Poeziya gecəsinin təsiri HEKAYƏ

Poeziya gecəsinin təsiri <span style="color:red;">HEKAYƏ
10 noyabr 2015
# 09:00

Kulis Seymur Baycanın “Poeziya gecəsinin təsiri” hekayəsini təqdim edir.

(Çox maraqlı hekayə )

Texnikumda iki şöbə vardı: Aqronomluq və zootexniklik. Osman zootexniklik şöbəsini seçdi. İmtahan verib zootexniklik şöbəsində oxumağa başladı. Günlərin bir günü Osman texnikumun həyətində bir neçə yoldaşı ilə dayanmışdı. O artıq ikinci kursda oxuyurdu. Onların qarşısından aqronomluq şöbəsində oxuyan bir neçə qız keçdi. Oğlanlar qızlara baxdılar. Osmanın gözləri qızların arasında öz balacalığı, yığcamlığı, arıqlığı, çevikliyi ilə seçilən qarabuğdayı bir qıza dikilmişdi. Yoldaşları Osmanın balaca qıza lazım olduğundan artıq diqqətlə baxdığını hiss etdilər. Onlardan birisi dedi:

- Yaman diqqətlə baxırsan.

- Uşaqlar, mən o qızı alacam.

- Sən elə danışırsan guya hər şey həll olunub, qalıb bircə evlənməyiniz. Mən o qızı tanıyıram, balacalığına baxma, çox sərt qızdır.

- Sizə deyirəm ki, mən o qızı alacam.

- Ala bilməyəcəksən. O qız rəsmən dəlidir.

- Ağzının danışığını bil. Mən o qızı alacam.

- Ala bilməyəcəksən.

- Baxarıq.

Osman bu vaxta qədər balaca qızla texnikumda bir neçə dəfə qarşılaşmış və ürəyi döyünmüşdü. Özü də heç cürə başa düşmürdü, bu balaca, qarabuğdayı, heç bir yaraşığı olmayan qız onun ürəyini adi vaxtlarda olduğundan daha tez-tez döyünməyə necə məcbur edə bilir? Görəsən bu qızda nə var ki, Osman ona sakit baxa bilmir? Ağzından anidən çıxsa da “Mən bu qızı alacam” sözlərinə yoldaşlarının inanmamağı Osmanı öz qərarı üzərində daha da inadla durmağa sövq etdi. Hadisə baş verən günün səhərisi Osman texnikumun bufetinə gəlib üç stakan kakao və yarım kilo biskvit aldı. Kakaodan içə-içə, biskvitdən yeyə-yeyə balaca qıza məktub yazdı.

Demə sevgi məktubu yazmaq çox çətin iş imiş. Axi ürəkdə baş verən təlatümləri bir kağız parçasına necə sığışdırasan? Osmanın sevgi məktubu yazmaqda heç bir təcrübəsi yox idi. Bilmirdi məktuba hardan və necə başlasın. Həmişə insan iradəsinin hər cür çətinliyə qalib gəlməyə qadir olduğunu söyləyən Osman indi öz gücsüzlüyünü, zəifliyini üərk ağrısı ilə hiss edirdi. Bu nə haldı mən keçirirəm? Çox fikirləşdi, axırda qərara gəldi ki, hər şey necə baş veribsə elecə də yazsın. Ona görə də məktubu dünən baş vermiş hadisəni, yoldaşlarıyla aralarında olan söhbəti yazmaqla başladı. Bunun ardınca qıza qarşı olan sevgisini bacardığı qədər ifadə etdi.

Yazdı ki, heç özü də bilmir niyə qızı görəndə ürəyi döyünür. Lap sonda da qeyd etdi ki, əgər qız onun sevgisinə rədd cavabı versə o özünü dünyanın ən bədbəxt adamı hesab edəcək.

Həyat qısadır və əksər kişilər öz talelərinin qadınını tapmadan bu dünyadan o dünyaya köçəcəklərindən qorxurlar. Osmanın məktubuna cavab gəlmədi. O, təşvişə düşdü. Osmanı fikir götürdü. Birdən məqsədinə nail ola bilmədi? Yoldaşları onu lağa qoyacaqlar. Deyəcəklər bu boyda kişi balaca bir qızın qarşısında aciz qaldı. Balaca bir qızın ürəyini ələ ala bilmədi. Axı necə oldu ki, qızla bir kəlmə kəsməmiş yoldaşlarının yanında bu qızı alacağına söz verdi? Belə də axmaqlıq olarmı? Osman ikinci, üçüncü məktubunu yazıb qıza göndərdi. Cavab gəlmədi. Nəhayət, qızın özü ilə danışmaq qərarına gəldi. Bir gün qız texnikumdan çıxarkən ona yaxınlaşdı. Qıza salam verdi. Qız salamı çox soyuq aldı. Hirsli-hirsli Osmana baxdı. Osman bədəncə çox sağlam oğlan idi. Boyu çox uca olmasa da biləkləri yoğun, qolları qüvvətli, kürəyi enli idi. Qüvvətli olmasına baxmayaraq dava-dalaşı heç sevmirdi və bacardığı qədər dava-dalaşdan uzaq qaçırdı. İndi bu qüvvətli oğlan balaca bir qızın qaşısında, onun baxışları altında əzilirdi. Bunu necə izah etmək olar? Bunun adı sevgi deyilsə, bəs nədir? Qız ona baxmadan hirsli-hirsli dedi:

- Cəsarətli olmaq yaxşı şeydi, amma cəsarətlə sırtıqlığın sərhəddini müəyyən etmək hər bir oğlanın borcudur. Qızla bir kəlmə danışmadan onunla evlənəcəyi haqqında yoldaşları qarşısında söz verən oğlanı heç cürə ciddi oğlan kimi qəbul edə bilmərəm.

Osman nə desin, hansı sözlərlə hərəkətlərinə bəraət qazandırsın? O, iradəsini səfərbər edib bu sözləri deyə bildi:

- Mən bu qərara birdən gəlməmişəm. Sizə çoxdan baxıram. Siz...

- Məktublarınıza cavab yazmayacam. Xahiş edirəm, onları mənə göndərməyin. İşim çoxdu, məktub oxumağa vaxtım yoxdu. Mənim sizə bir tövsiyyəm var. Bundan sonra qızın fikrini öyrənməmiş, qızın ürəyinə bələd olmamış, onunla evlənəcəyiniz haqqında başqalarının yanında bəyanat verməyin. Bu düzgün hərəkət deyil.

- Sizin fikirinizcə mənim sözlərimlə hərəkətlərim arasında ziddiyyət var?

Qız başını xoruz kimi dik tutaraq, əlini saçında gəzdirdi və qürurla dedi:

- Ağlınıza gələn sözü düşünmədən dilinizə gətirdiyinizə görə peşiman deyilsiniz?

- Sizin sualınıza qəti cavab vermək mümkün deyil.

- Şəkil kitabın bir vərəqindən o biri vərəqinə tullana bilərmi?

- Yox tullana bilməz.

- Şəkil kitabın bir vərəqindən o biri vərəqinə tullana bilmədiyi kimi biz də heç vaxt bir yerdə ola bilmərik.

- Şəklin bizə nə dəxli var.

- Mən sözümü dedim. Xahiş edirəm, bir də məni narahat etməyin. Əgər bir də məni narahat etsəniz mən direktora yazılı surətdə şikayət etməyə məcbur olacam.

Balaca qız bu sözləri deyərkən öz xarici görkəminin hansı vəziyyətdə olduğunu unutmuşdu. Biz insanlar müstəsna hallarda öz xarici görkəmimizin hansı vəziyyətdə olduğunu dərk edirik, həyatımızın çox hissəsini necə göründüyümüzü dərk etmədən yaşayırıq. Qız sözünü deyib getdi. Osman yerində qaldı.

Aradan bir il keçdi. Bu bir ildə Osman qıza məktub yazmasa da, onunla söhbət etməsə də fikrindən dönmədi. Bir gün texnikumda poeziya gecəsi keçirilirdi. Xalq şairi Elnur Astanbəyli poeziya həvəskarlarının görüşünə gəlmişdi. Görüş texnikumun akt zalında keçirilirdi. Texnikumun tələbələri şairlə görüşə çox bərk hazırlaşmışdılar. Zalın döşəməsini xlorlu suyla yumuş, divarlara xalq şairinin şəkillərini vurmuşdular. Qırmızı məxmərlə örtülmüş stolun üstünə içi suyla dolu qarafin, üç stəkan qoymuşdular. Qrafinin və stəkanların ətrafına isə qızılgül ləçəkləri düzmüşdülər. Hər şey qaydasında idi, şairi rahatlıqla qəbul etmək olardı, bununla belə şeirlərini əzbər bildikləri şairi yaxından görəcəkləri ehtimalı poeziya həvəskarlarını həyəcanlandırmışdı. Onlar heç cürə öz həyəcanlarının öhdəsindən gələ bilmirdilər. Onlar şeirlərini əzbər bildikləri şairi yaxından görəcəklərinə hələ də inana bilmirdilər. Görüşün təşəbbüskarı ədəbiyyat müəllimi idi. Görüş axşam saat altıya təyin olunmuşdu. Saat altının yarısında texnikumun akt zalı artıq ağzına qədər poeziya həvəskarları ilə dolmuşdu. Ayaq üstə dayananlar da vardı. Tələbələr ədəbiyyat müəlliminə tez-tez yaxınlaşır, ona xalq şairi ilə əlaqəli müxtəlif səpkili suallar verirdilər. Bu suallar ədəbiyyat müəllimini bezdirdi. Müəllim, deyirlər o çox utancaq adamdır sualı ilə ədəbiyyat müəlliminin səbr kasası daşdı. Ədəbiyyat müəllimi sual verilməsini qadağan etdi və dedi:

- Darıxmayın, bir azdan şair gələcək, özünüz hər şeyi görərsiniz.

Elə bu vaxt bir tələbə qaçaraq zala girdi və qışqırdı:

- Müəllim, gəlirlər, gəlirlər...

Ədəbiyyat müəllimi qonağı qarşılamaq üçün zaldan çıxdı. Beş dəqiqə sonra xalq şairi Elnur Astanbəyli direktorun və ədəbiyyat müəlliminin müşayəti ilə zala daxil oldu. Zalda əyləşən poeziya həvəskarları ayağa qalxdılar və xalq şairini alqışla qarşıladılar. Direktor, ədəbiyyat müəllimi və xalq şairi üstünə qırmızı məxmər örtük salınmış stolun dalına keçdilər. Zalda tam sakitlik yaranandan sonra texnikumun direktoru ayağa qalxdı. Əvvəlcə vaxt tapib poeziya həvəskarlarının görüşünə gəlmiş qonağı salamladı, ona texnikumun müəllim və tələbə kollektivinin adından öz minnətdarlığıni bildirdi, sonra şairin həyat və yaradıcılığından danışmaq üçün sözü ədəbiyyat müəlliminə verdi. Direktor oturdu. Ədəbiyyat müəllimi ayağa qalxdi:

- Hörmətli müəllimlər və tələbələr, əziz poeziya həvəskarları, bu gün görüşünə yığışdığımız xalq şairi Elnur Astanbəyli 6 dekabr 1937-ci ildə Qazax rayonunun Astanbəyli kəndində zəhmətkeş ailədə dünyaya gözünü açmışdır. Elnur müəllim 1954-cü ildə doğulduğu kənddə orta məktəbi əla qiymətlərlə, 1959-cu ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universiteti fərqlənmə diplomu ilə bitirməsinə baxmayaraq, Elnur müəllim zəhmətdən qorxmamış kitab mağazasında əvvəlcə satıcı, sonra isə baş satıcı işləmişdir. O, öz zəhmətkeşliyi sayəsində mağazanın kollektivinin və alıcıların hörmətini, etimadını qazanmışdır. Kitab mağazasında xeyli təcrübə yığdıqdan sonra sevimli şairimiz “Yazıçı” nəşriyyatında işə düzələrək nəşriyyatın təbliğat şöbəsində təbliğatçı, baş təbliğatçı, şöbə müdiri, poeziya şöbəsində redaktor vəzifələrində çalışmışdır. Daha sonra “Mozalan” satirik jurnalının baş redaktoru vəzifəsinə təyin edilmişdir. Həmçinin “Ulduz” və “Azərbaycan” jurnallarının redaksiya heyətinin üzvü olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Elnur müəllim yaradıcılığa çox erkən yaşlarından başlamışdır. Fitri istedada sahib olması, poeziyaya, bütövlükdə sənətə olan qızğın ehtirası tezliklə onu ədəbi üfüqlərə tərəf qanad açmağa məcbur eləmişdi.

Onun “Kənd qızı” şeiri on yaşında “Qızıl bayraq” qəzetində dərc olunmuşdur. İlk şeirləri ilə oxucuların diqqətini özünə cəlb edə bilmişdir. “Şair harayı”, “Mən sənin qəlbinə necə yol tapım”, “Mən bir dağ çayıyam”, “Özün basdırdığın ağaca söykən”, “Bir daha kimsəni sevmə, ay ürək”, “Bu gecə nədənsə yata bilmirəm”, “Mən sənin haqqında cox şey bilirəm” şeirlər kitabının müəllifidir. Şeirləri sovet xalqlarının və digər xarici xalqların dillərinə tərcümə olunmuşdur. Kitabları Polşada, Çexslovakiyada, Yuqoslaviyada, Rumıniyada, Macarıstanda, Yəməndə, Vyetnamda, Hindistanda, İraqda, Misirdə, Çində və digər ölkələrdə nəşr edilmişdir. Polşanın Poznan şəhərinin fəxri sakinidir. Elnur müəllim həm də peşəkar tərcüməçi kimi tanınmışdır. Turgenyevin, Korolenkonun, Aytmatovun, Şuşkinin müxtəlif əsərlərini böyük ustalıqla doğma dilimizə çevirmişdir. Elnur müəllim hələ uşaqlıqdan şeirə böyük həvəs göstərmişdir. Xalq nağıllarına, dastanlara məhəbbət onun yaradıcılığına öz təsirini müsbət mənada göstərmişdir. Onun şeirləri ədəbi cərəyanlardan uzaqda durur və yalnız şairin şəxsiyyətini, təbiətə, insanlara, torpağa bağlılığını ifadə edir. Sevimli şairimiz şeirlə bərabər həm də pyeslər de yazmışdır. Müəllifi olduğu “Quşu uçan budaqlar” pyesi Naxçıvan, Bakı, Gəncə, Yerevan dram teatrlarında tamaşaya qoyulmuşdur. Elnur müəllim uşaqlıq illərimin ən çox sevilən şairlərindən idi. Təkcə mənimmi? Əslində bütün həmyaşıdlarımın sevimlisi idi. Ən çox oxunan, əzbərlənən şeirlər məhz Elnur müəllimə məxsus idi. “Ana dili” dərsliyində dərc olunan ən gözəl uşaq şeirlərinin müəllifi Elnur Astanbəyli olub. Neçə-neçə nəsl uşaq bağçasında, məktəbdə onun şeirləri ilə tərbiyələnib. Vətənə, torpağa, təbiətə, ata-anaya, bacı-qardaşa, dosta sevgini məhz onun şeirlərinden öyrəniblər. Məsuliyyətlə demək olar ki, Elnur müəllimin şeirləri bu gün də aktualdır, müasir səslənir, sevilir... Bu şair xoşbəxtliyidir, deyilmi? Tale mənə onunla şəxsi tanışlıq nəsib etməmişdi. Ustad sənətkarın yalnız şeirləri, əsərləri ilə tanış idim. Bu gün Elnur müəllimi yaxından görmək xoşbəxtliyi mənə nəsib oldu. Elnur müəllim təkcə böyüklər üçün deyil, uşaqlar üçün də çoxlu şeirlər yazmışdır və uşaq şairi kimi özünü təsdiq etmişdir. Ustad sənətkarın balaca balalar üçün qələmə aldığı şeirlər, nağıllar, kiçik pyeslər və təmsilləri uşaq ədəbiyyatının qiymətli incilərindən sayılır, uşaqlar tərəfindən böyük maraqla qarşılanır, oxunur, sevilir, dillər əzbərinə çevrilir. Bu onun uşaq psixologiyasına, uşaqların mənəvi dünyasının incəliklərinə dərindən bələd olmasından xəbər verir. Uşaqların qəlbinə yol tapmaq heç də hər bir şairə nəsib olmur. Elnur Astanbəylinin şeirləri mövzu etibarı ilə fərqli olsa da, bu şeirlərin hər birində ustad sənətkarın hiss və həyəcanı, sevinc və kədəri, həssas qəlb çırpıntıları diqqət çəkir.

Gözəl musiqi duyumu Elnur müəllimi nəğməkar şair kimi daha da şöhrətləndirib. Təsadüfi deyildir ki, onun həddən artıq axıcı, həzin lirikasına zəmanəmizin görkəmli bəstəkarları müraciət etmiş, gözəl mahnılar yazmışlar.Hal-hazırda bu mahnılar ayrı-ayrı müğənnilərimizin repertuarını bəzəyir. Elnur müəllimin mənalı, parlaq, həsəd aparılası ömür yolu bu günki gənclər üçün əsl həyat məktəbi, örnəkdir. O, bu gün də əvvəlki tək gənclik eşqi ilə yaşayıb və yaradır. Heç də hər bir şairə ustad adını qazanmaq nəsib olmur. Elnur müəllim isə öz yaradıcılığı ilə bu adı qazanmağı bacarıb. İnanıram ki, ömrünü, həyatını ədəbiyatımızın zənginləşməsinə həsr edən ustad sənətkarın əməyi bundan sonra da xalqımız tərəfindən layiqincə qiymətləndiriləcəkdir.

Mən bu çıxışı hazırlayarkən onun sənət dünyasına, zəngin və rəngarəng yaradıcılıq xəzinəsinə bir daha baş vurdum. Elnur Astanbəyli irsini bir daha öyrəndim. Onun əsərlərində vətəninə, xalqına, doğma dilinə çox güclü bağlılıq var. Onun bənzərsiz poetik təfəkkürünə heyrətlənməmək mümkün deyildir. Elnur müəllimin sətirlərindən boylanan nəsihətverici fikirləri oxucuları, insanları, dərindən düşünməyə, ədalətə, insanpərvəliyə, xoş niyyətlərə sövq edir. O, lirik olduğu qədər, həm də satirik şairdir. Mirzə Ələkbər Sabir kimi ölməz sənətkarın yolunu davam etdirərək satirik üslubda sənət inciləri yaratmışdır. Dövrünün eybəcərliklərini kəskin və barışmaz qələminin hədəfinə çevirərək cəmiyyətimiz üçün zərərli tendensiyaları usanmadan ifşa edir. O, elə ustalıqla tənqid edir, onun tənqidlərini, faktları heç kim inkar edə bilmir. Elnur müəllimin satirası məhv etmək üçün bir alət deyil, onun satirası insanları tərbiyələndirən, insanlara islahedici təsir göstərən gözəl vasitədir. Xüsusən “Mənim dayım güclüdür”, “Nadanın məsləhəti”, “Arsız ol, yüz il yaşa” adlı şeirlərində Elnur müəllim öz kəskin satirası ilə meşşan təbiətli adamları, tüfeyliləri, pulgirləri, tamahkarları, bürokratları, mənsəbpərəstləri, boşboğazları neştərləyir, onları sağaltmağa çalışır. Lakonikliyə, fikrini yığcam şəkildə ifadə etmək bacarığına malik olması Elnur müəllimin satiralarında da özünü büruzə verir. Elnur Astanbəylinin əsərləri arasında bir poema diqqəti daha çox çəkir. Bu “Ögey ana” poemasıdır. Bildiyiniz kimi ögey ana problemi bu gün dünyanı düşündürən ən ciddi problemlərdən biridir. Çünki dünyada ögey analara ikili münasibət vardır. Müsbət və mənfi. Şair bu poemada ögey anası tərəfindən əzilən, həyatı zillətdən dözülməz hala gələn bir qızın faciəsini təsvir edir.

Azərbaycan xalqının mərd oğul və qızlarının zaman-zaman cəbhələrdə, döyüşlərdə göstərdikləri şücaətlər, qəhrəmanlıqlar hərb tariximizin parlaq səhifələrini təşkil edir. Cəsur, mərd oğul və qızlarımızın hünərləri şair və yazıçılarımız tərəfindən daima ustalıqla qələmə alınır ve yazılan əsərlər gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmalarına xidmət edir.

Yaradıcılığında müharibə mövzusuna müraciət edərək, qiymətli sənət inciləri yaradan ustad sənətkarlardan biri də xalq şairi Elnur Astanbəyli olmuşdur. Onun “Hücum”, “Bacardığın qədər gözlə”, “Koroğlu”, “Qəhrəmanın vəsiyyəti”, “İldırım” şeirlərində vətənə sədaqət, qələbəyə dərin inam, nikbinlik poetik ifadə olunaraq, ustad sənətkarın istedadının yeni imkanlarını aşkara çıxarmışdır. Elnur müəllimin tarixi mövzuda yazdığı şeirləri oxucunu elə ilk misralarda həyəcana, təlatümə gətirir, bu isə əsl sənətkara məxsus olan bir keyfiyyətdir.

Onun belə bir kefiyyətə malik olması səbəbsiz deyildir. Elnur müəllim şeir yazmaq xatirinə şeir yazmır. O, başqalarının dərdini öz dərdi kimi qəbul edir. Bu şeirlərdə müharibə zamanı arxa cəbhədə fədakarlıq göstərən sadə insanların, əmək adamlarının nə qədər böyük zəhmətə qatlaşmaları,onların çəkdikləri ağır sıxıntılar, yaşadıqları əzab-əziyyətlər, intizarlar poetik dildə, ümumiləşdirilmiş şəkildə təsvir olunur. Arxa cəbhədə gecəni-gündüzə qatıb, yorulmaq, istirahət bilmədən zəhmət çəkən minlərlə ata-ananın, bacı-qardaşın, qız-gəlinlərin qələbəyə dərin inamını, arzularını, mənəvi dünyalarını şair öz şeirlərində məharətlə vermişdir. XX əsr Azərbaycan ədəbiyyatının inkişafında, həmçinin gənc şairlərin yetişməsində, püxtələşməsində Elnur Astanbəylinin böyük rolu olmuşdur. O, bir ağsaqqal şair kimi təmkini, xeyirxahlığı, tənqidə dözümlülüyü ilə ünsiyyətdə olduğu gənc şairlərin hörmət və rəğbətini qazanmışdır. Elnur müəllimin bənzərsiz yaradıcılığı həmişəyaşardır, əbədi olaraq bizimlə qalacaqdır. Çünki, əsl sənət ölmür, daim qəlblərdə yaşayır və müasir qalır.

Elnur Astanbəylinin həyat və yaradıcılığı haqqında saatlarla danışmaq olar. Qiymətli vaxtınızı almamaq üçün mən şair haqqında bacardıqca qısa məlumat verməyə çalışdım. Yaxşısı budur gəlin şairin özünü dinləyək.

Ədəbiyyat müəllimi oturdu. Xalq şairi Elnur Astanbəyli ayağa qalxdı. Çıxışına başlamamışdan əvvəl qrafini götürüb stakana su tökdü. İki-üç qurtum su içib, boğazından çıxaracağı sözlərin yolunu islatdı və çıxışına başladı.

Gecə çox maraqlı keçdi. Şair poeziya həvəskarlarının çoxsaylı xahişlərini nəzərə alıb çoxlu şeir oxudu. Oxuduğu şeirlərin çoxu oğlan-qız məhəbbətinə həsr olunmuşdu. Şairin öz dilindən səslənən şeirlər zalda əyləşənlərin hərəsinə müxtəlif dərəcədə öz təsirini göstərdi. Şeirlərdən təsirlənən adamlardan biri də Osmanın neçə vaxtdır inadını qıra, ürəyini ələ ala bilmədiyi balaca qarabuğdayı qız idi.

Poeziya gecəsi uğurla başa çatdı. Hamı razı qalmışdı. Gecənin binadan çıxan iştirakçıları bir-bir, iki-iki, üç-üç müxtəlif istiqamətlərə gedirdilər. Osman texnikumun həyət darvazasının yanında dayanıb balaca qızı gözləyirdi. Qız binadan çıxıb həyət darvazasına çatanda Osman ürəklənib ona yaxınlaşdı, amma danışa, söz deyə bilmədi. Onlar dinməz-söyləməz kiçik addımlar ata-ata yataqxanaya tərəf üz tutdular. Bu inanilmaz dərəcədə sakit addımlamaq idi, elə bil oğurluğa, kəşfiyyata gedirdilər. Yollarının ayrılacaqları yerə yaxınlaşdıqda Osman addımlarını daha yavaş atırdı. Düşünürdü ki, bir azdan ayrılacaqlar, hərəsi bir tərəfə gedəcək və bir daha görüşməyəcəklər. Kölgəsi diblərinə çökmüş ağaclar xəstə yanında dayanmış qəmgin qohumlara bənzəyirdilər. Ürəyində gedən proseslərin nəticəsində hər şey Osmana kədərli və şairanə görünürdü. Körpünün üstündə Osman danışmağa başladı. Qıza olan sevgisini ifadə etdi. Poeziya gecəsində eşitdiyi sevgi şeirlərindən təsirlənmiş qızın daha müqavimət göstərməyə gücü qalmamışdı, gücü tükənmişdi. Qız Osmana razılıq verdi ki, onun ailəsinə elçi göndərsin. Körpünün üstündə gənclər arasında əhd-peyman bağlandı. Yaxinliqdaki evlərdən birində xoruz qanadlarını çırpdı.

Bu söhbətdən bir neçə gün sonra texnikumun tələbələri tətilə çıxdılar. Evdə Osman Qaradəmir kəndindən bir qızı sevdiyini anasına dedi. Elçi göndərmək qərarına gəldilər. Osmanın təxminən yüz beş-yüz on yaşında, bütün ömrünü çobanlıqda keçirmiş Zeynal adında gümrah bir babası vardı. Heç kim bu kişinin neçə yaşı olduğunu dəqiq bilmirdi. O, nəvəsinin Qaradəmir kəndindən qız sevdiyini eşidəndə çox sevindi. Çünki bu kişi elçiliyə getməyi çox sevirdi. Zeynal baba hamıya bəyan etdi ki, elçiliyə özü, həm də tək gedəcək.

Səhərisi Zeynal baba gözəl bir ağ ata minib birbaşa Qaradəmir kəndinə getdi. Qızın yaşadığı evi soraqlaşıb tapdı. Darvazadan həyətə girdi. Evə məhrəm adam kimi atını tut ağacına bağladı. Həyətdə üzüm tənəkləri vardı. Zeynal baba bir salxım üzüm qoparıb yeməyə başladı. Bu zaman qızın atası həyətdə bir qoca kişinin üzüm yediyini gördü. Yaxına gələndə Zeynal babanı tanıdı. Zeynal baba mahalda çox məşhur adam idi. Hamı onu tanıyırdı. Bu kişi ömür boyu bacardığı qədər hər kəsə yaxşılıq etmişdi. Bir nəfərə də zərəri toxunmamışdı. Zeynal babanın sevimli, nurlu sifəti vardı. Onunla ünsiyyətdə olanlar müsbət enerji alar, rahatlıq tapardılar. Xoş rəftarı ilə ətrafdakıların dərin hörmət və rəğbətini qazanmışdı.

- Xeyir ola, Zeynal baba?

- Evinizin qabağından keçirdim. Üzümü gördüm. Xoşuma gəldi. Tamahımı saxlaya bilmədim. Həyətə girdim ki, bir salxım qoparıb yeyim. Yəqin məni qovmazsan...

- Öz evindir, Zeynal baba, yaxşı eləyib gəlmisən. Bu həyət-baca sənə qurbandır. Burda niyə dayanmısan? Çıxaq yuxarı. Yol gəlmisən, çay içək, çörək yeyək.

Zeynal baba təklifi məmnuniyyətlə qəbul etdi. Eyvana çıxdı, əl-üzünü yudu. Bu zaman qarabuğdayı, arıq, balaca bir qız yaxına gəlib Zeynal babaya əl-üzünü qurulamaq üçün sarı rəngli dəsmal uzatdı. Zeynal baba dəsmalı alanda qıza diqqətlə baxdı və düşündü: Osmanın seçdiyi qız yəqin budur. Çox arıqdır. Doğanda ölməsə yaxşıdır. Allah axırını xeyir eləsin.

Süfrə açıldı. Ortaya yemək gətirildi. Lakin Zeynal baba yeməyə əlini vurmadı.

- Zeynal baba, bissimillah elə.

- Mən işimi görməyincə heç bir şey yemərəm. Boğazımdan getməz. Adətim belədir. Kişilərə söz vermişəm. Əliboş qayıtmaram.

- Zeynal baba çörəyini ye, sonra söhbət edərik-qızın atası ondan xahiş etdi.

Zeynal baba bu evə nə məqsədlə gəldiyini təmkinlə nəql etdi. O, çox rəvan danışırdı. Səsində bir qram da həyəcan əlaməti duyulmurdu. Sanki söhbət əhəmiyyətsiz bir mövzu haqqında gedirdi. Elçilik işində onun böyük təcrübəsi vardı. Hələ bu vaxta qədər elçi getdiyi evdən bir dəfə də olsun əliboş qayıtmamışdı. Hər yerdən əlidolu qayıtmışdı. Qızın atası Zeynal babanın nitqini təmkinlə dinlədi və dedi:

- Zeynal baba, sən əliboş qaytarılası kişilərdən deyilsən. Qız sənə qurbandır. Xahiş edirəm, çörəyini ye.

Zeynal baba "Hə, indi hünəriniz var, məni doydurun" dedi və iştahla yeməyə başladı.

# 1478 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #