Arvadı Dubayda, özü isə... – HEKAYƏ

Arvadı Dubayda, özü isə... – <span style="color:red;">HEKAYƏ
19 noyabr 2015
# 20:59

Kulis “Axşam oxusu” rubrikasında tanınmış yazıçı İman Usuboğlunun “Gəlməklə getməyin nağılı” hekayəsini təqdim edir.

Bütün bunlar “oyrəli” olmuşdu. Ermənilərə qarşı Vətən müharibəsinin əlili, sol ayağını itirib, sağ ayağının ümidinə qalan Dərdli Dəmirin Dərdli kəndindən getdiyi il, ay, gün heç kimin yadında deyildi. İl, ay, gün Dərdlidə çoxdan ölmüşdü. İlin, ayın, günün yerinə “oyrəli” çıxmışdı ki, bu da “o irəli” demək idi. Ona görə də hadisə danışanlar ilin, ayın, günün neçəsi olduğunu dəqiqləşdirməyi özlərinə rəva bilmirdilər. Eləcə - “oyrəli filan iş filan olmadımı?” - deyirdilər. Əsgərliyə gedənin vaxtı bitib evinə dönəndə, rəhmətlik olanın qırxı çıxanda, ili yetişəndə, əllərini üzlərinə çəkib: “Ay aman, filanın oğlu əsgərliyə oyrəli getmədimi, nə tez qayıtdı”, yaxud “Rəhmətlik oyrəli ölmədimi ili nə tez gəldi”, - söyləyirdilər. Dərdli Dəmir də Dərdlidən oyrəli çıxmışdı. Arvadı Leylanın Dubay yoluna vardığı günün səhəri bir dəftər vərəqinə yazıb qoyduğu məktubu oxuyandan sonra, Dərdli Dəmir Dərdlidən getməyi qərarlaşdırdı. Leylanın yazdığı bütün sözləri elə oxuyan anındaca unutdu. Amma bir cümləni ömrünün axırına qədər unuda bilməyəcəkdi. Bu da “Mən getdim Dubaya, adam kimi yaşamaq istəyirəm, a Dəmir, bayquş kimi yox, bu kənd ölüb, işləməyə iş yox, əkdiyini yığammırsan, biçdiyini satammırsan, iki əlinlə bir başını saxlaya bilmirsən” idi.

Dərdli Dəmir evdən kənd əhlindən, qohum-əqrəbadan xəbərsiz çıxmışdı. Onsuz da evi kəndin qırağında idi. Kiçik bir evi, bir pəyəsi, pəyənin qabağında bir ceviz ağacı vardı. Dərdli Dəmir kəndin ən çox bu qurtaracağını sevirdi. Bu qurtaracaqdakı evini və pəyənin qabağındakı ceviz ağacını sevirdi. Yer üzündə arvadı Leyladan, oğlu Tural balasından sonra, bir də ən əzizi bu ceviz ağacı idi. Ona görə də ceviz ağacı ilə sağollaşmadan getmək istəməmişdi. Üzünü ceviz ağacına söykəyib demişdi: “İndi mənə səndən doğma kim var, ceviz ağacı. Mən bu kənddən gedirəm. Bu kənddə yaşamaq bizə qismət olmadı.” Tural balasının əlindən tutub kənddən xeyli aralı yerləşən dəmir yolu stansiyasına tərəf addımlamışdı.

Uzaqdan baxanda qoltuq ağacına dirənib atıla-atıla gedən və arxasınca balası yürüyən bir adam görsənirdi. Dəmir Bakıya gedirdi. Gedirdi ki, əlillik pensiyasını artırsınlar. Rayonda idarələrə get-gəldən bir nəticə hasil olmamışdı. Açıqca demişdilər, bu iş “hörmətsiz” baş tutan sövda deyil. Dəmirin də rüşvət verməyə pulu yox idi. İndi Bakiya yol almışdı. Almışdı ki, bəlkə orada bir nəticə hasil ola. Dərdli Dəmirin arxasıyca xəfif bir yel başladı. Getdikcə Dəmirin qulaqlarına indiyədək eşitmədiyi həzin bir səs gəlirdi: “Mənə məktub yaz, Telli Dəmir, yolunu gözləyəcəm. Yollar qayıdanda sən də qayıdarsan. Bir də bir Ağ yagış yağacaq dünyanı yuyacaq, onda əlildən rüşvət istəməyəcəklər, hər şey təmiz olacaq, Telli Dəmir. Onda, yolların təmiz vaxtı dönərsən.”

Telli Dəmir dayanıb bu həzin səs gələn tərəfə döndü. Amma heç kimi görmədi. Tural balası təəccüb içində atasına baxdı. Dəmir yenə stansiyaya tərəf çevrilib qoltuq ağacına dirənərək atıla-atıla getməyə başladı. Tural da atasının yanınca yeridi.

O həzin səs ceviz ağacının səsi idi.

Biri var getmək, biri də var gəlmək. Gələnin üzü bəri olur, gedənin üzü anrı. Amma hər üzü bəri olan gələn deyil, hər üzü anrı olan da gedən deyil. Gəlmək – gətirməkdi, amma hər gələn gətirən deyil. Getmək – aparmaqdı, amma hər gedən aparan deyil. Gətirmək özgədi, gəlmək özgə. Gətirməklə gəlmək, aparmaqla getmək fərqli şeylərdir.

Deyir – bəxtin gülən vaxtı idi, yolu əlimə aldım gəldim, yoxsa gələmi bilərdim. Eləcə yerimək məndən oldu, yürütmək yoldan. Bu, bic Şəmil idi. Vaxtın gülən vaxtını tutub, gedənlə gedən yollara varan, gələnlə dünyanı dolanıb gələn bic Şəmil. Şeytandan üç gün qabaq doğulmuşdu. Söz vardı ki, günlərin bir günü şeytan özü yol kənarında Şəmili görüb, elədiklərinə baxıb, “bunun bicliyi - mənim şeytanlığımdan irəlidi” - deyibmiş. Bir söz də vardı ki, yol gələn deyilmi, bic Şəmil yolu alladıb gətirib.

Bic Şəmilə allanıb gələn yolun altında-üstündə yeddi iri daş vardı. Hər daşın altında yeddi zəhərli ilan qıvrılıb yatmışdı. Hələ ilanların oyanmaq vaxtı deyildi. Amma bic Şəmil ilanları şirin dillə yuvalarından çıxarmışdı. Durun – demişdi, durun, dünyanın dovşan vaxtıdı. Yeddi qaya altında başını quyruğunun üstünə qoyub yatan, dişinin altındakı zəhərin zəhrindən ağzı zəhrimar dadan və belinin dərisi susuz torpaq kimi cadar-cadar olmuş ilanlar bic Şəmilin sözlərinə oyanıb sürünə-sürünə başlarını azman qayaların altından çıxarıb, buz kimi soyuq baxışlarını göyün buluduna, yerin otuna zillədilər. İlan dilində bic Şəmilin sözlərini pıçıldadılar: “Dünyanın dovşan vaxtıdı, dünyanın dovşan vaxtıdı”.

Bic Şəmil şirin dilini işə salıb gələ-gələ, ayağına dəyən daşa, göydə uçan quşa salam verdi. Yolun qırağında ,Telli Dəmirin xaraba evinin qabağındakı ceviz ağacına da salam verdi. Ceviz ağacına bir bayquş qonmuşdu, ona da salam verdi və soruşdu: “Ey Allahın quşu burda neynirsən?”

Bayquş: “Mənim neyləməyim bəlli” - dedi və Telli Dəmirin səsiylə qəhqəhə çəkdi.

Bic Şəmil:

- Mən səni bayquş bildim, a Dəmir əmi, ağaca niyə çıxmısan?

Bayquş:

- Nə tez tanıdın məni, Bic Şəmil? Bizimkilərdən heç kəsə mənim quş olduğumu demə. Yoxsa arvadım Leylaya xəbər çatsa, qardaşı quşbaz Osmana tələ qurdurub məni tutdurar, ətimi şişə çəkdirər. Quş olmaq, adam olmaqdan yaxşıdı, Bic Şəmil, amma nə ola, bayquş olmayasan. Arvad görsə ki, quşam, öldür mənə bayquş deməz, kor yapalaq deyəcək. Min ildi burdayam, min ildə min adam keçib gedib. Biri dönüb baxmayıb, bir söz soruşmayıb məndən.

Bic Şəmil – Qorxma -, dedi və sonra üzünü ceviz ağacına tutub bir mahnı qoşmağa başladı. Dərdlinin bəstəçisi Bic Şəmil idi, aşığı aşıq Məsim. Dərdlinin mahnılarını əvvəlcə Bic Şəmil qoşurdu, əvvəlcə Bic Şəmil oxuyurdu. Sonra növbə aşıq Məsimə çatırdı. İndi də Bic Şəmil Telli Dəmirin mahnısını belə qoşub oxudu:

Gözündən yaş iri düşər,

Ağlama, Telli Dəmir,

Biri qalar, biri düşər,

Canın diri-diri düşər,

Ağlama, Telli Dəmir

Sinən dağ-dağ açılıb,

Hər dağda yarpaq aşılıb,

Ayağında bağ açılıb,

Qoy əyilib bağlayım,

Sən ağlama, mən ağlayım,

Ağlama, Telli Dəmir.

Telli Dəmir yanıqlı-yanıqlı ağladı, bayquş səsi yeddi ağaclıqdakı Bayqu dərəsinəcən getdi və dərədən geri qayıtdı.

Bic Şəmil: “Ağlama Telli Dəmir, şər vaxtıdı. İndinin yolu da bu cür yoldu, nə eləmək olar” - dedi.

Həmin axşam Bic Şəmil çayçıda Telli Dəmirin bayquş olduğunu camaata danışdı. Ağzı köpüklənə-köpüklənə danışdı. Əlini əlinə vura-vura, qəhqəhə çəkə-çəkə danışdı. Amma çayçıdakı Dərdli əhlindən heç kim Bic Şəmilə qoşulub gülmədi. Çünki dərdlilər gülməyi çoxdan yadırğamışdılar və bir də, Dərdli Dəmirin bayquş olmasında gülməli nə varmış ki? Sonra düşündülər ki, elə dərdlinin adamlarının hamısı da bayquşa dönüblər. Çayçıdan çıxıb evinə gedən kəndlilər fikir elədilər ki, Bic Şəmil daha əvvəlki kimi gülmür, hətta, əvvəlki kimi danışa da bilmir.

# 1010 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #