“O qadın yenə gələcək”-Qismətin yeni şeirləri

“O qadın yenə gələcək”-Qismətin yeni şeirləri
7 dekabr 2012
# 08:00

Maniken

1.

Əlləri havada, ayaqları azca aralı manikenin

pauzadakı təbəssümü

taleyimizin fotosu,

alın yazımızın pantomimidir sanki.

Təsdiqdə olmaq,

ömrün vitrinində ayaq üstə dayanmaq,

gülümsəməyi geyinmək dodaqlara,

gözlərə razılaşmağı taxmaq.

Başqasının olacaq paltarı qırışdırmamaq,

tərpənməmək, getməmək,

sürgün olmaq

şüşələrin arxasına.

Bu ömür tanış gəlirmi sizə ?

2.

Küçədə, vitrinin önündə dayanan,

manikenin əynindəki köynəyə fikirli-fikirli baxan

yanıuşaqlı qadın

portmanatını qurdalayır,

beynində dünəni bugünə vurur,

sabaha bölür.

Cavab yenə eyni olur : sağlıq olsun, gələn səfər.

Manikensə gülümsəyir

qadına da, uşağa da

yaxına da, uzağa da...

O qadın yenə gələcək

o vitrinin qabağına,

pullarını saya-saya

təpinəcək uşağına.

Qadın qocalmış olacaq

uşaq bir az böyümüş.

Amma eyni cür olacaq

manikenin dodağına

zorla yapışdırılan gülüş.

Şübhənin şərəfinə və paranoyaya giriş

Məncə, xarici düşmənlərin əli var

avtobuslardakı basabaslarda.

Marşrut şoferlərinin üzündəki

gizli şifrələri çözmək lazımdı, çözsək

bilərik onlar hardan maliyyələşir.

Bircə məqsədləri var, bilirəm

basabas yaratmaq,

insanları bir-birinə yaxınlaşdırmaq

süni yollarla.

Əslində, çoxunuz bilmirsiniz çox şeyi - bixəbərsiniz.

Yalnız cibgirlər bilir nə qədər qazandığımızı

bu da başqa bir siyasətdi,

Amerikanın acığına Rusiyanın işidi.

Doğru sözümdü, bilmirsiz

rəqəmlər təğyiri-libas olublar

həqiqi üzü başqadı onların.

Mən düsturunu tapmışam həqiqətin :

bir dost götürün üstünə bir qız gəlin

cavab cüt eləsə, toy eləsə, ev eləsə,

demək sizin dostunuz sizin dostunuz deyil

demək bu işdə KQB-nin əli var.

Şair, ilham pərinə de ki,

çox gözə batmasın,

yoxsa biləcəklər ki, Allaha işləyirsən...

Tənqidçinin nitqi

Qədəhinə süzdüyümü -

İçsən, yaxşı yazırsan.

Mən hardayam o tərəfə -

Keçsən, yaxşı yazırsan.

Milli dənizlərə burax gəmini...

Yoxsa tapammazsan işin çəmini,

Bil ki, söz zəmidi,

sən bu zəmini -

Biçsən, yaxşı yazırsan.

Mənim sözləri yadda saxlayıb,

Bəzən gülümsəyib, bəzən ağlayıb,

Bu vətən yolunda hər gün mıxlayıb,

gənc yaşında dünyadan,

köçsən, yaxşı yazırsan.

( ölüm söhbətini eşidən kimi şair əsəbləşib etiraz edir və tənqidçi fikrini redaktə edib, şeirin möhürbəndini deyir )

Döşəyin park olsun, yorğanın səki,

Amma milliliyi unutma təki...

Yazammırsan demədim ki,

Gicsən ? Yaxşı yazırsan.

# 6781 dəfə oxunub

Oxşar xəbərlər

"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

10:00 23 iyun 2026
"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər