Bu gün Xalq yazıçısı Elçinin 75 yaşı tamam olur. Kulis.az bu münasibətlə görkəmli yazıçını təbrik edir və Abid Tahirlinin onun yubileyi münasibəti ilə yazdığı məqaləni oxucuların diqqətinə çatdırır.
Xalq yazıçısı Elçinin bədii-publisistik, ədəbi-tənqidi irsi- hekayə, povest, roman, pyes, ssenariləri, tərcümələri, monoqrafiya və məqalələri haqqında ölkəmizdə və onun hüdudlarından kənarda tanınmış tədqiqatçılar, mötəbər ictimai və dövlət xadimləri, nüfuzlu elm, mədəniyyət nümayəndələri məhəbbətlə bəhs etmiş, əsərlərinin ideya, məzmununu, özünəməxsus dil, üslub məziyyətlərini, sənətkarlıq məsələlərini hərtərəfli və dərindən təhlil edərək, yüksək dəyərləndirmişlər. Elçin yaradıcılığının bədii gücü, estetik xüsusiyyətləri, tarixi-fəlsəfi mahiyyəti və dəyəri, yazıçının milli ədəbiyyatımızın inkişafındakı yeri, əvəzsiz rolu barədə Məmməd Cəfər Cəfərov, Mir Cəlal, Məmməd Arif, Həmid Araslı, Mirzə İbrahimov, Mehdi Məmmədov, Kamal Talıbzadə, Aydın Məmmədov, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Yaşar Qarayev, Yusif Səmədoğlu, Anar, İsa Həbibbəyli, Kamal Abdulla, Nərgiz Paşayeva, Tofiq Hacıyev, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Nizami Tağısoy, Vilayət Quliyev, İmamverdi Əbilov, Cahangir Məmmədli, Vaqif Yusifli... kimi qələm sahibləri fikir söyləmişlər. Müxtəlif nəsillərə, fərqli, zövq, mövqe və baxışlara mənsub söz sahiblərini Elçin yaradıcılığı haqqında vahid qənaət birləşdirir: Elçin dəyərli əsərləri ilə bəşərin söz- sənət xəzinəsini zənginləşdirən dünya şöhrətli sənətkarlarla bir sırada durmaq haqqını qazanmış klassik Azərbaycan yazıçısıdır!
Elçin yaradıcılığından dəfələrlə bəhs etmək bu sətirlərin müəllifinə də nəsib olmuşdur. Bu dəfə isə böyük yazıçının, görkəmli ictimai və dövlət xadiminin çoxşaxəli, faydalı və fədakar fəaliyyətinin bir dövründən, bir istiqamətindən - Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti- “Vətən” Cəmiyyətinin sədri işlədiyi mərhələdən danışmaq istərdik. Bəri başdan deyək ki, bu Cəmiyyət yarandığı ilk gündən- 1987-ci il dekabr ayının 28-dən fəaliyyət göstərdiyi son günədək- 1993-cü ilə kimi Elçin Cəmiyyətə rəhbərlik etmişdir. Mübaliğəsiz deyəcəyəm ki, “Vətən” Cəmiyyəti XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində - hələ Sovet hakimiyyətinin, rejimin və kommunist ideologiyasının mövcud olduğu illərdə leqal, lakin əsl antisovet bir təşkilat kimi fəaliyyət göstərirdi. Ölkədəki mövcud ictimai- siyasi vəziyyəti, mühiti, Milli azadlıq hərəkatının özü ilə gətirdiyi ab-havanı, Dağlıq Qarabağda növbəti dəfə baş qaldıran erməni separatizminin fəsadlarını, erməni vəhşiliyinin nəticələrini göz qabağına gətirmədən, onları xatırlamadan həmin dövr haqqında obyektiv fikir yürütmək qeyri-mümkündür. Əvvəla, aqoniya vəziyyətində olan partiyanın Mərkəzi Komitəsi, senzura öz canının hayında idi. İkincisi, bütün dövlət orqanlarında, bütün səviyyələrdə və mövqelərdə qəlbi, nəbzi xalqla vuran dövlət məmurları, hüquq və inzibati orqan işçiləri də kifayət qədər idi. Üçüncüsü isə, “Vətən” Cəmiyyətinin Əsasnaməsi heç yada düşmürdü, Cəmiyyət öz fəaliyyətini zamanın tələbi ilə tənzimləyirdi... Hələ SSRİ-ninmövcud olduğu 1988-ci ildə “Vətən” Cəmiyyətində həmvətənlərlə görüş zamanı Elçin müəllimin dediyi aşağıdakı fikirlər Cəmiyyətin gələcək niyyət və planlarından xəbər verirdi: “Mili hiss, , milli təəssübkeçlik bəşəriliyə aparan ilkin mənəvi mənbədir.Milli olmayan şəxs beynəlmiləl də ola bilməz. Vətən məhz ona görə Vətəndir ki, o, taleyin hökmü ilə didərgin düşmüş övladlarını da unutmur və həmin övladlarından da eyni vəfadarlıq tələb edir. “Vətən” Cəmiyyəti yer kürəsinin ən ucqar nöqtəsində yaşayan azərbaycanlı üçün də mənəvi istinadgah olmalıdır. Biz məhz belə bir ali, yüksək məqsəd uğrunda çalışmalı, işimizi məhz belə bir əsada kökləməliyik (“Odlar yurdu” qəzeti”,№13, iyul 1988).
“Vətən” Cəmiyyətinin, o cümlədən “Odlar yurdu” qəzetinin fəaliyyəti nə onların mövcud olduğu illərdə, nə də sonralar kifayət qədər qiymətləndirilməyib. Yaxşı olardı ki, tədqiqatçılar, sahə mütəxəssisləri tərəfindən xalqımızın tarixində parlaq iz buraxmış, xaricdə məskunlaşmış həmvətənlərlə Azərbaycan arasında ilk dəfə mənəvi körpü yaratmış, tam deyirəm, milli şüurun dirçəldilməsində, milli dövlətçilik ənənələrinin təbliğində və dirçəldilməsində misilsiz rol oynamış Cəmiyyətin, demokratik və müstəqil mətbuatın bünövrəsinin qoyulmasında əvəzsiz xidmətlər göstərmiş “Odlar yurdu” qəzetinin fəaliyyətini dərindən araşdırılsın, dəyərləndirsin. Elçin müəllimin rəhbərlik etdiyi Cəmiyyətin fəaliyyət istiqamətləri çoxşaxəli, irimiqyaslı, nəticələri isə faydalı və məhsuldar olmuşdur. Dünya şöhrətli rəssam İbrahim Əhrarinin obrazlı şəkildə dediyi “Bu Cəmiyyət bizlərin gözünə nur, dizinə qüvvət, beyninə ruh verdi”-cümləsi Cəmiyyətin fəaliyyətinə verilən gerçək qiymətdir.
“Vətən” Cəmiyyəti tarixdə ilk dəfə xaricdə yaşayan həmvətənlərlə, onları birləşdirən mədəniyyət mərkəzləri ilə sıx əlaqə yaratmağa, əməkdaşlıq etməyə nail oldu. Xarici ölkələrdə Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtmaq məqsədi ilə çox sayda mədəni- kütləvi tədbirlər, konfrans, simpozium və görüşlər keçirilirdi. Azərbaycanın ictimai- siyasi, ədəbi- mədəni həyatında, azadlıq mücadiləsində misilsiz xidmətlər göstərmiş, lakin sovet rejimi və kommunist ideologiyasının düşməni kimi böhtan və iftiralarla gözdən salınan, unudulmasına çalışılan şəxsiyyətlərin, o cümlədən Əli bəy Hüseynzadənin, Əhməd bəy M. Ə. Rəsulzadənin, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Ceyhun bəy Hacıbəylinin, Şəfi bəy Rüstəmbəylinin, Nəsib bəy Yusifbəylinin, Mirzə Bala Məmmədzadənin, Xəlil Xasməmmədovun, Xudadat bəy Rəfibəylinin, Nağı Şeyxzamanlının... həyat və fəaliyyətinin, irsinin gerçək mənzərəsi ilk dəfə Azərbaycan xalqına təqdim olundu. Şərqin, islam dünyasının ilk dünyəvi, demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında geniş ictimai rəy formalaşdırıldı. 30 nəfərə yaxın əməkdaşın çalışdığı Cəmiyyətin bir neçə şöbəsi, üç əlifba ilə iki həftədən bir nəşr olunan tirajı 250- mindən çox olan “Odlar yurdu” qəzeti fəaliyyət göstərirdi. Azərbaycan sovet mətbuatı tarixində M.Ə. Rəsulzadə haqqında ilk məqalənin “Odlar yurdu” qəzetində dərc edilməsi (№17, sentyabr 1988) “Vətən” Cəmiyyətinin gələcək fəaliyyətinin istiqamətindən xəbər verirdi və bu, bir tərəfdən mövcud rejimə açıq-aşkar meydan sulamaq idisə, digər tərəfdən xalqı tariximizin şanlı səhifələri, azadlıq aşiqlərinin mücadilə yolu ilə tanış etmək məqsədini daşıyırdı. Qəzetdə Azərbaycan Xalq Cümhuriyyətinin digər liderlərinin həyat və fəaliyyəti, Şərqin ilk milli demokratik dövlətinin atributları, qısa zaman ərzində müxtəlif sahələrdə həyata keçirdiyi islahatlar işıqlandırılmağa, Azərbaycan tarixi və Azərbaycan dili ilə bağlı silsilə məqalələr davamlı şəkildə verilmişdir. Cəmiyyətin sədri Elçin qəzetin fəaliyyətini istiqamətləndirir, ona qayğı göstərir, dövrü nəşrin daha məzmunlu və sanballı çıxmasına çalışır, nüfuzu, inadkarlığı, fədakarlığı hesabına qəzeti partokratların, senzuranın, xüsusi xidmət orqanlarının təzyiqindən, təsirindən, təhdidlərindən qoruyurdu. Qəzetin nüfuzlu və populyar olmasında Cəmiyyətlə yaxından əməkdaşlıq edən Bəxtiyar Vahabzadə, Mövsüm Əliyev, Vilayət Quliyev, Vaqif Arzumanlı, Əzizə Cəfərzadə, Qəzənfər Paşayev... kimi qələm sahiblərinin, eləcə də Hurəddin Qərəvi, Əli Yavuz Akpinar, Yücel Feyzioğlu, Əhməd Mehribani və başqa soydaşlarımızın xidməti də böyük olmuşdur.
“Vətən” Cəmiyyətinin vasitəsi ilə xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin mənəvi varisləri-Ankaradakı Azərbaycan Milli Mərkəzinin və Ankaradakı Azərbaycan Kültür Cəmiyyətinin baş katibi Məhəmməd Kəngərli, mühacir təmkilatının qurucularından Əhməd Qaraca və digərləri ilə ilk dəfə siyasi mühacirlər kimi Vətəni ziyarətə gəldilər. “Vətən” Cəmiyyəti İstanbuldakı Azərbaycan türkləri kültür və dayanışma dərnəyinin təşkilatçılığı ilə 1989- cu il noyabrın 3- 6-da keçirilən Azərbaycan Mədəniyyət Mərkəzlərinin I Beynəlxalq qurultayının işində fəal iştirak etmişdir.
“Vətən” Cəmiyyəti dünya şöhrətli şərqşünaslarla, türkoloqlarla, azərbaycanşünaslarla, onların irsi ilə ölkə ictimaiyyətini məlumatlandırdı. A. Benniksen, T. Svyataxovski, O. Altstadın Azərbaycanla bağlı tədqiqatları geniş əks-səda doğurdu, rəğbət qazandı. Cəmiyyətin yarandığı il London Universitetinin professoru Turxan Gənceyi, “Ana dili” qəzetinin (Bonn) redaktoru Nurəddin Qərəvi, “Xəzər” jurnalının (İstanbul) baş redaktoru Həmid Turan, tələbə Səid Rəfipur (Almaniya), Fransa Müqavimət Hərəkatının iştirakçısı İbadulla Əzimzadə və b. “Vətən” Cəmiyyətinin dəvəti ilə Azərbaycanda olmuşlar. Onların Azərbaycana səfərləri hər dəfə hadisəyə çevrilirdi. Sonrakı illər onlarca həmvətən, yaxud Azərbaycan xalqının, mədəniyyətinin dostları, o cümlədən İstanbuldakı Azərbaycan kültür və dayanışma dərnəyinin sədri Nihad Çətinqaya, Stokholmdakı Azərbaycan əncüməninin sədri Möhsün Kərimi, Almaniyada yaşayan həmvətənimiz dr.Hadi Amidi, Madriddə çıxan “Dədə Qorqud” jurnalının redaktoru Cəlal Erkin, Türkiyənin tanınmış jurnalisti, teleaparıcı Mehmet Ali Birand, dünya şöhrətli rəssamlar Əkbər Behkəlam və İbrahim Əhrari, “Amerikanın səsi” radiostansiyasının Azərbaycan bölməsinin rəhbəri Həsən Cavadi, həmin radionun əməkdaşı Bulud Mehmandarlı, ədəbiyyatşünas Məmmədəli Fərzanə “Vətən” Cəmiyyətinin qonağı olmuşdur. ”Vətən” Cəmiyyətinin xətti ilə xarici ölkələrə (Almaniya, Danimarka, Hollandiya, Türkiyə, İsveç, Norveç, Avstriya, Finlandiya, ABŞ və s.) ezam olunan onlarca tanınmış mədəniyyət, elm xadimi, incəsənət ustaları əslində, o zamanlar xaricdə heç bir nümayəndəliyi, səfirliyi olmayan ölkəmizi təmsil edir, Vətənimizin ədalətli mövqeyini müdafiə edir, həm həmvətənlər, həm xarici ölkə ictimaiyyəti arasında Azərbaycanın qədim, zəngin tarixini, milli-mənəvi dəyərlərini tanıdır, təbliğ edir, ölkəmizdə baş verən ictimai-siyasi hadisələr, Dağlıq Qarabağ problemi haqqında, erməni seperatizmi və vəhşiliyi barədə obyektiv məlumatlar yayır, əsl həqiqətlər haqqında fikir formalaşdırırdılar. Bu qəbildən olan tədbirlər SSRİ hökumətinin, Sovet İttifaqı Kommunist Partiyasının respublikamıza qarşı qərəzli, əslində qatı düşmənçilik, təcrid etmək, informasiya blokadasında saxlamaq siyasəti zamanında xüsusi ilə mühüm əhəmiyyət daşıyırdı.
R. Mustafayev adına Dövlət İncəsənət muzeyində xarici ölkələrdə yaşayan həmvətən rəssamlarımızdan İbrahim Əhrari, Əkbər Behkəlam, Davud və Əyyub İmdadiyan qardaşları və digər sənətkarlara məxsus 90 tablodan ibarət sərginin açılması ölkənin mədəni həyatında hadisəyə çevrilmişdir. Böyük mütəfəkkir-yazıçı Mirzə Fətəli Axundovun anadan olmasının 175 illik yubileyi münasibəti ilə “Vətən” Cəmiyyətində xaricdən dəvət olunmuş elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçirilən görüş (31 oktyabr, 1988) həm miqyası, həm də məzmunu ilə tarixə düşmüşdür. “Vətən” Cəmiyyəti Rəyasət heyətinin sədri Elçinin açdığı və geniş nitq söylədiyi tədbirdə adlı-sanlı elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri xaricdən- İren Melikoff, Turxan Gənceyi, Əbdüllətif Bəndəroğlu, Sərvər Tanilli, Qulamrza Təbrizi, İlbər Ortaylı, Şapur Ənsari, Canpyero Bellinceri, Əli Yavuz Akpinar, Şirin Melikoff, İldırım Dağyeli, Yusif Gədikli, Əyyub və Davud İmdadian qardaşları, Rza Diqqəti, ölkəmizdən Bəxtiyar Vahabzadə, Anar, Vilayət Quliyev, Polad Bülbüloğlu, Lütfiyar İmanov, Fərhad Xəlilov, Nazim İbrahimov iştirak və çıxış etmişlər. Mirzə Fətəli Axundovun xatirəsinə ehtiram əlaməti olan bu irimiqyaslı tədbir həmvətənlərlə əlaqə və əməkdaşlığın yeni səhifələrini açdı.
“Vətən” Cəmiyyəti 20 Yanvar faciəsinin törədiləndə “Vətən” Cəmiyyəti bütün qüvvəsini səfərbərliyə aldı: Bakıda fövqəladə vəziyyət, komendant saatı olmasına baxmayaraq, Sovet əsgərlərinin Bakının küçələrində törətdiyi cinayətlər, onların izləri video və fotolara köçürüldü, teleks və telefonlar vasitəsi ilə xarici KİV, həmvətənlər, onları birləşdirən mədəniiyyət mərkəzləri məlumatlandırıldı. “Odlar yurdu” hərbi senzuranın qadağalarına baxmayaraq, 20 Yanvar faciəsini “Səhər” qəzeti ilə birlikdə ölkədə ilk dəfə bütün çılpaqlığı ilə öz səhifəsində işıqlandırdı. “Vətən” Cəmiyyəti yeganə mətbu orqandır ki, Azərbaycan SSR Ali Sovetinin yanvar ayının 21-də keçirilmiş fövqəladə sessiyası barədə məlumatı və onun “Bakı şəhərində Fövqəladə vəziyyətin ləğv olunması haqqında” qərarını dərc etmişdir. Sessiyanın keçirilməsində Elçinin xüsusi rolu olmuşdur.
“Vətən” Cəmiyyəti çirkin “erməni məsələsi”nin əsl mahiyyətinin açılması və bədnam qonşularımızın Dağlıq Qarabağdakı separatizminin acı, ağır fəsadları, erməni vandalizmi barədə, ümumiyyətlə Cənubi Qafqazda gedən proseslərlə bağlı həqiqətləri həmvətənlərə, dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və sistemli şəkildə mühüm tədbirlər həyata keçirirdi. Cəmiyyət Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı mütəmadi informasiyalar yayır, erməni vəhşiliyinə qarşı xalqımızın qəzəb və nifrətini ifadə edərək həmvətənlərimizi ermənilərin və onların havadarlarının fitnəkar planlarını ifşa etməyə, həqiqəti dünya ictimaiyyətinə çatdırmağa, Azərbaycanın ərazi bütövlüyü və azadlığı naminə öz haqq səslərini ucaltmağa çağırırdı.
Elçinin səyi ilə 1990-cı il noyabrın 26- da “Vətən” Cəmiyyətinin dəvəti ilə ölkəmizə gələn ABŞ konqresinin üzvü, Demokratlar Partiyasının liderlərindən biri, tanınmış siyasi xadim Cim Mudi və onu müşayiət edən nümayəndə heyəti ilə geniş tərkibli görüş keçirilmiş, ABŞ konqresmeninə Azərbaycanda baş verən ictimai-siyasi proseslər, erməni təcavüzü ilə bağlı hərtərəfli, geniş məlumat verilmişdir. Cim Mudinin timsalında ilk dəfə Şəhidlər Xiyabanı rəsmi ziyarət edilmiş, məzarlar üzərinə əklillər qoyulmışdur. Elçin senatorla görüş zamanı xalqımızı narahat edən problemləri sərt və aydın şəkildə bəyan etmişdir: “Azərbaycan xalqı artıq üç ildir ki, açıq təcavüzə məruz qalır, onun torpaqları qəsb edilir, milli varlığı təhdid olunur.Bu fəlakət qarşısında xalqın öz suverenliyi uğrunda apardığı demokratik mübarizə ölkədə və xaricdə tamamilə yalnış mövqedən qiymətləndirilir, onun haqq işinə irtica, cəhalət donu geydirilir. Təəssüf ki, bu birtərəfli və qərəzli informasiya daim azadlıq ideallarına sadiq olan ABŞ-da da yayılr, erməni lobbisi tərəfindən respublikamız, onun xalqı əleyhinə mənfi ictimai rəy yaradılır. Buna görə də Azərbaycan xalqı cənab konqresmenin səfərinə böyük ümid bağlayır və belə hesab edir ki, o, Azərbaycanda olduğu müddətdə hər şeyi öz gözləri ilə görmək və ilk mənbədən öyrənmək imkanı qazanacaqdır (“Odlar yurdu”, №22, noyabr 1990) .
“Vətən” Cəmiyyətinin fəaliyyəti ilə uzun müddətdən- 1946- ildən sonra ilk dəfə Cənubi Azərbaycan mövzusu yenidən gündəmə gəldi, aktuallaşdı. ”Vətən” Cəmiyyəti yeni əlifbanın üstünlüklərinin təbliği ilə kifayətlənmədi, ölkəmizdə ilk dəfə latın əlifbası ilə qəzet buraxdı.
”Vətən” Cəmiyyəti həmvətənlər arasında Azərbaycan dilini, tarixini, mədəniyyətini, ədəbi-mədəni irsini təbliğ, təşviq edir, öyrədir və sevdirir, dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımızın ünvanına küllü miqdarda qəzet, kitab, digər çap məhsulları göndərirdi. ”Vətən” Cəmiyyəti xarici mətbu orqanları, eləcə də həmvətənlərimizin buraxdəğı nəşrlərl daim izləyir, onlarla əlaqə saxlayır və əməkdaşlıq edirdi. “Vətən” Cəmiyyətinin ümummilli maraqlara, müstəqilliyə xidmət edən çoxşaxəli, səmərəli və şəffaf fəaliyyəti xaricdə və daxildə müəyyən dairələri təmin etmədiyindən onlar müxtəlif üsullarla Cəmiyyətin işinə kölgə salmağa, böhtan, yalan və şayiələrlə onun fəaliyyətini gözdən salmağa cəhd göstərmişlər. “Onlar Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının yayılmasından, ümumiyyətlə Azərbaycanın tanınmasından, həmvətənlərimiz arasında milli şüurun artmasından, milli özünüdərketmənin güclənməsindən, türkmənçaydan sonra ayrı düşmüş iki tayı çətinliklərə sinə gərərək bir-birinə əl uzatmasından qorxuya düşürlər.Həmin dairələr hər vasitə ilə “Vətən” Cəmiyyətinin fəaliyyətini gözdən salmağa çalışır, ona iftira və böhtanlar yağdırır, ictimai fikirdə mənfi qənaət doğurmağa can atırlar. Xaricdəki bir sıra farsdilli mətbuatda da belə bir naqis təmayüllü, təşvişdən doğan qərəzçilyi açıq-aşkar görmək mümkündür (“Odlar yurdu”, № 19, sentyabr 1989). İş o həddə çatmışdır ki, “Vətən” Cəmiyyətinin fəaliyyəti Sov.İKP MK-nın Politbüro iclasında müzakirə edilmiş, o zaman SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləyən keçmiş xarici işlər naziri Andrey Qromıko “Vətən” Cəmiyyətinin əleyhinə kəskin çıxış etmişdir. Bu qərəzli, bəzi hallarda düşmən münasibətdən çəkinməyən və sarsılmayan Cəmiyyətin ən böyük müttəfiqi ədalət və həqiqət olmuşdur ki, bu da ona xalqın yaddaşında- tarixində həmişəyaşarlıq haqqını qazandırmışdır. Məsələ burasındadır ki, Cəmiyyət, onun sədri Elçin yalnız SSRİ-dəki düşmənlərimizə yox, ermənilərə xaricdə himayədarlıq edən, onları maddi, mənəvi cəhətdən dəstəkləyən qüvvələrə qarşı da sözün tam mənasında mübarizə aparırdı: “.. bu gün Amerika Birləşmiş Ştatları senatının xarici işlər komissiyası Azərbaycanın ayrılmaz tarixi hissəsi olan Dağlıq Qarabağ haqqında yalan məlumatlara və saxta sənədlərə əsaslanan tamamilə birtərfəfli və ədalətsiz qətnamə qəbul edirsə, bu Azadlığın ziddi, qaranlığın təntənəsidir. Hərgah bu gün daşnaksutyunun ən qatı və qəddar üzvləri Amerika Birləşmiş Ştatlarında cismani məskən tapmışlarsa, bunu bəlkə də ölkədəki azadlıqla izah etmək olar, lakin həmin daşnaklar orada özlərinə mənəvi məskən də tapmışlarsa, bu, Azadlığın, işığın yox, qara əməllərin ifadəsidir. Hərgah daşnak əqidəsi, daşnak dünyabaxışı Amerika Birləşmiş Ştatlarının senatına təsir edə bilirsə, bu azadlığa xəyanətdir, Azadlıq ideallarının tapdanması deməkdir (“Odlar yurdu” №22, noyabr 1989).” Elçin fikirini davam etdirərək yazır ki, əgər Paruryur Əyrikyan kimi erməni millətçilərinin söylədikləri böhtanlar Amerika Birləşmiş Ştatlarının senatına da təsir edirsə, bu yalnız kütbeyinlik hadisəsi deyil, azadlığı qarşı sui-qəsddir. Əgər bu gün Sergey Qriqoryants və onun arvadı Tamara Qriqoryants Moskvada oturub “azadlıq uğrunda mübarizə” adı ilə Azərbaycan xalqının tarixi, mədəniyyəti və ümumiyyətlə mənəviyyatı barədə öz həmvətənləri vasitəsilə Amerika Birləşmiş Ştatlarıında yaya bilirlərsə və həmin çirkab kimlərəsə tutarlı görünürsə, bu yalnız Azadlığa yox, bütün Amerika xalqına təhqirdir. Bütün bu ədalətli, haqlı, eyni zamanda sərt iradlardan sonra Elçin həmvətənlərimizə müraciət edərək hər kəsi vətəndaşlıq borcunu yerinə yetirməyə, haqq səsini qaldırmağa səsləyir və yazır: “Azərbaycan xalqının öz torpağının bölünməzliyi, ərazisinin qorunması uğrundakı ən böyük müttəfiqi- həqiqətdir.
“Vətən” Cəmiyyəti fəaliyyət göstərdiyi dövrün tarixinə, ictimai- siyasi proseslərə, milli- azadlıq hərəkatının daha geniş vüsət almasına, erməni seperatiminin və erməni vəhşiliyinin ifşasına, demokratik dəyərlərin, xüsusən söz azadlığının, yeni dövr müstəqil mətbuatın formalaşmasına, ədəbi-mədəni həyata, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, mühacirlərlə səmərəli münasibətlərin qurulmasına misilsiz töhfələr vermişdir. Cəmiyyət xaricdəki həmvətənlər probleminin (məskunlaşdığı ölkələr, fəaliyyət dairələri, sosial tərkibi, təşkilatlanması, təhsili, siyasi baxışları, həyat və təfəkkür tərzləri, həmvətənlərlə əlaqə vasitələri, onların mətbu və digər nəşrlərlə təmin edilməsi, həmvətənlərin mətbu orqanları, mədəniyyət mərkəzləri, ocaq və əncümənləri, ana dili kursları, yerli xalqlarla əlaqə və münasibətləri, və s. v. i.) öyrənilməsi və həlli,, Azərbaycan Xalq Cümhuriyyəti haqqında həqiqətlərin üzə çıxarılması, milli azadlıq hərəkatının daha geniş vüsət almasına, 20 Yanvar faciəsi haqqında həmvətənlərin, beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına, ölkəmizin ərazi bütövlüyü və Dağlıq Qarabağ problemi haqqında obyektiv rətin formalaşmasına, “Odlar yurdu” qəzetinin demokratik və azad mətbuat kimi fəaliyyət göstərməsi, mühacirətşünalıq elminin yaranması, soydaşlarımızın arasında milli- mənəvi dəyərlərin, adət, ənənələrin təbliği istiqamətində tarixi rol oynamışdır. Elçin müəllimin Cəmiyyətdəki fəaliyyəti onun nə qədər millətpərvər, vətənsevər, xalqımızın tarixinə, taleyinə, milli- mənəvi, dini dəyərlərimizə bağlı olduğunu, müstəqil Azərbaycanın naminə hər cür fədakarlıq etdiyini bir daha ortaya qoymuş oldu.