Ailəsini yol qəzasında itirən qızın sonrakı taleyi

Ailəsini yol qəzasında itirən qızın sonrakı taleyi
12 mart 2013
# 11:29

15 yaşı var Məleykənin. Onunla xəstəxanada tanış olmuşduq. Həkim, bizi onun yanına aparanda - “Allah üzünə baxıb ki, ancaq əl və ayağının sınması ilə qurtula bilib. İndi ölmüş də ola bilərdi”, - deyirdi. Qarabəniz, qıvrım saçları və saçlarına uyğun səsi vardı – sanki həmişə “axı niyə?” deyən.

Üstündə sarı naxışları olan boz paltar geyindirmişdilər. Qolu və ayağı sarğılı, alnında qızartılar vardı. Yavaş-yavaş, bəzən kəkələyərək, ehtiyatla danışırdı. Özünü 5 mərtəbəli uşaq evinin 3-cü mərtəbəsində yerləşən otağının pəncərəsindən atmışdı. Aşağıda kimsə onun yerə sürətlə gəldiyini görüb tutmağa çalışmış, beləcə Məleykənin yerə dəymə sürətini azaldıb, həyatını xilas etmişdi.

Məleykə 3-4 yaşından uşaqlar evində yaşayır. Elə həmin yaşlarında olanda bir gün ailəsi ilə harasa gediblər. Maşını atası sürüb. Sonra necə olubsa atası idarəni itirib və avtomobil qəzası olub. O maşından bircə Məleykə sağ çıxıb. Ölən ata və anasından sonra əmisi ona baxmaq istəməyib və beləcə Məleykənin həyatı elə balaca yaşından körpələr, uşaq evlərində keçib.

Hər gün məktəbə gedib gəlir. Psixoloji durumu çox da yaxşı deyil. O uzandıqca uzanan dəhlizlərdən keçəndə necə davranmalı olduğumu bilmirdim, buna görə də çox həyəcanlı idim. Otağına girdik. Bizimlə salamlaşdı, əlini uzatdı, özünü təqdim edəndən sonra - “Şad oldum”, - dedi. Mən də şad olduğumu bildirdim. Hava haqqında soruşurdu: “Hava istidir, bahar gəlir, hə?”

Bizimlə bir az elə-belə söhbət etdi. Ağrısının azaldığını və yaşadığına görə özünü yaxşı hiss etdiyini dedi. Sonra üzünü ancaq göy üzünün göründüyü pəncərəyə çevirib, eləcə baxırdı. Arada üzünü bizə çevirib, əhvalımızı soruşurdu. Sonra da xəstəxanada sıxıldığını deyirdi.

Rəfiqəm xəstəxanadan çıxandan sonra tez-tez onun güclü olduğunu deyirdi. Mənsə düşünürdüm ki, dünyaya uşaq gətirmək üçün güclü olmalısan. Uşaqdan əvvəl ölsən kim baxacaq balaca Məleykəyə? Biz insanlar çox zalımıq. Dünyaya da özümüz kimi zalımlar gətiririk, onlar da böyüyüb dünyaya zalımlar gətirsin deyə.

Xəstəxanadan çıxandan sonra öyrənəcəkdim ki, 15 yaşlı Məleykə ədəbiyyatçı olmaq istəyir. Ən çox sevdiyi şair isə Orxan Vəlidir. O gün yolboyu Orxan Vəlinin bu şeirini Məleykə üçün xatırlayacaqdım.

Bedava yaşıyoruz, bedava

Hava bedava, bulut bedava

Dere-tepe bedava

Yağmur-çamur bedava

Otomobillerin dışı,

Sinemaların kapısı,

Camekanlar bedava

Peynir ekmek değil ama

Acı su bedava

Şair düz deyib, yaşamaq pulsuzdur deyə onu da verirlər bizə, heç soruşan da olmur, mən bu həyatı sənə verirəm, yaşaya biləcəksən, ya yaşamaq üçün həyat da verim?

Bir az keçəndən sonra həkim görüş vaxtımızın bitdiyini dedi. Rəfiqəm Məleykədən gələn görüş üçün nə istədiyini soruşdu. Məleykə isə dedi: “Kitab gətir mənə. Bir şeir kitabı gətir, bir də roman”.

# 4093 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #