“Ulduz” jurnalının aprel sayında Könül Həsənqulunun “Dərgidə kitab” layihəsi çərçivəsində şeirləri çap edilib. Kulis.Az həmin şeirləri təqdim edir.
Sol çiynində qarğa gəzdirən qızcığaz
ZƏMİ NƏĞMƏLƏRİ
21:50
Sıx zəmi –
Uzun otlar, buğdalar...
Köksündə
Kərpicdən ev –
İçində bir cüt ağac.
Pəncərədən
İşığa qarışıb, çölə –
Zəmiyə sızan
Budaqlar...
Sıx zəmi...
Avqust... Yaşıl otlar...
21:50.
Göy üzündə
Yol alıbdır yolçular –
Qırmızı, göy və
Qap-qara buludlar.
Sıx zəmi –
Sünbüllərin bağrın yaran
Arpalar...
Müqəvvasız otluqlarda
Yuva qurub
Mürgüləyirlər
Quşlar.
Sıx zəmi –
Bir azca mən,
Bir azca sən...
Bir ovuc göy,
Bir ovuc yer
Və
Zəmi dolu
Buğdalar...
SÜNBÜLLƏRİN PIÇILTISI
Uzaqlarda külək əsincə
Qədim nəğmələr çalınar –
Zəmidə sünbüllər başlarını
Bir-birinin çiyninə qoyub
Pıçıldaşarlar...
Külək gücləndikcə
Onların da sürəti artar.
Beləcə bütün zəmi boyunca
Bir xəbər yayılar...
Bir nəğmə çalınar...
BİÇİNÇİ NƏĞMƏSİ
İyun...
Yasəmənlər
Jasminlər çiçəkləyir
Qollarında tumurcuqlar
Aprel
May
Uzaqdan əl yelləyir
Gülümsəyir
Gözdən itir
Qırmızı buludlar üzür səmada
Bir əlimdə dəmir nimçə
İçində çiy buğda
Dayanmışam
Göydələnin damında
Külək
Saçlarımı qaldırıb havaya
Oynadır əhvalıyla –
Sağa sola...
Sonra yanaqlarıma
Gözlərimə
Sığal çəkir saçlarımla
Baxıram əlvan buludlara
Dəstə-dəstə göyərçinlər uçub gəlir
Toplanırlar ətrafıma
(Əllərimə zillənibdir indi
Mavi göyərçinlərin qırmızı gözləri
Bu baxışlar hər səhər oxşayır
Öpür əllərimi…)
Əlimdə bir ovuc buğda
Və alıb
Göyərçinlərin baxışını da ovcuna
Əlim uçur havada…
Buğdaların vətəni – müqəddəs zəmi
Ağlayır uzaqlarda…
Biçinçilər orda
Sünbülləri biçirlər indi
Və folk nəğmələr oxuyurlar
Bu küləkli havada
Günəşsə zəmini qucaqlayır
Günəş
Şüalarına qarışıb
Zolaq-zolaq
Zəmiyə axır…
Hörüklü saçlarını –
Sünbülləri sığallayır…
Biçinçilər oxuyurlar orda
Biçinçilər…
Küləklərə
Buğda-arpa sevdasını üfürürlər
Həmin küləklərdi burulur damda…
Bu göyərçinlər də
O biçinçilərin nəğmə sədası altında
Səpdiyim buğdalara doğru
Uçuşaraq rəqs edirlər...
Biçinçilər…
Göyərçinlər…
Orda biçinçilər
Zəmiyə oraq vurduqca
Burda quşlar nəğmə deyir…
Göyərçinlər
Sərçələr sevinir
Pərvaz edirlər səmada…
BÖYÜK ŞAİR ÜRƏYİ
Mən silahı
İnqilabı
Üsyanları
Qəhrəmanı
Yalnız şeirlərdə sevirəm...
Aç ovuclarını sən –
Məğlub və azad...
Küləkləri qucaqla
Tut üzünü günəşə
Səmaya
Və daha uzağa
Sünbüllərə sığal çəkərək gəl...
Silahlar qatil
İnqilablar ötəri
Üsyanlar ağır
Qəhrəmanlıqsa addır.
Zəif səhhətini
Kədərli gözlərini
Və bir də o böyük şair ürəyini
Yanında da
Alışqanınla siqaretini
Götür gəl...
Gözləyirəm...
Ovuclarmda qızıl buğda
Əynimdə sevdan...
... zəmidəyəm.
TÜTƏK NƏĞMƏSİ
Mən özümdən çıxmaq istərkən
Yalnız evimdən çıxa bildim, çoban
Eynən o, məni düşünərkən
Siqaret qutusundan bir-bir çıxdığı kimi
Arxamca qapıları çırpdığım zərblə
Ölçülməz qəzəbim indi
Kaş ki, çıxarkən al yaylığım kimi
Dərdimi də açıb asılqana asa bilsəydim
İndi nə vardı sənin
Uzaqdan gələn tütək səsinə
Burdan nəğmə söyləməyə?
Bütövlükdə özümdəyəm –
Əllərim boş, biləklərim cızıq-cızıq
Hasarın çölündə yerə çöküb sonrama baxıram –
Yaşıl dağlar
Qoyun-quzu
Rəngbərəng damlar
Və yol!..
Nə yaxşı ki, yollar dünyanın
Hər yerində var
Yox...
Hələ kürəyimi ayırmıram
Evimin hasarından
Sən uzaqdan çal tütəyi, qara çoban...
Mən o nəğməni
Qızıl zəmiləri sevdiyim kimi
Elə uzaqdan sevərəm
QARABASMA
Ağır silahlar girir hər gecə yuxuma
Yad dildə danışan əsgərlər
Atəş açırlar çarpayıma
Üstümdən qırıcı təyyarələr uçur tavanda
Hardansa üst mərtəbədən
Cəsədimə dərman səpir helikopterlər
Hayqırtıma çatlayan divarlardan
Nəhəng traktorlar girir dörd tərəfdən
Şumlayırlar meyitimi... Qarışdırırlar məni torpağa
Savaş bitir
Üstümə sular səpilir
Ağrım kəsir
Torpaq olduğum yerdən buğdalar yetişir
Və qarğalar...
Qarğalar uçuşurlar buğdaların üstündə...
Bayraqlar sancılır zəmiyə boz rəngdə
Himn və folk mahnılar səslənir
Əcnəbi dildə...
Buğdalar biçilir...
Uzaqdan burnuma çörək ətri gəlir
Yuxum bitir...
(Budurmu şizofreniya?)
PENCƏK
Bir qadın vardı
Havalıydı
Axşamları xəlvət-xəlvət
Zəmidəki müqəvvaya yem aparardı
Müqəvvanın çiyninə zavallının
Ölmüş oğlunun pencəyi salınmışdı
Hər kəs
Qadın bunu hiss etməyəcək sanırdı
Qadını görcək zəmidəki qarğalar
Qoynuna sıxıb yavrularını
Üzüyuxarı baxırdılar
Ağlayırdılar qarğalar qadına
Qarğa dilində
Ağlayırdılar
Sükut edirdi sünbüllər hər axşamçağı
Qucurdu zəmi torpağı
Sinəsinə düşən unudulmuş
Əzik-çürük buğdaları
Ötürürdü küləklər bir-birinə
Öpürdü küləklər cümlə-cümlə
Dəli ana laylasını:
“Bu tikəni də ye balam
Ye ki rahat yatasan
Ağlayır bax qarğalar
Hamısı da acdılar
Ye qalmasın onlara
Bax ha
Onlara ataram...”
QARĞA YUVASI
O yamyaşıl tarlaların saraldı
Doldurdun qoynunu buğdalar ilə
Tökdü yarpağını xurma ağacı
Qollarına düzdün gör neçə meyvə
Bəs mən niyə yaşlanmadım İlahi?
Kimin lənətinə gəlmişəm belə?
Qurudu əkdiyim bar ağacları
Bir körpəm olmadı budağın əyə
Hər il təkrarlanır qoyduğun qanun
Çarx kimi fırlanır elədən belə
Mənim çarxıma bəs kim daş atıbdı?
De niyə dayanıb durduğu yerdə?
Bəlkə də görmürsən deyim bunları:
Sinəm buğdasızdır qollarım qısır
Müqəvva kimiyəm sarı tarlana
Köksümdə qarğa da yuva salıbdır
***
Bir əklil hör sünbüllərdən
Əllərini qanatsın
Əyil sər məzarım üstə
Torpağıma qarışsın
RİYAZİYYAT
YUXUSUZLUQ
Avqustda
Gecənin ən dəli saatlarında çökər yuxusuzluq
Güzgünün önündə
Saçımın buruqlarını sayıram:
Bir
İki
Üç
Dörd
Beş
Altı
Yeddi
Səkkiz
Sonra onları sənin bir əlinə – beşə
Sonrasa hər iki əlinə – ona vururam
Hesablayıram
Sənin günorta sığalından sonra
Barmaqlarının arasında
Haçalanıb-çoxalan buruqları
Hə... Yəqin ki, hardasa səksən olardı
On hissəyə ayrılmış buruqlar
Daha çox indi
Bu yuxusuz bənizə yaraşardı
De
Sevgilim
Əllərin hardadı?
17 x 2
Dünən
O göydələndən bir qız əydi boynunu aşağı
Ağırçəkili baxışlarını
Qara örpək kimi küçə fənərlərinin boynuna saldı
Söndü küçənin işıqları...
Əzildi təkər altında
Maşın yolunu keçən zolaqlı pişik balası
Hələ də
Qulaqlarımdadır o zavallının ağrısı
Saat – axşamın “a”sı. Küçə tamamən qaranlıqlaşdı
Qız
Sağ tərəfə əyib boynunu
Hz.İsa duruşuyla hər iki yana açdı qollarını
Və ordan özünü yerə atdı –
Sarıldı gecənin boynuna
Qucaqladı qaranlığı...
Çəkdi qaranlığın üzünə bir təbəssüm –
Qan qırmızısı!
Dünən...
Atdı özünü bir qız
O binanın on yeddisindən.
Özü də on yeddisində olardı təxminən
Asfalta dağıldı ipək kimi saçları
Qanı...
Duruxdum!
Niyəsini bilmədən
Onun yaşını ikiyə vurdum
Və sən yadıma düşdün
Əziz dostum...
Və onlar
Və çəkdiyin iztirablar
Bərbərxanada kəsdirib yerə tökdüyün uzun saçlar
Biləyindən zorla ayırdığım bıçaqdan yerə daman qanlar...
Düşündüm:
“Bu gün
Səninçün bir gözəl ölüm vardı
Onu da
Ölüb oğurladılar...”
TƏKAMÜL NƏZƏRİYYƏSİ
Darvin
Masamın üstündəki acı şokolad
Əriyir bir ucundan –
Fincana söykədiyi sol gicgahından
Axır ayaqlarınacan...
Darçınlı çaysa qoxusunda
Tavana xatirələr buxarlandırır bir yandan
Əgər mənim gözlərimlə baxsaz otağa
Göz-gözü görmür indi
Buxar-buxar xatirələrin nəhəng kölgələri altında...
Əllərim
Mühasirələniblər nəzəriyyələrinizin
Qalaq-qalaq kağızlarıyla
Düşünürəm ki, yalnız sosialistlərin
Beynini işğal elə bilərdi
Təkamül nəzəriyyəsi.
Bəs necə!? Axı “Əmək insanın cövhəridi!”
Mənə elə gəlir ki
Dilimizdə “cövhər” sözü yalnız bu cümlədə iş(!)lənibdi
Baxın professor
Axı mən necə inanım ki
Hamımızın əcdadı meymundur?!
Mənə görə rusun əcdadı da rusdur –
Bəyaz dərili
Mavi gözlü
Şux qamətli
Sarışın
Seyrək saçlı
Xasiyyəti qurudur
Məclislərdə bardaş qurub oturmaq
Onlar üçün “zapadlo”dur
Darıxmayın professor
Qayıdıram
İndi çay qaşığı axtarışındayam
Mətbəxdəki dolabda
Tapdımmı
Gəlib düşəcəyəm o şokoladın ərimiş canına!
Hə
Nəzəriyyələrinizin üstündəsə
Halqalanıb fincanımın
Alt nahiyyəsinin sarımtıl izi...
Bu Sizə nədənsə xəbər verirmi?
Elmi araşdırmalarınız yayındıra bilmir məni
Professor...
Darçınlı çay çökdürür burnumdan canıma
Onunla bağlı günlərimi...
Deməli
Belə çıxır ki, mən yalnız bu günü yaşamıram indi
Bu günün də üstünə gəlirik o günləri
O avtobusu
Üstü kəpənəkli çətiri
Mənim divardakı uzun şöləmi
Sonra o şölənin itdiyində
Onun gözlərindəki kədərin çəkisini...
... Üst-üstə gəlirik bütün saatlarııı, günləriii..
Qocalıram, Darvin...
Qocalıram...
Təbiət məni belə yıxmazdı
Əgər hər günümü ikiyə
Üçə
Beşə
Və hamısının hasilini bütövlükdə
Aparıb Ona vurmasaydı...
Bu da Sizə
Darçın qoxusunun sürətilə
“təkamül” nəzəriyyəsi
MOSKVA
DƏMİR ÇARPAYIDA QIZDIRMA
Sevgili Moskva
Və ordakı uşaqlığım – qırmızı çantalı qızcığaz
Qızdırmanın içində
Yeni yaşa kürəyi üstə uzanmışam çarpayıda
Gözlərimi yumub addımlayıram üzü “Voykovskaya” metrosuna
Tavandan özünü asan sapsarı lampa
Arsızca gözlərimin içinə dolur
Canlandırdığım küçəni
Sakinlər qarışıq narıncı un tək qovurur
Sonra
Var gücüylə üfürür qovurduğu un yığınını göz qapaqlarıma
Hər tərəf sapsarı şüa...
O əzəmətli küçə bir andaca yanıb-sovrulur
22:16
Otuz doqquz dərəcə qızdırma...
18:30-dan bəri bu dar otağa gur işıq saçan
Kiçik elektrik lampasıyla savaşmaqdayam
00:23
Sevgili Moskva...
Sənə qaçmaqda
Ayaqlarım kimi gözlərim də acızdır indi –
Qızdırma güllə yarası kimi
Yıxıb məni bu dəmir çarpayıya
Üstəlik tanavdan baxan 120 voltluq elektrik lampa...
Səni sayıqlamaq kimi
Sənə qaçmaq da var qırx dərəcə qızdırmada:
Alnımı pəncərəyə yapışdırıb qaranlıq tunelə baxıram metro qatarında
Uşaq gözlərimlə gözləyirəm indi
Bu dəqiqələrdə qatarın meşəyə çıxmasını
Meşədən mənə əl yelləyən
Gülərüz Olimpia Ayısı hələ də ordadırmı?..
Qırmızı binalarının üstündə bulud kimi ağappaq qar topaları
Qardan adamlara isti papaq geyindirən
Yumşaq ürəkli sarışın uşaqların
Ağaclarındakı dələlər
Yolqırağı meşələrində qaçışan məsud çöl dovşanların...
Qovaqlardan
Küknarlardan
Sırğa kimi sallanan sırsıraların da yadımdadı
Sevimli çantasını bir andaca yerə atıb
Şaxta vurmuş sərçəni əlcəyinin içinə salan
Onu ağ əllərinin arasında tumarlayan qızcığazın da yadımdadı
Bunları Qafqazda unutmaq çətindir, Moskva!..
Mən o qırmızı çantamı
Və toxunma əlcəklərimi
Yalnız o kiçik sərçəyə görə sevərək xatırlayıram...
Sevgili ana...
Burda mən
Qırx dərəcə qızdırma içində
Dəmir çarpayıya düşdüyüm kimi
Orda ağaclarından yerə – qarın içinə
Şaxta vurmuş sərçələr düşüb itirmi?..
İndi bu yüngül ədyalı üstümdən
Bir ağır dünya kimi qaldırıb sağ tərəfə atır
Ayaqlarım sənin soyuq
Ağappaq qar örtüklü küçələrinə doğru addımlayır...
DƏMİR FİNCANDA SÜD VƏ MOSKVA
Günəş batdı
Səma gözlərini yumdu
Qapqara göz qapaqları
Gecəyə bürüdü Moskvanı
Günorta yelləncəkdə yellənən körpələr
Axşam
Hündür bina mətbəxlərində süd içirdilər
Və yelləncək...
Yelləncək o an məxbəxlərdə
Pəncərə çərçivəsində qərar tapırdı
Yelləncək həmişə onu sevən uşaqlarladı –
Gah pəncələrdə
Gah rəsm dəftərinin vərəqlərində
Gah da inşalardadı
Həyat iyirmi bir il addımladı...
Günəş batdı
Qaranlıq
Bağrına basdı Bakını
Katya yatağına uzanıb gözlərini yumdu
Bu an
Uzaqda bir yelləncək
Yellənməyə başladı...
Katya ayağa qalxdı
Mətbəxə keçib dəmir fincanı südlə doldurdu
Fincanı
Odun üstünə qoydu
Və mətbəx pəncərəsinə yaxınlaşdı
Pəncərədən çöldə
Yelləncəkdən başqa hər şey vardı –
Şaxta vurmuş paltarlar və zivə
Yasamal dağları
Bomboz duman
Dumanın içində
Bir it də hürdü uzaqdan
Neçə mürgülü pişik səksəndirdi
Bir ağızlıq it nisgili...
İt bəlkə də yuxudaydı
İt bəlkə də sayıqlayırdı
Sevdiyi sahibinin adını
Sayıqlama
Pişiklərin vücudunu titrədib keçdi Yasamal dağlarına
...əks-sədayla
Və ordan da Moskvaya – Katyanın uşaqlıq oylağına...
Çilik-çilik etdi ordakı mətbəx pəncərəsini
Bu it həsrətinin cingiltisi...
İtin ağrısına Katyanın gözləri qızardı
İtin ağrısı
Katyaya tanışıydı...
Başını qaldırıb səmaya baxdı
(Əlbət it də səmaya baxırdı)
Ay isə bu pəncərədə işıq saçmırdı
Ay
Yataq otağının eyvanına baxırdı
(Ay çox yaxındadı
Mətbəxdən aya cəmisi on beş addımdı
Bircə Moskva uzaqdadı...)
Eyvana çıxdı Katya
Dirsəklənib bir xeyli aya baxdı
Və sonra aya uzun bir kəndir atdı
Kəndir aya dolandı
Bu an Bakıda
Bir neçə küçə qaranlığa boyandı
Kəndirin bir ucunu zərif biləklərinə doladı Katya
Və eyvandan tullandı havaya – birbaşa Moskvaya
Metro “Voykovskaya” yaxınlığına...
Moskva
Qırmızı beşmərtəbəli bina
Necə də qərib görünürdü
2013-cü il Moskvasında...
Və yelləncək...
Yelləncək paslanmışdı şimalın rütubətli havasında
Bəyaz gecəliyi əynində ürkək körpə addımlarıyla
Yellənçəyinə yaxınlaşdı Katya
Buz kimi dəmirlərindən yapışıb yellənməyə başladı uşaqlığına –
Qalxdıqca yalın ayaqlar havada
Saçları Moskva torpağını sığallayırdı...
Öz körpə gülüşünün uca səsinə ayıldı Katya!
Və bu an qəfil
Mətbəxdə süd daşdı...
F.Q.LORKA üçün...
LİMONLUQLAR ARASINDA
İndi hardasa bir qadın açdığı pəncərədən
Xırıltılı səsiylə evə yığır oğlunun ayaqlarını
Uşaqların top oynadığı
Toz-torpaqlı döngədən
Biri baxışlarıyla öpür sildiyi pəncərə şüşəsində
Döşəmənin üstə uzanıb uzun sarı saçlarını
Günəş kimi səpələyən
Balaca qızının əksindən
Qadın ömrünün
Ər dodaqlarından yorulub uzaqlaşan
Oğul alnını öpüb
Qız saçlarını hörən yaşlarındayam…
Mənimsə əllərim hələ də Uzaq Qərb limonluğunda
Sizin gur saçlarınızda dolaşıb-qalıb
Cənab Lorka!..
Buraxın evə qayıdım. Ömrümdə şər qarışır...
Baxın
Hətta qarğalar da uçuşurlar ağaclara bu saatlarda
Ac-yalavac körpə dolu
Dimdikləriylə qurduqları yuvalarına...
Günəş batar-batmaz yollayacaq məni uzaqlara
Bütün yarımçıq şeirlərinizi qulaqlarıma pıçıldayın
Qərb küləyilə köçün ruhuma
Mənimlə birgə qocalın
Qucaqlaşaq Sizinlə bu tərzdə
Qırmızı buludlar altında
Ətirli görüş yeri –
Sapsarı limonluqlar arasında...
19 avqust və QARA GÜNƏŞ
Ayaqlarından budağa bağlandılar sərçələr o səhər!
Üzlərini doğan günəşə tutub
Azacıq ümidlənirdilər..
Yerlərindəcə vurnuxur-vurnuxur
Qəhərin boğduğu səslərlə ciyildəşir
Ciyildəşirdilər
Hiss edirdilər yaxın on beş saniyənin faciəsini
Kövrək sübh nəğmələri sinələrində
Tir-tir titrəyirdilər
Günəşin görünməyən tərəfindəsə hüzur vardı
Günəş
Bizə görünməyən tərəfində batmaqdaydı...
Ordakı ölkələrdə şər qarışırdı
Orda silahlar əlləri tanımırdı
Orda yadelli sərçələr
Hüzur içində mürgüləyirdilər
Nika da yatırdı günəşin batan tərəfində
Sinəsi buğda dolu qızıl zəmidə
Saçları sünbüllər üstə
Areslə qol-boyun
Hüzur içində
Günəşin doğan tərəfindəsə hər şey tam başqaydı
Burda
Qarğalar da çəkilmişdi göy üzünə
Sükutda bir atəş qorxusu vardı...
İlk güllə sınaq üçün havaya açıldı
Silah köhnə silahıydı
Silah hələ yararlıydı
Silah
Şairləri yaxşı tanıyırdı –
Alnından
Sinəsindən
Dizlərindən
Və əllərindən...
Ən çox əllərindən alınırdı onların həyatı!
Silah onların
Bircə kürəyinə yol tapmamışdı
Atəş açıldıqca
Açdılar onlar da
Çilli qanadlarını darlığa
Sonra
Budaqdan yıxılıb ayaqlarından asıldılar havaya
Avqustun yandırdığı səkini
Boyadılar qırmızıya –
Şüarlar yazdılar öz kölgələrinə axan qanlarıyla
Sinələrində parça-parça oldu söylənməmiş neçə nəğmələr
O səhər solçuları
Şairlərlə birgə güllələdilər...
QARAÇI QOLLARINDA
Ay baxır Əndəlüs çöllüyünə...
Turş qoxulu limonluqlar arasında
Həzin-həzin
Ağlayır yenə o gitara
Bir qıvrımsaç
Qarabuğdayı qaraçının qollarında
O qəmli gitara
Sanki hər simində can verir avqust axşamına
Və uçur Si bemolla
Ağ buludların arasından boylanan
"Qara ay"a...
Ağlayıııır, ağlayııır, ağlayır o gitara...
Nəqarəti yenə də:
“Federiko
Qarsia
Lorka”
SESAR VALYEXOYA MƏKTUBLAR
BİRİNCİ GÜNÜN MƏKTUBU
Bir addımlığında dayanmışam küçənizin!
Küçəniz
Bir addımlığındadır küçəmin
Bir özüm bəs etdim küçəmin
Sizin küçənizə qədər uzanmasına
Bir də
Kipriklərindən məzarlıqlar asılan gözlərim
İKİNCİ GÜNÜN MƏKTUBU
Əlindən tutuduğum yanımdakı bu balaca qız
Uşaqlığımdır, senyor Valyexo
Tanış olun
Ancaq Siz ona diqqətlə baxmayın...
Utanır
Üst-başı toz-torpaqdır
Köynəyinin dirsəkləri də
Atasının dağılmış pencəyinin cod parçasıyla yamaqlanıbdır
Hələ Sizə deyim alnındakı çapıqdan o, necə utanır
Çapıq kərpic zərbəsindən qalıb
Kərpicsə
Qonşuluqda uçurtduğu köhnə evdin divarından aşıb
Bu qızcığaz evciklərlə deyil, evlərlə oynayıb –
Qurub, tikib və sonra “babaaax!” dağıdıb...
Küçəsini
Sizin künənizə qədər uzadıb...
Üst-başının kiri və dizlərinin yarası da bu adətindən qalıb
ÜÇÜNCÜ GÜNÜN MƏKTUBU
Heç kim qalmayıb arxada
Bircə uşaqlığımla ikimizik
Əl-ələ tutub baxırıq işıqfora
İşıq qırmızıdır!
O da bizim kimi yolayrıcındadır –
Kommunizmdən kapitalizmə keçməyib hələ də...
Bir əlimi bərk-bərk sıxan bu inadkar qızcığaz
Pişik balası kimi sol tərəfimi cırmaqlayır
Deyin, axı hansı tərəfə
Addım ata bilərəm mən bu ətalətlə?!
DÖRDÜNCÜ GÜNÜN MƏKTUBU
Küçəniz
Bircə addımlığımdadır...
Küçənizə keçmək
Yanımdakı körpənin bircə anlıq əl boşluğundadır!
Senyor Valyexo
Çoxdandır ağlımda bir sual dolaşır
Söyləyin
Bakirə və yorğun-bulanıq gözləriylə
Günəşin doğmasına baxan qoca rahib Santyaqo öləndə
Əlindən xaç boşalıb-düşdü, bunu təxmin edirəm
Fəqət sonra
Yaxasından yapışdımı Tanrının o, həmin əllə?!
Sizi bilmirəm
Ancaq ki mən
“Ölərkən insanın xasiyyəti də dəyişir” deyə düşünürəm...
BEŞİNCİ GÜNÜN MƏKTUBU
Burda bir fahişə vardı.
Adı nə Donna nə də Viktoriaydı
Onun söyüşlərindən qonşular qulaqlarını tutardı
Qonşular öldü...
Söyüşlər qulaqlardan yetim qaldılar havada
Küləyin ətəyindən yapışıb dolaşdılar o başa-bu başa
Və onları duyan şəhər sakinləri
Hərəsi öz ünvanına bir pay götürdü
Sakinlər öldü
Ağaclardan asıldı söyüşlər, hopdular yarpaqlara
Yarpaqlar töküldü
Söyüşlər payızın nəm torpağını öpdü
Torpaqla qucaqlaşıb eləcə getdilər torpağın canına
Sonra fahişə öldü...
Basdırdılar onu söyüşlərinin qoynundaca
ALTINCI GÜNÜN MƏKTUBU
Əvvəl
Şən dostlarım vardı uşaq bağçasında
Bir gün hər şey dəyişdi!
Anam gəldi dalımca
...anası gəldi dalınca
Analar gəldi övladlarının dalınca
Uşaqlar öldü!
Sonuncu dəfə mən bağçadan çıxanda
19 uşaq və 2 tərbiyəçi vardı sinif otağında
Anamın əlindən tutub mən qapıdan adlayanda
Qapının arasında
21 nəfər əzilib-öldü!
Biz ordan uzaqlaşdıqca
Onlar get-gedə zəifləyən səsləri ilə keçinirdilər qulaqlarımda...
Heç bilmirdim
Haçansa yenidən geri qayıdıb həyat verəcəyəmmi onlara?
Yoxsa
Cəsədlərindəncə yaranan həşəratlarla
Gəmirilmiş olacaqlarmı mən qayıdana?..
YEDDİNCİ GÜNÜN MƏKTUBU
Böyüdüm...
Mən böyüdükcə ağaclar kiçildi
Divarlar alçaldı
Damlarda boşluqlar yarandı evlərə yağışlar damdı
Qırmızı bayraqlar üç rəng aldı
Önünə çiçəklər qoyduğum heykəllər aşırıldı
Heykəllər daha çox
Barmağıyla burnunda qurdalanan və kirli dırnaqlarını
Çeynəyib gülən uşaqların gözləri önündə aşmaqdan utanırdı
Sonra
Gözüqıyıq çinlilər əllərindəki texniki oyuncaqlarını ölkəmə dağıtdı
Kağız məktublar sandıqlarda saraldı
Anlayacağınız qədər
Mən böyüyənə uşaqlığımdan heç nə qalmadı
Elə bu məktubu da Sizə həmin oyuncaqlardan birində yazıram
Və yazdıqca düşünürəm ki
“yazmaq” sözünü başqa məsdərlə əvəz etmək lazımdı
SƏKKİZİNCİ GÜNÜN MƏKTUBU
Böyüdükcə böyüdüm! Elə böyüdüm ki qonşular öldü
Qohumlar öldü
Məni böyüdən əllər öldü
Bütün ölülərdən qaçıb sığındığım kişi – sevgilim öldü...
Sevgilim öldü
Bir fahişənin qollarında
Elə o andan salındı məzarlıqlar, senyor Valyexo!..
Qadınlar öldü!
Qadınlar öldü yeniyetmə yaşlarında
Qadınlar öldü...
Qadınlar öldü orta yaşlarda
Qadınlar öldü...
Qadınlar öldü qırmızı dodaq boyasıyla...
...zəhərlədilər ürəyimdəki kişini
Zəhərləndi ürəyim
Ürəyim öldü...
Sinəmdə sol tərəfdəki boşluğa
Qərənfillər düzürəm indi...
Bir kişinin qollarında
Qucağında
Bir qəbiristanlıq qadın öldü müxtəlif yaşlarda
Müxtəlif saç düzümündə
Müxtəlif çəkidə
Boyda...
Fəqət hamısı eyni ədada öldü!
DOQQUZUNCU GÜNÜN MƏKTUBU
Məzarlıqlar...
Məzarlıqlar necə də darıxdırıcıdır, senyor Valyexo, məzarlıqlar!..
Məzarlıqlar sinəmdə salınıblar...
Və yenə qarğalar...
Başımın üstündən dağılmır qarğalar...
(Lənətə gəlsin “şizofreniya” termini!
Qarğalar ölülərin qoxusuna yığışırlar!)
Nəyimə gərəkdir bu çiçəklər-ağaclar
Xoş niyyətli insanlar nəyimə gərəkdir?
Nəyimə gərəkdir dostlar?
Nəyimə gərəkdir payız
Qış
Yaz
Yay?
Nərdivanın altında
Sarılıb boynuna
Sığallayıram bu qayğısız qızcığazın daraqsız saçlarını
O isə məni elə hey qınayır
Və dayanmadan
Sol əlimi bərk-bərk cırmaqlayır...
ONUNCU GÜNÜN MƏKTUBU
... və mən yoxam
Küçəyə çıxın, senyor Valyexo!
Sol tərəfə baxın
Mənəm –
Sol çiynində qarğa gəzdirən qızcığaz
Qarşılayın...
HƏRB və SÜLH
BASQIN
Atəş açmayın!
Silahın lüləsinə zillənən dupduru gözlər
Bir az öncə döşəmənin üstündəki oyuncaqlara baxırdı.
O oyuncaqlar da silahıydı...
Qəddarlaşmayın!
Bu körpənin təbəssümü
oyuncaq əsgərləri çox sevdiyindəndir ki
belə yayılıb çöhrəsinə...
Oynamayın...
Oynamaqçün o, yetərincə böyüməyib hələ.
AXINA QARŞI ÜZƏN BALIQLAR
Atəşkəsi öncə torpaq hiss edər!
Gecələr yağış yuyar sinəsində
Yara misalı açılan boş məzarları –
Öncədən qazılmış əsgər yuvalarını.
Və sonra günəş qurudar
Bu ovuq-ovuq yaraları,
Bu kor quyuları!..
Qaysaqlanar torpaq yarası atəşkəsdə
Qaysaqlanar...
Oldumu torpağın sinəsi
Yarasııız
Hamaaar
Çiçəklər boylanar əsgər yoluna
Çiçəklər boylanar...
Atəşkəsi öncə təbiət hiss edər!
Asfalt daşları
Çaylaqlar...
Qorxusunu soyunub axına qarşı üzən balıqlar...
Özünü çay daşlarına vuran bu balıqların canında
Nə bir qorxu görə bilərsən
Nə də bir yara!
Və qıvrıla-qıvrıla
Torpağın köksündən üzünə çıxan ilanlar
Bəlkə də ilk dəfə atəşkəsdə
Günəşlə sevişib
Otluqlarda yatacaqlar...
GÖYƏRÇİN VƏ QURŞUN KÖLGƏLƏRİ
Aprel…
Səma aydın
Hava ilıqdır
Şəhər
Kürəyi üstə uzanıb günəşə baxır
Sinəsində ağ göyərçinlər
Qara kölgələr salır
Burda –
Günəşlənən şəhərdə mən
Damda çöl göyərçinlərinə
Buğda səpirəm
Burda qapı zəngini
Əlində məktublar və ədəbiyyat dərgiləri
Kübar geyimli poçtalyonlar çalır
Ordasa ölüm!..
Ölüm
Qapıları taybatay açır!
İçəri girib əylənir
Ucadan qəhqəhə çəkib çıxır…
Ölüm küçədə
Qoca poçtalyonu kürəyindən vurub yıxır
(ömrünün qalığı səkiyə dağılır)
Bağrına sıxdığı məktublar qana boyanır
Orda şəhər
Ölkəyə üzü üstə sərilib ağlayır
Ölüm yaxındadır!!!!!!!
Ölüm yaxındadır!!!
Orda
Şəhərin kürəyinə qurşunlar kölgə salır…
Ölüm!..
Ölüm qapıları taybatay açır…
Şərabı başına çəkir
Qədəhləri sındırır!..
Orda evlərin damında
Qanlı çəkməli və əllərində ağır silah
Yadelli əsgərlər addımlayır…
Ölüm...
Ölüm yaxındadır!!!
Və aprel...
Qurşun qoxulu şəhərlərdə
Hava həmişə dumanlıdır...
DOSTUMA
ONUN FOTOŞƏKLİ İLƏ DANIŞARKƏN
Dağınıq saçların əhvalından
Baxışların uzaqlığımdan
Dodaqlarınsa susuzluğundan xəbər verir
Rəsminə deyil əhvalına baxıram
Yaxından həzin bir səs gəlir
Sakitcə qulağıma pıçıldayır
Nazim Hikmət:
“Bir gönülde iki sevda olmaz yalan!
Olabilir!”
Dodağımdakı ilıq təbəssüm də
Bunu təsdiqləyir.