Kulis.az artkaspi.az-a istinadən amerikalı yazıçı Kate Çopinin (1850-1904) "Bir saatın hekayəsi" adlı hekayəsini təqdim edir.
Xanım Mallardın ürək tutmasından əziyyət çəkdiyini bildiklərinə görə ərinin ölüm xəbərini ona mümkün qədər yumşaq çatdırmağa çalışırdılar.
Bacısı Cozefina dedi ona bu xəbəri; qırıq-qırıq cümlələrlə. Bəzi şeyləri gizlətdi, bəzilərini açıqladı. Xəbəri ona deyəndə ərinin dostu Riçard da ordaydı. Dəmir yolunda baş vermiş qəza ilə bağlı xəbər yayılanda o redaksiyada olmuşdu. Bu xəbərdə Brentli Mallardın da adı "ölənlərin” siyahısında idi. Riçard bu xəbərin doğruluğuna inanmaq üçün ikinci teleqramı da gözlədi, bundan sonra bir canıyanan dost kimi xəbərin ağırlığına dözüb onu ailəsinə çatdırmağa tələsdi.
Xanım Mallard da ərinin ölüm xəbərini eşidən başqa qadınlar kimi eyni cür etdi, xəbərə sonadək qulaq asmadı. Qəflətən, dəli kimi qışqırıb bacısının qolları arasında hönkürməyə başladı. Kədər tufanı bir az səngiyəndən sonra o öz otağına girdi, heç kimi içəri buraxmadı.
Pəncərə ilə üzbəüz rahat, iri bir kreslo var idi. O gücü tükənmiş bədənini bu kresloya pərçim etdi, həyəcan artıq onun ruhuna da sarılmışdı.
Evin qabağında yaz mehinin titrətdiyi ağacları aydınca görə bilirdi. Havadan yağış qoxusu gəlirdi. Küçənin aşağısından xırdavat satan kişinin səsi eşidilirdi, müştəri səsləyirdi. Uzaqdan mahnı səsi eşitdi, evin damındakı saysız-hesabsız sərçələr çikkildəşirdilər.
Pəncərənin qərb tərəfində mavi səmada ağ buludlar görünürdü.
O başını kreslonun sökənəcəyinə qoyub sakitcə oturdu, ancaq boğazındakı qəhər onu silkələyəndə yatmaq üçün ağlayan uşaq yuxuda içini çəkə-çəkə hıçqırdığı kim hönkürməyə başladı.
O cavan, ağbəniz idi, sakit çöhrəsinin cizgiləri əzabdan və gücdən xəbər verirdi. Ancaq indi o qəmli gözlərini mavi səmadakı topa buludlara zilləmişdi.
Onun baxışları dərin xəyalları təcəssüm etdirirdi.
Ona tərəf nəsə gəlirdi, o da qorxuyla bunu gözləyirdi. Nə idi ona tərəf gələn? O bunu bilmirdi. Nə idisə onu təsəvvür etmək çətin idi. Ancaq o bunu hiss edirdi, havadakı səslərin, qoxunun, rənglərin içindən nəsə ona tərəf sürünürdü.
Artıq onun sinəsi həyəcandan qalxıb-enirdi. Ona sahib olmağa yaxınlaşanı tanımağa başlayırdı, o iki ağappaq, incə əlləri kimi gücsüz iradəsi ilə onu geri qaytarmağa can atırdı. Elə ki, keçmişi onu tərk etdi, onun yarıaçılmış dodaqları yüngülcə aralandı, o "azadam, azadam, azad” sözlərini dəfələrlə təkrar etdi. Onun baxışlarındakı qorxu və həyəcan sanki yoxa çıxmışdı. Gözləri parlaq idi, ətrafa maraqla baxırdı. Onun nəbzi sürətlə döyünürdü, damarında dövr edən qan bədəninin hər nöqtəsini isidib rahatlaşdırmışdı.
O öz-özünə ona yaxınlaşanın dəhşətli sevinc olub-olmadığını sual verirdi. Ona aydın olmayan səbəblərdən o bunu inkar edə bilmirdi. O yaxşı bilirdi ki, ərinin mehriban, həmişə ona sevgiylə baxmış gözlərini donmuş görəndə özünü saxlaya bilməyib hönkürəcək. Ancaq bu sönmüş gözlər arxasında yalnız ona məxsus olacaq illər də vardı. O qollarını geniş açıb bu azad illərini qucaqladı.
Bundan sonra gələn illərdə o daha heç kim üçün yaşamayacaqdı. O yalnız özü üçün yaşayacaqdı. Bundan sonra heç bir qüvvə onu qadınların və kişilərin bir-birinin istəklərini yerinə yetirmək barədə olan inanclara inanmağa məcbur edə bilməyəcəkdi.
İstər yaxşı, istər də pis niyyət olsun, daha heç nə ona bu cinayətə bəraət qazandıra bilməzdi.
O ərini nə vaxtsa sevmişdi – hərdənbir. Çox vaxt isə sevməmişdi. İndi bunun nə əhəmiyyəti var ki! Bu anlarda, varlığının ən güclü impulsu kimi tanıdığı öz hüququnu müdafiə hissini heç nə onun əlindən ala bilməzdi.
"Azadam! Bədənim və ruhum azaddır! – o hələ də bu sözləri öz-özünə pıçıldayırdı.
Jozefina bağlı qapı arxasında ağzını qapının açar yerinə tutub yalvarırdı ki, onu içəri qoysun:
– Luiza, qapını aç! Yalvarıram! Qapını aç! Özünü yaman günə qoyacaqsan! Allah xatirinə qapını aç!
– Çıx get! Mən özümü yaman günə qoymuram!
O açıq pəncərədən həyat cövhəri ilə dolmuş havanı içinə çəkirdi.
Qarşıda onu gözləyən günlərdə xəyalı lap qiyam qaldırmışdı. Həm yaz, həm də yay günləri, ilin bütün günləri onun olacaqdı. Onu özünün. O dua etdi ki, həyatı uzun olsun. Dünən isə bu bəd xəbəri eşitməzdən qabaq o əsə-əsə fikirləşmişdi ki, həyat çox uzun ola bilər.
Nəhayət, bacısının uzun yalvarışlarından sonra o ayağa durub qapını açdı. Onun gözlərində bir zəfər qığılcımı vardı, özündən asılı olmadan özünü Qələbə ilahəsi kimi aparırdı. O bacısının əlindən tutdu, onlar birlikdə pilləkənlə aşağı endilər. Pilləkənin aşağısında Riçard onları gözləyirdi.
Bayırdan kimsə açarla evin qapısını açırdı. Qapını açıb evə girən Brentli Mallard idi. Bir əlində çamadan, bir əlində çətir, səyahətin yorğunluğu hələ də üzündə hiss olunan cənab Mallard... O nəinki qəza yerində olmuşdu, hətta qəzanın baş verməsindən də xəbəri yox idi... Jozefinanın dəhşətli qışqırtısını eşidəndə, Riçardın isə hər vəchlə onu arvadından gizlətməyə cəhd etdiyini görəndə Brentli Mallard yerində donub qaldı.
Həkimlər gələndə xanım Mallardın ürəyinin sevincdən partladığını dedilər.