Səlim Babullaoğlu
Səni kim unudar?!
Bu yazı Mikayıl Müşfiqin “Xalq əmanəti” seriyasından nəşr olunan bircildlik “Seçilmiş əsərləri”nə tərtibçi kimi yazdığım “son söz əvəzi” yazısının genişləndirilmiş, təkrar işlənmiş variantıdır.
4. “Ruh mühəndisi”
Müşfiqin şeirlərində ən çox işlənən sözlərdən bəlkə də ən birincisi “ruh”dur. Hamının ruhu var və biz ruhsuz deyəndə ruhun varlığını-yoxluğunu yox, onu hiss etmədiyimizi qeyd edirik. Müşfiq ruhunu daim hiss edən və hiss etdirən şairdi. İndi tez-tez eşitməli olursan, bir də görürsən, kimsə bir şairin ortabab şeirini oxuyub, vəcdə gəlib, fikrini soruşanda-sarsıldım, ruhludur deyibən ruhsuz şəkildə ifadə edir hiss etdiyini. Belə hallarda “niyə?” sualını verməyin mənası yoxdur. Cavab adətən donuq gözlərin, kilidlənmiş dodaqların ifadə etdiyi nadan sükut olur. Amma Müşfiqin şeirlərində “ruh” da ruhludur. Və xatırlayırsız, “ruh mühəndisi”, “qəlb mühəndisi” deyilən bir doğma ifadə var. Dilimizə Müşfiqin yadigarıdır-belə bilirik əksəriyyətimiz, haqlıyıq əslində. Müşfiq bu ifadəni üç müxtəlif şeirində xatırlayır, hamısını sadalamayaq:
Öldü!- xəbər verin aşnaya, dosta,-
Ruhlar mühəndisi o böyük usta..
Bu Cəfər Cabbarlının ölümünə yazdığı şeirdəndir, bu da “Duyğu yarpaqları”ndan:
Dağıdın dünyanı saran sisləri,
Bu müxənnəsləri, bu iblisləri.
Vuruşub, döyüşmək zamanıdır bu,
Ey, insan qəlbinin mühəndisləri...
Bir tarixçəni danışmaq istəyirəm. 1932-ci ildə Maksim Qorkinin evində Stalin tez-tez rus yazıçılarıyla görüşərmiş. Sovet yazıçılar təşkilatının yaradılması təklifi də elə o vaxtlar Qorki tərəfindən verilibmiş Stalinə, hərçənd sonradan Qorki belə bir təşkilat vasitəsilə dövlətin ədəbiyyatı və yazıçıları nəzarətə götürəcəyinə görə peşmançılıq hissi də keçiribmiş. Bunu hiss edən Stalin Qorkiyə deyibmiş ki, siz narahat olmayın, dövlətə ehtiyac qalmayacaq, yazıçılar özü bir-birilərinə nəzarət edəcəklər. Belə də oldu, amma demək istədiyim başqa şeydir. O görüşlərin bir neçəsində, sonradan daha başqa yerlərdə də Stalin, “injenerı çeloveçeskix duş” (insan qəlbinin mühəndisləri) ifadəsini işlədir ki, bu da rəhbərin adına yazılan uğurlu qanadlı ifadələr siyahısına düşür. Amma rus ədəbiyyatşünası Viktor Şklovskinin dediyinə görə həmin ifadə yazıçı Yuri Oleşaya məxsus imiş, Oleşa bu kəlməni elə o görüşlərin birində işlədib və bu da Stalinin xoşuna gəlib deyə mənimsəyibmiş həmin ifadəni. Ola da bilər, olmaya da bilər. İndi rus ədəbi mətbuatında, kuluarlarda yalnız ironiya və pafos nümunəsi kimi səslənir bu ifadə. Stalinlə bağlıdır deyə. Amma indi, elə bu sətirləri yaza-yaza düşünürəm ki, nə tənqidçinin , nə nasirin, nə də siyasi xadimin dilində səslənərək deyil (mən plakatdan və kalamburdan danışmıram), yalnız poeziyanın, istedadlı şairlərin süzgəcindən keçən sözlər doğmalıq qazana bilər. Çünki, proza və tənqid təkanı sözün və hadisənin sonunda dayanmaq, həyatı və sözü təftiş eləmək niyyətindən alır, şeir üçün bu poza yolverilməzdir. Siyasi xadimlərə gəlincə isə onlar güclü sözə, gücün sözünə inanırdı , həqiqi şairlər sözün gücünə.
***
5. Tərcüməçi Müşfiq
Müşfiq istedadlı və yorulmaz tərcüməçi idi, bəlkə də tərcümə əsərləri orijinal əsərləri qədər idi ən azı. Və biz də bu kitaba Müşfiqin həm tək, həm də Əhməd Cavad, Rəsul Rza, Mikayıl Rəfili, Mirmehdi Seyidzadə və Şəmsəddin Abbasovla birlikdə elədikləri əksər təcümələri daxil eləmişik.
Xalq şairi Rəsul Rzanın on illər sonra öz gənclik dostu Müşfiqə həsr elədiyi, Müşfiqə ithaf olunmuş ən təsirli poetik abidə hesab etdiyim “Qızılgül olmayaydı” poemasından bir parça yadıma düşür:
“Fizuli, Nədim, Puşkin,
Bayron, Sabir, Natəvan...
Başımızın üstündə
qapaz kimi
sallanmış tavan.
Çayımız kəmşirin.
Çörək yavan.
Kağızlar qom-qom,
top-top.
Gözlərimiz zilli varaqlara.
Miz üstündə Lermontov.
Demon- Tamara,
bir də “Ruhulla”.
Qrex-günah.
Qreşnıy-günahkar.
Sonm-gümrah.
Dux-ruh...
Dil açıb
türkcə danışdıqca “ iblis”
uşaq kimi əl çalır,
atılıb-düşürdük biz...”
Firdovsi, Xəyyam, Puşkin, Lermontov, Axundov, Şevçenko, Marşak və başqa şairlərdən edilmiş tərcümələr eyni zamanda həmin böyük müəlliflərə milli ədəbiyyatımızın Müşfiqin simasında bəzən ilk, bəzən də əhatəli müraciətləri idi, aşağı-yuxarı yüz il sonra, bunu tam aydınlığı ilə anlayırsan və natamam otuz ililik insan , 11 illik peşəkar ədəbi həyat yaşamış bir gəncin gücünə təəccüb eləməyə bilmirsən.
Bir vacib məqamı xatırlatmağın yeridir. 1937-ci ildə A.S.Puşkinin üçcildlik “Seçilmiş əsərləri”inin birinci cildi nəşr olunur Bakıda. Abbas Səhhətin tərcümə etdiyi məşhur “Qafqaz” şeiri aşağıdakı qeydlə salınır həmin kitabda : “Son dörd misra Puşkinin dövründə çar senzurası tərəfindən ixtisar edilmişdir. Biz Səhhətin tərcüməsinə bu son dörd misranı əlavə etdik. Əlavənin tərcüməsi Mikayıl Müşfiqindir”. Mən bu haqda ilk dəfə “Ədalət” qəzetinin 20 may, 2010-cu il tarixli sayında oxumuşam, Akif Muxtarovun “A.S.Puşkinin "Qafqaz" şeiri haqqında” yazısında; Gülhüseyn Hüseynoğlunun daha ətraflı məlumat verən “M.Müşfiqin şeirində vəznlər” tədqiqatını isə bu yaxınlarda oxudum (bax: “Azərbaycan Sovet ədəbiyyatında poetika məsələləri”/ elmi əsərlərin tematik məcmuəsi, 1986, ADU nəşriyyatı; səh.34).
“Qafqaz” şeirini tərcümə tariximizin şedevrlərindən birinə çevirən Abbas Səhhət, şeiri əruzda, rəməl bəhrində, “fəilAtün, fəilAtün, fəilAtün, fəilün” ölcüsündə tərcümə eləmişdi: “ Qafqaz altımdadır ən müdhiş olan zirvədə mən,/ Tutmuşam tək uçurum, dağlı qar üstündə qərar...” - yəqin yadınızdadır.
Şeirin senzura tərəfindən ixtisar edilən həmin sonluğu orijinalda belədir:
Так буйную вольность законы теснят,
Так дикое племя под властью тоскует,
Так ныне безмолвный Кавказ негодует,
Так чуждые сил его тяготят.
İndi isə Müşfiqin tərcüməsinə baxaq:
Coşğun azadlığı qanunlar əzib böylə sıxar,
Vəhşi bir qövmi höküm böylə yaxar, böylə yıxar.
Dərdli Qafqaz da bu gün böylə coşur hiddətlə,
Onu yad qüvvələr əzdikcə ağır dəhşətlə...
Sanki tərcümə yox, orijinal şeir oxuyursan. Səhhət də belə tərcümə eləmişdi, Müşfiq də. Bəli, gənc Müşfiq də şeirin həmin o dörd misrasını həm böyük Puşkinə, həm də elə tərcüməçilik sahəsində müstəsna xidməti olan böyük ədibimiz Abbas Səhhətə sadiq qalaraq, yaraşan bir tərzdə uğrula çevirmiş, son nöqtəni qoymuşdu. Təbii, Müşfiq üçün zamanında bu adi peşə hadisəsiydi. Amma indi bu fakt həm Müşfiqin bioqrafiyası, həm də XX əsr ədəbiyyat tarixmiz üçün rəmzi səciyyə daşıyır fikrimcə. Elə Müşfiq haqqında əvvəlki yazılarımda “söz, dil zəncirinin qızıl halqası”, davamı deyəndə mən həm də bunu nəzərdə tuturdum.
Çünki Müşfiq həm şair, həm də tərcüməçi kimi yaradıcılığı ilə novator bərpaçı idi.
6. Vəznlər ustası və böyük improvizator
Gülhüseyn Hüseynoğlu, “M.Müşfiqin şeirində vəznlər” tədqiqatında yazır: “Heca Müşfiqin ən çox müraciət elədiyi bir vəzndir. O əsərlərinin böyük əksəriyyətini hecada yazmışdır. Bu vəznin iki hecalısından tutmuş iyirmi hecalı-sına qədər onun ədəbi irsindən nümunələr göstərmək olar. Söz yox, şairin iki, üç, dörd, beş, altı hecalı müstəqil şeirləri yoxdur. Amma şeirlərinin içərisində (“Xəzan içində bahar”, “Yeni il”, “Üç sağlıq”, “Teleqraf telləri”, “Küləklər”, “Tar” və s.) hecanın iki, üç, dörd, beş və altı təqtili misralarına təsadüf olunur...”
Tədqiqat boyu adı çəkilən şeirlərlə yanaşı Müşfiqin yeddi hecalı (“Mingəçevir həsrəti”), səkkiz hecalı ( “Tərtərhes nəğmələri”), doqquz hecalı (“Zəfər səsləri”), on hecalı (“Güzgü qayıtdı”), on bir hecalı (“Şairin ölümünə” və “And olsun”), on iki hecalı ( “Küləklər” və “Teleqraf telləri”), on üç hecalı ( “Ustamıza”), on dörd hecalı ( “Bir lövhə” və “Düdük sədaları”), on beş hecalı (“Gülüşlər” və “Düşüncə), on altı hecalı ( “Sabir üçün”) şeirləri, habelə iiyirmiliklə tərcümə olunan əsərləri sadalanır və təhlil edilir. Daha sonra Müşfiqin əruzda yazdığı şeirləri sərf-nəzər edilir. Nümunə olaraq həzəcdə yazılan “Bir gün” və Ölkəm” ( bu ilk mətbu şeirləri idi Müşfiqin) şeirləri, rəməldə yazılan “Qəzəl”i (Müşfiqin əlimizə çatan yeganə qəzəli görkəmli türk şairi Nədimə nəzirə kimi yazılmışdı) və “Göy göl” şeirinin parçaları gətirilir. Bir yerdə isə “əruzun rəməl və rəcəz bəhrləri üzərində sərbəst vəznin Müşfiq nümunəsi ” olan, bu mənada XX əsr poeziyamızda təkrarsız fakt sayıla biləcək “Gözərimiz” şeirindən bəhs edilir. Diqqət yetirin, rəməllə başlayır şeir: “Gecə sakit, uyumuş/ göylərin lampası/ yummuş gözünü./ Göy işılğanları sönmüş/ nə gələn var, nə gedən,/ Pək uzaqdır ürəyim səksəkədən...” (fəilAtün , fəilün, fAilAtün, fəilAtün, fəilü// fAilAtün, fəilAtün, fəilAtün, fəilün// fəilAtün, fəilAtün, fəilün); sonra isə bir yerində rəcəzə keçir: “Sanki vurular gecəyə pənbə, qızıl yumruqlar” (müftəilün, müftəilün, müftəilün, məfUlün) və bu daha iki dəfə təkrar olunur.
Hə, Gülhüseyn Hüseynoğlunun bu dəqiq qeydlərini belə ümumiləşdirmək olar ki, Müşfiq hecanın və əruzun bütün imkanlarını qısa ömrünün verdiyi qədər öyrənmiş, tətbiq eləmiş və ən başlıcası improvizə eləmişdi.
Müşfiq çeşidli metrik silahlardan virtuozcasına istifadə eləməklə, həqiqi, böyük söz döyüşçüsü idi.
Deyirlər, Çin təbabətində insan nəbzinin 72 əsas növü var və bunu tədqiq etməyən, bilməyən,duymayan həkimləri ustalar sırasına qəbul eləmirlərmiş. Əruzun da bəhrləri eyni qədərdir. Demək, Müşfiq ürəyinin bütün hallarına qulaq kəsilməyə çalışırdı.
Təkrar Gülhüseyn Hüseynoğlunun həmin dəyərli tədqiqatına qayıdıram. Həmin hissə “Tar” şeirilə bağlıdır. Müəllif yazısının sonunda görkəmli dilçi alim, akademik Ağamusa Axundovun 1970-ci ildə çap olunmuş “Dil və üslub məsələləri” kitabına müraciət edir, sitat gətirir: “ “Tar” şeiri başdan-başa aşağıda verilən üç hecalı təqtili sxem əsasında yazılmışdır: 3-3 //3-3-3-3-3//3-3//3-3-3-3-3 // 3//3-3//3-3-3-3-3... və s. Beləliklə, misralardakı hecaların sayı bərabər olmasa da, təqtilərin sayı hər yerdə bərabərdir. Ümumiyyətlə, şeirdə yuxarıda verdiyimiz sxemdən kənara çıxan bir dənə də olsun təqti yoxdur”. Gətirdiyi sitatın ardınca müəllif sonra yazır: “ Bütün bunlar söz yox, doğrudur. Ancaq bununla belə yenə də “Tar”ı və eləcə də “Zəfər səsləri”, “Gecə çeşməsi” şeirlərini tam heca vəznində yazılmış şeirlər kimi götürmək olmur. Bu şeirlər “heca vəzninin hər ritm vahidi üç təqtidən ibarət formasında” olsalar da, tam heca deyillər. Zahiri görünüşünə, misralarda hecaların qeyri-bərbərliyinə görə bu şeirlər sərbəstə oxşasalar da, sərbəst də deyillər. Bəs, onda bu şeirlər hansı vəzndədirlər? Bu Müşfiq icadıdır, heca ilə sərbəsti yaxınlaşdıran bir vəzndir...ona qədər belə nümunələrə təsadüf olunmayıb...”
Həm dünya ədəbiyyatında, həm də milli ədəbiyyatda növlərin, janrların, ölçü, ülgü və vəznlərin sərhəddində yaranan əsərlər, şeirlər çoxdur. Böyük Fizulinin qəzəli yadınızdadır, bir parçaya baxaq:
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
İndi gəlin, eyni parçanı başqa cür yazaraq Oktavio Pas demişkən, “gözləri-mizlə eşidək”:
Məni candan usandırdı,
Cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən,
Muradım şəmi yanmazmı?
Ahəngi, ritmi, təqti, əruzu kənara qoyaq, aaab sxeminə və “8-8-8-8” heca sayına baxaq. Gərayılıya oxşadı ki. Əlbəttə
mən bunu əruzda hecadan danışmağın şərtiliyinə rəğmən deməyə məcburam.
Ümumiyyətlə isə Müşfiqin əksər şeirləri kimi “Yenə o bağ olaydı”nın da strukturu qədimlərə, “poeziyanın intizamlı” dövrlərinə gedib çıxır, amma bu təəssüratı yaratmır. Bu şeir haqqında çox danışılıb, yazılıb və tarxiçəsi haqqında elə bu kitabın “ön söz əvəzi” yazısında da ətraflı məlumat var deyə, yalnız bircə şeyi deyim. Arxitektonikası baxımından, yəni bəndlərdə misra saylarının qeyri-bərabərliyinə görə çoxlarının sərbəst qəbul elədiyi (bu həm də ona görə baş verir ki, hazırlıqsız oxucuların əksəriyyəti hecanın bu nümunəsi ilə ilk dəfə üzləşirlər) “Yenə o bağ olaydı” şeirində gizli bir “müstəzad” görünüşü var. Üstəgəl, 8 bəndli şeirin uzun misralarını hesablasaq bəndlər görə nəticə belə olar: I- 5; II- 5; III-5; IV- 7; V-10; VI-7;VII-6 və VIII- 5. Amma halbuki, bu şeirə hər bəndi 5 uzun misradan ibarət 10 bəndlik şeir kimi də baxmaq və onun intizamlı strukturunun daha bir tərəfini də aşkarlamaq olar. Özü də maraqlıdır bu dəyişiklik heç bir “fəsad” yaratmazdı.
Tara qayıdaq. Kitabı tərtib eləyərkən təkcə “Tar”ın tarixçəsiylə bağlı deyil-bu məsələyə bir azdan qayıdacağam, həm də onun vəzni ilə bağlı bir sıra söhbətlərim oldu: Firudin Qurbansoyla, Seyfəddin Hüseynli ilə, Şahin Fazillə və Hacı Ələmdar Mahirlə.
Firudin müəllim “Tar”ın bəzi hissələrinin əruzda, əruzun mütəqarib bəhrində, “müsəmmənate (dörd rüknlü)-salem (bütöv), əl-ərkan” sistemi əsas götürülərək sərbəst vəznin tələblərinə calaq (! ; işarə mənimdir) edilərək yazıldığını deyirdi: “Oxu tar/ oxu tar/ səni kim/unudar// Ey geniş/ kütlənin/ şirini/ şərbəti// Alovlu/ sənəti/ zilin var/ vəsətin// Bəmin var/ Sənin də / quşların/ dəmindən// Ayrılan /bir özgə //dəmin var...” (fəUlən, fəUlən, fəUlən/ fəUlən)...” Digər opponentləri bu fikri qəbul eləməsələr də, mən bunu qismən bölüşürəm. Və Gülhüseyn müəllimin “Bu Müşfiq icadıdır, heca ilə sərbəsti yaxınlaşdıran bir vəzndir” qənaətinə “əruzu” da əlavə edirəm...
Yadıma Müşfiqin müasiri olan, 1956-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatı almış görkəmli ispan şairi Xuan Ramon Ximenesin bir fikri düşür: “ Poeziyada, ədəbiyyatda mahiyyətdən savayı - buna başqa sözlə dərinlik də deyirlər, formadan savayı, bir də formanın özünün dərinliyi deyilən bir şey var ki, gizlində və çox dərindədir, o qəlbdən qeyri ixtiyari və möcüzəli şəkildə sıyrılır (qeyri-ixtiyarilik hələ asan şəkildə demək deyil) söz naxışının arasından keçərək vərəqlərə baş qoyur...”
“Tar” bizim XX əsr poeziyamızda barmaqla sayıla biləcək həmin möcüzələrdən biri idi.
Bu hissəyə vacib sözardı:
Gülhüseyn Hüseynoğlunun bir məqaləsini xatırlatdım. Kitabın “bioqrafiya” hissəsində hörmətli Xalq yazıçımızın, Müşfiq yaradıcılığının tədqiqində əvəzsiz xidmətləri olan görkəmli ədəbiyyatşünas-alimin əksər kitab, monoqrafiya və məqalələrini sadalamışıq. Nədənsə Gülhüseyn müəllimi xatırlayanda bu dünyada heç nəyin elə-belə olmadığı qənaətinə gəlirsən. Sibirə sürgün edilmişdi Gülhüseyn müəllim. Bəraət alandan sonra Müşfiqə həsr etmişdi ömrünü. Təsadüflər olmur. Müşfiqin tədqiqatçısı da oxşar taleyi yaşamalıydı sanki, özü də Müşfiqlə eyni ildə almışdı bəraətini. Niyə? Görünür, Müşfiqin özü kimi sözü də, o sözün gələcəyi və o sözü gələcəyə daşıyacaq adamlar da sınaqlardan axıradək, heç bir güzəşt olmadan alnıaçıq çıxmalıydı.