Bağlanan universitetin qapısında ölən rektor – HEKAYƏ

Bağlanan universitetin qapısında ölən rektor – HEKAYƏ
20 oktyabr 2016
# 12:56

Kulis.Az Samirə Əşrəfin “Rektorun ölümü” hekayəsini təqdim edir.

Katibənin geniş otağının pəncərəsindən baxan Ərşad müəllimin gözləri yol çəkirdi. Bayaqdan yandırdığı siqareti unutmuşdu. Fikri, xəyalı yüz yeri dolaşırdı. Bir saatdan çox olardı ki, rektorun otağındakı iclasın bitməsini gözləyirdi. Özgə vaxt olsaydı, indi, həmin iclasın tən ortasında oturub rektor Elman Abbasova universitetdə baş verənlər barədə məruzə edər, məsləhətlər verərdi. Ancaq indi katibəni əvəz edən Mikayılın iki dodağının arasından çıxan sözlərdən asılı qalmışdı.

Ərşad müəllim hiss edirdi ki, onun işləri nəsə fırıqdı. Neçə vaxtdır səssiz qalan taleyi növbəti fırtınanı qarşılamağa hazırlaşır. Tərslikdən budəfəki fırtına onun ömrünün qürubuna tuş gələcəkdi... Cavan vaxtı şərlənib həbs olunanda da, sonralar ev-eşiyi erməniyə qalanda da gücünü itirməmişdi. Çünki, həm cavan, həm qüvvəli idi. İndi heydən düşmüşdü. Artıq yaşı altmışı adlamış, dizinin taqəti azalmış, gözlərinin işığı öləzimişdi. Amma içindəki on beş yaşlı yeniyetmə hələ də onu tərk etməmişdi. Onu uşaq kimi təmiz, insanlara qarşı inamlı saxlayan da həmin oğlanın təpəri idi.

Nə vaxtsa dünyanın kiçicik nöqtəsində həmin oğlanın da yaşadığı bir kənd mövcud idi. O kənddə az qala hər evin bir-biri ilə qohum olan ağbəniz, arıq, mavi gözlü insanları indi daha həmin kənddə yaşamırdılar. Onları öz ərazilərindən qoparıb torpağın sinəsinə səpələmişdilər. Bu səpələnmək elə-belə könül xoşluğu, ürək rahatlığı ilə olmamışdı. Zorla, məcburi şəkildə həyata keçirilmişdi. Ərşad müəllim də həmin pərən-pərən düşən insanlardan biri idi.

Ərşad müəllim son vaxtlar yeniyetməlik illərini, kəndini, kəsəyini xatırlayırdı. Uzun illər bundan qabaq rəhmətə gedən atası Mirabdı kişi də tez-tez onun yadına düşürdü. Ayaqları tutulmuş atasını ömrünün axır illərində gündə dörd-beş dəfə belinə alıb su başına apardığı günlərin xatirəsi düşüncələrinə yayılıb onu qəhərləndirirdi. Qocanın səhərlər namaz qılandan sonra nəql etdiyi əhvalatlar hələ də qulaqlarında səslənirdi.

İllər uzunu həyatında yaşanan xoş günləri düşündükcə Ərşad müəllimin eynək altından işıldayan gözləri sulandı.

Həmin təmiz qəlbli yeniyetmə Ərşad müəllimin içində sağ qaldığı üçün o, insanlara olan ümid və sevgisini itirməmişdi. Rektora olan rəğbəti də elə içindəki saflıqdan yaranmışdı.

İncəvara Elman müəllim də ona qarşı bu qədər soyuqluq göstərməmişdi. Olmağına burda bir iş vardı. Amma nə?!

Universitetdə işlədiyi il yarımda rektor hər gün onu yanına çağırtdırıb vacib məsələlər barədə müzakirə aparar, səlahiyyətli tapşırıqlar verər, kefini xəbər alıb gülərüzlə yola salardı. Ancaq son bir həftəydi ki, Ərşad müəllim qardaş, oğul qədər yaxın bildiyi rektorun nəinki üzünü görmüş, heç səsini də eşitməmişdi.

Üstəlik indi təkcə ona məxsus olan kabinetinə hardansa iki işçi də gətirib oturtmuşdular. Gülnar adında əri iki il əvvəl ürək tutmasından vəfat etmiş kompyüter müəlliməsi, bir də rektorun qardaşının sinif yoldaşı Elmir onunla eyni otağı bölüşürdülər. Gülnarın Ərşad müəllimə bir qarışacağı yoxuydu. Amma Elmir əməlli-başlı onun işlərinə burun soxurdu. Nə yazdı, hara getdi, kiminlə danışdı kimi suallarla onu dəng edirdi. Hələ bu azmış kimi bir, iki gün əvvəl Ərşad müəllimin dərs saatlarının yarısı alınıb Elmirə verilmişdi. Yeni işçi də elə bil belə olmalıymış kimi hər gün otağa gəlir, özünə Ərşad müəllimin çaynikindən çay süzür, onun qəndqabısındakı konfetlərlə çayını içib, ordan-burdan laqqırtı vurardı.

Ərşad müəllimin indi rektoru gözləməsinin əsas səbəbi də elə dərs məsələsi idi. İstəyirdi ki, onunla qabaq-qənşər oturub bu soyuqluğun, otağında baş verən dəyişikliyin, dərs saatlarının əlindən alınmasının səbəblərini ondan xəbər alsın.

Universitetdə çox az adam rektora öz adı ilə müraciət edərdi. Hamı, xüsusən də rektora ən yaxın adamlar ona müəllim deyirdi. Ərşad müəllim də birinci gündən özünü rektora simsar bilib ona müəllim deməyə başlamışdı. Amma onun bu istəyi səmimi idi. O, sidq ürəklə müəllimi çox istəyir, onu özünə əziz, doğma bildiyi insanların hamısı ilə bir cərgədə tuturdu. Hiss edirdi ki, rektora həddindən artıq pərəstiş edir. Lakin, özü ilə bacarmırdı.

Mikayılın əli Ərşad müəllimin çiyninə toxunanda, bayaqdan əlləşdiyi xəyal və fikirlər aləmindən birtəhər sıyrılıb çıxdı. Oğlanın xeyli vaxtdır onun çiyninə qoyduğu əlinin hənirini Ərşad müəllim yenicə hiss etməyə başladı. Mikayıl ona baxıb pıçıltıya oxşar səslə dedi:

- Müəllimin kabineti boşaldı. Nə sözün varsa, keç deginən. Bir də gördün, yenə kimsə gəlib girdi. Gecəyə qədər burda oturası deyilsən ki?!

Ərşad müəllimin çöhrəsində Mikayıla dərin minnətdarlıq hissi bərq vurdu. O, masanın üstünə qoyduğu qara portfelini qoltuğuna vurub müəllimin otağına girdi.

Rektor otağın lap yuxarı başındakı rahat kreslosuna sərələnmişdi. Bu geniş, xudmani otaq yenicə təmirdən çıxdığı üçün boya və yapışqan iyi hələ də otaqdan çəkilməmişdi. Bu iyə bir az da xaricdən yenicə gətirilmiş tünd qəhvəyi mebellərin qoxusu qarışmışdı. Açıq pəncərələrdən içəri soxulan külək pəncərələrə vurulmuş enli jalüzlərin plastmas sancaqlarını tərpədib çıqqıltılı səs çıxarırdı.

O, otağın yuxarı başında əyləşən nəhəng kölgəyə doğru addımlamağa başladı. Kölgə getdikcə böyüyür, hərəkət edib, tərpənirdi.

Ərşad müəllim stola yaxınlaşıb dayananda onun eynəyinin şüşələri arxasından baxan saf, mərhəmətli gözləri rektoru qeyri-ixtiyari ayağa qalxmağa məcbur etdi.

Elman müəllim hər dəqiqə bir ağıla qulluq edən adam olsa da, allah üçün, bu kişinin xətrini çox istəyirdi. Bu istək səbəbsiz deyildi. Universitetin bu günlərə gəlib çıxmasında bu çəlimsiz kişinin xeyli əməyi olmuşdu. Elə gün olmazdı, universitet haqqında ölkənin müxtəlif qəzetlərində palaz-palaz yazıları çıxmasın, onun fəaliyyəti təriflənib göyün yeddinci qatına qaldırılmasın. O, yazı-pozuların nəticəsində universitetə axın çoxaldı. Tələbələri və ən əsası pulları yığıb-yığışdırmaq mümkünsüz hala gəldi. Ərşad olmasaydı, kimiydi, onun bu universitetini saya salıb, ora uşaq gətirən?

İndi Elman müəllim neyləsin ki, Ərşad kişiyə daha bu universitetdə ehtiyac yoxdur. Nə etsin, ki, bu kişini birtəhər özündən uzaqlaşdırsın? Ərşad müəllimin ona olan təmənnasız hörmətinin, pərəstişinin yanında rektor öz-özündən utanıb sıxılırdı. Kişinin qaçqın olduğunu, pula ehtiyacının miqyasını da bilirdi. Amma onu da yaxşı bilirdi ki, pulsuz da bu kişiyə desəydi ki, gəl, saatlarla bu universitetdə otur. Ərşad müəllim usanmadan bu işi yerinə yetirərdi.

Nədənsə rektor hər dəfə onu görəndə bütün günahları boy verib gözünün qarşısına gəlir, kişinin eynək altından mehribanlıqla baxan gözləri elə bil rektoru hansısa pis iş üstündə yaxalayırdı. Üstəlik qardaşlarının da bu qərəzsiz qocadan xoşları gəlmirdi. İllah da balaca qardaşı Malik hər dəfə Ərşadı görəndə yazığın adına yüz söz qoşur, and-aman edirdi ki, o, rektorun düşmənləri ilə birləşib əl-altdan onlara universitet və onun fəaliyyəti barədə gizli məlumatlar ötürür. Bu söhbətə rektor ürəyində o ki var gülmüşdü. Çünki, insafən özü adam tanıyan idi. Özü də yaxşısından. O, bilirdi ki, qardaşlarının bu kişiyə yaxmadıqları palçığın heç biri ona yapışası deyil. Amma nə etməli? Bir yol tapıb bu təmiz adamdan qurtulmaq lazım idi. Qoy, onun təmizliyi burda heç kimi narahat etməsin! O, da çox təmiz qalmaq istəyirsə, gedib evində-eşiyində otursun. Onunla kimin nə işi var? Arada gələr üçdən-beşdən aparıb xımır-xımır yeyər. Hamının da baş qulağı dinc olar.

Rektor bu fikirlərlə ayağa qalxıb Ərşad kişininin ona tərəf uzanan arıq, sümüklü əlini sıxdı:

- A kişi haralardasan? Səsin sorağın gəlmir. Neçə dəfə səni uşaqlardan, Mikayıldan xəbər almışam.

Ərşad müəllim “A kişi” sözündən bir az incik düşsə də, rektorun gülər üzü bu xırdaçılığı unutdurdu. O, rektorla üz-üzə əyləşib dedi:

- Nə bilim vallah. İş deyəndə ki, elə əvvəlki tək çox iş olmur. Gündə bir-iki saat dərs deyib gedirəm. Sizinlə neçə dəfə görüşmək istədim. Gah yanınızda adam olur, gah özünüz otaqda olmursunuz.

- Həəə. İşdən heç danışma! Yaxam itin-qurdun əlində qalıb. A kişi, inan ki, gələn də pul istəyir, gedən də. Bilmirəm hansının ağzını yumum. O gün sən yaxşı tanıyarsan, nədi, o, bir qəzet var e... müxalifçilərin qəzetidi...

Rektor bir az alnını ovuşdurdu. Amma qəzetin adını yadına sala bilmədi. Həm də müxalifət sözünü qəsdən araya atıb gözaltı kişini müşahidə edirdi ki, görsün, “düşmən”lə əlbir olana oxşayır, ya yox.

Ərşad müəllim də döyükə-döyükə ona baxırdı. Öz-özlüyündə fikirləşdi ki, hansı qəzet, nə müxalifətçi? Bu kişi nə danışır?

Rektor, sözə qaldığı yerdən davam elədi:

- Əşi, hər nəysə, gündə bir yerdən gəlirlər ki, hansı qəzeti açırıq sizin haqqınızda palaz-palaz yazılar çıxır. Nə məsələdi? Bu universitet belə güllük-gülüstanlıqdısa, bir az da biz yazaq, biz danışaq vətənə, dövlətə xeyir verək.

Ərşad müəllim rektorun dediklərindən heç bir məna çıxarda bilməsə də, diqqətlə ona qulaq kəsilmişdi.

Rektorun qarayanız üzü, alnının aşağısındakı çuxura gömülmüş xırda gözləri danışdığı sözlərin ahəngi ilə ora bura qaçırdı.

- Deyirəm, daha siz də universitet haqqında, elə mənim barəmdə də heç nə yazmayın. Görək, bunların səsini kəsə bilərikmi?

- Yazma deyirsən, yazmaram. Mən bu günə qədər nə yazmışamsa, sizə görə yazmışam ki, universitet tanınsın. Camaat bilsin ki, belə bir təhsil ocağı fəaliyyət göstərir.

Elman müəllim, qarşısındakı sınıxmış qocaya baxıb öz-özünə düşündü: “Ay səni, gör necə ustalıqla minnət qoyur. Bəs aldığın o yüzlükləri mən sənə havayı vermişəm? O, pulları kimə versəm, oynaya-oynaya yazardı də. Yox, bunun nazı ilə çox oynamaq da lazım deyil. Bəlkə elə Malik düz deyir. Gəlib-gedən o jurnalistlərə də bizi bu nişan verib göndərir? Nə də olsa, neçə vaxtdır mətbuatda işləyir. Hamısının cikinə də bələddi, bikinə də. Yaxşısı budur, bunu buralardan yavaş-yavaş uzaqlaşdırım. Ağrımaz başımı ağrıtmayım.

Rektor bu fikirlərlə əlləşə-əlləşə son cümlədən sonra kirimişcə oturan Ərşad müəllimlə bir iki kəlmə də can dərdi danışmaq üçün dedi:

- Evdə-eşikdə nə var nə yox? Oğlun əsgərdən gəldi?

Yeni sualdan canlanan Ərşad müəllim sevincək olub cavab verdi:

- Hə, keçən həftə gəldi. Salamatlıqdı. Hamının salamı var.

- Həəə, lap yaxşı. Mənə görə bir qulluq, a kişi.

- Qulluq deyəndə ki, müəllim, mənim dərs saatlarım yarıbayarı azalıb. Dedim bir sizə də gənəşim, görüm nə məsələdir?

Rektor bu söhbəti tamam unutmuşdu. Ərşadın dərslərini Malik azaltmışdı. Hardansa bir uşaqlıq dostunu tapıb universitetə gətirmişdi. O da məcbur olub öz əli ilə Ərşadın dərsindən kəsib həmin oğlana dərs vermişdi.

Nə etsin? Bir Ərşada görə Maliklə də Maliklik eləmək olmaz. Nə də olsa, bütün haqq-hesab onun əlindədir. Özü də gicin biridi. Bir də gördün gecəylə nə var-nə yox hamısını yığışdırıb xaricə qaçdı. Ondan sonra vur, eşşək palçıqdan çıxsın. Bu kişidən xoşu gəlmir də. Zorla deyil ki?!

Rektor bir az alnını ovuşdurub sancılanan adam sayağı sözə başladı:

- Bilirsən, Ərşad kişi, Malikin bir dostu var. Sən də tanıyırsan. Sizin otaqda oturur. Onun ailə vəziyyəti çox ağırdı. Şəhərdə kirayə qalır. Ailəsi, körpə uşaqları var. Özü də savadlı adamdı. O gün onu özü ilə götürüb gətirib ki, bəs buna da dərs ver, işləsin. Mən də yerə baxdım, göyə baxdım, axırda bir az səndən, bir az o birisindən saat toplayıb verdim ki, onun da dərsi olsun, biz də savab qazanaq.

Əslində rektor yalan deyirdi. Heç kimdən dərs almamışdı. Bu əyyamda kimin dərsinə toxunmaq olar? Universitetdə işləyən müəllimlərin hamısı elmlər namizədi, professor idilər. Çoxu da ya özünün, ya arvadının qohum əqrəbasıydı. Elə yola yaxın Ərşad müəllim idi. Malikin səsini kəsməkdən ötrü bu kişinin dərs saatlarına əl gəzdirmişdi.

Ərşad müəllim bayaqdan a kişi, a kişi haray salan, soyuq, candərdi gülümsəyən rektora diqqətlə baxdı. Fəhmi onu aldatmırdı. Rektor onunla üzülüşmək istəyirdi. O, daha bu universitetdə əvvəlki qədər lazımlı adam deyildi...

Əlinin hər yerdən üzüldüyünü duyub incik-incik ayağa qalxdı.

- Nə deyirəm, özünüz bilən məsləhətdir.

- A kişi, sən inciyib eləmə haaa! İnşallah yeni dərs ilindən özüm hər şeyi yoluna qoyacam. İndi hələlik əlində olan dərsləri keç, sonrasına baxarıq.

Ərşad müəllim gedəndən sonra onun yığcam, əzgin bədəni ilə uyuşmayan amiranə, şaqraq səsinin əks sədası xeyli vaxt rektorun otağında dolaşdı. Və nədənsə rektora bu kişi ilə bağlı ən xoş gələn də onun diktorların səsini andıran amiranə və qüsursuz səsi idi.

Ərşad müəllim rektorun otağından çıxanda yaşlılıqdan əyilmiş çiyinləri elə bil bir azca da əyildi.

Növbəti həftə o cəmi bir gün universitetə gəldi. Həmin gündən sonra orayla bütün əlaqələrini həmişəlik kəsməli oldu.

Sonuncu gün müəllimin həyatında ən ağır gün oldu. Yəqin ki, bu ağrını doğulub boya başa çatdığı torpağından qaçqın düşəndə yaşamışdı. O zaman məcburən torpağını tərk etmişdi. İndi isə onu tərk etmişdilər. Özü də küll halında...

Ərşad müəllim həmişəki kimi dərs demək üçün auditoriyaya girəndə otağın boş olduğunu gördü. Əvvəl elə bildi, vaxtı qarışdırıb. Ehmalca pencəyinin döş cibindən dərs cədvəlini çıxarıb baxdı. Heç bir səhvə yol verməmişdi. 5-cü gün, ikinci saat dünya ədəbiyyatından mühazirəsi vardı. Elə isə bu qədər tələbə hara yoxa çıxmışdı?

Stula çöküb bir xeyli fikirləşdi. Bir də onda ayıldı ki, zəng vurulur. Otaq isə elə həmişəki kimi boş idi. O, portfelini götürüb getdi, iş otağının qapısı ağzında onun istifadə etdiyi stol, stul, qəzetləri, bir də elektrik çaydanı ilə fincanı vardı. Ona aid olan hər şey otaqdan çıxarılıb koridora qoyulmuşdu.

O, rektorun otağına gedən pilləkənlə yuxarı qalxdı. Katibə dedi, müəllim məşğuldur, xaricdən qonaqları gəlib. Bir də onu dedi ki, müəllim deyir, hələlik gedib evdə bir-iki ay dincəlsin. Lazım olanda, o, özü çağıraq.

Ərşad müəllim, əvvəl qəzəbləndi, qeyzləndi ancaq bir müddət sonra bu qəzəb kədərə çevrilib ağır bir daş kimi ürəyindən asıldı.

Bir neçə ay evdə-eşikdə özünü tox tutmağa çalışdı. Arvad-uşağın yanında sınıxmaq asan deyildi. Amma sonra tab gətirmədi. Bir günorta ayaqyolundan qayıdıb çarpayıya uzanmaq istəyəndə bədəni boşluğa itələndi. Gözünü açanda özünü hündür tavanlı xəstəxana otağında əzrayılla əlbəyaxa gördü. Sonra gözünü yumub yuxuya getdi. O yuxuya gedən, bu yuxuya gedən, bir də heç vaxt ayılmadı. Amma həmin əbədilik yuxunun əvvəlində şirəsi çəkilmiş dodaqlarının arasından ikicə kəlmə fışıltıyla çıxıb otaqda əks-səda verdi: Haqsızlıq etdiniz!

***

Nəhəng darvazanın paslı barmaqlıqlarına əllərini toxunduran kişinin canına elə bir cərəyan buraxdılar. Cüssəli olsa da, çiyinləri qısılmış, qarayanız sifətini çoxlu xırda ət xalı basmış, gözlərində eynək olan kişi qapısına iri zəncirin iki halqasına birləşdirilmiş qıfıla toxunmağa ürək eləmədi. Kim edərdi ki?!

Kişi eləcə darvazadan o tərəfə uzanıb gedən uzun yola, onun axırındakı üçmərtəbəli binaya tamaşa edirdi. Bir zamanlar buranın hökmranlığı onun əlindəydi. Hər dediyi qanun idi. Kimi istəsəydi işə götürürdü, kimi istəsəydi işdən çıxarardı, lap qovardı da. Hələ o, ikinci mərtəbədə onun otağına bitişik otaqda cavan, sütül tələbələrlə gördüyü keflər heç cür yadından çıxmırdı. Universitetin kilidli qapılarının o üzündəki həyətin hər tərəfini kol-kos basmışdı. Küləyin ordan-burdan sovurub bu xarabalığa gətirdiyi ağ pinqvin kulyoklar payızdan yenicə soyunub çıxmış ağacların başında təslimiyyət bayrağı kimi yellənirdi.

Bu ehtişamlı səltənət bir günün içərisində süqut etmişdi. Rektor işdən çıxarılmış, universitet bağlanmışdı. O, da məcbur qalıb xaricə qaçmalı olmuşdu. Orda da nəyi var yeyib şellənəndən iyirmi il sonra yoxsul, xəstə və qocalmış halda başqa adla ölkəyə qayıda bilmişdi.

Cənnəti xatırladan o günlər hara yoxa çıxmışdı görəsən? İndi həmin cənnət xarabalığa dönmüşdü. Keçmiş rektor küləkdən qorunmaq üçün nimdaş paltosunun yaxalığını qaldırdı. Küləyin səsi qulaqlarını cırmaqlayırdı. Amma o, səsin içərisindən bir kədərli səs də aram-aram pıçıldayırdı: Haqsızlıq etdiniz!

Qaranlıq düşdükcə hava da soyuyurdu. Keçmiş rektor isə öskürə-öskürə dəmir qapılara vurulmuş zəncirlərdən yapışırdı. Hara gedəydi? Kimin qapısına pənah aparaydı? İyirmi ildən sonra kim onu qapısına buraxardı? Vərəmi də güclənmişdi. Bu gün dəfələrlə öskürəndə sinəsindəki qan laxtaları qopub çirkli dəsmalına tökülmüşdü.

Az keçmədi ki, güclənən külək yağışla əvəz olundu. Keçmiş rektor havanın soyuqluğuna əhəmiyyət vermədən torpağın üstünə çökdü. Yadına universitetdəki son günü, məktəbin həyətinə tökülüb övladlarının diplomunu tələb edən ata-anaların fəryadı düşdü. Xatırladıqca xatırlayır, daha da keçmiş günlərə gedib çıxırdı. Universitetin yarandığı ilk vaxtlarda onunla yanaşı addımlayan bir qoca da hərdənbir gözünə görsənirdi. Üzü tanış gəlirdi, amma xatırlaya bilmirdi. Elə beləcə dağınıq xatirələrlə gözünü yumdu...

...Universitetin həyəti tərəfdən gözündə eynək, qoltuğunda qara portfel olan bir kişi ona doğru yaxınlaşırdı. Qoca yaxınlaşdıqca keçmiş rektor onu tanımağa başladı. Ərşad müəllim idi. Ona heç bir təmənnasız, doğma qardaş kimi köməklik edən, işlərini sahmana salan adam... O isə əvəzində həmin adamı işdən çıxartdı. Mədəni yolla burdan qovub uzaqlaşdırdı. Sonralar eşitdi ki, Ərşad müəllim elə həmin ili ürək tutmasından keçinib. Bəs indi bu kişi niyə gəlmişdi? Nə işi vardı universitetin həyətində?

Ərşad müəllim qapının yanına çatıb dayandı. Əlindəki açarlardan birini qapının üstündəki yekə kilidə salıb burdu. Qapı şaqqıltı ilə açıldı. Rektor ayağa qalxıb yağan yağışın altında öskürə-öskürə kişinin ardınca düşdü. Ərşad müəllim cəmi bir dəfə çönüb ona baxdı. Baxarkən ehmalca qımışıb nəsə dedi. Amma külək onun nə dediyini eşitməyə imkan vermədi.

Sonra kişi yoxa çıxdı. Keçmiş rektor nə qədər onu hayladısa, səsinə səs verən olmadı. Eləcə yağışın altında vəhşi heyvan səsinə bənzər ulartıyla palçığın içinə yumalandı.

Ertəsi gün səhərin erkən saatlarında işə tələsən adda-budda adamlar universitetin qapısının yaxınlığındakı gecədən yağan yağışın yaratdığı gölməçənin kənarında üst-başı palçığa bulanmış bir kişinin yıxılıb qaldığını gördülər. Kişi tez-tez öskürür. Əlindəki burun dəsmalı ilə ağzından axan qırmızı axıntını silirdi. Təcili yardım gəlib çıxanda, öskürməkdən onun sifətinin rəngi qaralmış, taqəti kəsilmişdi. Sifətində ölüm əlamətləri dolaşan kişini xərəyə qoyanda o, başını yaralı heyvan başı kimi qaldırıb dedi: Haqsızlıq etdiniz.

Kişinin özü də, elə yan-yörəsindəki adamlar da bu cür zəif, ölümə tezliklə qucaq açacaq bədəndən çıxan amiranə səsin şaqraqlığına təəccüb etdilər. Sanki, danışan o yox, bir başqasıydı.

Oktyabr 2016

# 2574 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #