Qardaşının ölümünü yuxuda görən ədəbiyyat “müəllim”i

Qardaşının ölümünü yuxuda görən ədəbiyyat “müəllim”i
21 aprel 2018
# 15:54

Bu gün Mark Tvenin ölüm günüdür

Şimali Amerika ədəbiyyatının nəhəng simalarından olan yazıçının əsl adı Samuel Lanqorn Klemens olsa da, o, dünya ədəbiyyatında daha çox Mark Tven imzasıyla tanınıb. Onun bütün dünyada uşaqların sevimli yazıçısına çevrilməsinə səbəb olan “Tom Soyerin macəraları”, “Heklberri Finnin macəraları” və “Şahzadə və dilənçi” romanları dünya ədəbiyyatında ən gözəl əsərlərdən hesab edilir. “Heklberri Finnin macəraları” əsəri bir çox ədəbiyyatçılara görə, Şimali Amerika ədəbiyyatının ilk böyük və möhtəşəm əsəridir. Məşhur ABŞ yazıçısı Ernest Heminqueyin fikrincə, Şimali Amerika ədəbiyyatının tarixi bu əsərdən başlayır…

Mark Tven dünyada uşaq yazıçısı kimi məşhurlaşmaqla yanaşı yumorist, satirik, jurnalist və fədakar bir müəllim kimi də tanınmışdır.

Mark Tven bu makina ilə yazan ilk romançı kimi də tanınır.

Mark Tvenin Uilyam Din Hovels, Buker T. Vaşinqton, Nikola Tesla, Helen Keler və Henri Hutleston Roqers kimi bir çox məşhur dostları da olmuşdur. Dostu Uilyam Folkner isə Mark Tven haqqında "O, ilk həqiqi Amerika yazıçısıdır və biz hamımız onun, sadəcə, varisləriyik" demişdir.

Uşaqlığı

Mark Tven 1835-ci il oktyabrın 30-da ABŞ-ın Missuri əyalətinin Florida bölgəsində dünyaya gəlib. Yazıçı 7 uşaqlı bir ailənin altıncı uşağı olan və sağ qalan üç qardaşdan biridir. Ailəsi o hələ 4 yaşındaykən Missisipi çayı ətrafında yerləşən Hannibal ərazisinə köçür. O, gələcəkdə yazacağı məşhur romanlarını bu bölgədəki müşahidələrinə əsaslanaraq qələmə alacaqdı. Vəkil atası sətəlcəm xəstəliyindən vəfat etdikdən sonra 11 yaşlı Mark Tven oxuduğu məktəbi yarımçıq qoyub ailənin maddi ehtiyaclarını ödəmək üçün yerli nəşriyyatlardan birində işə düzəlir.

Gəncliyi

18 yaşlı Mark Tven dünyanı kəşf etmək arzusunda olan bir gənc kimi ABŞ-ın müxtəlif əyalətlərini gəzməyə başlayır. Bununla yanaşı o, səfər etdiyi əyalətlərdə müxtəlif mətbəələrdə çalışır. Yazıçı 4 il sonra Missuriyə qayıtdıqda Missisipi çayındakı buxar gəmilərində kapitanlıq etmək istəyir. Buna görə o, kapitanlıq imtahanlarına hazırlıq üçün dayanmadan çalışır; Missisipi çayının hər yerini ətraflı şəkildə öyrənməyi onun iki ilini alır. Çox yaxşı öyrəndiyi bu yerlərdən gələcəkdə romanlarında bəhs edəcəkdi.

Mark bir gecə yuxusunda görür ki, qardaşı Henrinin işlədiyi gəmi yanıb və o ölüb. Bu hadisənin 1858-ci ildə gerçəkləşməsi yazıçını çox təsirləndirir. O, qardaşının ölümündə müəyyən qədər də özünü günahkar bilir.

Mark Tven 24 yaşında kapitan olandan sonra Şimali Amerikada vətəndaş müharibəsi başlayana kimi çaylarda kapitanlıq edir.

Yazıçı vətəndaş müharibəsinə könüllü qatılsa da, 14 günlük hərbi hazırlıqdan sonra ordudan ayrılıb Nevadada vali olan böyük qardaşı Orionun yanına gedir. Qardaşı ilə birlikdə bir müddət bölgəni gəzib-dolaşdıqdan sonra varlanmaq arzusuyla mədəndə çalışmağa başlayır. Amma yazıçının bu arzusu uğursuzluqla nəticələnir.

Yazıçıya çevrilən dənizçi

Yazıçı bir çox əyalətləri gəzib-dolaşaraq bəzi səyahət yazıları və məqalələr qələmə alır. Onun Mark Tven imzasıyla qələmə aldığı ilk yazısı “Karsondan məktub” məqaləsi olur. Yazıçı bundan sonra bütün əsərlərini bu imza altında qələmə alır. Dənizçilik termini olan və “iki qulac dərinlik” mənasını verən “Mark Tven” imzasıyla yazıçı ömrü boyu 30 kitab çap etdirə bilir.

Mark Tvenin ilk nəsr təcrübəsi 1865-ci il oktyabrın 18-də “New York Saturday Press” adlı qəzetdə dərc edilən “Klaravasda tullanan qurbağa” hekayəsi olmuşdur. Yazıçı bu hekayənin mövzusunu mədəndə çalışdığı vaxt mədənçilərdən eşitdiyi bir əhvalatdan götürmüşdü. Bu hekayə dərc ediləndən sonra yazıçıya məşhurluq gətirir. O, bu hekayəni 1867-ci ildə çap olunan ilk kitabına da daxil edir.

Yazıçı 1866-cı ildə Havay adalarına gedir və oradakı qəzetlərdən birində yazılarını dərc etdirməyə başlayır. 2 il sonra yerli qəzetlərdən birinin sifarişi ilə Ağ dənizdə səyahətə çıxır və səyahət yazılarını “Xarici ölkədə” adlı kitabında toplayır. O, bu kitabı ilə ölkəsində çox məşhur bir satirik yazıçıya çevrilir.

Ən gözəl romanları

Mark Tvenə dünya şöhrəti gətirən əsər, şübhəsiz ki, “Tom Soyerin macəraları” romanıdır. Yetim bir uşağın Missisipidə keçən macəralarından bəhs edən bu roman 1876-ci ildə çap ediləndən sonra oxucular tərəfindən böyük rəğbətlə qarşılanır. Bu roman təkcə uşaqların deyil, elə böyüklərin də sevimli romanlarından birinə çevrilir.

Yazıçının uşaqlar tərəfindən sevilən digər əsərlərindən biri də “Şahzadə və dilənçi” romanıdır. 1881-ci ildə çap edilən bu romanı yazıçı qızları Susi və Klaraya ithaf edib. Əsər kasıb bir ailədə yeni doğulmuş əkiz körpələrin maraqlı həyatından bəhs edir. Əkizlərdən biri səhvən şahın ailəsinə düşür və hadisələr də elə bundan sonra başlayır.

Mark Tvenin ən möhtəşəm əsəri olan “Heklberri Finnin macəraları” romanı bir çox ədəbi tənqidçilər tərəfindən Şimali Amerika ədəbiyatının ilk böyük və qiymətli əsəri kimi dəyərləndirilmişdir. Ernest Heminquey bu roman haqqında deyir: “Bütün Amerika ədəbiyyatı Mark Tvenin bircə kitabından - “Heklberri Finnin macəraları” romanından çıxıb. Əgər bu kitabı oxumaq istəsəniz, orada zənci Cimin qaçırılması səhnəsinə diqqət verin. Bax, əsl sonluq belə olmalıdır. Yerdə qalanı isə uydurmadır. Lakin bizim bundan yaxşı kitabımız olmayıb”.

Bu roman 1885-ci ildə - Mark Tvenin 50 yaşı tamam olan gün çap edilir. Əsərdəki hadisələr yazıçının digər ədəbi qəhrəmanı olan Tomun yaxın dostu, küçə uşağı Hekin başına gələn macəralardan bəhs edir. Romanın alt qatı köləliyə qarşı fikirlərlə bol olduğuna görə zaman-zaman təqiblərə də məruz qalmış bu roman heç vaxt öz təravətini itirməmiş və Şimali Amerika ədəbiyyatı tarixinə öz möhürünü vurmuşdur.

Alt-üst olan planlar

Yazıçı “Heklberri Finn macəraları” romanından sonra 5 il ərzində kitab çap etdirməyi dayandırır. O, varlanmaq ümidiylə bizneslə məşğul olmağı qərara alır. Amma pul qazanmaq üçün zaman-zaman müxtəlif işlərə sərmayə qoyan Mark Tvenin planları sonda həmişə iflasla nəticələnir. Bu da yazıçını böyük ruh düşkünlüyünə salır. Yazıçının 1885-ci ildə qurduğu nəşriyyat isə onun əməlli-başlı müflisləşməsinə səbəb olur. Yazıçı ABŞ vətəndaş müharibəsi qəhrəmanları haqqında xatirələri və ABŞ-ın 18-ci prezidenti olmuş Uliss Qrantın xatirələrini kitab kimi çap etdirir. Amma nəşriyyat bu iki kitabla əldə etdiyi uğuru və qazancı bir daha əldə edə bilmir. Hətta papa XIII Leonun xatirələrini eyni vaxtda 6 dildə çap etdirməsinə baxmayaraq bu kitab da oxucuların marağına səbəb olmur. Beləliklə, yazıçının, demək olar, bütün planları alt-üst olur. O, bu işlərdə xeyli pul itirir.

“Mark Tven Muzeyi”

İlk irihəcmli əsəri olan “Xarici ölkədə” kitabından əldə etdiyi qazancdan sonra maddi vəziyyəti yaxşılaşan Mark Tven 1870-ci ilin fevral ayında Nyu-Yorkda dostunun bacısı Oliviya Lanqdonla evlənir. Yazıçı bir müddət həyat yoldaşı ilə birlikdə Nyu-Yorkun Buffalo şəhərində yaşamağa başlayır. Bu müddət ərzində o, qəzetlərin birində redaktor və jurnlaist kimi də fəaliyyət göstərir. Bir il sonra isə ailənin ilk uşağı dünyaya gəlir. Ancaq onların övlad sevinci uzun sürmür. Körpə 19 aylıq olarkən difteriya xəstəliyinə yoluxaraq vəfat edir. 1872, 1874 və 1880-ci illərdə isə yazıçının Susi, Klara və Jan adlı qızları dünyaya gəlir. Daha sonra 1872-ci ildə Tven ailəsi yazıçının ən məşhur əsərlərini yazdığı Konnektikutdan Hartforda köçməyi qərara alır və burada sonralar “Mark Tven Muzeyi” adlanacaq evdə yaşamağa başlayır.

Ekvatorun izinə düşən səyahətlər

Yazıçı Avropa ilə bağlı kitab yazmaq üçün bir nəşriyyatla 1878-ci ildə müqavilə bağlayaraq ailəsi ilə Avropa səyahətinə gedib 1879-cu ilin sentyabrında geri qayıdır. 1891-ci ildə həyat şəraitini daha da yaxşılaşdırmaq üçün ailəsiylə birlikdə yenidən Avropaya getməyi qərara alır. Müxtəlif qəzetlərə yazılar yazmağa başlayır.

1894-cü ildə nəşriyyatı iflasa uğrayır. Yazıçı əlacsız qalıb öz çap maşınını “Daily Herald” qəzetinə icarəyə verir. Amma onun bu cəhdi də uğursuz olur və yazıçıya heç bir gəlir gətirmir. Borclarını ödəyə bilmək üçün yeni bir yol tapan Mark Tven dünya turuna çıxmağa qərar verir. Avstraliyadan Hindistana, Cənubi Afrikadan İngiltərəyə qədər bir çox ölkələri gəzib-dolaşan yazıçı bu səfərlər haqqında olan təəssüratlarını sonralar “Ekvatorun izində” adlı məqaləsində ətraflı qeyd etmişdir.

Mark Tven 1896-cı ildə 23 yaşındakı qızı Susinin meningit xəstəliyi səbəbindən öldüyünə görə depressiyalara düşür və onun bu ruhi böhranları həyatı boyunca müxtəlif vaxtlarda yazıçını narahat edir. O, borclarını ödəyənə qədər ailəsiylə birlikdə İsveçrə, Avstriya və İngiltərədə yaşayır.

ABŞ-a döndükdən sonra yazıçının həyat yoldaşı Oliviyanın səhhətində ciddi problemlər ortaya çıxır. Həkim müayinəsindən sonra Mark Tven həyat yoldaşı ilə birgə müalicə üçün 1903-cü ilin sonunda İtaliyaya gedir. Səhhəti düzəlməyən Oliviya 1904-cü ildə Florensiya şəhərində vəfat edir. 1909-cu ildə yazıçının 29 yaşlı kiçik qızı Jan da ürək çatışmazlığından dünyasını dəyişir. Ard-arda baş verən bu ağır itkilər yazıçıya öz təsirini göstərir. Mark Tven ömrünün son illərində tənha yaşayır.

Tamamlanmamış bioqrafiya

Yazıçı həyatının son illərində müstəmləkəçiliyi, irqi ayrı-seçkiliyi, qazanc ehtirasını, fanatik ikiüzlülüyü sərt şəkildə tənqid edən bir sıra yazılar yazır.

1905-ci ildə ABŞ prezidenti Teodor Ruzvelt Ağ Evdə Mark Tvenin şərəfinə yazıçının 70 illik yubileyi münasibəti ilə ziyafət verir. 1907-ci ildə isə Oksford Universiteti ona fəxri doktor adı verir.

Mark Tven 1906-cı ildə yazmağa başladığı öz bioqrafiyasını tamamlaya bilmir. Buna səbəb onun 1910-cu il aprelin 21-də Konnektikutda ürək çatışmazlığından vəfat etməsi olur.

# 4448 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #