Fərid Hüseynin 1937-ci ildə müstəntiqə dedikləri

Fərid Hüseynin 1937-ci ildə müstəntiqə dedikləri
23 noyabr 2015
# 15:06

Kulis Fərid Hüseynin yeni şeirlərini təqdim edir.

“Susa bilmirəm”

Lev Nikolayeviç Tolstoya ithaf olunur

Vicdanlı insanlar dörd tərəfinə od vurur indi, -

yanan həmişəki kimi candır.

Bu, özünə qəsd deyil, Lev Nikolayeviç,

sadəcə “xilaskarlar”dan imtinadır.

Ölümü gözləyirik hücrəmizdə,

ayağımızdan dartırlar tale üzəngisini.

Batıra bilmir təzə doğulan körpənin çığırtısı,

hücrəmizə yaxınlaşan cəlladın ayaq səsini.

Kreslolar söykəlidir,

çara, dumaya, kilsəyə.

Bizə yeriməyi öyrədirlər ki,

hər kəs öz ayağı ilə getsin ölməyə.

Cəlladlar üçün tum çırtlamaq kimidir ov etmək,

yəqin buna silahlar da şahiddir.

Məndən olsa deyərəm:

yalnız həqiqət uğrunda ölənlər şəhiddir.

“Cəllad portretini çəkmək istəyən

rəssamdan qaçdığıtək” – qaçırıq həqiqətdən.

Mən indi halımıza bab hansı təşbehi yazım –

yalan qışqırmasın üstümə güzgüdən?

Lev Nikolayeviç, əslində İsa özü çarmıxa çıxıb ki,

biz vicdan liliputlarına oradan etsin tamaşa.

Bizsə həyata çimə-çimə mahnı oxuyan

qadın xoşbəxtliyi ilə gəlib,

Ölmüş oğlu yuxusuna girməyən

ana intizarıyla ömrü vururuq başa.

Təntənəli məyusluq

Diktatorları alqışlayanların əllərindən qopan

təntənəli məyusluq səsitək keçdi ömrüm.

Halbuki oxunmayan kitablardakı bir-iki

dəyərli şeir kimi də yaşaya bilərdim.

Oğlunun cəsədini həbsxana önündə gözləyən ananın

toza bulaşmış ətəyini unutması qədər unutmalıydım həyatı

və onun yol çəkən gözlərindəki

naməlumluğun yerini tapmalıydım sözlərdə,

ancaq mən, qadını görüşə gəlməyən məhbusun

buludlu havada həsrətlə günəşin çıxmasını gözlədiyini görə bildim:

O vaxta qədərsə kitablardan oxumuşdum bu cümləni:

“İnsan heç vaxtı tam bədbəxt olmur”.

Gördüm, Allah göstərənlərin hamısını gördüm,

şöhrətin həm də ipi başqasının əlində olan çərpələngliyini,

sevilməyin aktyorluq hünəri,

nifrət qazanmağın peyğəmbərliyini,

eşq mahnılarının motor səsinə çevrildiyini də,

səadətli xatirələrin içimdə qəlpə kimi gəzindiyini də gördüm,

ondan sonrasa

havanın əmrindən çıxmayan ağaclartək

taleyin bir dediyini iki eləmədim.

Didərgin Məhəmməd Hadiyə

Qayğısız günlər idi,

şeirini satırdın,

şeir alan əllərə uzadırdın əlini...

...nə yaxşı ki, görmədin

bu susmaq alverini...

İndi daha vicdan bəlkə də

sənin məzarının yanındadı,

eyni yerdə basdırıblar didərginləri...

Biz şeirimizi yox, özümüzü satıb yorulduq,

alnımızdan kirli əllər sildi,

puçur-puçur tərləri.

Sorsan ki, ay şairlər, neyləyirsiniz?

Dilimiz açılsa deyərik:

həqiqəti küncə qoyub

əfsunçuya əfsun oxuyuruq.

Gecələr içimizi yeyib,

gündüzlər günəşi suvayırıq.

1937-ci il, NKVD, Fərid Hüseynin müstəntiqə dedikləri

İstintaqı xəbərdar edirəm:

- yaşasam günəşi göydə unutmayacam.

Həqiqəti dediyimə and içirəm:

tavanlar buludlardan çox şey öyrənib.

Sübut gətirirəm:

Yaşamadıq - fotodakı uşaqlıq şəklimiz böyüdü bircə.

Cavabımın üstündə qalıram:

həqiqət mənim süd anam olub.

Xoş reputasiyası yoxdu:

ölümün həyat yanında.

İfşa edirəm özümü:

xatirələrim gündəliklərimə xəbərlədilər gördüklərini.

Gecələr gizli-gizli görüşürdük:

xəyallarla, düşüncələrlə.

Yerini nişan verə bilərəm:

həqiqət sözlərdə gizlənib.

Bilirəm, sirr saxlamaq cinayətdi –

bir dəfə həqiqətən sevmişəm.

…Öz imzamla təsdiq edirəm: alın yazımı.

# 1852 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #