“Hitler qələbə çalsa, intihar edəcəm” deyən yazıçı - FAKTLAR

<b>“Hitler qələbə çalsa, intihar edəcəm” deyən yazıçı - <span style="color:red;">FAKTLAR </b>
14 iyun 2018
# 11:30

İngilis yazıçısı Virciniya Vulf bütün həyatı boyu nədənsə qorxub- ya cinsi təcavüzdən, ya kişilərdən, ya tanımadığı insanlarla ünsiyyətdən, ya öz xəstəliyindən, ya da ki, həyatın özündən. Ümumiyyətlə, onun həyatı maraqlı faktlar və sirlərlə doludur. Kulis.az bu faktların bəzilərini təqdim edir.

Virciniya Vulf bir müddət əsərlərini ayaq üstə, çox hündür masanın arxasında yazıb. Ona görə belə edib ki, lazım gələndə rəssamlar kimi arxaya çəkilib öz şedevrinə kənardan tamaşa edə bilsin.

Virciniya 22 yaşında pəncərədən tullanıb intihar etməyə cəhd edib. Amma hündürlük yetərli olmadığından ciddi xəsarət almayıb.

Virciniya Vulf həmişə deyirmiş ki, mənim ölümüm böyük bir hadisə olacaq, amma təəssüf ki, mən bu hadisəni görüb təsvir edə bilməyəcəyəm.

Virciniya Vulf psixoloji pozğunluq keçirdiyi vaxtlarda təsadüfən köhnə gündəliyini tapır. Yazıçı psixoloji cəhətdən stabil olduğu vaxtlarda, aydın məntiqlə yazdığı gündəliyi oxuyub qəhqəhə çəkir.

Deyilənə görə, Vulf nahar masası arxasında dostlarının davranışını müzakirə edib onlara irad bildirməyi xoşlayırmış.

Uşaq vaxtı Vulf əla boulinq oynayırmış.

Gənclik illərində böyük bacısı Vanessa ilə yola getməyən Virciniya onu həmişə ələ salırmış. Amma sonralar yolları ayrılanda, Virciniya bacısına hər gün məktub yazıb.

Virciniya yeniyetmə olanda adamlardan çox çəkinib. Yad adamlarla danışanda qızarar, nəzərlərini yayındırarmış.

Virciniya Vulf bir ara Litton Streyçiyə ərə getməyə hazırlaşırmış, hərçənd Streyçi homoseksual idi.

Şəkil çəkdirməkdən zəhləsi gedən Virciniyanı ona tuşlanan fotokameralar qıcıqlandırırmış.

Konsert və operaları çox sevirmiş.

Ərə getdikdən sonra Virciniya yaxşı evdar qadın olmaq fikrinə düşür və kulinariya kurslarına yazılır. Kursu bitirən yazıçının bişirdiyi pudinqin içindən özünün nişan üzüyü çıxır.

Virciniya çox pis alıcı imiş, satıcılarla dava edir, onlara göstərişlər verir, qiymətdə endirim etmələrini tələb edirmiş.

Virciniya 27 yaşında etiraf edir ki, seksdən qorxur.

Deyilənə görə, Virciniya Vulfun qeyri-ənənəvi seksual oriyentasiyası olub. Onun həm qadınlardan, həm kişilərdən xoşu gəlib.

30 yaşında ərə gedən Virciniyanın frigid olduğu ortaya çıxır. Əri Leonard nə qədər cəhd etsə də, onunla fiziki yaxınlığa nail ola bilmir. Nəhayət, qərara alırlar ki, nikahda sərbəst münasibətlərə üstünlük versinlər.

İkinci dünya müharibəsində, Hitlerin qələbə qazanacağı təqdirdə Virciniya əri Leonard ilə intihar edəcəklərini planlaşdırırdılar. Bunun üçün qarajda həmişə ehtiyatda içində benzin olan çoxlu kanistr saxlayırdılar.

Virciniya ali təhsilli olmadığını kompensasiya etmək üçün çoxlu mütaliə edirmiş.

Virciniya Vulfun dəbdən başı çıxmırmış və hər hansı tədbirə gedəndə geyindiyi libasın həmin məkana uyğun olub-olmaması ilə bağlı təlaş keçirirmiş.

Vulf belə hesab edirmiş ki, Ceyms Coys yaradıcılığa məhəbbət duyduğu üçün deyil, reputasiya və puldan ötrü yazır.

Səhərlər Virciniya 12 km qaçırmış, bu zaman tikanlı hasarların və xəndəklərin üzərindən tullanmaqdan çəkinmirmiş.

Virciniya psixoloji pozğunluqla bağlı olan anoreksiyadan əziyyət çəkib. Öz bədəni ona dəhşətli görünürmüş, xörəklərdən isə iyrənirmiş.

Bir dəfə Virciniya bildirib ki, yaşlı qadınların spirtli içki içməsinə dözə bilmir.

Virciniya Vulf hər dəfə növbəti kitabını yazıb bitirəndə kədərlənirmiş.

# 3355 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #