Kasıblığa hopmuş insan taleyi - ŞEİRLƏR

Kasıblığa hopmuş insan taleyi - ŞEİRLƏR
6 noyabr 2015
# 16:29

Kulis BSU Yaradıcılıq Fakültəsinin tələbəsi Emin Akifin şeirlərini təqdim edir

Bu qorxunun əsl adı

Bax bu gecə gecəqondu otağının qapısı
haray salan küləklərlə bəhsə girir nədənsə...
yavaş-yavaş dınqadınqla zəhlə tökür pəncərə ,
yalqız qalan bir it kimi zingildiyir nədənsə.

Adam kimi xoruldamır daha küncdə sobamız;
bir ömürlük nəfəs yoxdu daha otağımızda...

Üç adamlıq bir ev idi

Daha onun çarpayısı, daha yorğan döşəyi;
Siqaret qoxuyan paltosuyla qara köynəyi
- O qoxumur ...
o boylanmır paltarların içindən
evimizdə bir adamlıq yer boşaldı;
otaqlarda bir adamlıq sükut qaldı;
süfrəmizdə bir boşqab da azaldı...

Artıq onun adına çox bişdi xörəklərimiz
nə olsun ki, zəhmətinin dadı gəlmir çörəkdən;
Özü dadmır adına asılan həmin xörəkdən...
Kimsəsizin ümidinə döndü qiyafətləri...
Təsəlliyə döndü hər gün məzar ziyarətləri...

Məzarlıqda bir daş onunkulaşdı,
artıq onun öz cüməsi, ildönümü yarandı
adamların yanağındakı yaş onunkulaşdı.
bundan sonra ildönümü;

doğum günü - çəkiləcək adı var..

İndi nəfəs duymamaq kimi qorxu var içimdə
Bir adamın yaşadığın duymaq üçün yatmıram.
cənnətimin nəfəsindən doymaq üçün yatmıram
bu qorxunun sən boyda bir itkisitək dadı var -
"Atam boyda yoxluğu qəlbində daşıyan qadın;
itirmək qorxusutək qəlbimdə yaşayan qadın".

Gecəqondu

Bu evin divarı zənciyə döndü
Tavan da ağladı başımın üstdə.
Burda rütubətlə qidalanmışam
Burda yaş gəlibdi yaşımın üstə.

Sən bilirsən
Siçan ayaqlarının səsinə yatmaq nədir?
Yağışdan zövq almamaq
yorğanacan suya batmaq nədir?

Soyuq qış gecəsində soyuq yorğana sarılmaq
qonşudakı səs-küyə dava-qırğına ayılmaq
Şam işığında yeyilən əsl axşam yeməyi
Sobanın üstündə qızan iki günün çörəyi...

Belə olur kasıblığa hopmuş insan taleyi
Xoşbəxtliyin diqqətindən qopmuş insan taleyi...

Mən bilirəm həyat nədir
- ömür sürüb ölüm dayanacağında dayanmaqdı...
Ölüm nədir
- ömür boyda bir yuxudan oyanmaqdı, oyanmaqdı...

Xəzan ömrü

Saral payız, kitab kimi vərəq-vərəq
Ayrılmaqla barışaraq tökül yenə.
Budaq-budaq paltarını soyun tamam
Ayrılıqla qovuş yerə, bükül yenə.

Sən tanrının yerə düşən göz yaşısan
Fəsil-fəsil gözəlliklər doğa bilir.
Bax bu həmin göz yaşları neçə-neçə
İnsanları qüssəsiylə boğa bilir.

Sən payızsan, sevgilimin saçlarının
Ətri gəlir meşəsindən, torpağından.
Sarışınım öz rəngini almış sənin
Qəhərlənmiş, solğunlaşmış yarpağından...

Saral payız, göy ağlasın aram-aram
Adamların göz yaşları bilinməsin..
Elə ağla səsin-küyün qulaqlardan
Körpə səsi, qəm səsitək silinməsin.

Qızıl payız, xəzan gözlüm, hədiyyəsən
Kədərlənmiş tanrının öz bəndəsinə.
Tanrı özü göz yaşından payız süzmüş
Xəzəl ömrü sürənlərin kündəsinə.

# 1139 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #