Romanlardakı tarix və ya “Zülmətdə bir alatoran”

Romanlardakı tarix və ya “Zülmətdə bir alatoran”
27 mart 2018
# 16:52

Fariz Bayramov

(Rasim Qaracanın “Zülmətdə bir alatoran” kitabını haqqında qeydlərim)

Qədim və keçmiş tariximizin tam olmasa da normal araşdırıldığı qənaətindəyəm. Ən azından dərs ala biləcəyimiz, səhvlərimizdən nəticə çıxara biləcəyimiz qədər öyrənmişik. Ancaq ən yaxın tariximizin, xüsusən sovet dövrü, meydan hərəkatı dövrü və müstəqillikdən bu günümüzə qədər olan tarixin ciddi araşdırılmağa ehtiyacı var. Və buna fürsət də var. Bu tarixin canlı şahidləri, arxivlərdəki sənədlər, lent yazıları, videoyazılar və araşdırma üçün bir çox vasitələr əlçatandır.

Tarixi adətən elm kimi dərsliklərdən, akademik kitablardan öyrənirik. Amma tarix həm də xatirələrdə, memuarlarda, avtobioqrafik və bioqrafik, bir az da bədii və publisistik ədəbiyyatda yaşayır. Düzdür, bu saydıqlarımı konkret sübut, dəlil, sənəd kimi təqdim etmək olmasa da ayrı-ayrı insanların, yazar, aktyor, rejissor, incəsənət insanlarının özlərinin və ya onlar barədə kimlərinsə qələmə aldığı, danışdığı xatirələr sayəsində həmin dövrün ümumi mənzərəsini təsəvvür etmək olur.

Son zamanlar çap edilən xatirə ədəbiyyatı silsiləsi bu baxımdan oxucular üçün dəyərli mənbədir. Akademik yazılardakı tarix bizə siyasi-ictimai görüntüləri aydın göstərirsə, ədəbiyyatdakı tarix daha çox “arxa pərdəni” - insanların xarakterlərini, məişətdəki davranışlarını, dostluqda münasibətlərini və s. - əks etdirir.

Rasim Qaracanın avtobioqrafik romanı olan “Zülmətdə bir alatoran” kitabının çap edildiyini eşidəndə çox sevinmişdim. Çünki Rasimin müasir ədəbiyyatımıza birbaşa təsiri barədə yaxşı məlumatım var. Həyatı da mənim ən çox marağında olduğum 1970-ci illərdən bu günümüzə qədərki dövrü əhatə etdiyindən, öz-özümə “bax, bunu oxumağa həqiqətən dəyər!” dedim. Etiraf edim ki, Rasim xüsusilə hazırkı Ədəbiyyat Krallığına qarşı tutduğu radikal müxalif mövqe məndə kitabın tam obyektiv olmayacağı fikrini oyatdı. Oxuduqca bəzən bu fikrimdə haqlı olduğum qənaətinə də gəldim. Ancaq bu kitab ümumilikdə 70-ci illərdən bu günümüzə, xüsusilə də müstəqillik dövrümüzdə insanların məişətini, bir-birinə münasibəti, yaşayış tərzini, ən çox isə ədəbiyyatımızın qarşısındakı problemləri, niyə bu gündə olduğunu izah edir, bütün bunların marağında olan oxucu üçün o illərə aydın güzgü tutur.

Azərbaycan SSRİ-nin böyük sənaye şəhəri olan Əli Bayramlıda yaşayan qızğın ədəbiyyat həvəskarı bir gənc və özü kimi dostlarını düşünün. O, ədəbiyyatla bağlı bütün mənbələri həvəslə oxuyur, canına çəkir, yaşayan şairləri, yazıçıları həvəslə mətbuatda izləyir. Onun gözündə bu yaradıcı insanlar qəhrəmandır, əlçatmazdır. Məsələn, Bəxtiyar Vahabzadə ilə görüşmək bu gənclər üçün o qədər böyük xoşbəxtlikdir ki, görüş baş tutanda həyəcandan titrəyirlər. Özü də şeir yazan Rasimin ən böyük arzularından biri ədəbi mətbuatda çap edilməkdir. Amma bu məsələnin o qədər də asan olmadığını çox keçmədən anlayır və özlüyündə bu ədalətsiz Ədəbiyyat Krallığına savaş açır.

Gəncliyində Əli Bayramlı və Bakıda iş axtarışları, işlədiyi yerlər, sonra ölkədən və ədəbiyyatdan uzaqda - Rusiyada keçən iş həyatı barədə qələmə aldıqları ən yaxın tariximiz barədə çox qiymətli mənbədir. Oxuduqca özümün uşaqlıqdan şahid olduğum və ətrafımdakılardan çox eşitdiyim keçid dövrü çətinliklərini, cavanların “Uruset” macəralarını və xəyal qırıqlıqlarını xatırladım. Görünür dövrün bütün siyasi-ictimai proseslərində bu və ya digər şəkildə az da olsa iştirak etmək Rasim bəyə zəngin həyat təcrübəsi qazandırıb.

Kitabı oxumağa başlasanız, əsərin dili, təhkiyədəki axıcılıq özü sizi son vərəqə kimi aparacaq. Deyəsən Rasim Qaraca bu kitabı bütün hisslərini, duyğularını qələmin ucuna qoyaraq yazıb. Hər başlıq üçün seçdiyi misralar, keçirdiyi hisslərin təsviri, şeir və ədəbiyyat barədə fikirləri oxuyanlara tez-tez sentimental duyğular bəxş edəcək. Xüsusilə Daun Sindromlu ilk övladı barədə yazdığı hissələr məni həm kövrəltdi, həm də yaxşı dərs verdi: “Əgər evində daunlu bir uşaq varsa sən artıq ümumi qəbul olunmuş, alışılmış tərbiyə və davranış normaları xaricində yeni, daha incə davranış normativlərinə əsaslanmalısan. Bu o deməkdir ki, sən özünü yenidən qurmalı, həyat fəlsəfəni baş-ayaq çevirməli, oturuşmuş ictimai dəyərlərdən arınmalısan”.

Ədəbiyyat dairələrində, ədəbi qəzet-jurnal redaksiyalarında baş verən iyrəncliklər, sovetdən qalmış basmaqəlib qaydalar, ikrahdoğurucu şablonlar, 2000-ci illərdən sonra bütün bunlara qarşı başlayan mübarizə, AYO-nun yaradılmasına zərurət yaradan şərait, nəhayət yaradılması, köhnə krallığa effektiv təsir, sonradan bu mübarizənin “əsgərlərinin” təslim olmağı, qurumun parçalanması və s. Mən hər şeyi detallarıyla yazıb çox ipucu vermək istəmirəm. Bütün bunları bu proseslərin ən yaxın iştirakçılarından birinin qələmindən oxuyacaq və buna sərf etdiyiniz zamana qətiyyən heyflənməyəcəksiniz.

# 1518 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər