Sevincinlə kədərin dostlaşacaq

hər yerdə ikisi də

yanında olacaq

onlardan başqa kimsəyə güvənmə,

kimsəyə.

Unutma,

heç vaxt yerlər unutmayacaq səni

unutsa yollar unudacaq...

Məndən sonra doğulacaq qadın,

yerimi sənə verirəm

qadın olmağı bacarsan

səni şeirlərim ağladacaq

ruhuma kövrələcən

sükutumu istəyəcən

səs-küyümü də...

Heyif oturub üz-üzə

şərab içmədik səninlə,

dərdləşmədik,

heyif,

ondan danışmadıq.

Sevərsən.

Qorxmazsan, sevərsən onu

bu bir həyat qanunu

sadəcə sevərsən...

Çox görmə özünə bunu

bu acı deyil,

bir həyat düzənindir

sevməsən pozarsan

öpürəm səni.

Qoru özünü

özündən sonrakı qadın

üçün qoru...

Sevinc Çılğın

Üç görüşə

Bu gün sus

Heç nə demə

qırmızı paltar geyinəcəyəm

yerində olsaydım, düşünməzdim də.

Elə bax!

Necə olsa, səhərdir.

Sabah gülərsən

"vur bura” deyərsən arada

sarı paltar geyinəcəyəm

alaqaranlıqda.

O biri gün sevinərsən

elə bilərsən dünyanı sənə veriblər.

Sən nə desən,

istəsən...

sultansan da.

O gecənin yarısında

Yaşıl paltar geyinəcəyəm!

Fəridə Uğur

Bəyaz gecələr

Hardasan, ey Günəş,

gözüm yollarda qaldı.

Bu gecə öz sükutunu

uşaq qığıltısına

dəyişməyə hazırdı…

Son sözünü deyir sükut

bu açılan səhərə

bir azdan oyanacaq

ana narahatlığı

uşaq səsinə…

Elnaz Eyvaz

***

Payız buludu kimiyəm,

fəqət

hələ də yay ayaqqabısında gəzən

kimsəsiz uşaqdan utanıb

yağmıram

Narıngül Nadir

***

Qadın da vətən kimidi

Sevəni var,

Atanı var,

Satanı var,

Aldadıb

baş qatanı var.

Qadın da vətən kimidi

Əkəni var,

Biçəni var,

Köçəni var,

Tapdalayıb keçəni var.

Qadın da vətən kimidi

Bir tərəfi ölümdü-itimdi,

Yiyəsi olmasa yetimdi.

Bahar Zamanova

Qadın

Nədir əlindən gələn - ancaq göz yaşı silmək.

Gözlərində yaşamaq, ürəyi məzar Qadın.

Duyğuları musiqi, saçları kaman simi,

Öz dərdinə ən gözəl bəstələr yazan Qadın.

Nədir adın bilmirəm, yazmı, payızmı, qışmı?

Nədir üzündən axan - göz yaşımı, yağışmı?

Bu bəxt deyil, bu nalə, ağı, fəryad, qarğışmı?!

Özünə ağı deyib ağlayan ozan Qadın.

Əlləri torpaq qoxar, barmaqları dəstə gül,

Elə gülər ki, solar ağacda gül üstə gül.

Bütün güllərdən gözəl, amma bir az xəstə gül,

Buludların içindən torpağa sızan Qadın.

Gedib çoxdan o gedən, yuxusuna da gəlməz.

Darmadağın dünyası istəsə də düzəlməz.

Bir məzar var hardasa - nə danışmaz, nə dinməz,

Eləcə pıçıldayar: "Yanıma uzan, Qadın..."

Soyuyan əllərindən buzun xəbəri olmaz,

Elə qırılar düşər, tozun xəbəri olmaz,

Aç ürəyində yaşa, qızın... xəbəri olmaz.

Bütün ittihamlara lal olub susan Qadın.

Hamının gözlədiyi gözləməz heç kimsəni,

Nə geriyə qayıtmaz, nə qaytarmaz küsəni.

Nə qədər dedinsə də anlamadılar səni...

Dedilər, sən qadınsan, sən elə busan - qadın!

Nə yeri var, nə yurdu, eşitsən səsdi qadın

Şaxtadan, qardan soyuq, Günəşdən isti qadın.

Nəyə lazım qəfəslər? Elə qəfəsdi qadın...

Toy görüb yuxusunda ölümə yozan Qadın!

# 22145 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
#
#
# # #