Kulis.az dünən dünyasını dəyişmiş şair Ələkbər Salahzadənin şeirlərini təqdim edir.
O qar
Elə bil gün o gün, qar o qar,
hardasan?
O günə qar yağar,
o qara qar yağar –
şığıyar qara qar.
Qar o qar,
Yağar ha, ha yağar,
o saça, kirpiyə qar yağar,
ağarar, ağarar,
hardasan?
Söyüdlər qarıdı,
hardasan?
Saçları ağara-ağara
yayda da düşərəm o qara.
Qurudu, yerində qurudu,
dayanıb qapıda
o qara qarğıyar
bir qarı –
hardasan?
Qar o qar,
baxaram, gözlərim ağrıyar,
izlərim qar altdan çığırar, çığırar.
Çığırar – çığırmaz
üstünə qar yağar,
qar yağar o qara,
o günə qar yağar –
hardasan?!
Səttar Bəhlulzadə
(«Portretlər»dən)
Ayaq üstdə bir əncir ağacı –
təbiətlə əl-ələ.
Gəzər, dolaşar
gündoğandan günbatana.
Rəssamların gözlərinə yığılar,
ürəyində əriyər,
əllərindən, fırçasından asılar,
rəng-rəng, çilik-çilik
köçər kətana.
Hər kətanlı, parçalı,
əli fırçalı
qarət eyləyər,
amma tükənməz əncir ağacı...
Bir az Məcnuna bənzər
gündoğandan günbatana...
Əllərinə yığışar
quşlar, çiçəklər;
əllərində, ürəyində, gözlərində uyuyar.
Güllər, otlar, ağaclar
əllərindən tutub
yayılar yamac-yamac, yallı gedər çəmən-çəmən.
Əllərinin budaqları yarpaqlayar,
çiçək açar.
Əllərindən sellər axar.
Damarlı kötüyün pöhrələrində
yaşıllaşar təbiət.
Əncirdən iki koğuş –
iki göz çağlayıb axar dünyaya...
Rəssamlar da onu cizgi-cizgi,
rəng-rəng, çilik-çilik
daşıyarlar kətana,
günbatandan gündoğana,
gündoğandan günbatana...
Bu şəhərin içində
Xirtdəyəcən
bu şəhərin içində,
baxıram, kəndə baxıram.
Dağlarına çıxıram:
çiçəkləri gözümdəndi,
çayı yenə dizimdəndi,
başımdan aşır buludu,
kirpiklərim şeh doludu.
Xirtdəyəcən
bu şəhərin içində
hərdən o kəndə baxıram,
yenə də gözüm üstədi,
göylərin başım üstədi,
nə olsun gendən baxıram?
Deməsinlər: kənd, kənd deyir,
çörəyi dizi üstədi;
xirtdəyəcən
bu şəhərin içində,
o kənd də gözüm üstdədi.
Bir də gördün beşikdi adam,
Bir də gördün bəbədi,
Bir də gördün uşaqdı adam,
Bir də gördün babadı.
Bir də gördün oğuldu adam
Bir də gördün atadı.
Bir də gördün yox oldu adam
Bir də gördün fotodu.
Bir də gördün oddu adam
Bir də gördün ot oldu.
Bir də gördün adamdı adam
Bir də gördün ad oldu.
***
Mənim anam öldü, bala.
Sənin nənən, sənin nənən.
Yoxdu anam, vardı axı.
Yanıb, yanıb sönən mənəm.
Adı bir də dil gəlməz
Özü bir də bizə gəlməz.
Gəlməz, gəlməz, gəlməz hətta
Öldüyümü bilsə gəlməz,
Yoxdu axı, yoxdu, bala.
Mənim anam, sənin nənən.
Ta nə atam var, nə anam.
oğul adı ölən mənəm.
***
Özlərini tanıyarlar,
Qınayarlar güzgüləri
Çağırarlar, bağırarlar,
əks olunmaz səs-küyləri
Yox dostları, tanışları
Doğmaları özgələri
Sınamayan, tanımayan
qınamasın güzgüləri
Qəmi qəmtək göstərəndi
Bir ağlatmaz yüz güləri
Kədəriylə təlxək gələ
Güldürəmməz güzgüləri
İpəyə də çevirəmməz,
Künc-bucaqda əskiləri
Doğrusansa əyri baxma,
Həm də qırma güzgüləri
***
Yaltaqlığın kökü varmı,
Yaltaqlığın layı varmı,
Daş qatında, tunc qatında,
Görən yaltaq tapılarmı,
Yaltaqlar yerdənmi çıxır,
Yaltaqlar göydənmi yağır,
Kim yemləyir yaltaqları,
Başına dənmi yağır?
Ana doğurmu yaltağı,
Yoxsa toxumdur cücərir?
Dayə dayıdan savayı
Kim suvarır, kim becərir?
Yaltağın babası varmı,
Yaltağın nənəsi varmı,
Yaltağın oğlu varmı,
Nəvəsi,
nəticəsi,
tökükcəsi olacaqmı?