“Düşmənimin xatirinə” – Ən yaxşı hekayə

“Düşmənimin xatirinə” – <span style="color:red;">Ən yaxşı hekayə
6 iyun 2016
# 21:00

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahıya əsasən Rafiq Tağının “Düşmənimin xatirinə” hekayəsini təqdim edirik.

Mən düşmənimlə o rəhmətə gedəndən sonra dostlaşdım. İndi hər bazar evdəkilərin ağzını boza verib qəbri üstünə getməsəm olmaz.

Dalınca danışmaq çıxmasın, özü sağlığında ailə-uşaq yanında gözümü kölgəli eləmişdi. Ailə-uşaq yanında gözü kölgəli olmağı mən heç qatı düşmənimə də arzulamıram.

Qara torpaq hər günahı yuyur. Bir də ki, onu bağışladım onun mənim haqqımdakı arzularının puç olmağına. Gərək bu dünyada arzuları puç olanların hamısı sevilə. Sevgi çətin ayaqda insana dirəkdir, ələlxüsus ölənə. Ölüm ən böyük uğursuzluqdur.

Qohum-əqrəbası hələ də onun qəbrinə baş çəkənin kimliyindən xəbərsizdir. Yaxud elə bilirlər keçmiş dostlarından olar (düşmən gəlməz).

Onların da, mənim də işimizin adı qəbri səliqə-sahmana salmaqdır: elə oğulun qəbri gərək şux görünə.

Girəcəkdən düşmənimin yanınacan xeyli piyada ölçürəm. Hərdən insan adları dəryasında qəbri olmayan bircə özümü görürəm və onda mənə elə gəlir dünyada hamının qəbri var, bir məndən başqa. Elə bilirəm həyatda hamıdan geri qalmışam.

Sol əldəki açıqlığa yazın ortalarında tire şəklində bir xətt düşdü - oda kimisə torpağa tapşırdılar. Düşmənim (dostum) tərəflərdə daha basdırılmağa yer qalmamışdı, indi ordakı açıqlıq adam yerişi enində bir-birini kəsən cığırlardı, vəssalam. Bu cığırlar nazik çayların üstündəki yeriyəndə əyilən taxta körpülərə bənzəyir. Orda ayağı qaçan suya yumbalanarsa, burda büdrəyən rəhmətliklərin üstünə yıxılar.

Sonrakı gəlişlərimdə qırıq-qırıq qırmızı xətlərin sayı artırdı. Zaman harasa gedir və onun torpaqda izi qalır. Harda gül-çiçək rəngli, hündür ləpir görsən, bil ki, ordan zaman keçib. Həmin ləpirlər həftə çəkmir solğunlaşır, torpaq rəngi alır. Torpaq rəngi rənglərin ən qorxuncudur.

Görəsən axırıncı tiredən o yana kim olacaq? Kimdirsə indi şəhərdə işdən başı açılmır. Xahiş edir, əmr verir, ya hökm verir, müalicə eləyir, ya müalicə elənir. Müğənnidirsə kefi durdu-durmadı camaatla üzbəsurət dayanıb oxuyur. Kimsə dəqiqəsinin qədrini bilir, kimsə deyir dəqiqə-zad qədri bilmirəm. Bunların hamısının adı yaşamaqdır.

Düşmənim sağlığında necə, eləcə mənə düşmən qalmışdı - laqeyd. Fərq bundaydı ki, diriliyindəki laqeydliyi yalandı (çünki laqeyd ola bilmirdi). İndi mən onun düşmənliyinə daha məhəl qoymuram - onu mənə dair arzularının puç olmağına bağışlamışdım.

"Sənin güllərini indicə suladım".

Əvvəlki xasiyyəti başındaydı ki, başındaydı - bircə "sağ ola" qızırğalanırdı. O, ona hörmətləri hava və su kimi havayı və vacib şeylər sanırdı. Bu, gec də olsa mənə toxundu.

"Mən sizə yaltaqlıqdan çox uzağam ha, - dedim, - necə ki, sağlığınızda uzaqdım".

Düşmənim başdaşındakı şəkildə dümdüz irəli baxırdı, elə bil yenə direktor kürsüsü arxasındaydı. Direktor kürsüsü onun başqalarının arzularına biganə olmaq yeriydi.

Rəhmətlik daim təəccüblənər və əsəbiləşirdi ki, qara camaatda da eynilə ondakı kimi arzular törəyir. Ona görə məəttəl qalmışdı: öz arzularından əl çəksin, ya çəkməsin? Bəlkə arzularının yoxluğuyla qara camaatdan seçilə. Lakin işi eləydi, arzu eləməyə məcburdu. Özündən aşağılar onu bu işə vadar eləyirdilər. Məsələn, mənim ucbatımdan doktorluq işimin vaxtını uzatmaq, problemi köhnəldib gözdən salmaq arzusundaydı.

Ancaq onun mənimlə bağlı məcburi arzusu puç oldu. Bəlkə elə bu səbəbdən mənə düşmən qalmışdı və elə bilirdim indicə kürsünün böyründəki düyməni basıb növbədəkini çağıracaq, yəni sən xoş gəldin, ya loru dildə, bas bayıra. Ancaq o daha düyməni basmırdı, bu ixtiyar əlindən alınmışdı.

Bircə, arzusunun puç olmağı məni yandırır. Gərək insan sağlığındamı, öləndən sonramı - arzularının hamısına yetə.

Mən qəbri dörd tərəfdən ağac dibi kimi belləməyə başladım. Elə bil istəyirdim keçmiş düşmənim göyərsin, artsın, təzədən həyata qayıtsın, özü də düşmən kimi yox, dost kimi.

Ancaq heyf elə biləcək özümü gözə soxuram. Ruhdan düşüb keçdim baş daşının arxasına - qoy məni görməsin. Kişi bundan belə dünyanın qərbinə baxacaq, şərqdə nə oyun çıxarsam çıxararam. Başladım təkcə şərqi belləməyə. Sanki o təkcə şərq tərəfdə göyərəcəkdi, sanki o yarısı düşmən, yarısı dost şəklində həyata qayıdacaqdı.

Kabinetdə yenə dümdüz qabağa baxmağındaydı. Hərdən bunu yoxlamaq üçün başdaşının dalından boynumu irəli uzadırdım. Kişi daha ordan qətiyyən çölə çıxmırdı; heç kəsi burunlamırdı. Kim bilir, bəlkə institutda işləri yaşdır, ona görə muma dönüb. O, vəzifəsindən atılsa ölən oğlu öləndir. Balıq dəryada, mənim keçmiş düşmənim vəzifədə yaşamağa qadirdir.

Heç yadıma düşmür: o ki, ölüb. Özü də vəzifədən çıxarılıb ölmədi, ölüb vəzifədən çıxarıldı.

Dünyada kimin arzusu ürəyində qalırsa, mən onunla dostlaşıram. Mənim dostlarımın hamısı arzusu ürəyində qalan və köməyim dəyəsi adamlardır. İndi özümü ona dost sanırdımsa da, keçmiş incikliklərdən qeyrətlənib başdaşının önünə keçdim. Üzümü turşudub baxışlarımı sancdım onun gözlərinə və beləcə durdum - qoy ona bir az cəza verim.

Əfsus ki, düşmənçilik məndə ani və təsadüfi hissdır, ona görə ona cəza vermə əsnasında tamam söndü. Ona adamın yeddi qatından keçən zəhərli sözlər deyəcəkdim, deyə bilmədim. Düşmənçiliyim buna çatışmadı. Çarəsizlikdən keçdim giley-güzara: "İstəyirdiniz mən institutdan çıxam. Ailə-uşaq işdə yüksəlməməyimin səbəbini mənim zəifliyimdə görürdü. Onlara hər şeyi açıb deyə bilməzdim. Övlad gərək atasının sevilmədiyini bilməyə".

Düşmənim (dostum) danışa bilmirdi, mən isə - danışmaya. Əllərimi belimdə çarpazlayıb onunla üzbəüz dayanmışdım.

"İndi ki, ölüb getdiniz, arzularınız başsız qaldı, mən sizi bağışlayıram. İstəyirəm köç-külfət qayıdam kəndə, bəlkə bu yolla sizi mənimlə bağlı arzunuza çatdıram. Əlimdən bu gəlir, heç nə arzulamamağınıza, heç vaxt sevinməməyinizə dözmürəm".

Evdə bunları uşaqların anasına eşitdirəndə qiyamət qopdu.

- Mən də deyirəm hər həftəbaşı bu hara qeyb olur!

- Ləzzət ucalıqda yox, ona çatmaq istəyindədir. Gedib təzədən ucalmağa başlayarıq.

- Ədə, bu sənin düz sözündür?

- Yox, əyri sözümdür.

- Diridən ötrü əlləşə, yenə dərd yarıdır.

- Diri, ya ölü - nə fərqi? Ölü adam deyil?

Sözüm arvadın belini qırmışdı; meyit sifətində mətbəxə keçəndə mənim Allahdan arzum bu oldu ki, onun ürəyinə insaf sala, kəndə birgə gedək. Yoxsa mən ondan ayrı yaşamaq istəmirdim.

Yanvar - aprel 1986.

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun “İncə dərəsində yaz çağı”

Yaşar “Tabut”

Ə.Haqverdiyev “Şeyx Şəban”

Elçin “Parisdə avtomobil qəzası”

K.Abdulla “Səhvlərimizin qrammatikası”

Ş.Ağayar "Şəkil"

Elçin Qatar. Pikasso. Latur. 1968.”

A. Divanbəyoğlu “Can Yanğısı”

N.Kamal "Nana sevirdi"

E.Hüseynbəyli “Kəndə gün çıxanda qayıdacağıq…”

K.Abdulla "Adaşlar"

S.Əhmədli "Arabaçı"

Y.Səmədoğlu “Soyuq daş”

F.Uğurlu "Dərviş"

S.Baycan “Puqaçov üsyanı”

R.Əlizadə "Əncir qurusu"

R.Tağı "Qoca Məcnun"

S.Baycan “Evdən siçovul çıxaran”

A.Ayvaz "Buri"

S.Budaqlı "Firuzə qaşlı sırğa"

Ə.Haqverdiyev "Pir"

R.Məcid "10 sentyabr"

A.Məsud "Gecə"

Anar "Nisbət nəzəriyyəsi"

Ş.Ağayar "Möhüş"

A.Məsud "II İohan"

R.Tağı "Tüfəng səsi"

M.Cəfərli "Amerika"

Elçin "Baladadaşın toy hamamı"

M.Cəlil "İki alma"

Anar Yaxşı padşahın nağılı

Elçin "Baladadaşın ilk məhəbbəti"

Rafiq Tağı "Qatilə didaktika dərsləri"

Kamal Abdulla "Parisin seçimi"

M.Cəlil "Rus qızı"

Ş.Ağayar "Gülümsə"

K.Abdulla "Kölgə"

R.Tağı “Düşmənimin xatirinə”

# 1476 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #