Kulis.Az Nəriman Əbdülrəhmanlının tərcüməsində Fazil İsgəndərin “Yuxu” hekayəsini təqdim edir.
O, ezamiyyətdən qayıtdı, mənzilin qapısını açarla açıb içəri girdi. Qonaq otağından arvadının səsi gəlirdi. Portfeli qapının ağzında qoyub otağa keçdi. Orada arvadı və altıyaşlı oğlundan başqa kresloda çox arxayın oturmuş yad kişi vardı. Arvadının da, həmin kişinin də sifətinin ifadəsindən dərhal anladı ki, nəsə düzəldilməsi mümkün olmayan bir iş hadisə baş verib.
-Həyatımızda bəzi şeylər dəyişib, - arvadı elə bil, onun hadisədən xəbər tutmasını qabaqlaya-qabaqlaya, gizlincə həddən artıq uzun ezamiyyətdə günahlandıra-günahlandıra dilləndi.
O, bunu azacıq utancaq səslə dedi, amma bu utancaqlıqda qəti qərar, öz düzgünlüyünə, abırlılığına olan saxta inamı ərinə sırımaq cəhdi duyulurdu. Bununla yanaşı, abırlılığa inam ona əsaslanırdı ki, qonaq otağına girən kimi, olub-keçəni dərhal başa düşsə də, arvadı ağlagəlməz xəbəri tezcə çatdırmışdı.
O, qəfildən xatırladı, ötən gecə qatarda pis yuxu görmüşdü, elə onda ayılıb düşünmüşdü ki, bu yuxu xeyirliyə deyil, yəqin onu evdə nəsə xoşagəlməz bir hadisə gözləyir. Budur, gerçəklik yuxunu təsdiqləyirdi.
Bütün bunların hamısı indi beynində dolaşır, arvadının saxta sədaqəti ona sırımaq cəhdi kişini özündən çıxarırdı. Eyni zamanda onu bu azca dik, guya iradəli çənəsi olan yad adamın sifətindəki ifadə təbdən çıxarırdı. Onun görkəmi, elə bil, arvadının sözlərinə qulaq asa-asa qadının öz taleyinin sahibi olması hüququnu təsdiqləyən hökmlü komsomol rəhbərinin görkəmini xatırladırdı. Hiddətlə kişinin oturduğu kresloya sarı qaçdı, yumruqla onun çənəsinə vurmağa başladı. Elə bu vaxt duydu ki, həmin kişi ondan iri, açıq-aşkar güclüdür, buna görə də onu çənəsinə dəqiq zərbə ilə dərhal gicəlləndirmək, nokauta salmaq qərarına gəldi.
Amma kişini vurmağa başlayanda hiss elədi ki, hiddətdən əlləri hədsiz gərgindir, zərbələri də yetərincə kəskin alınmır. Onu boğan qəzəbə baxmayaraq, bu hiddəti ovutmağa çalışa-çalışa, aldada-aldada mümkün qədər çənəsinə daha dəqiq vurmağa çalışdığından, zərbələrin gücü zəifləyirdi. Eyni zamanda həddən artıq ciddi məqsədyönlülüyü məqamına uyğun gəlməyən zərbələrinin ona namərdlik elədiyini duyurdu.
O, həmin kişini elə hey döyürdü. Hər zərbədən sonra kişinin başı titrəyir, amma sifətinin ifadəsi dəyişmirdi, elə bil, qadının öz taleyinin sahibi olmasına tam hüququnu, ümumproletar işinin bu hissəsini unutmağın opportunizm kimi başa düşülməsi fikrini daha da qabardırdı. Üstəlik, kişinin sifətinin ifadəsi məşhur “Kommunistin dindirilməsi” filmindəki qəhrəmanın görkəmini xatırladırdı.
“Onu nə qədər döymək olar axı?” - Əllərinin yorulmağa, taxtaya çevrilməyə başladığını duya-duya fikirləşdi. Qəfildən də anladı ki, kişinin başı gözlərinə göründüyü kimi, hər zərbədən sonra titrəmir, sadəcə tərpənir. Adam üzünə qonan milçəyi qovmaq üçün başını bu cür yüngülcə tərpədir.
“Onu heç ağrıtmır”, - kişinin rezin çənəsini yumruqlaya-yumruqlaya dəhşət içində fikirləşdi. Elə həmin məqamda öz zərbələrinin əbəsliyini duydu. Axı artıq zərbələrinin kişiyə heç bir ziyan toxundurmadığını başa düşmüşdü.
Elə indi ona aydın oldu ki, bu kişinin qabağında özünü zərbələrin faydasızlığını başa düşməyən adam kimi göstərib, gərəksiz cəzanı uzadır.
Axı əgər kişi artıq öz zərbələrinin faydasızlığını anladığını bilirsə, deməli, yeni qisas üsulu tapmalı idi, yaxud gülməli vəziyyətə düşmüşdü. Amma o, yeni qisas üsulu tapmırdı, daha doğrusu, tutaq ki, mətbəx bıçağını götürüb bu nifrət elədiyi kişini vurmağı cinayət sayırdı. Ona görə də gülünc vəziyyətə düşməmək üçün cidd-cəhdlə, elə bil, zərbələrin gücünə şübhə eləmədən, onun duyğusuz çənəsini döyəcləməkdə davam edirdi. Vəziyyət isə get-gedə daha dəhşətli olurdu, əlləri də artıq yorğunluqdan qurğuşun kimi ağırlaşmışdı.
– Dalaşmağın nə xeyri var? – kişi əlini qaldırıb, zərbələri yüngülcə ovcunun içinə qəbul edə-edə qəfildən dilləndi. – Onunla artıq yarım ildir ki, birgə yaşayırıq. İndisə evlənməyi qərara almışıq...
-Necə yarım ildir? – O, qışqırıqdan boğuldu.
Eyni zamanda abırsızcasına sevindi ki, belə bir xəbər olan yerdə kişini döymək artıq mənasızdır, buna görə də, nəhayət, gücdən düşüb, çətinliklə tərpətdiyi əllərini yanına salmaq olar. Qəfildən də gözlənilmədən bu kişinin əleyhinə öldürücü dəlil-sübut kimi xatırlayıb qışqırdı:
- Amma həmin yarım ili o, mənimlə yaşayıb axı!
-Hə, bu yalnız rəsmi cəhətdən belədir, rəsmi cəhətdən, - kişi onun bu sarsıdıcı zərbəsini ört-basdır etmək üçün tələsik düzəliş verdi.
-Necə yəni rəsmi cəhətdən?! – O, bu dəlil-sübutunu kənara atmağa imkan vermədən qızışdı; ona elə gəlirdi, həmin dəlil-sübutdan arvadının bu kişiylə heç bir əlaqəsinin olmadığı açıq-aydın görünür. Sonra başqa vaxtlar işgəncə də versələr, kiməsə danışmayacağı yataq təfərrüatlarını da dilinə gətirə-gətirə bu yarım il ərzində arvadı ilə yalnız rəsmən yox, əməlli-başlı yaşadığını sübut etməyə başladı.
Ona elə gəlirdi, əgər dəlil-sübutu inandırıcı olsa, həmin kişi pis yuxu kimi yoxa çıxacaq. Amma dəlil-sübutları deyə-deyə, uşağın heç nə başa düşməməsi, onun qəlbini yaralamaması üçün üstüörtülü danışmağa çalışırdı.
-Çılpaq təfərrüatları danışma, - kişi qəfildən dilləndi, üz-gözünü qırışdırıb əlini yellədi, - biz həmişə çılpaqlığın əleyhinə olmuşuq.
Onun sözlərinə qulaq asa-asa qəfildən hiss elədi ki, bu kişi özünü həm ölkədə, həm də onun evində külli-ixtiyar sahibi kimi aparır. “Bu necə ola bilər? – fikirləşdi, - axı onlar, deyəsən, hakimiyyəti itiriblər? Yaxud özlərini elə göstəriblər ki, hakimiyyəti itiriblər?”
“Bəlkə bunların hamısı yuxudur? – Yanıb-sönən ümidlə fikirləşdi. Amma dərhal da özünə sərt tərzdə düzəliş verdi. - Məhz ötən gecə bu gözlənilməz gerçəkliyə eyham vuran yuxu gördüyüm halda, bu necə yuxu ola bilər axı? Bu da o”.
Bu vaxt kişi görünür, onun dəlil-sübutunu yetərincə tutarlı sayıb tənə ilə arvadına baxdı.
- Bəs belə,- köksünü ötürüb dedi, - hə, indi nə deyə bilərsən?
Arvad səsində hiyləgər ciddiyətlə bu yarım ildəki yaxınlıqlarının baş tutmadığı gecələrin birində doğrudan da baş verən təsadüfü xatırlatdı. Bununla sözün ciddi mənasında yarım il yaxınlığın alınmadığını sübuta yetirdi. Onda yaxınlıq elə onun günahı üzündən baş tutmamışdı, bu barədə bir söz demədi. Amma o, hiss etdi ki, indi bunu xatırlatmaq təhlükəlidir. Mübahisə yarana bilərdi, mübahisə vaxtısa xatırlaya bilərdilər ki, o, ümumiyyətlə, düz bir il ezamiyyətdə olub. İndi nəyə görəsə bunu unudublar. Əgər bundan xəbər tutsaydılar, gizləməyə heç şey qalmazdı. Bu yarım il ərzində arvadıyla əlaqəsinin davamlı olduğunu sübut eləmək çox vacibiydi.
“Yaxşı ki, portfeli qapının ağzında qoydum, - fikirləşdi, - əgər bura gətirsəydim, hər şeyi xatırlayardılar. Portfel dadıma çatdı, - beynindən keçirdi. – Bu real bəxti fırlatmaq lazımdır, onda qələbə mənim tərəfimdə olacaq”.
Bir halda ki, portfeli görməyiblər, özünü elə göstərmək lazımdır ki, guya siqaret almaq üçün çıxanda bu kişi onların evində, həyatında peyda olub. Hə, ezamiyyətdə olmadığını, siqaret almaq üçün çıxdığını demək bəs eləyəcək. “Bəs soruşsalar: siqaret dalınca niyə bu qədər uzun müddət gəzmisən? Bunun çox sadə cavabı var, deyərəm ki, yaxındakı köşk bağlı idi. Əsas odur ki, portfeli görməsinlər”.
Bəs birdən onlardan hansısa təsadüfən çıxıb portfeli gördü, indicə ezamiyyətdən qayıtdığını xatırladı? “Yox, buna imkan vermək olmaz”, - buza dönə-dönə fikirləşdi. Portfeli gizlətmək lazımdı.
Siqaret çıxardı, ciblərini şappıldatdı, guya kibrit axtarır, amma tapmırdı. Sonra özünü elə göstərdi ki, guya kibrit dalınca mətbəxə gedir. Yolüstü portfelini götürüb mətbəxə apardı. Portfeli harada daha yaxşı gizlədəcəyini bilməyib soyuducuya soxdu. Portfelin soyuducuda olması ona təbii göründü, çünki içində qatarda axıracan yemədiyi iri kolbasa parçası vardı: kolbasa xarab ola bilərdi.
Sonra mətbəx kibriti ilə siqaretini yandırdı, bununla belə, bilirdi ki, alışqan cibindədir. Amma istəyirdi, mətbəxə getməsi, heç olmasa, qismən inandırıcı görünsün.
Siqaretini çəkdi, qonaq otağına qayıdıb artıq portfelsiz olduğuna görə onların hər halda, ezamiyyəti barədə xatırlayacaqlarından yenə narahatlıq hissi keçirdi. Əlbəttə, cavabında deyə bilərdi: “Əgər ezamiyyətdəydimsə, bəs onda portfelim hanı?”
Bununla belə, boynuna almalı olsa, ezamiyyət məsələsini ehtiyat variant kimi nəzərdə tutdu.
Naməlum ezamiyyət qaydalarına görə, gediş-gəliş gününü bir gün saymaq qəbul olunub. O da əgər xatırlamayacaqları təqdirdə ezamiyyətdə olduğunu unutmamağa çalışır, bir günə belə qənaət eləyirdi. Əlbəttə, başa düşürdü ki, bir gün uduş ona çox az şey verir, əvəzində o biri tərəfdən bir gün, iki gündən iki dəfə azdır. Amma onlar ezamiyyəti yada salmadılar, yaxud yada salmağı artıq saydılar.
-Hə, bizim yarım ilimiz düz gəlmir, - Yad kişi təəssüflə razılaşdı. O, bunu fikir içində, elə bil, vəziyyəti götür-qoy eləyib dedi. Qəfildən sifəti sevinc dolu gümanla işıqlandı. – Belə çıxır ki, o, bizim ikimizə də xəyanət eləyib! – Qışqırıb qəhqəhə çəkdi. – Hələ kimin kimə iddia irəli sürəcəyi məlum deyil. Siz onu birgə yaşamağa məcbur eləmisiniz! Mən sizi məhkəməyə verəcəyəm. O, özünün xidməti kişi vəziyyətindən istifadə edib arvadını birgə yaşamağa məcbur edirdi! Ha! Ha! Ha!
Görünür, hazırcavablığı özünün yaman xoşuna gəlmişdi. Kişi qızmış halda yerindən atıldı, onun oğlunun yanına qaçdı, qoltuqlarının altından yapışdı, atıb-tutmağa başladı. O isə hirsindən parçalanan ürəyilə görürdü ki, bu oyun oğlunun xoşuna gəlir.
-Oğlum! – son ümidlə heç olmasa, öz oğlunun qəlbinə girmək üçün qırılan səsilə qışqırdı. – Sənin yeni atan var?
-Hə, - oğlu üzünə vuran havadan boğula-boğula, bu kişinin əlinə düşə-düşə alışıb-yanan üzülə qışqırdı. Sonra qəfildən hər şey partladı!
Ürəyi küt-küt dəhşətlə döyünə-döyünə oyandı. Öz evindəydi. Arvadıyla oğlu başqa otaqda yatmışdılar, bu həyat dramına heç bir eyham yoxdu. Ürəyisə ağır-ağır döyünməkdə davam eləyirdi.
Yadına düşdü ki, haqqında fikirləşdiyi elə bil bu yuxudan xəbər verən ötən yuxunu burada, elə bu yataqda bir neçə gecə qabaq görmüşdü. Ümumiyyətlə, heç bir ezamiyyətə getməmişdi.
Fikirləşdi ki, ömründə heç vaxt indi yuxusunda duyduğu ağrını duymayıb. Elə o ağrıdan da ayıldı. Yaxşı, əgər ən dəhşətli ağrını yuxuda duyuruqsa, bəs həqiqi həyat hardadı – yuxuda, yoxsa gerçəklikdə?
“Yuxuda acizlik, çünki ağlımız yatır. – fikirləşdi. – Deməli, oyaq olanda ağıl bizi müdafiə eləyir. Qorxulu yuxu zamanı kimsə ağılı tərpədir: oyan, onun halı pisdi! Amma kim tərpədir: orqanizm, ruh yoxsa kimsə bizdən yuxarıdadı?”
Qəribədi ki, biz yuxuda mənəvi ağrı duyuruq, amma mənəvi iyrənmə hissi eləmirik. “Mənəvi iyrənmə, - fikirləşdi, mədəniyyətin bəhrəsidi. Buna görə də yuxuda təkcə fantastik yox, həm də gerçəklikdə ağlagəlməz ədəbsiz situasiyalar da mümkündü”. Qaranlıqda əl havasına siqaret tapıb yandırdı. Fikirləşdi: həyat nə qədər kövrəkdi! Arvadıyla mehriban yaşasalar da, ağlından keçirdi: həyatda hər şey baş verə bilər. Onlarda həmişə nəsə əsas bir şey çatışmırdı.
Amma nə? Fikirləşdi: adamlar yalnız əgər birgə dua eləyirlərsə, yaxud cinayət törədirlərsə, onda bir-biriylə çox yaxın olurlar. Onlarda heç biri yoxdu. “Hə, - fikirləşdi, - adamları bir-birinə ya göy, ya cəhənnəm möhkəm bağlayır. Bütün qalanlar ötüb-keçəridi. Hətta ötüb-keçəriliyə də hüququ var. O, ötüb-keçərilikdə də, özbaşınalıqda da bu hüququ çox aydın duyurdu. O, Allahın həsrətini çəkdi, əvvəllər bu həsrəti çəkmədiyinə görə günahını hiss elədi.
Qəfildən xatırladı ki, bir necə gün əvvəl dostunun ailəsi dağıldı. Bəlkə yuxusunun izahı budu? O dostunun ailəsini xoşbəxt, dindar, şaqraq uşaq səslərinin ucaldığı ailə sayırdı. İndisə hər şey dağıldı. İnam kömək eləmədi.
Bir də ki, xoşbəxt ailələr varmı? Dərin fikrə getdi. Hə, yadına düşdü, belə bir ailəni uşaqlıqdan tanıyırdı. Patriarxal kəndli ailəsiydi. Həmin ailədə ərlə arvad nəinki müəyyən bir xoşbəxtliyə can atmırdılar, əksinə hətta xoşbəxtliyin mövcud olduğunu, ona can atmağın lazım gəldiyini ağıllarına belə gətirmirdilər. Onlardan ötrü borcu vicdanınla yerinə yetirmək elə xoşbəxtlikdi. Amma onun bu cür adlandırıldığını bilmirdilər.
“Xoşbəxtliyə can atmağın özü bir günahdı, - o fikirləşdi. – Xoşbəxtlik elə bil gizli yalnız məndən ötrü günəşli gündü. Xoşbəxtlik - özünə yönəlmə, həyata keçməməsində bir-birimizi günahlandırdığımız utopiyadı. Aləmi get-gedə başına alan narkomanlıq – xoşbəxtlik ideologiyasına cavabdı.”
...Dərin gecə sükutunda yalnız zəngli saat çıqqıldayırdı. Onun çıqqıltıları da adama təhlükəli gəlirdi.