Natiqin Yeganəsi - SƏHƏR ƏHMƏDİN HEKAYƏSİ

Natiqin Yeganəsi - <span style="color:red;">SƏHƏR ƏHMƏDİN HEKAYƏSİ
16 fevral 2016
# 08:30

Yasamal bazarının yanından "Elmlər Akademiyası" metrosuna tərəf kəsə yolla piyada düşməyə başladım. Sağ tərəfdə universitetin yataqxanalarının xarabalıqları qəribə qüssə doğururdu. Sökülmüş pəncərələr çıxarılmış gözə bənzəyirdi. Bu bina neçə ömrün gəncliyinin, sevgisinin, xatirələrinin xarabalığıydı həm də. Get-gedə nəsə qəribə, sentimental bir havaya köklənirdim ki, bu da günün başlanğıcı üçün yaxşı işarə deyildi. Bir tərəfdən də beynimin tən ortasında oturmuş əsəb həkimim tez-tez gözümə görünüb “bu fikirlər sizin sağlamlığınıza ziyandır” tipli xəbərdarlıq edirdi. Baxışlarımı yataqxananın viranəsindən güclə qoparıb başımı yana çevirdim. Dünəndən - Yeganənin vatsappdakı mesajını görəndən bəri beynimi məşğul edən o sual yenə peyda oldu: "Bu qız məni neyləyir axı?"

Yeganəni xatırladım, çoxdandı görüşmədiyim tələbə yoldaşımı. Məndən bir kurs aşağı oxuyan, asta yerişli, həzin səsli, mələk üzlü, qarışqanı da incitməyən sarışın qız. Amma bunların heç biri onun əsl təyini deyildi. Mənim üçün onun əsl təyini başqaydı. Natiqin sevdiyi Yeganə...

Görüşün vaxtı çatanacan Elmlər Akademiyasının bağında xeyli gəzişdim. Guya ki, özümü – beynimdəki o ağxalatlı, əzazil insanın pasiyentini açıq havada gəzməyə çıxarmışdım. Görüş vaxtı metronun çıxışında dayananda həmin sual allah bilir neçənci dəfə beyin həmləsi etmişdi: "Bu qız mənə nə deyəcək?"

İyirmi il əvvəl onların - bizim qızların mənimlə belə görüşə tez-tez ehtiyacı olurdu. Bilmirəm, mənim qeyri-adi təsəlli vermək bacarığımmı vardı, yoxsa onlar şairləri sevgi mütəxəssisi hesab edirdilər? Onda gəncdik, kövrəkdik, dünyada sevgidən başqa dərdimiz yox idi. Bəs indi qırx yaşını adlamış, evi, işi, cürbəcür problemləri olan iki qadının bir-birinə nə ehtiyacı ola bilərdi?

Mən köhnə dostları yeri gəldi-gəlmədi özüylə daşıyan adamlardan deyiləm. Ancaq onlar istədiyi vaxt mənim həyatımın qapısını ərklə aça bilərlər. Odur ki, Yeganənin təklifinə heç nə soruşmadan razılaşmışdım. Bu qız həm də mənim üçün Natiqin yadigarıydı. İyirmi ildi heç bir xəbər ala bilmədiyim şəkili qrup yoldaşımın.

Yeganəni o saat tanıdım. Nədənsə mənimlə soyuq görüşdü. Ağır xəstəlikdən durubmuş kimi səsi güclə çıxırdı.

- Nə olub? - dedim.

- Heç nə, - dedi.

Bağa tərəf sakitcə addımlamağa başladıq. Dərin və üzücü sükutdan sonra axır ki, dilləndi:

- Sənə Natiqdən danışacam.

Dərmanlardan keyləşmiş beynimdə çoxdan unutduğum bir canlanma əmələ gəldi. Xiyabanın ortasında dayanıb az qala qışqırdım:

- Natiq? Tapmısan onu? Şəkidədi, ya Bakıda?

Hıçqırtı...

Mən yazıq qadının üstünə daha bərkdən qışqırdım:

- Sənnənəm, hardadı Natiq?

Hıçqırtılar hönkürtüyə çevrildi. Bu hönkürtülər arasında qırılan səslə "yoxdu artıq, can, yoxdu", - dedi.

Bu cür hönkürən qadının üstünə qışqırmaq olmazdı. Odur ki, onu öz halına buraxıb düşünməyə başladım. Natiq ölmüşdümü, Yeganə bunu hardan öyrənmişdi, iyirmi il bundan qabaqkı sevgi belə ürəkdən hönkürəcək qədər istimi qalmışdı?

Yeganə əliylə qarşıdakı skamyaların birini göstərdi. Oturan kimi gözlərini əllərinin dalıyla silib danışmağa başladı:

- 2014-ün sentyabrıydı. Feysbuk səhifəmin şifrəsini unutmuşdum. Bir ay sonra xatırlayıb yenidən açdım. Tanmadığım birindən çoxlu məktub gəlmişdi. Oxuyub gördüm ki, odu.

- Nə? Feysbukda varmış? Bəs bizi niyə tapmayıb?

- Hamınızın dostluğunda olub, başqa adla. Səhifəsini Anar adıyla açmışdı. Axırıncı mesajda ona cavab vermədiyim üçün səhifəsini bağlayacağını yazırdı. Ürəyim əsə-əsə mesajın tarixinə baxdım. 14 gün əvvəl yazılmışdı. Cavab yazanda əllərim titrəyirdi. Səhifəsini bağlamış olsa, onu yenidən və həmişəlik itirəcəkdim.

- Cavab verdimi?

- İki saat sonra cavab gəldi. Beləcə bir ay yazışdıq. Bir ayın tamamında Bakıya gəldi. "Neftçilər" tərəfdə görüş təyin elədik.

- Hə, onun qardaşı oralarda olurdu axı...

- Bir müddət tərəddüd elədim. Evdən çıxanda da özümü danlayırdım ki, ailəli adamla görüşməyin nə adı var. Sən demə, o da məni evli sayırmış.

- “Mənə bax, görürsənmi" dedi. – “Mən hələ də evlənməmişəm”.

- Nə? Bu vaxta qədər o da subay imiş?

- Hə, - Yeganə yenə hönkürdü.

- Səbəbini soruşmadın?

- Soruşdum.

- Nə dedi?

- "Səndən sonra heç kimə ürəyim isinmədi" -dedi.

- Bəs niyə belə eləyib?

- Mənim arzularıma mane olmaq istəməyib, istəyib ki, böyük alim olum, xoşbəxt olum, başa düşürsən, "xoşbəxt".

İyirmi dəqiqənin içində bu qədər məlumatla yükləndiyimdən, vəziyyətə köklənə bilmir, həmsöhbətimlə eyni dalğaya düşməyi bacarmırdım. Odur ki, mənim dialoqlardakı soyuq və passiv çıxışımı anlamanızı rica edirəm.

Yeganə çantasını açıb bir qalaq şəkil çıxartdı. Onların xoşbəxt günlərini əks etdirən birgə şəkilləri. Natiq xeyli dəyişmişdi. Gözlərini görməsəm, onu tanımazdım. Azca kökəlmiş, saçlarına dən düşmüşdü. Bir də bu şəkillərdəki Natiqin üzündə mənim tələbə yoldaşım Natiqin beş il üzündə görmədiyim işıq vardı. Xoşbəxtlik və inam. Bu şəkildəki Natiq taleyiylə barışmış kimiydi. İtirdiyini tapmış kimi...

Sonra Yeganə danışdıqca mən parçaları birləşdirir, qəhrəmanlarını yaxşı tanıdığım, birinci hissəsini əzbər bildiyim bu yarımçıq sevgi hekayəsinin ikinci hissəsini təsəvvürümdə asanlıqla bərpa edirdim.

İlyarım çəkən bu xoşbəxt günləri, bir-birindən gözəl etirafları, bayramları, doğum günlərini, sevgililər günlərini, Şəkidəki və Bakıdakı görüşləri, birlikdə yolçuluqları aydın təsəvvür edirdim.

- Doğum günümdə həmişəlik Bakıya gələcəkdi, evlənəcəkdik.

Yeganə baxışlarını harasa uzaqlara dikib susdu.

- Həə, ürəyimi çəkmə, Yegiş, sonra nə oldu? Gəlmədi, yenə qeyb oldu?

- Yox, gəldi.

O, özüylə danışan dəlilər kimi astadan təkrarladı:

- Gəldi. Həmin gün onu Şəkidəki xəstəxanadan Bakıya gətirib "Neftçilər" xəstəxanasının reanimasiyasına yerləşdirdilər. Qaçıb yanına getdim. Halsız uzanmışdı. Saçlarını sığalladım. Həmişə "nə istəyirsən?" soruşardım ondan. O da "heç nə, səni istəyirəm" deyərdi. Yenə soruşdum: "Natiq, nə istəyirsən?" Danışa bilmədi. Barmağı ilə məni göstərdi. Bax elə həmin o sovxa ad günüm günü qollarımın üstündə keçindi.

Bu yerdə hər şeyi təsəvvürünüzə buraxıb hər hansı bir təsvirdən yan keçirəm.

Sonra yenə Yeganə qırıq-qırıq danışır və yenə parçaları birləşdirir, səhnələri beynimdə canlandırırdım: Natiqin Yeganənin qolları üstə necə can verməsini, Yeganənin həkimlərə necə yalvarmasını, "ya onu sağaldın, ya da məni də öldürün" apatiyasına düşməyini, bir-iki həftə bundan əvvəlki həmin o çovğunlu gündə meyitin arxasınca Şəkiyə getməsini, hətta dəfn mərasiminin xırdalığına qədər...

- Bilirsən necə ağladım onu, bilirsən necə dil dedim ona? Hərdən düşünürəm ki, bəlkə allah bizi ona görə görüşdürübmüş, Natiqi belə ağlayım deyə. Bilirsən axı, onun anası, bacısı yox idi.

- Bəlkə nakam getməsin deyə, son illərini xoşbəxt yaşasın deyə, son anda yanında olasan deyə birləşdirib. Bir də belə düşünək.

- Bəs mən, mənim əzablarım? Bəs mən necə olacam? Onda məni də öldürsün. Biz söz vermişdik ki, bir gündə öləcəyik. Niyə onu aparan ölüm məni aparmır? Axı bu ədalətli deyil.

- Bu dünyada heç nə ədalətli deyil. Ya da biz ədalət anlayışını düzgün qavramırıq.

- Offf!

- Bəs sən niyə demədin ki, Natiqi tapmısan, axı mən onu hər yerdə axtarırdım.

- Qoymadı, “qızlara demə”, - dedi, evlənək, sürpriz edərik.

Əlbəttə, belə hərəkətləri olmasa, o, Natiq olmazdı ki. Tələbə vaxtı ədəbiyyat fakültəsinin romantik qızlarını dəli edən də onun xarakterindəki bu sirlilik deyildimi?! Bütün kurslardan ona vurulan qızlar vardı, hamısı da dərdini bizə danışır, bizdən xəbər, məktub yollayırdılar. Bizim hərarətlə təqdim elədiyimiz bu sevgi etiraflarına o çox soyuq yanaşır, “boş verin, sevginin ömrü iki-üç ildi”, - deyərdi. Yeganə axır ki onu sevgiyə inandıra bilmişdi, deyə hamımız sevinirdik. Amma institutu bitirən kimi Natiq yenə sirli şəkildə qeyb olmuşdu.

Gəldiyim yolla yavaş-yavaş üzüyuxarı qalxırdım. Qəribədi, birinci kursda bizim ilk yasımız Natiqgildə düşmüşdü - anasının yası... O vaxtdan ta indiyə qədər bir-birimizin valideynlərinin dəfnində görüşürdük. İndi isə Natiq sıramıza dən salmışdı. Artıq bir-birimizi yola salma mövsümü başlayırdı. Amma bizdən fərqli olaraq Natiqin özü kimi ölümü də qəribə idi. Bəlkə həyat ona sevginin gücünü, onun iki-üç il yox, iyirmi üç il də çəkə biləcəyini göstərmək üçün bu oyunu oynamışdı. Axı həyatın tənqidçisi olmur, onu nə pafosda, nə gözlənilməz sonluqda, nə hind kinosuna oxşamaqda qınayan yoxdu. Ona görə də bu hekayənin heç bir cümləsi də mənim deyil.

# 1365 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #