Ramiz Rövşәn məni necə aldatdı – Məmməd İsmayıl yazır...

Ramiz Rövşәn məni necə aldatdı – Məmməd İsmayıl yazır...
15 dekabr 2016
# 13:47

Kulis.az şair Məmməd İsmayılın "Ramiz Rövşәnin 70 illiyinә dost ismarışı" yazısını təqdim edir.

Körpüsüz kәnd çaylarını keçmәk üçün adamlar addım aralıqlarıyla bu taydan o taya daşdan addamaç salırlar. Bu cümlәnin vәzifәsi sözlüklәrdә arasanız bulamayacağınız elә bu “addamaç” sözünün izahı üçündür.

Gözәgörünmәz sәnәt tanrısı da әbәdi boşluqları doldurmaq üçün addamaçsız keçinmir, keçinә bilmir. Bu “addamaçları” salan sәnәt karvanının әbәdiyaşar tәmsilçilәri onlara bәlkә heç özlәrinin dә xәbәri olmadan verilәn görәvi yaşadıqları zamanlardan yaşayacaq zamanlara daşıyırlar. Vә çox zaman dәyәri bilinmәyәn bu dәyәrbiçilmәz “addamaçlar”dan neçә-neçә sәnәt fәdaisi keçib gedir. Yadıma bir sәnәt adamının sözü düşür: Әdәbiyyat çәmәnlik deyil, ormandır vә bu orman ağaclarının boyu da eyni deyil, böyüyü var, kiçiyi var.

Böyük olanların misyonu da böyük olur. Torpaq dәrd-sәrini yarpaq dillәriylә dünyaya yaymaq üçün o ormanda çox yox, bir-iki ağacı seçib böyüdәr. Seçilәn ağacdır (bәndәdir), seçәn Allahdır.

Şübhәsiz, bu günlәrdә 70 illik yubileyini qeyd etdiyimiz Ramiz Rövşәn o nadir seçilәn bәndәlәrdәn biridir. Yaşımız arasında bir xeyli fәrq olsa da, bu yaş fәrqi dostluğumuza әsla әngәl olmadı. Moskvada mәn ali әdәbiyyat kurslarında oxuyanda, Ramiz dә ali ssenari kurslarında oxuyurdu. Tez-tez bizim Dobrolyubov küçәsindә yerlәşәn yataqxanamızda görüşәr, bir-birimizә yeni şeirlәrimizdәn oxuyardıq. Belә görüşlәrimizdәn birindә Ramiz mәnә o zamankı üslubuna uymayan bir şeir oxuyacaqdı:

İlahi, öldü bu adam

Gözlәri bağlıdır daha.

Onu nә sevmәk qorxudur,

Nә ölmәk qorxudur daha.

Kimi var salsın yada ki…

Bu gün, sabah, dünyada ki,

Bir yaşıl otdur, ya da ki

Bir quru qarğıdır daha.

Ağlamağa bir kәsi yox,

Ağacı yox, kölgәsi yox.

Nә evi, nә ölkәsi yox,

Allahın oğludur daha…

Şeir ilk oxunuşda yaddaşıma necә qazınıbsa, elәcә dә qalıb, ola bilsin, orijinaldan bir qәdәr fәrqli dә xatırlamış olaram,mәsәlә bunda deyil.O zamana qәdәr mәn Ramizin yalnız sәs gәtirәn ilk kitabını - “Bir yağışlı nәğmә”sini oxumuşdum vә o kitab müәllifinin nә zamansa, belә bir şeirin yazılacağına kiçik bir ipucu olmadığından mәnә oxuduğu “Daha” ilahisinin müәllifini soruşacaqdım. Ramiz, görünür mәnim türklük sövdalısı olduğumu bildiyindәn adını söylәmәdәn - bir türk şairinindir, cavabını verәcәkdi. Vә bәlkә dә mәnim şeir zövqümlә yaradıcılığında yeni başlayacağı şeir ovqatını sınaqdan keçirirmiş. Belәcә günün günortası aldanmış olacaqdım.

Füzulu dәdәmiz “Aldanma ki, şair sözü әlbәttә yalnadır” demәmişdimi? Vә belәcә, yeri oldu, olmadı sonralar Ramizin kitabında yer alacaq әzbәrimdә qalan o şeri bir türk şairinin şeiri kimi tez-tez söylәyәcәkdim…

Qumsalda batan su, әslindә batmayıb başqa bir yerdәn çıxa bildiyi kimi on üçüncü yüzilin Yunus Әmrә ruhu Ramiz Rövşәn şerindә başqa bir biçimdә yeni vә fәrqli çalarlar qazanaraq şahlanacaqdı. Şahlanmağı ilә dә qalmayıb R.Rövşәn “addamaçından” yüzlәrlә cığırdaşın keçmәsinә vәsilә olacaqdı. Çünki;

Adilәr illәrә qoşulub itәr,

Zamandan zamana dahilәr qalar…

Uzun sözә nә hacәt uzaqdan uzağa da olsa, Azәrbaycan şerini fәrqli ritmlәr, fikirlәr vә ruhi hallarla zәnginlәşdirәn vә tam fәrqli bir yolun yolçusu olan dostumu 70 illik yubileyi münasibәti ilә canı könüldәn tәbrik edir vә bağrıma basıram.

Bәlkә bağrıma basmaq üçün qollarım vücuduna çatmayacaq, zarafatyana özü demişkәn o kökәldikcә mәn arıqlayıram, amma olsun, kim bilir bәlkә bu da, bir tür keçid vә yerdәyişmәdir.

# 946 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #