Kulis Elməddin Süleymanovun “Axı kim kimi yaradır?” essesini təqdim edir.
Sənətçinin yaratdığı sənət əsəri tərəfindən unudulması və ya kimliyin yaradılanın üstündə qərarlaşması (təkrarlayıram: əsərin kimliyi unutdurması və kimliyin əsəri öhdələməsi) halına Çex əsilli yazıçı Milan Kundera "Roman Sənəti" esselərində belə şərh verir: "19-cu əsrin iki yazıçısını təsəvvür edirəm: Bir tərəfdə dövrün elitasını təmsil edən Lev Tolstoy, digər tərəfdə qumar borclarını ödəmək naminə romanlarını sıralayan fağır Dostoyevski. Onları, adları yaddan çıxsa belə, ən az iki romanlarıyla xatırlamaq mümkündür: Annanın (Anna Karenina) Vronskiyə olan sevgisi, üst təbəqə tərəfindən fahişə obrazıyla günahlandırılması, oğlu Seryoja ilə sevgisi arasında sıxışıb qalaraq, nəticədə qatar relsləri arasında bədənindən, şəxsiyyət və ruhundan imtinası, Tolstoyu romanın yazıçısı kimi arxa planda saxlayır. "Hərb və Sülh" müharibənin (o vaxtlar, hələ ki, dünya daha yaşanacaq bir ərazidir) roman estetikası bucağından ən yetkin təsvir və nümunələrindən biridir. Dövrə atılan tarixi rakurs, Fransa və Çarlıq Rusiyası arasında şiddətlə davam edən müharibə, əzəmətli rus aristokratını romanın qarşısına keçməyə icazə vermir.
Rodion Romanoviç Raskolnikov sələmçi qadını nə bahasına olursa olsun öldürmək fikirində qətiyyətlidir; hələ romanın son hissələrində oxucuya addımını əsaslandıracaq böyük monoloq da hazırlayıb. Qısaca xatırlasaq, insanlar Raskolnikova görə iki yerə ayrılırlar: ali və sıradan şəxsiyyətlər. Əsaslandırma belədir ki, ali insanın cəmiyyətdə hər şeyə haqqı çatır. Cinayət də daxil. Və inanmıram ki, xüsusən də Raskolnikovun yuxu-reallıq hisslərini itirdiyi anlarda fikirləşdiyi bütün bu arqumentləri oxuyan (hətta yaşayan) şəxs, o an, demək olar, qabağına çıxan hər kəsə borclu, təhqir edilmiş qumarbazı yadına sala bilsin. "Karamazov qardaşları"nda da analoji vəziyyət var: Romanın "Böyük İnkivizator" hissəsi, İvanın şeytanla dialoqları, Mityanın Qruşenka və Katerina İvanovna arasındakı çarəsizliyi Dostoyevskini yenə kadrajdan çıxardır.
Kundera: "Amma digər tərəfdən güzgünü XX əsrə çevirmək lazım gəlir: Avropanın ruhu, Fransaya. Orada təməli hələ qırxlardan atılan bünövrənin altmışlarda partlaq verən iki adıyla qarşılaşmaq mümkündür: Jean Paul Sartre və Albert Camus. Bu iki fransız XIX əsr ruslarına qiyasla, daha çox siyası-ədəbi janr qalmaqallarıyla yaddaşlara həkk edilirlər".
Camus "Yad"ın möhtəşəm açılış cümləsinə rəğmən, ad olaraq "Yad"ı üstələyir, "Yad" artıq Camusunun (!) əsəridir ("Yad"ın baş obrazı Mersault, bəzi mənbələrcə Raskolnikovun alter eqosudur. Elə tarixin gedişatı da rütbələrində heç bir dəyişiklik yaratmayıb). Altımışların sonuna tərəf ekzistensialist ekolun başında Sartre qərarlaşırdı. Ən çox onun səsi çıxırdı, istəkli idi, varlığı kəşf etmənin verdiyi baş gicəllənməylə hiddətli müdafiələrə qalxışdı; sayını itirəcək qədər esselər yazdı, son addım olaraq isə romanı, siyasi (həmçinin də fəlsəfi) ideologiyasının manifestinə çevirdi. Və ona görə də "Ürəkbulanma" Sartrenın təsvir etmək istədiklərindən çox demək istədiklərinin, Sartrenin "varlığının" romanıdır.
Kafkaesk şüursuzluq
Ədəbiyyat tarixinin ən qalmaqallı hökmlərindən biri Max Brodun Kafkanın öldükdən sonra bütün əsərlərinin yandırılması haqqında yazdığı vəsiyyətə məhəl qoymayaraq, yazdıqlarını yayımlaması, bu gün elə gəlir ki, "Məhkəmə" və "Qəsr" kimi romanlarının ümumi atmosferini bu qərarın arxasında gizlədir. Halbuki, Kafkanın xarakteristik olaraq Joseph K.-dan, bir gün oyanaraq böcəyə çevrilən Samsadan fərqi yoxdur. XX əsr portretində sadəlövh Kafka imiciylə qarşılaşırıq: Eyniylə Servantes kimi o da bir dövrün təməlini atdığından xəbərsizdir. Araşdırmalar deməyə əsas verir ki, Kafkanın mütaliəsi elə də güclü deyil (birincisi, buna vaxtı yoxdur - sözün həqiqi mənasında - ikinci səbəb isə, Kafkanın dövrə olan laqeydliyidir).
Yazdıqları ətraf mühitə (oxucuya) hədəflənmir; yazmaq onun üçün, sadəcə, katarsistik tələbatdır. Ona böyük ehtimalla modern romanın banilərindən biri olduğu deyilsə, yəqin ki romanlarına yayılan, obrazlarından agah olan ironiya hiss edər, məsxərəyə alındığını fikirləşərdi. Bəli, Kafka, sadəcə, yazıçı olmaq istədi; ancaq onu çex olub, Avstriyada yaşayan, alman dilində yazan bir məmur olaraq xatırlamaq istədilər; qərarı radikal və nisbi olmasına baxmayaraq, çoxluq Max Brodu alqışladı.
İndisə bir sual: Heç yaddaşına ağırlıq vermədən, alnını qırışdırmayaraq K.-nın bir gün boyunca məhkəmə salonlarında dabandöyməsinin - absurd cinayət axtarışının - səbəb və təsvirlərini kimlər xatırlayır? "Kafkaesk" üslub bu absurdluğa aiddir. Modern roman (əlyazmanın yarımçıqlığı daxil - həmçinin bir neçə əsərində!) bu qara gülüşlə tarixə keçir. Lakin bir çox halda xatırlanan Kafkanın sentimentallıqla əhatələnən məktublarıdır: Sevgili Milena və Feliciaya eşq, ağrı, əzab, əlçatmazlıq, çarəsizlik cümlələri. Qəribədir: Milena adı səsləndiyi vaxt Kafka xatırlanır; lakin "Qəsr" üçün də eynisini iddia etmək mümkündürmü? Biri nəticədə insanın şəxsi etirafları, digəri isə modern romanın bünövrələrindən biridir. Tam tərsi olmalı deyildimi? Yaxşı, əgər Kafkanın yazıçılığını şəxsiyyətindən qabaq bu metodla yadda saxlayacaqdıqsa, bu məktublar, onun atasına ünvanlanan ifadələr olmalı deyildi? Şəxsi qənaətimcə, hə, ancaq Kafka atasının qarşısında nəhəng, Milenanın hüzurunda isə aciz idi. Bəlkə də elə bu səbəbdəndir ki, Kafka bu gün romançıdan çox, romantik olaraq XX əsrə uyğunlaşdırılır.
Bütün tanrıları unudun
Miguel de Servantes modern Avropanın ilk romanı olaraq qəbul edilən "Don Kixot"u yazır. İynələyici, qara komediya janrına aid bu "roman", Servantesin həbsxanada qələmə aldığı illərdə dövrün digər ədəbiyyat şıltaqlıqlarına protest idi. Servantes fərqində deyildi ki, həmçinin inqilabın tarixini yazır.
Hələ məktəbli illərindən ixtisarla şagirdlərə oxudulan (bizim kimi üçüncü dünya ölkələrində sinifdən xaric oxu damğası yemiş və buna rəğmən də oxunmayan) “Don Kixot” yazıçısını unutdurmuş bir əsərdir. Fikirləşirəm ki, buna səbəb nə ola bilərdi? Bəlkə də tarixi obraz. Yəqin qəbul edirik ki, "Modern Avropanın ilk romanı" çox ciddi "ittihamdır". Başqa səbəb romanın fiktivliyiylə əlaqəli ola bilər. Cəngavərlik haqqında yazılan bütün xatirə, dastan, hekayələrə inanan eyforik Don Kixot nökəri (köməkçisi) Sancho Panza ilə səfərə çıxır. İki cildlik roman bir yol əhvalatını işləyir. Və yuxarıda sadaladığım "Cinayət və Cəza", "Anna Karenina" tipli romanlara da ilham mənbəyi olmuş konvansiyonal (klassik) üslub, qəhrəmanın hərtərəfli təchiz olunmuş keyfiyyətləri (ki, dəsti-xətti, çatdırılmaq istənən mənanı itirmədən, tamamlayıcı olaraq) romanı öz sənətçisindən daha qiymətli mövqeyə gətirir.
Bir haşiyə: Romanların həcmləri də vacib mövqedə dəyərləndirilməlidir. Əsrlər bir-birilərini əvəzlədikcə romanların həcmində gözdən qaçmayacaq həddə azalma müşahidə olunur. Bu isə dəqiq dövr mühakiməsidir: Modern romanın yaranması, klassik roman anlayışına gətirilən qısıtlamalarla meydana çıxdı. Əgər Tolstoy “Anna Karenina”nı 20-ci əsrin ortaları və ya ikinci dövründə yazmış olsaydı, yəqin ki romanın həcmi min səhifəyə yaxın deyil, sadəcə Annanın hekayəsi olaraq iki yüz, üç yüz səhifəyə həll edilərdi. Səhv etmirəmsə, Anna romana 18-ci hissəsinin başlanğıcında (təxminən yüz, yüz iyirminci səhifələr olmalıdır) girir və yeddinci fəslin sonuncu cümləsində çarəsizcə gözlərini yumur. Roman isə səkkizinci fəsillə davam edir! Məsələn, bu detalı 20-ci əsr roman anlayışında görmək (xüsusi istisnaları çıxmaq şərtilə) xeyli qəlizdir. Tolstoy əlli, yetmiş vərəqi kənd təsərrüfatına ayırır; Konstantin Levinin ölüm, tanrı, həyat haqqındakı qarmaşıq fikirləri romanın yarısını təşkil edir; ancaq bütün bu hallar, həmçinin də başa düşülən olur bu gün: XIX əsr roman estetikası, eləcə də yazıçının tək, bir yerdə (özü də Tolstoy kimi qürurlu qələmin) yazdıqlarını, fikirləşdiklərini ifadə edə bildikləri tək ərazi halına gəlir.
Salinger illərlə evdən çölə çıxmırdı. Evin içində yazıb-yazmadığı da məchul qalmışdı. Şəkil çəkdirmir, qadınlarla görüşmür, ədəbiyyat çevrələrində danışmır, bir sözlə içinə qapanıq münzəviyə çevrilmişdi. Və inanılsın ki, bu tərki-dünyaya qaçışı, bu gün hələ də on yeddi yaşında qalmış Holden Koldfiddən daha çox xatırlanır. Məlum olur ki, insanın özünəxas seçimləri bir müddət sonra ona qarşı silah olaraq qayıda bilir.
"Son Məhkəmə", Reichenbachda Sherlock Holmesun ölümü təsadüfi deyil; nə də yazıçının başqa şeylər yazmaq arzusu. İnanmıram. Arthur Conan Doyle iddia edirdi ki, James Moriarty elə, ya da belə ölümə məhkum olmalıydı və ondan sonra Sherlock üçün yaradacağım heç bir antoqonist Moriarty gücündə olmayacağı üçün Sherlockun ölümündə bir problem görmədim. Arthur Conan Doyle çalışma stolunda əlində qələmi, qarşısındakı kağıza Sherlockun ölüm hökmünü yazdığı an bəlkə də bu fikrinə inanırdı; ancaq həmin Doyle, bir müddət sonra (hekayə çıxdıqdan bir, iki həftənin arxasından) evinin qarşısındakı protestolara tab gətirməyərək Sherlocku yeni hekayəsində bir metodla dirildir. Yanılmaq ehtimalım var, ancaq iddia irəli sürmək fikrindəyəm. İndiyə kimi yazılmış bütün əsərlər (kobud olaraq) daxil, yaradıcısını Sherlock Holmes kimi unutdurmağı bacarmayıb. Onun Reichenbachdan sağ çıxması da, Moriartydən də güclü antoqonistin varlığı da Doyle üçün çətin deyildi; eqoizmi Sherlocku öldürmüşdü. Aldığı protest (diqqət) bir balaca da olsa onu sakitləşdirdi. Lakin bu gün yenə Sherlock var, ancaq Doyle yoxdur. Bəzi şeylər heç vaxt dəyişmir.
Post Modern tələlər
Bir az indiyə qayıdaq: Orhan Pamuk 2006-cı ildə Nobel mükafatına layiq görüldüyü vaxt, "Məsumiyyət muzeyi" romanını yarılamışdı. Məşhur Nobel nitqini bitirdikdən və ölkəsinə qayıtdıqdan sonra bir müddət reportaj verməklə məşğul oldu. Reportajların birində jurnalist ona əla bir sual yönəltdi. Pamukun bundan sonrakı roman yazma mərhələlərində nələrsə dəyişə bilərmi? Pamuk mükafatın onu sevindirdiyini dilə gətirərək, davam edir: Şübhəsiz ki, uzun müddətdir gözlədiyim mükafat olmaqla yanaşı, Nobelin kiçik də olsa, həyatımda yerdəyişmələr edəcəyi qaçılmazdır. Lakin mən sistematik romançıyam. Hər şey hazırdır və yazıya köklənirəm. Elə gəlir ki, yazma prosesində çətinliklə üzləşməyəcəm, əksinə bu uğurun verdiyi məsuliyyət hissi mənfi olan bəzi detalları müsbətə çevirəcək. Pamuk qismən də olsa, haqlı çıxdı; ənənəvi roman stilini pozmadı, romanlarındakı hekayələr yenə İstanbul və ətrafında cərəyan edir, qəhrəmanları onlara layiq bilinən xəttin çölünə çıxmadılar; ancaq Pamuk karyerası boyu iki ittihamdan xilas olmağı bacarmamışdı. Birincisi, o, sintetik yazar olaraq günahlandırılırdı. Varlıqlı bir ailədə böyüməsi, atasından qalma kitablar (təbii ki, bunlar arqument belə sayılmır). Kenan Evrenin 80 Darbəsi dövründə evinə qısılıb romanını yazması vs (ittiham o idi ki, Pamuk bunun müqabilində küçəyə çıxaraq hadisələrə baxa bilərdi, xalqın yanında qərarlaşaraq və ya müşahidəçi obrazında çıxış edə bilərdi). İkincisi isə siyasi tendensiyalardır. Pamukun başı uzun illər siyasi çaxnaşmalar əhatəsində ağrıdı. Nobeli yazarlığına layiq gördükləri üçün deyil, siyasi açıqlamaları naminə aldığı deyildi. Pamukun ən azından Türkiyədə qazandığı siyasi şəxsiyyət "Qara Kitab"ın, "Benim adım kırmızı"nın qarşısına keçdi. "Kar"ın yazıçısı deyil, Türkiyənin ilk Nobelli yazıçısı olaraq manşet oldu. Bütün bunlar nəticədə onun romançılığını ləkələməsə də, zədələdi.
Ümumiyyətlə, Nobel post modern romanın hakimiyyəti ələ aldığı dövrdə güclü bir tələdir. Son illər başda Umberto Eco, Milan Kundera, Salman Rushdie, Paul Auster, Murakami vs yazıçıların adı bu mükafatın yanında tez-tez hallanır. Sanki, yazılan hər son roman bu mükafat üçün yazılıbmış təəssüratı yaradılır. Amma Econun, Kunderanın buna ehtiyacı varmı? Tərəddüd belə etmirəm ki, çəkilən əziyyətə dəyər naminə bəxş edilən mükafatlar stimul bucağından vacibdir; ancaq bu gün Milenaya sevgi sətirləriylə xatırlanan Kafka kimi, onlar da (onsuz da, ölümə yeriyən romanın) son illərində mükafatsız ölən yazıçılar kimi yaddaşlara keçməsinlər.
Kunderanın bioqrafiya yazıçıları haqqına əla ifadəsi var: "Həyat yoldaşlarının cinsəl həyatı haqqında qısıtlı məlumatlara sahib bəzi bioqraflar, Flaubertin, Balzakın seks həyatını əzbərə bildiklərini düşünürlər" Kundera davam edir: Roman yazıçının ifadəsidir; romanı yazıçının yerinə danışmalıdır, geriyə qalan bütün şəxsi həyata dair detallar yaradılanın mahiyyətini gec-tez məhv edəcək. Bunların müqabilində bəzi kriteryalar da yaradır: Bir müddətdən sonra heç kimə müsahibə vermir, təqdimatlar keçirmir, öz bioqrafiyası haqqında bu cümləni qeyd edir: Milan Kundera. 1 Aprel 1929-cu il Çexiyada doğuldu, 1975-dən bəri Fransada yaşayır. Xüsusən fikir versək, Kundera da son yazıçılardan biridir ki, romanıyla tanınır.
Salman Rushdieyə ölüm fərmanı imzalayan Xomeyni "Şeytan Ayətlərini" təhqir etmişdi. Əslində, ləkələnən ümumi roman tarixi idi. Rushdie romanıyla birgə eyni məşhurluğu paylaşdı. Lakin biri ölüm, digəri təhqir edilmə və başa düşülməmə qorxusuyla.
Tarixə avtoqraf
Böyük modern roman tarixində iki ada qayıdış: Marcel Proust və James Joyce. Onlar Tolstoy və Dostoyevskini (onların arasındaki əlaqəni) xatırladırlar. Bu iki ustadın fərqi yazı üslublarına çökən ağırlıqdır, lakin ikisi də o ustadların yazdığı uzun, ancaq başa düşülən romanlardan bəhrələniblər.
"İtirilmiş zamanın axtarışında" yeddi cildə bölünmüş Marcel Proust romanıdır. Ədəbi araşdırmalar Proust haqqında qısıtlı məlumatlar verir. O, yazdığı bu əsərlər toplusuyla daha çox xatırlanır. İroniya: Bilinən, ancaq dünyanın böyük hissəsi tərəfindən oxumayan romanlar olduğudur, həmçinin. Eyni gülüş James Joyce üçün də keçərlidir: “Ulysses”i yazdığı vaxt romana sui-qəsd elan edirdi. Nəticədə bir günü təsvir edən, dünyanın ən çətin tərcümə edilən və modern romanı yaradan bir işə imza atmışdı. “Ulysses”in özü başqa bir yazının mövzusudur. Burada çatdırmaq istədiyim Proustla Joyceun eyni dövr və oxşarlıqlarıdır.
Proust oxunmasa belə, üslubuyla tanınır. Çoxusu qulaqdan dolma bilgilər, onun uzun cümlələrlə hadisələri çox geniş səhifələrə yaydığı təsvirləridir. O, rahatlıqla sevişməyin kiçik bir detalına iyirmi üç səhifə ayıra bilər, tualetə gedib-getməmək tərəddüdü yaşayan qəhrəmanı üçün beş səhifə az gələ bilər. Ən azından şəxsi həyatındakı ittihamlardan uzaqda, yenə də təkrarlayıram, oxunmasa belə, Proust da roman tarixinə imzasıyla yerləşib.
James Joyce çamadanının üstündə yazdığı “Ulysses”in altında qalmağı bacardı. Düzdür, roman onun adıyla təkrarlanır, lakin romanın şöhrəti (bir vaxtlar aparılan statistikaya əsasən, “Ulysses” ən çox alınan, lakin heç oxunmayan romandır) ondan uzun yaşayır.
Ümumi fikrə gəldikdə isə: Romanlar əbədi yaşadıqları halda, yaradıcılarının ömürləri bir yerə qədərdir. Üstündən səthi keçilən və sənət tarixinin keçmişinə dayanan bu problem, hələ də müzakirəyə açıqdır.
Major notlarla bitirək: Sənət sənətçini yaradır, ya sənətçi sənəti? /milli.az/