Xəstə anasının pulunu oğurlayıb qızlara xərcləyən azərbaycanlı

Xəstə anasının pulunu oğurlayıb qızlara xərcləyən azərbaycanlı
18 avqust 2016
# 12:11

Kulis.az Ülvi Babasoyun “Heç tanrının da xəbəri yoxdu” yazsını təqdim edir.

“Musiqi deyilməyən və haqqında susmaq mümkün olmayan şeyləri ifadə edir” Gözəl bir şeir, hüznlü bir hekayə, nəğməli bir roman da elədir. Yevgeni Qrinkonun “Valsı”nı yeni və kədərli bir romanın sözləri müşayiət edir. “Fironun dəftəri”ni bir oturuma oxudum. Kədərli nəğmə kimiydi. Nəfəsim daraldı. “Fironun dəftəri” bitər-bitməz ixtiyarsız bilgisayara yaxınlaşdım. “Youtube”dan yanğılı bir nəğmə açdım. Semiramis Pekkan oxuyurdu. “Mənə yalan söylədilər”. Fironun həyatı musiqiyə çevrilmişdi sanki. Onun boyun-buxununa, taleyinə yazılmışdı bu sözlər. Elə Semiramsin ilahi səsi də.

Bir aleme indim yalnız
Yerde toprak, gökte yıldız
Bir yan susuz bir yan deniz

İki el, bir baş verdiler
Bir çift göz ağlar da güler
Dört bir yanda benim gibiler

“Bir şeir, bir nəğmə, onu yazana deyil, ona daha çox ehtiyacı olana aiddir”. Kənan Hacı “Fironun dəftəri” romanında belə bur sual qoyub: Taledən qaçmaq olurmu? Elə ilk sual oxucunu düşündürür. Bir az da çətinə salır. Axı bəzən taledən hamı qaçmaq istəyir. Deməli, “Fironun dəftəri” də artıq Kənana deyil, ona daha çox ehtiyacı olanlara aiddir. Bəlkə də həyat o qədər çox söz deyib ki, heç kəsin ehtiyaca yoxdu şeirə, nəğməyə, lap elə “Fironun dəftəri”nə. Bunlar canlı-qanlı varkən həyatımızda, yazıda axtarmağa gərək yoxdu deyənlər də haqsız deyil. Ümidimizi itirməyək. Ən azından sözün təsəllisi ovudar bizi. Hə, suallar da qalmışdıq. Hadisələr və psixoloji vəziyyətlərdən doğur suallar.

Fironun bəxti yerli-dibli gətirməmişdi. Ona Firon adı qoymuşdular. Kasıbdı. Mağmındı. Fərsizdi. Hər kəs onu ələ salırdı. Lağlağı edirdilər. Onun qismətinə kasıb və gözüqıpıq böyümək düşür. Sürətlənən zamanda o da inkişaf edir. Böyüyür. Zənginləşir. Artıq bahalı maşınlar, otellər, saunalar, qızlar bəzəyir Fironun kasad həyatını. Hamı Fironun ətrafında dövrə vurur. Yaltaqlanır. Kənan Hacı romanda bunu kəşf edir: Məhrum yaşamağın lənəti. Adi bir köynəyə də həsrət qalan uşaq. Ziyasız, təhsilsiz mühit. Varikoz effekti yaradan yazıçı təhkiyəsi yeni və tanış bir dünya yaradır. İkisi bir arada necə olur?

Mövzu tanışdı. Gündə rastlaşırıq romanda olanlarla. Yazıçının yanaşması və sənətdə kəşfi yenidir. Tənha və bəxtsiz gənclərin puç olan həyatlarına qədim əhvalatla işıq salır. Bəzən mətn içində mətn yaradır. Firon nəql etdiyi müxtəlif hadisələrin sonunda deyir: Əslində hekayə yazmalıydım. Həmin hekayələr ayrılıqda müstəqil əsər kimidi. Kənan montaj roman texnikasından istifadə edir. Hekayələrdə daha incə və mikroskopik detalları işləyir. Xırda həqiqətlər birləşib təsir yaradır. Dəqiq müşahidələrin sənətə çevrilməsi baş tutur. Kənan digər romanlarında bu qədər həssas və miqyaslı müşahidə aparmamışdı. “Yağ kmi” və “Rəqqasə” romanlarının əksik cəhəti bu idi. “Yaddaş kartı” alınmışdı. Memuar ədəbiyyatın yaxşı nümunələrindəndi. Köhnə Bakıya səyahət əsrarəngizdi. Romanlarında isə mövzuya daha çox hissi yanaşmışdı. Çaparaq bitən hadisələr çoxdu. “Yağ kimi” və “Rəqqasə” romanları Kənan Hacı estetikasının formalaşmasında mərhələydilər. Qoyulan problem mətndə istənilən səviyyədə ifadə olunmurdu. Kənan bu romanlarında ayrı-ayrı məqamlarda uğurluydu. Mətnin bütöv energetikası zəif idi. “Fironun dəftəri” yeni və zəruri mərhələnin səhifəsini açdı.

“Fironun dəftəri” qədim Misir hökmdarı ilə müasir insanın arasında əlaqə yaradır. Musa peyğəmbər və tanrı ilə mübarizə aparan fironla müasir firon qarşılaşdırılır. İndi tale və həyatın məngənəsindən xilas olmaq istəyən Firon Kənanın yetkin üslubunda təqdim olunur. Arzuların fironu. Daha çox zövq almaq, daha çox dad bilmək, vaxtilə əli çatmayan şeyləri əldə etmək, daha çox, daha, daha çox qazanmaq və xərcləmək. Taledən qisas almaq. İtirdiklərinin heyfini çıxmaq. Bəs itirdikləri nə idi? Kənanın ikinci sualı. Atası, anası, zəhmət, halallıq və hüzur… Buna cavab verməyə macal vermir “Fironun dəftəri”. Cavabdan da betər bir sual sarsıdır hər kəsi, sarsıdır hər yeri. Çıxardır yerindən dünyanın oxunu. Bəs tapa bilirmi bu qədər itən dəyərləri?

Xəstə ataya ölüm yatağında qayğı göstərməyən, ananı qocalar evinə atan övlad. Fironluğun son həddi. Kənanın göstərmək istədiyi bu deyil. Yoxsa hər gün belə hallara şahid oluruq. Kasıb və süst mühitdə böyüyən uşaq. Uşağın bu cür yaşamağına səbəb olan vecsizlərdi. Başqalarının haqqını yeyənlər yaradır fironları. Gözəl xislətləri udulur və şər yayılır bütün cəmiyyətə. Kənanın dekonstruksiyası orqanikdi. Texniki bənzətmə deyil. Misir fironunun etdikləri yenidən təkrarlanır. Ancaq mexaniki ritual olmur. Estetik ritual formalaşır. Firon əhvalatı məzmunda yenilənir. Bu zaman çevrilmə baş verir. Fironluğu hökmdarın əvəzinə heç bir sosial statusu, mövqeyi olmayan, “yazıq”, “fağır” bir adam edir. Kənanın böyük uğuru. Ən adi, yazıq bir adam da firon olarmış, ilahi. Dünyanı kəndin, məhəllənin içinə yığır. Ora firavan ömür sürən, kef çəkənlərə ayna olur. Sosial təminat və təminatsızlığın fərqləri üzə çıxır. Aradakı uçurumlar və haqsızlıqlar gözə dəyir. Kənan Hacı nəsrində fironluq ömür çürüdən səfillərin həyatıdı. Romanın miqyası məhz burda böyüyür. Dünyanın, fironlaşmış cəmiyyətin yeni modeli yaradılır. Baş-ayaq olur hər şey. Burda kişilər yük, qadınlar dərd, uşaqlar “ot” çəkir. Firon hər cür fırıldağa əl atır. Çünki cəmiyyətdə halal heç nəyin olmadığını dərk edir. Canı ilə əlləşən, xəstə ananın pulunu oğurlayıb qızlara, “həzzə” xərcləyir. Kişilər kişilərə tamah salır. Makro mühitdə olan əyrilər mikro mühitə sıçrayır. Dərdləri unutmağın yolu tapılır. İnsan özü öz ürəyini məhv edir. Kənan sosial problemlərin psixologiyasını çözür.

“Fironun dəftəri” daha böyük fironlardan xəbər verir. Firon itirdiklərini heç vaxt əldə edə bilməyəcək. Çünki daha yırtıcı fironlar var bu həyatda. Hər şey onların əlindədi. Kənanın daha dəhşətli sualı: Bəs bu taledirmi? Semiramis abla necə deyirdi?

Doğru söz içinmiş diller
İşte kalbin sev dediler

Bana yalan söylediler
Bana yalan söylediler
Kaderden bahsetmediler

Varsın böyle geçsin ömrüm
Neşeyle dolsun bari her günüm

Hani benim sevdiklerim
Hani gönül verdiklerim
Hasret gider ben giderim

Mənimcə, Semiramis abla da yanılır. Fironun yaşadığı dünyada qədərə, taleyə ehtiyac yoxdur. Çünki balaca insanların taleyi haqda böyük insanlar hökm verir. Tanrının yazı-pozusu gərəksizdir. O da xəbərsizdir bütün bu olanlardan. Belə bir hökmü düşməni şeytanın barəsində belə verməzdi tanrı. Bu, lap bülbülü öldürməkdi ki. Harper Linin “Bülbülü öldürmək” romanında Tom Robinsonu öldürürlər. Niyə? Çünki Tom zəifidi, Tom qaradı, Tomun əlində inzibati güc yoxdu. Bir dəfə Fərid Hüseynlə bu roman barədə söhbət etmişdik. Fərid demişdi ki, sovet dövründə “Quşcuğaza qıymayın” kimi tərcümə ediblər bunu. İlk baxışda gülməli görsənir. Ancaq maraqlıdır. Quşcuğaza qıymaq. Bu roman mənə Erdal Ereni xatırlatmışdı. Onun xatirəsinə bir esse də yazmışdım. Türkiyədə 1980 hərbi çevrilişindən sonra mitinq edən gənclərlə birgə həbs etmişdilər Erdalı. Yaşı on yeddiydi. Edam cəzası düşmürdü. Ona görə doğum şəhadətnaməsini dəyişdirdilər. Yaşı artıb oldu on doqquz və asdılar. Quşcuğaza qıydılar. Saf və mübariz bir gənc məhv edildi. Fironun da bülbül kimi şən, şaqraq həyatı əlindən alınır. Uşaqlığı əlindən alınır. Balaca vaxtı alınan travmaların və məhrumluğun nəticəsi onu fironlaşdırır. Azğınlaşır.

“Fironun dəftəri” romanı təhkiyə üzərində qurulmuş mətndir. Sırf təhkiyə əsasında mətn yazmaq çətindir. Kənan Hacı bəzi məqamlarda vacib hadisələrin ötəri xarakteristikasını verib keçir. Bu da romanın dinamikliyini zəiflədir. Mətnin temperamenti aşağı düşür. “Eşitmişdim, görmüşdüm, getmişdim, gəlmişdim” kimi quru cümlə və hadisələrə çevrilir. Xüsusən, birinci şəxsə aid olan xarakter-təhkiyəçinin bu cür danışması əskik cəhətdir. Yenə də Kənan Hacı Firon əhvalatını müasir həyata uğurla transformasiya edir. Aytmatov, Folkner, Yosada olan təhkiyə daxilində dinamika və göstərmə bacarığı “Fironun dəftəri”ndə də müşahidə olunur.

Gənc Fironu öldürən nə idi? Dərd. Dərddən ürəyi şişir və yaşamla vidalaşır. Tanrı belə xəbərsizdi onu həyatından, yaşamağından. Ölümü də elə olur. Səssiz, kirimişcə çıxıb gedir. Bəlkə tanrıya qovuşur. Təki elə olsun. Heç olmasa orda yada salsın onu tanrı. Mənsə Yevgeni Qrinkonun “Vals”ının sədaları altında bir nəfəsə yazdığım yazını tamamlayıram. Uzatmaq istəmirəm. Dadında qalsın. Oxucuya da bir şey qalsın. Arabir rəhmətlik babamın “irşi baba” dediyi üzümdən bir-iki gilə ağzıma atıram. İstəyirəm ki, Fironun acı hekayəti şirinləşsin. Həyatımda əvəzsiz yeri olan, oxuduğu qalaq-qalaq kitablardan, yaşadığı olaylardan və eşitdiyi əfsanələrdən söz çələngi hörən babam deyərdi: Bala, gərək Allah adamı unutmaya. Kənan Hacı isə deyir ki, gərək adam adamı unutmaya. İnsan unutmasa hər şey düzələr. Fironlaşmaz heç kim.

Unutmaq bir bəladır ki... Firon da o boyda dəftər yazıb getdi ki, unutmayaq. Bəs unutqan varlıq insan necə etməli ki, unutmasın. Panzəhər qəbul etsin. “Fironun dəftər”ini oxusun. Məsləhətdir. Oxumasa da canı sağ olsun. Ən azından bu yazını oxumuş oldu.

# 1173 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #