Kulis.az filologiya üzrə fəlsəfə doktoru Akif Azalpın “Böyük ədəbiyyatın sirri, yaxud Səməd Vurğunun hamıya məlum olan və heç kimə məlum olmayan şeiri” məqaləsini təqdim edir.
“...Mən “Azadlıq” şeirini atəşnəfəs ustadın öz dilindən eşidəndə “Zamanın bayraqdarı” poemasının heç izi-tozu da yox idi!..”
Akademik Vahid Zahidov
“Bəşərin vicdanı, eşqi, ürəyi,
Zehni, düşüncəsi, fikri, diləyi,
Bütün yer üzünün xoş gələcəyi,
Hər zövq- səfası sənsən, Azadlıq!..”
Bəri başdan deyim ki, bu məqalədə ortaya qoyulan elmi həqiqət və bədii yenilik, hər şeydən və hər kəsdən öncə, həyatımda rast gəldiyim və yaxından tanıdığım böyük insanlardan biri, Allah qəni-qəni rəhmət eləsin, mənim birinci elmi rəhbərim, akademik Vahid Zahidovun yaddaşı və təfəkkürü sayəsində üzə çıxdığı üçün mətləbə və təfsilatlara keçməzdən qabaq, ənənədən bir az kənar olsa da, böyük müəllimimə sonsuz minnətdarlıq hissi ilə Azərbaycan oxucuları üçün bir yığcam haşiyə çıxmağı özümə borc bilirəm.
Haşiyə: Vahid Yoldaş oğlu Zahidov (1914, Daşkənd-1983, Daşkənd) 1933-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun İctimaiyyət və Ədəbiyyat fakültəsini, 1938-ci ildə Moskvada Tarix, Fəlsəfə və Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. “Mirzə Fətəli Axundovun dünyagörüşü və fəlsəfi görüşləri” (1938, namizədlik işi) , “Əlişir Nəvainin ideyalar və obrazlar aləmi” (1946, doktorluq işi) ilə yanaşı, Azərbaycan, özbək və ümumən dünya ədəbiyyatına dair bir sıra sanballı tədqiqat və məqalələrin müəllifi, dünya şöhrətli bir çox bədii əsərlərin , o cümlədən, Şekspirin “Hamlet” faciəsinin özbək dilinə tərcüməçisi, türkdilli klassik irsin orijinallığını inkar edən rus və Avropa şərqşünaslarına qarşı barışmaz mübarizənin öncüllərindən biri olmuşdur. 1946-cı ildən ömrünün axırına qədər müxtəlif illərdə Özbəkistan Elmlər Akademiyasının Tarix, Dil və Ədəbiyyat, Sənətşünaslıq İnstitutlarının direktoru, İctimai Elmlər Bölməsinin akademik-katibi, Özbəkistan Mədəniyyət Naziri, “Gülüstan” jurnalı və “Özbəkistan mədəniyyəti” qəzetinin baş redaktoru və. s. kimi yüksək və məsul vəzifələrdə çalışmışdır.
Azərbaycan mədəniyyətinin alovlu təbliğatçısı kimi onun Səməd Vurğun, Mir Cəlal Paşayev, Heydər Hüseynov, Həmid Araslı kimi nümayəndələrinin əsərlərini həmişə dərin ehtiramla yad edərdi. Səməd Vurğundan söz gedəndə onu adətən “atəşnəfəs ustad” yaxud “azərilər atəşnəfəsi” adlandırardı. Azərbaycan dilində səlis danışardı və Füzulidən tutmuş Səməd Vurğuna qədər bir çox şairlərin onlarla şeirlərini sinədən deyərdi...
İndiki kimi yadımdadı. 1983-cü ilin may ayının son günü idi. Özbəkistan paytaxtındakı Hökumət xəstəxanasının iki otaqlı, geniş palatasında ikimiz idik. Müəllimim onu qəfil yaxalamış amansız xərçəng xəstəliyindən bir neçə həftədən bəri ağır əziyyət çəkirdi. Həkimlərdən və dava-dərmanlardan ümidini üzdükcə imkan daxilində yarımçıq qalmış yazılarını sahmana salmaq istəyirdi və onun öz istəyinə görə, mən əlimdən gələn qədər ona “köməkçi”lik eləyirdim. Həkimlər yanına gəlib-gedən çoxlu həmkar və yetirmələrlə, hətta yaxın qohumlarla görüşləri məhdudlaşdırsalar da, bu cəhətdən Vahid müəllimin kiçik oğlu, mənim yaşıdım və dostum Müzəffərlə ikimiz “imtiyazlı” sayılırdıq, yanında mən olmayanda o, o olmayanda mən olurdum.
Günortadan sonrakı “sakitlik saatı” başa çatar-çatmaz birdən mənə çuxura düşmüş gözlərinin dərinliyindən elə zəndlə və elə uzaq dikildi ki, narahat olmağa başladım:
- Nə olub, ustad, niyə elə baxırsınız?!
- Heç nə! De görüm, Həmzənin “Yaşa, Şura!” şeirini əzbərdən bilirsənmi?
- Bəli, bilirəm.
- Atəşnəfəs ustadın “Partiyamızdır!” şeirini necə?
- Bəli, onu bütün Azərbaycan bilir!
- Onların hərəsini bir vərəq kağıza yaz!-dedi və bir az keçər-keçməz əlavə elədi – “Yaşa, Şura!”nın təkcə nəqarət bəndini yazsan da olar... Amma qrankaya yox, bax, o ağ bloknota yaz!
Masanın üstündəki yeni bloknotu götürüb , hər iki şeiri dediyi kimi, ayrı-ayrı səhifələrə yazdım. Başımı qaldıranda yerindən qalxmaq istədiyini gördüm. Köməyə çatmamış dilləndi:
- İndi gedək bağa, bir az da bağda söhbət edək. O bloknotla qələmi də özünlə götür!
Yəqin, şeirlərin müqayisəli təhlili ilə bağlı nəsə bir şey və ya hər hansı bir xatirə diktə etmək istəyir, deyə düşündüm və artıq sual verməyə cürət etmədim. Qapıdan çıxanda məni qabaqlayıb, qolumdan tutmağı bayaqkı narahatlığımı və həyəcanımı azaltdıqca, istər-istəməz, yadıma bir həftədən bəri bu palataya bağlanmağımın əsl səbəbini salırdı...
Təxminən bir həftə əvvəl, mayın 25-də mənim “Türkdilli poeziyada tuyuq (janrın poetikası və tarixi)” mövzusunda namizədlik dissertasiyamın müdafiəsi olmuşdu. Vahid müəllim həkimlərin qadağasına və ciddi xəbərdarlığına, müdafiədən əvvəlki günlərdə xəstəxanada ona baş çəkən bütün Elmi Şura üzvlərinin arxayınlaşdırıcı xahişlərinə, tədqiqatım haqqında onun layiq olmadığı dərəcədə yazılı müsbət rəyinin olmasına, yaxınlarının və doğmalarının təkidinə və nəhayət, ətrafdakıların çoxmənalı baxışları altında mənim “günahsız günahkar” durumunda xahiş və yalvarışlarıma baxmayaraq, ağır xəstə yatağından qalxıb, müdafiəyə gəlmişdi və məni öz insanlığı qarşısında ömürlük borclu salmışdı. Hətta dilxorluğumu görüb, başına toplaşan bir sıra alimlərin yanında müdafiə başlamamış məni bu xəcalətdən çıxarmağın özünəməxsus yolunu da tapmışdı: “ Sən məni düzgün başa düş! İndiki halda səni bu alimlərin arasında görməyim və dinləməyim mənə dərmanlardan daha çox kömək edir. Ona görə də mənim ağrılarımın azalmasını istəyirsənsə, həyəcanı qoy bir qırağa, get, yaxşı çıxış elə, suallara tutarlı cavab ver, elə bil ki, məni müalicə eləyirsən! Eybi yox, sabahdan etibarən gələrsən, Azərbaycan xatirələrimlə bağlı sənə tapşırıqlarım olacaq, onları yerinə yetirərsən, hamısının əvəzi çıxıb gedər...”
Hökumət xəstəxanasının göz oxşayan gözəl bağında onun oturmağa alışdığı guşəyə çatanda qolumu buraxıb oturdu və mənə: “Keç, üzbəüz otur!” dedi. Sonra bir masanın üstünə qoyduğum qələm-kağıza, bir də mənə baxıb, mənim gözləmədiyim və get-gedə məni sonsuz heyrətlərə qərq edən mətləbə keçdi:
- Kencətay! (özbəkcə “sonbeşik” deməkdir, son aspirantı olduğum üçün məni çox vaxt lütfkarlıqla belə çağırardı) Özün də yaxşı bilirsən ki, mən səni Müzəffərdən ayırmıram. Amma bu, onun işi deyil. Onun fikri-zikri kinodadır ( kiçik oğlunun kinoşünas olduğuna işarə edirdi). Sən ədəbiyyatşünassan, mən sənə Müzəffərə inandığım qədər, özümə inandığım qədər inanıram və o yazdırdığım şeirlərlə bağlı iki sirr açmaq istəyirəm. Amma bir şərtlə! Söz ver ki, bu sirləri vaxtı çatana qədər ( bir az duruxaraq), deyək ki, mənim 100 illiyimə qədər sirr kimi saxlayacaqsan! Ona qədər, hər halda, zaman dəyişər. Dəyişməsə, heç onda da lazım deyil! Təki sənə və başqalara zərəri dəyməsin! Özümə görə demirəm. Onsuz da mənim axırım çatır...
Mən, bir tərəfdən, mənə göstərilən inam-etibarın dərəcəsindən, başqa tərəfdən, müəllimimin son kədərli sözlərindən özümü tamam itirsəm də, boğazıma tıxanan qəhəri birtəhər boğub, onun suallı baxışlarına tələm-tələsik cavab verdim:
- Ustad, Allah qoysa, etibar elədiyiniz sirləri axıra qədər saxlayıb, Sizin 100 illik yubileyinizdə Sizə artıq əziyyət verməmək üçün, oxucularınıza Sizin adınızdan son yetirməniz kimi özüm çatdıracağıma söz verirəm!
- Xoş sözlərinə və xeyirxahlığına görə çox sağ ol! Amma nə dediyimi özüm yaxşı bilirəm... Bloknotu aç və oxuyacağım şeirlərlə yazdıqların ortasındakı fərqləri diqqətlə qeyd elə! İlk baxışda bu fərqlər o qədər də çox deyil. Cəmi bir neçə söz-obrazdan ibarətdir. Ancaq dərindən fikir versən, bu fərqlər onları ayrı-ayrı şeirlər eləyəcək dərəcədə, həm də bambaşqa şeirlər eləyəcək dərəcədə böyük fərqlərdir! Həmzənin (XX əsrin böyük özbək şairi və dramaturqu H.H. Niyazi (1889-1929) nəzərdə tutulur) “Yaşa, Şura!” şeirinin əsl adı “Yaşa, Turan!”dır və onun özəyini təşkil edən nəqarət bəndi belədir:
Yaşa, Turan, yaşa ,Turan,
Sən yaşadıqca hər an,
Ey türk oğlu, qüdrətindən,
Parlasın ruyi-cahan!
Məlumatın üçün onu da deyim ki, bu şeir 1917-ci ilin noyabr ayında yaradılan və 1918-ci ilin fevralında bolşeviklər və daşnaklar tərəfindən qanına qəltan olunan Türküstan muxtariyyətinin himni kimi yazılmışdır. Görürsənmi, vur-tut ikicə sözü dəyişməklə (“Turan”ın yerinə “Şura”nı, “ey türk”ün yerinə “fəhlə”ni qoymaqla) bu şeiri necə saxtalaşdırıblar?! Halbuki, xalq şeirinin geniş yayılmış qafiyə quruluşuna uyğun (aaba) yazılmış bu bənddə “Şura”nın “zaman” və “cahan” la uyuşmadığı ilk baxışdan nəzərə çarpır.
İkinci sirr isə atəşnəfəs ustad Səməd Vurğunun sonradan müdaxilə və diktələrə məruz qalmış şeiri ilə bağlıdır. Dinlə və qeyd elə:
Azadlıq
Bəşərin vicdanı, eşqi, ürəyi,
Zehni, düşüncəsi, fikri, diləyi,
Bütün yer üzünün xoş gələcəyi,
Hər zövq- səfası sənsən, Azadlıq!
Əşsiz ilhamçısı şeirin, sənətin,
Dağ üstdə dağ qoyan zehnin, zəhmətin,
Bir bayraq altında bəşəriyyətin
Qardaşlıq dünyası sənsən, Azadlıq!
Sən parlaq hüsnüsən adi sözün də,
Sən al bir şəfəqsən ömrün üzündə.
Hər sadə, mürəkkəb cümləmizin də
Əzəl mübtədası sənsən, Azadlıq!
Hər təmiz ürəyin , saf məhəbbətin,
İnsana hörmətin, eşqə hörmətin,
Bu günün, sabahın, əbədiyyətin
Ən böyük mənası sənsən, Azadlıq!
İnqilab qüdrətli, günəş həvəsli,
Həqiqət bayraqlı, insan nəfəsli,
Neçə min nəğməli, neçə min səsli
Həyat simfoniyası sənsən, Azadlıq!
Akademik Vahid Zahidov xatirələrinin başqa təfsilatları və yenilikləri , eləcə də, yuxarıdakı böyük şeirin niyə öz vaxtında (1947) çap olunmaması , özündən beş il əvvəl (1942) yazılmış başqa bir “Azadlıq” (Pol Eluar) şeiri ilə nə cür bağlılığı və özündən beş il sonra ( 1952) yaranmış “Zamanın bayraqdarı” poemasının tərkibinə dəyişdirilmiş şəkildə , bir bənd qondarma əlavəsi ilə necə yol tapması kimi məsələlər tezliklə üzə çıxası “Səməd Vurğunun “Azadlıq” şeiri” adlı tədqiqatda öz əksini tapacaqdır.