Kulis.Az Aqil Abbasın “Ən xoşbəxt adam” povestinin son hissəsini təqdim edir.
Aqil Abbasın “Ən xoşbəxt adam” povesti 1978-ci ildə yazılmışdı. O zaman Aqil Abbasın 25 yaşı vardı və dünya tamam başqa dünyaydı.
O dövrün arzuları da fərqliydi, hissləri də…
O uzaq 70-ci illər haqqında olan müxtəlif əsərlər yazılıb və məncə bu əsərləri birləşdirən yeganə cəhət darıxmaq hissidir.
Aqil Abbasın qəhrəmanı da darıxır, Dilsuzun qəhrəmanı da…
Ustad Əkrəm Əylislinin qəhrəmanları da böyük şəhərdə kəndin həsrətini çəkirlər.
Nəşəsiz həyat, əyləncəsiz şəhər fonunda Zeki Mürenlə araq ən yaxın sirdaş olublar.
Hər bir dövrün gəncliyi öz dövründə darıxır amma çox ola bilsin ki, indiki gənclər bu povesti oxuduqdan sonra öz dövrlərinə sevə, ən azı ona rəğbətlərini artıra bilərlər…
Qan Turalı
Uşağın başını sığalladı. Bunu bayaq səmimiyyətdən eləmək istəyirdisə, indi uşağın könlünü ələ almaqmı, yoxsa başqa şeyin xatirinəmi, ya nəyə görəsə sığalladı uşağın başını.
- Sən istəyirsən, qalım, yoxsa çıxıb gedim.
- Mən istiyyəm sən qayasan!
- Qalaram.
Uşaq başını çəkdi və onun əlini kənara itələdi.
- Yayan deyiysən, sən yayançısan. Hamınız gəyəndə deyiysiz qayacam, amma qaymıysız, soya çıxıb gediysiz.
Əvvəl-əvvəl maraqla uşağa baxdı, sonra çevrilib qapının ağzında əlində stəkan dayanmış (daha doğrusu, donmuş) qadına baxdı. Bu baxışlardan heç bir sərtlik, qəzəb, nifrət və ya heyrət-filan yox idi - adi baxışlardı. Amma qadın bu adi baxışlara tablanmadı, əlindəki stəkan düşüb qırıldı.
... Küçəyə çıxdı. Külək bərkimişdi.
Dayandı, istədi siqaret yandırsın - yandıra bilmədi. Neçə kibrit çəkdi, hamısını külək söndürdü. Əsəbiləşdi və kibrit qutusunu çırpdı yerə, sonra da əyilib götürdü.
Binanın külək tutmayan yerinə çəkilib siqaretini yandırdı.
Uşağın sifəti gözü önündən getmirdi. O sifətdən uşağın böyük və xoşbəxt gələcəyi haqqında heç bir yaxşı əlamət seçə bilməmişdi. Körpənin gözlərinin dərinliyində başa düşmədiyi, başa düşə bilmədiyi kimlərə və ya nələrə isə nifrət nişanəsi vardı. Uşaq böyüdükcə həmin nifrət onun bütün ruhuna, qanına hopacaqdı. Və uşaq böyüdükcə qanına, ruhuna hopmuş nifrətin nə olduğunu çox gözəl dərk edəcəkdi. Bir kəsin də ki, qanında dəhşətli dərəcədə nifrət oldu, o heç vaxt səmimi, mehriban və yaxşı adama çevrilə bilməzdi, istəsə də bacarmazdı.
Əvvəl-axır bu nifrət üzə çıxmalıydı, çıxacaqdı da!
Gördü uşaq haqqında fikirləşməyə başlayıb. İstədi bu fikirləri özündən uzaqlaşdıra.
Axı, niyə əsəbləşirsən ey, gərək sən biləydin ki, o, səndən qabaq kiminləsə görüşüb və ya görüşür. Burda təəccüblü bir şey varmı?!
Özün də deyirsən həyatda gözlənilməz heç bir hadisə yoxdu. Elə isə bu qadının evində kiminsə səndən əvvəl olduğuna niyə bir belə təəccüblənirsən?
- Siqaretiniz olmaz?
Qarşısında cavan bir oğlan durmuşdu. İstədi deyə ki, siqaret çəkənsən, cibinə siqaret al qoy - demədi. Əlini cibinə salıb bir siqaret çıxardıb verdi oğlana. Və gözlərini dikdi oğlanın əlindəki kibritə. Gözləyirdi ki, oğlan da xeyli əziyyət çəkəcək. Amma oğlan bircə kibrit dənəsi ilə siqaretini yandırdı və:
- Sağ olun!- deyib uzaqlaşdı.
Dayanmışdı.
Hara getsin? O soyuq, kimsəsiz otağamı, tənhalığamı? Onun üçün həmin kimsəsiz, tənha otağın soyuqluğu bu küçənin soyuqluğundan da qorxunc idi.
Ürəyinin harasındansa bircə anlıq keçdi ki, qayıtsın geri. Dərhal da bu fikirdən daşındı. Ona görə yox ki, qadına qarşı olan bütün hiss və ehtirası sönmüşdü və bu sönmüş ehtirasla da geri qayıtmağa dəyməzdi - qayıtmaq istədiyi otaqda bir günahsız uşaq vardı və o uşağın gözlərində hələ qanmadığı nifrət qığılcımı parıldayırdı. Yenidən o nifrətli baxışlarla rastlaşmaqdan qorxurdu.
Yəqin indicə çıxdığı otaq da buz kimi soyuqdu. Həmin soyuq otaqda da qadın dizini qucaqlayıb için-için ( bəlkə də hönkür-hönkür) ağlayır.
Ağlamaq yaxşı şeydi - bacarasan. Çəkiləsən bir təkliyə və ağlayasan. Özün üçün - onda adam bir qədər yüngülləşir, təmizlənir.
Fikirlərdən qaçmaq üçün başladı fit çalmağa. Musiqidə heç bir səriştəsi olmadığından, mahnının qol-qabırğasını sındıra-sındıra çalmasına baxmayaraq, özünə ləzzət elədi, hətta xoşladı da! Bəlkə də evinə qədər bütün yolu fit çalacaqdı.
- Cavan oğlan, küçədə fit çalmaq ədəbsizlikdi!
Duruxdu - qarşısında əlində çəlik ixtiyar bir qoca dayanmışdı.
Bir qocaya baxdı, bir əlindəki çəliyə baxdı. İstədi deyə ki, sənin nə borcuna, gecə, sakit küçə - özüm bilərəm, istəyərəm fit çalaram, istəyərəm qol açıb oynayaram.
Qocanın nurlu sifəti xoşuna gəldi, dillənmədi. Qoca da onun cavanı gözləmədən çıxıb getdi.
***
Bu da həmin kimsəsiz, soyuq otaq, həmin kitab rəfi, həmin köhnə divan, həmin soyuducu - içində də pendir.
Keçib oturdu, başını da aldı əllərinin arasına - xeyli beləcə dayandı. Neçə saniyə, neçə dəqiqə, neçə saat - yox, saat yalan olar - beləcə dayanandan sonra, cibindəki məktubu çıxartdı. Bir o üzünə baxdı, bir bu üzünə baxdı - istədi açsın oxusun. Məktubda yazılanların hamısı beynindən gəlib keçdi - oxumadı. Atdı stolun üstə.
Qalxıb elə paltarlı-paltarlı uzandı çarpayıya, əllərini də başının altında çarpazladı və gözlərini də zillədi tavana. O tavana ki, ürəyində sevdiyi qızın şəklini ora vurmaq keçirdi, amma vurmamışdı.
Uzanmışdı və baxırdı tavana.
... qız, şəkil, su dükanı, boksçu, soyuducudakı pendir, makinaçı qadın, başıyumruqlu televizor, uşağın nifrətli gözləri, nisyə güllər, sabah maaş günüdür...
Ayılanda...
Ayılanda, bilmədi gecənin hansı vaxtıdır və gördü ki, pallı- paltarlı uzanıb çarpayıya - işıq da yanır.
İstədi qalxsın, bacarmadı, elə bil çarpayıya yapışmışdı.
Əllərini çarpayının kənarına dayayıb qollarına güc vermək, beləliklə, uzandığı yerdən qalxmaq istədi - ya qollarında güc qalmamışdı, ya da doğrudan çarpayıya yapışmışdı - heç əlini başının altından çıxara bilmədi.
Məəttəl, daha drğrusu, çaş-baş qaldı. Başa düşə bilmədi ki, ona nə olub.
Ayaqlarını çarpayıdan sallamağa çalışdı - mümkün olmadı, qıçları elə bil heydən düşmüşdü. Heydən düşmüş olsa yenə dərd yarıydı, sanki ayaqları heç yoxdu.
Ona elə gəldi ki, başı şişib və ağırlaşıb - amma ağrıyıb-eləmirdi, sadəcə olaraq şişmişdi.
İlk dəfə olaraq bədənin üstə nə isə - yəni baş olduğunu hiss elədi.
Amma elə bildi ki, baş özünün yox, başqasınındı. Bəs başqasının başı onun bədəni üstə nə gəzirdi? Heç öz başının hayına qala bilmirdi, onda ki, özgənin başı ola! Necə olub ki, iyirmi altı ildə bunu bilməyib, indi çarpayıda - yerindən qalxmağa gücü çatmadığı halda - hiss elədi ki, başı özünün deyil.
Gözləri görürdü, kipriklərini də qırpa bilirdi, ağlı da kəsirdi. Udqundu - deməli, udqunmağı da bacarır. Qulaqları da eşidirdi.
Düzdür, eşitməyə elə bir səs yox idi - otağa dərin bir sükut çökmüşdü. Elə bil sükut ki, səssizliyi az qala qulaqlarını deşirdi.
Bəlkə...
Yox, axı, elə olsa, gərək nə bu soyuducu ola, nə köhnə divan, nə də divardakı güzgü! Heç nə, heç nə olmaya. Ya da insan gözünü yumanda gördüyü zülmət kimi heç bir işıq ucu görünməyən qatı, soyuq və qorxunc bir qaranlıq ola. Və ya da elə bir şey ola ki... Yox,yox, heç nə ola bilməz.
Otaqda nə var hamısını təkrar-təkrar süzdü, sonra yenə baxışlarını zillədi tavana.
Həmişə tavana baxanda yadına şəkil düşərdi, qız düşərdi - amma vaxt haqqında düşündü.
Görəsən saat neçədir, səhərə hələ çox qalıb? Tərs kimi saat da qolundadır. Qollarımı başının altından çıxara bilsəydim.
Ha çalışdı, mümkün olmadı. Ya elə bil əllərini bir-birinə tikmişdilər, ya da başının ağırlığı qoymurdu.
Birdən dili də tutulmuş olar. Dilini ağzında tərpətdi - tərpənirdi. Səs eləmək istədi, heç olmazsa qonşular eşidərdi. Qonşulardan kimi çağırsın, fikirləşdi ki, bunun nə fərqi. Gücünü verdi dodaqlarına:
-Kamal!
Heç özü də eşitmədi.
Bir də cəhd elədi.
- Kamal!
Çox zəif alındı, yenə də zəif alındı.
"Yox, nə isə eləməliyəm, yoxsa burda bax, beləcə bir ay da uzanıb qalsam, heç kəs xəbər tutmayacaq". Bəlkə kimsə təsadüfən gələ. Təsadüfə isə bel bağlamaq olmazdı və bir də heç o təsadüfə inanan adam da deyildi.
Dodaqlarım tərpənirsə, gözlərimi yuma bilərəmsə, bəs niyə barmaqlarımı oynada bilməyim.
Əla! Barmaqlarını tərpədə bildi. Demək, bədənində güc var. Bəlkə xəstələnmişəm? Axı, xəstələnənin harasısa ağrımalıdı. Mənimsə heç yerim ağrımır. Bəlkə ağrıyır, xəbərim yoxdu, hissiyyatımı itirmişəm.
Dodaqlarını dişlədi (buna gücü çatdı), hətta elə dişlədi ki, azında isti və şirin qanın təmasını duydu və o dəqiqə də ağrını hiss elədi. Demək, heç haram ağrımır.
Gözlərini yumdu və təxminən beş dəqiqə heç nə haqqında düşünmədi, düşünmək istəmədi. Beləcə, bu xoşagəlməz sükuta qulaq asırdı və indicə hiss elədi ki, bu dəhşətli sükutun içində haradansa zəif, çox zəif bir çıqqıltı səsi gəlir. Bütün fikrini bu çıqqıltıya yönəltdi. İndi çıqqıltı lap aydın eşidilməyə başladı - saat idi. Elə gözəl çıqqıldayırdı ki! İlahi, necə olub ki, indiyə qədər bilməyib saatın belə gözəl çıqqıldamasını. Saat çıqqıldayır, o isə diqqət və maraqla qulaq asırdı.
Gözünü açdı, o dəqiqə də saatın çıqqıltısı kəsildi.
Demək, o çıqqıldayan saatdı, saat da mənim qolumdadır, qolum isə başımın altında. İndi həmin qolumu başımın altından çıxarmalıyam. Burda nə çətin bir şey var ki! Qolunu çək başının altından, çıxsın - lap asan bir iş. Amma bu heç də onun düşündüyü qədər asan deyilmiş.
Həyətdə maşını işə saldılar. Sevindi, demək saat yeddidi. İndicə benzinin qoxusu içəri dolmalıdı. Bu da həmin qoxu! Benzinin qoxusunu həvəslə sinəsinə çəkdi, ləzzət elədi və on beş dəqiqə bu ləzzətlə yaşadı.
Kaş Kamalın siqareti olmayaydı, kaş olmayaydı, gəlib məndən istəyəydi. Maşın həyətdən çıxdı. Demək, Kamalın siqareti var. Gör nə boş şey fikirləşirəm, ey! Lap Kamalın siqareti olmasın, guya birdən-ikiyə Kamal gəlib məndən siqaret istəmişdi!
Yox, kənardan kimdənsə kömək gözləmək, səni düşdüyün uçurumdan kiminsə gəlib çıxaracağına ümid bəsləmək ən azı axmaqlıqdır.
Dili ilə dodaqlarını yaladı. İstədi fit çala, tez də fikrindən vaz keçdi. Heç əməlli-başlı vaxtında fit çala bilmirdi, qalmışdı indi ola!
Anamgil deyəndə evlən, vururam qulaqardına. Öz cəzandı çək! Evli olsaydın, ya heç bu günə düşməzdin, ya da yanında hayanın olardı. Lap tezliklə evlənəcəm, cəhənnəm olsun Eynşteyn! Bəh, bəh! Hələ ayağa qalxa bildin, qaldı evlənməyin!
Bir siqaret olsa nə çəkərdim! Stolun üstündəki siqaretə baxdı. Elə bil ki, siqaret deyildi stolun üstündəki - göz dağıydı.
Belə olmaz! Belə olmaz! Axı, mən düşünürəm. Düşünürəmsə, demək mən varam! Bəs hanı o mən? Budur ey, uzanıb çarpayıya, əllərini də başının altda çarpazlayıb.
Vəlinin arvadının səs-küyü həyəti götürdü başına. Demək düz saat səkkizdir, onun yerindən qalxan vaxtıdır.
Yəqin Vəli oturub qapının ağzında, "Avrora"sın tüstülədir. Heç arvadının dediklərini vecinə də almır. Fikirləşdi ki, Vəli yaxşı eləyir arvadının deyintisinə fikir vermir, belə arvadın deyintisini vecinə alsan gərək zəng eləyəsən gəlib səni aparalar dəlixanaya.
Qulağına taqqıltı səsi gəldi, inanmadı. Taqqıltı yenə eşidildi - qapı döyülürdü.
Ura! Qapı döyülürsə, demək kimsə gəlir! Kim ola bilər, axı, mən heç kəsi gözləmirəm.
Eşikdən səs eşidildi:
- Ay ev yiyəsi!
Səs tanış gəlmədi. Əşi, səsin tanışlığının nə fərqi, təki səs olsun, o səsin sahibi olsun.
- Ay ev yiyəsi!
- Buyurun!
Elə zəif, elə inamsız dedi ki, özündən başqa heç kəs eşidə bilməzdi. Təbii ki, qapını döyən də onun zəif səsini eşitmədi.
O naməlum səs sahibi həyətdə kimə isə müraciət etdi.
- Ev yiyəsi hanı?
- Yəqin gedib işə! Nə lazımdı?
Bu, Vəlinin səsiydi.
- Teleqram var!
Demək, poçtalyondur.
- Pəncərədən at içəri.
Poçtalyon teleqramı pəncərədən içəri atıb getdi. Görəsən nə teleqramdı elə, bəlkə kənddə bir hadisə olub? Axı mən heç kəsdən teleqram gözləmirəm.
Nə qədər fikirləşdi ki, teleqramda nə yazıla bilər - tapmadı.
Vəlinin arvadı hələ deyinirdi. Onun deyintisi az qala beynini deşirdi. Elə bil o əcaib-qəraib sözləri ərinə yox, buna deyirdi. Radionun bağlı olmasına heyfsiləndi.
Həsrətlə stolun üstündəki "gözdağına" baxdı.
İşin başlanmasına az qalıb.
Yəqin qonşu qız tinə çatmış olar. İndicə tindən çıxacaq, çıxdı. Gözləri məni axtarır, mən isə budur ey, burda uzanmışam, o isə keçdi getdi.
Qulam kişi hər dəqiqə tinə baxır və bir topa qəzeti də hazır saxlayıb. Boksçu da oturub həyətinin kandarında fikirləşir özü üçün. Yox, bu dəqiqə bunları fikirləşmək vaxtı deyil. Bu dəqiqə bütün güc və iradəmi bir nöqtəyə cəmləməliyəm. Və bu nöqtə mənim üçün istinad nöqtəsi olmalıdır. Çətini o istinad nöqtəsini tapmaqdır. Tapdım, hər şey yaxşı olacaq. O nöqtəni kənarda yox, özümdə axtarmalı, gücümdə, səbrimdə, iradəmdə tapmalıyam. Necə olursa-olsun, gərək əllərimi başımın altından çıxarım.
Udqundu, sonra çalışdı ki, bədəni gərilsin - bir şey çıxmadı. Nəfəsini çəkdi, dodaqlarını sıxdı bir-birinə- barmaqlarını tərpədə bildi. Hiss elədi ki, tərləyib. Barmaqlarını oynatdı, oynatdı - yoruldu, dayanıb nəfəsini dərdi.
İndi texredaktor televizoru açıb, özü də dayanıb yanında, yumruqlayır. Mənim stolum isə boşdur. Stolun boş olması bir o qədər də hiss olunmayacaq. Bəlkə stol bir həftə boş qala ki, məni axtaralar! Hələ ki, bir həftənin tamamına yeddi gün qalıb. Demək onu axtarmaq hələ heç kəsin ağlına gəlməz.
Gördü əsəbiləşir, günün bu vaxtında əsəbiləşməyin onda vərdişə çevrilməsindən xəbərsiz olduğundan qorxdu. Və bu qorxu onun qanına hopub bütün bədəninə yayıldı; gözüm görür, ağlım kəsir, ürəyimin tıppıltısını da eşidirəm, amma qımıldanmağa gücüm çatmır, hətta qollarımı başımın altından çıxara bilmirəm. Axı, bu əllər mənimdi, bu da barmaqlarımdı. İndi barmaqlarımı bir-birindən ayırmalıyam. Bax, belə, bir az da! Əla! Bu da əllərim! Əllərim tərləyib, ovcumun içi keyiyib.
Özünü inandırdı ki, əlləri tərləyib, ovcunun da içi keyiyib. Artıq ovcunun keyidiyini hiss eləməyə başladı.
İndi də burnum geyişir (doğrudan da, burnu geyişməyə başladı). Madam burnum geyişir, yaşamalıyam. Bəs əllərim hanı? Hə, başımın altında. Yavaş-yavaş əlini başının altından çıxarmağa başladı. Bu əməliyyat sona çatanadək tərlədi- bütün bədəni suyun içindəydi. Bu da sağ əli! Qoydu burnunun üstə, o dəqiqə də burnunun geyişməsi kəsdi. Yumruğunu düyünlədi - əlində güc vardı. Alnını ovuşdurdu, sol qolunu ovuşdurdu - tərləmiş bədəninə bir hərarət yayıldı. Dirsəklənməyə çalışdı və dirsəkləndi. Başını yastıqdan qaldıran an bədəninin üstə necə ağır bir şey olduğunu daha aydın dərk elədi. Bu ağırlıq onun qalxmasına mane olurdu.
Yenidən başını yastığa qoymaqdan qorxdu və bu ağırlıq altında xeyli dayandı.
Paltarlı olması işi lap çətinləşdirirdi.
Çarpayının kənarından bərk-bərk yapışıb ayaqlarını aşağı salmağa çalışdı və bunu etdi. Çətini qapıya çatanadəkdi, sonra hər şey yaxşı olacaq, mütləq yaxşı olacaq. Qonşulardan birini çağıra bilsə, vəssalam.
Bunun üçün isə necə olur-olsun ayağa qalxmaq və qapıya qədər uzun bir yolu qət eləmək lazım idi.
Ayaqlarını yavaş-yavaş və çox ehtiyatla döşəməyə endirməyə başladı. Bu da döşəmə - demək ayaqlarını yerə vura bildi. Sevindi. Yapışdı çarpayının başından, bütün gücünü topladı və qalxdı. Elə o dəqiqə sərildi döşəməyə, başı nəyəsə dəydi və zərbədən sonra başından dəhşətli bir ağrı qopdu. Amma bu, bir anlıq oldu, ötüb keçdi.
Qapıya baxdı.
O bu qapıya çatmalıydı, çatacaqdı da. Bu qapıdan o yanda insanlar vardı, həyat vardı, başlıcası - günəş vardı. Və bu günəş də hər şeyə dəyərdi.
Əlini atıb yaxınlıqdakı stulu özünə tərəf çəkdi və stulun köməkliyi ilə elə döşəmədəcə oturdu. Nəfəsini dərdi, sonra birtəhər pencəyi çıxartdı və atdı bir kənara- yüngülləşdi. Qapıya çatmaq və onu açmaq üçün xeyli vaxt sərf etdi. Əziyyəti boşa çıxmadı. Qapını açan kimi gözünə birinci dəyən teleqram oldu. Amma bu dəqiqə onu teleqram maraqlandırmırdı.
Həyətdə sakitlik idi.
İndi kimi isə çağırmaq olardı.
- Vəli!
Çox zəif alındı.
- Vəli!
Səs verən olmadı.
- Vəli!
Yenə bir soraq çıxmadı.
Yəqin həyətdə heç kəs yoxdur.
Amma həyətdə adam vardı, Vəli qapısının kandarında oturub siqaret tüstülədirdi.
- Vəli!
Vəli tənbəl-tənbəl başını qaldırdı - həyətdə heç kəsi görmədi və səsin hardan gəldiyini araşdıra bilmədi. İstədi başını qoysun dizinə - uyusun, yenə onu çağırdılar.
- Vəli!
Vəli fikirləşdi ki, balam, qonşu axı, gərək işdə ola, bəs onda kimdi qonşunun evindən onu çağıran. Könülsüz-könülsüz qalxdı ayağa. O isə qapıya söykənib gözləyirdi görsün nə vaxt səsini eşidəcəklər.
İstədi bir də Vəlini çağırsın, dəhlizin qapısı açıldı - bu da Vəli!
Vəli qapının ağzında dayanıb sarsaq bir heyrətlə yuxarıdan-aşağı ona baxırdı. O isə oturmuşdu və söykənmişdi qapıya. İşarə elədi ki, kömək et qalxım.
Vəli indi başa düşdü ki, qonşuya nə isə olub. Cəld girdi içəri, istədi onu yerdən qaldırsın - gücü çatmadı, qışqırdı:
- Raya! Raya!
Amma elə qışqırdı ki, bu qışqırtıya nəinki Raya - həyətdə kim yaşayırdısa hamısı səksəndi və çıxdılar eşiyə.
O isə huşunu itirdi.
Özünə gələndə gördü ki, uzanıb çarpayıya, başının da üstə iki ağ xalatlı həkim dayanıb. Vəli də otaqdaydı. Vəlinin deyingən arvadı da, ev sahibi də.
Əvvəl-əvvəl baş aça bilmədi ki, bu adamlar onun otağında nə gəzirlər, bu həkimləri kim çağırıb və nəyə çağırıb. Və niyə məhz hamı ona baxır. Baxışlarını hərləyib yenə həkimlərin üstə saxladı. Gözlərinə inanmadı, istədi dikəlsin, bacarmadı.
Həkimlərdən biri bu iki il ərzində hər səhər qoltuğunda xalat gördüyü qız idi. O qız ki, hər dəfə görəndə istəmişdi salam verə, amma bacarmamışdı. İndi önündə gördüyü qız hər səhər rastlaşdığı adamdan bircə şeylə fərqlənirdi: xalat qoltuğunda yox, əynindəydi və ona çox yaraşırdı.
Qız da onu tanımışdı.
Yastığın yanında arxası otaqdakılara tərəf oturmuş həkim (və indicə hiss elədi ki, həkim onun biləyindən yapışıb) xahiş etdi ki, qonşular otaqdan çıxsınlar. Otaqdakılar heç nə demədən həkimin sözünə əməl etdilər. Vəli qapıdan çıxarkən çevrilib ona baxdı: gülümsədi, yumruğunu düyünləyib işarə etdi ki, "möhkəm ol".
Onun baxışları isə ilişib qızın sifətində qalmışdı. Birdən hiss elədi ki, qız onun baxışlarından sıxılır, özü öz baxışlarından utandı və gözlərini başqa bir nöqtəyə zilləmək üçün otağı aradı, amma elə bir nöqtə tapa bilmədi.
- Hə, cavan oğlan, özünü necə hiss edirsən?
Gülümsədi.
- Qorxulu heç nə yoxdu. Sadəcə olaraq əsəbləriniz yorulub, özü də çox möhkəm yorulub. Sizə bir əla istirahət lazımdır. Yaxşı olar ki, dağ rayonlarının birinə gedib iki-üç ay dincələsiz. Elə yer seçin ki, orda çay da olsun. Balıq ovuna gedərsiz. Mən özüm də balıq tutmağı çox xoşlayıram. Bilirsiz necə ləzzətlidi.
- Həkim, mən ayağa qalxa bilərəm?
- Əlbəttə! Amma bir-iki gün məsləhət görməzdim. Hələlik burda yazılan dərmanları qəbul edin - dedi və əlindəki kağızı stolun üstə qoydu və qalxdı ayağa:
- Leyla, qızım, sən qal, düz yarım saatdan sonra ikinci iynəni vurarsan. Mən hələ başqa çağırışlara da getməliyəm. Geri dönərkən səni götürərəm - üzünü yenidən ona tutdu. - Sizə isə, cavan oğlan, mütləq istirahət lazımdır.
O isə həkimin son sözlərini eşitmədi.
Qəribədir - "Leyla!" Mən də bu adı fikirləşmişdim.
Otaqda ikisi qaldı. Xeyli beləcə susub dayandılar. Çox maraqsız və xoşagəlməz sükut idi. Yaxşı ki, qız dilləndi, yoxsa bəlkə də bu sükut yarım saat - yəni qız onu tərk edənədək çəkəcəkdi.
- Bəlkə sizə çay qoyum, yəqin səhərdən çay içməmisiz?
Etiraz etmədi.
Elə bil otağı həmişəki otaq deyildi - işıqlanmışdı. Və birdən-birə ona elə gəldi ki, Leyla adlı bu qız gedəndən sonra otaq yenə əvvəlki kimi qaranlıq və soyuq olacaq. O isə bu otağın qaranlıq və soyuq olmasını istəmirdi. Heç istəmirdi.
Leyla stulu ona lap yaxın qoydu, çay gətirdi.
- Sağ olun!
- Sizə teleqram var!
Alıb teleqrama baxdı: "Anan avtobusla gəlir, saat beşdə qarşıla".
Heç istəmirdi anası gəlib öz sevimli oğlunu bu vəziyyətdə yataqda görsün.
Bəs anası vağzaldan tək necə gələcək? Yaxşı ki, vağzal yaxın idi.
Leylaya baxdı.
Bəlkə Leyladan xahiş etsin ki, gedib onun anasını qarşılasın. Axı, onlar bir-birilərini tanımırlar. Nə olar tanımayanda? İnsanlar anadan tanış doğulmurlar ki! Anam sevinər.
Amma bunu hətta özünün yaxşı tanımadığı yad bir qızdan - nə olsun o qız mehriban və səmimidi- xahiş etmək bir o qədər də asan deyildi.
- Ananız gözəldi?
- Bütün başqa analar kimi!
-Çayınızı soyutmayın.
Çaydan bir qurtum aldı. Elə bil ki, ömründə belə ləzzətli və ətirli çay içməmişdi.
- Siz həkimsiz?
- Xeyr, tələbəyəm, təcrübə keçirəm.
- Mən sizi hər gün görürəm.
- Mən də sizi görürəm.
- Hətta sizin adınızı da bilirdim.
Qız təəccüb və maraqla ona baxdı:
- Hardan öyrənmişdiz ki?
- Heç yerdən, elə özümün ağlına gəlmişdi ki, sizin adınız Leyladır. Niyəsini heç özüm də bilmirəm. Bəlkə bu addan xoşum gəlir ona görə.
Leyla nəzərlərilə otağı gəzdi.
Bu otağa qadın əli dəymədiyi açıq-aydın hiss olunurdu.
- Tək yaşayırsız?
- Bəli.
- Bəs darıxmırsız?
Darıxmaq heç ağlına gəlməmişdi, çünki heç darıxmamışdı. Təkliyə vərdiş eləmiş bir adam təklikdən necə şikayətlənə bilərdi. Həm də indi təklik haqqında fəlsəfə danışmaq vaxtı da deyildi.
- Bir belə kitabların içində darıxmaq olar?!- deyə səliqəsiz yığılmış kitabları göstərdi.
Leyla beynində tək yaşamağın dəhşətini bir anlıq götür-qoy etdi. Bir anlıq özünü tənha yaşayanların yerinə qoydu - əti ürpəşdi.
- Hər halda tək yaşamaq dəhşətdir. Hansı şairdəsə oxumuşam ki, mən allah olmaq istəməzdim, çünki allah təkdir.
- Amma gərək o şair biləydi ki, tək yaşamaq üçün elə allah kimi bir varlıq olmaq lazımdır.
- Deməli, siz...
Leyla sözünün ardını demədi və hər ikisi birdən güldü.
Leyla qalxıb ona vuracağı iynəni hazırladı.
- Bəlkə iynəsiz keçinmək olar?
- Yox, yox! Eşitmədiz həkim nə dedi?
Qızın əli onun qoluna dəyəndə bədəni elə titrədi ki, bunu Leyla da hiss elədi. Küçədən "Təcili yardım" maşınının siqnalı eşidildi.
- Hə, mən gedim.
- Gedirsiz?
Elə "gedirsiz?" dedi ki, sanki Leyla adlı bu qızın getməsi ilə nə isə böyük bir şey - heç vaxt yenidən qaytara bilməyəcəyi və indiyədək itirdiklərindən də qiymətli bir şey itirirdi. Və bu itki onun üçün dəhşətli dərəcədə ağırdı. Qorxdu ki, bu ağırlığın altından çıxmağa gücü çatmaya və bu ağırlıq onu əzə, yapışdıra torpağa. Və onu isə heç kəs yerdən qaldıra bilməyə.
Bunu Leyla da başa düşdü.
- İşdən çıxanda mütləq sizə dəyəcəm. Gözləyin.
Stolun üstündən çantasını götürərkən Leylanın gözü məktuba sataşdı, o məktuba ki, üstünə yazılmışdı: "Dünyanın ən xoşbəxt adamına".
Bir otağa baxdı, bir çarpayıya uzanmış xəstəyə baxdı, bir məktuba baxdı - çiyinlərini çəkdi və:
- Sağ olun!- deyib otaqdan çıxdı.
Elə bil indicə otağın işığı da, istiliyi də Leylanın ardınca bu dar qapıdan sivişib çıxacaq. Və bu dəqiqə onu sevindirən işıq da, istilik də başqa bir otaqda, başqa bir xəstəyə qonaq olacaq - təbii ki, orda da müvəqqəti.
Elə bildi Leyla otaqdakı işığı da, istiliyi də özü ilə aparacaq və yenə...
Leyla getdi, otaq isə əvvəlki kimi işıqlı və isti qaldı.
1978