İlahi, bir qədər geri çək ömrü - ŞEİRLƏR

İlahi, bir qədər geri çək ömrü - <span style="color:red;">ŞEİRLƏR
19 oktyabr 2016
# 11:47

Kulis.Az İbrahim Quliyevin (Güney İbrahimi) şeirlərini təqdim edir.

Qış günü açmış çiçəyə

Bu çiçək səhv salıb baharı qışnan,

Küləyi tufannan, qarı yağşnan,

Hayana gedəcək bu yır-yığışnan?

Kəpənək qanadlı bir çiçək ömrü.

Nə göydə ulduz var, nə yerdə bahar,

Ötür saymazyana....

ötür adamlar

İlahi, ya bir az irəli apar,

Ya da ki, bir qədər geri çək ömrü.

Uçur al çiçəklər, ətraf ağaappaq,

Ağ-ağ köynəklərə düşən qana bax.

Bu çiçək yaz fəsli açılmayacaq,

Yarımçıq qalacaq biçənək ömrü.

Bu çiçək bir daha dolmaz bar üstə,

Qırov qırma kimi yarpaqlar üstə,

Gör necə əyilib soyuq qar üstə,

Gör nəyə çevirdi sürünmək ömrü.

Salam de...

Sən məndən salam de xatirələrə,

Yağışa, buluda, çaya salam de.

Gecə sübhə qədər zəmilər üstə

Gah yanan, gah sönən aya salam de.

Salam de, yarpağa, ota, çiçəyə,

Biçənək qoxulu yaz yuxusuna.

Salam de, vadidən keçən küləyə

Bir də qədim çayın uğultusuna.

...o çay yuxuma girir hər gecə,

Ay doğur suların üstünə hərdən.

Bir qıza söz verdim otuz il öncə

Salam de, yol üstə o qızı görsən.

Hörümçək toruna büküb ömürünü,

Asıb köhnə evin pəncərəsindən.

...Qapılar payıza açılır, gülüm,

Ağarmış saçlara salam de məndən.

Salam de, keçdiyin yollar uzunu...

Buluda, yağışa, çənə, salam de,

Tozlu kənd yolunda boynunu büküb,

Hələ yol gözləyən mənə, salam de.

Qız, sənin gözlərin...

Köçdü sən sevdiyin bəyaz buludlar,

Sən görən üfüqdə köz dərin-dərin.

Ömrün hər yerində sənin izin var, -

Burda ayrılığın, orda gözlərin.

Yol çəkir o gözlər günlərin üstən,

Göz çəkən yolların körpüsü olmur.

"Nə tez darıxmısan, nə tez" deyirsən,-

...Həsrətin təzəsi, köhnəsi olmur.

Apar cəhənnəmə, gəl apar məni,

Ya yanım, ya da ki, daş olub gedim.

Ruhumuz tanrıya qovuşan kimi

Mən də gözlərinə qoşulum gedim.

Apar bəbəyində, apar şəklimi, -

Ölsəm yarı yolda, basdır dərində.

...Qız, sənin gözlərin tabut imiş ki,

Tabut qapağıymış kirpiklərin də...

Ovcumun içində ölür əllərin...

Ovcumun içində əlin islanır,

Susursan...

bu günün sükutu sənsən.

Burda bulud hanı, göy üzü hanı?

Bu yağan yağışın buludu sənsən.

Bu yağan yağışa rəng verir elə...

Gözdən yaş yerinə qara su gəlir.

Sən hansı ocaqda yanmısan belə?

Əlindən xatirə qoxusu gəlir.

Bir söz de, sən məni günahkar çıxar

(Yalan həqiqətin astar üzüdür).

Bu yazıq əlinin nə günahı var

Əlin ki, bir körpə qu ölüsüdür.

Bu tabut ovcumda ölür əllərin

Rəngi də çəkilib, soyuq qardı ki....

Qaldır kirpiyini gözünə bənd çək,

Bu yazıq meyiti sel apardı ki.

Cehiz arasında şəkil aparır

Ha bağla yolları üzümə mənim,

Məni yol aparmır, fikir aparır.

Orda ürəyimi girov qoymuşam,

Gəlib can yiyəsi çəkib aparır.

Bu yaz yuxusudu, yoxsa ki, sevgi,

Gözündə şeh qaldı kim məni sevdi,

Ürəyim səhrada yiyəsiz evdi -

Hər gələn, hər gedən söküb aparır.

Ula, qurd qardaşım, sən ula yalqız,

Boylan bu hasardan o yola yalqız,

Ağlaya-ağlaya gəlin gedən qız

Cehiz arasında şəkil aparır.

Sənin adın

Adın ürəyimdə mumiyalanıb...

Tərpətsən, altından yenə köz çıxar.

O qədər demədim, söz daşa döndü,

İndi gəl bu daşdan təzə söz çıxar.

Çıxar bu yaradan qırmızı qanı,

Qan batar günahın olduğu yerdə.

Görəsən, yarımçıq sevgi vardımı?

Allahın özünün olduğu yerdə.

...Adın ürəyimdə mumiyalanıb,

Zaman adın üstdən çapır atını.

Haçansa eynəkli alim tapacaq,

Mənim ürəyimdən sənin adını.

Adın ürəyimdə mumiyalanıb.

Şahım

Dünya məni al dil ilə

Aldatdı, şahım, aldatdı.

Sevə-sevə, gülə-gülə

Ağlatdı, şahım, ağlatdı.

Oyandıq təpik səsinə,

Yüyürdük qəpik səsinə,

O bizi çəpik səsinə

Oynatdı, şahım, oynatdı.

Ovuldu əlimdə qələm,

Hər tərəfim ağacdələn.

Bu dərd bizə göydən gələn

Sovqatdı, şahım, sovqatdı

# 1123 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #