Kulis.az Narıngül Nadirin “Oyuncaq silah” hekayəsini təqdim edir.
Nəhayət ki, bu məsələyə də son qoya bildi. İş məsələsini yenicə yadından çıxarıb rahatlanmışdı, daha doğrusu, əlinin hər yerdən üzüldüyünə arxayınlaşmışdı ki, tələbə yoldaşı Seymur zəng elədi. Dedi ki, gəl səni də öz yanımızda yerləşdirək, özümüzünküsən nə qədər olmaya... Seymur xarici filmlərdəki aktyorlara bənzəyir, sarışın sifəti və iri, mənalı gözləri var. Adamın düz gözlərinin içinə baxıb, ürəyini oxuyur. Telefonda şirin-şirin danışırdı, təklifi onu əməlli-başlı həyəcanlandırmışdı. Sevinsə də, özünü o yerə qoymamışdı. Ağlına salmışdı ki, ürəkdən sevinmək ona düşmür... Ona görə özünü sakit aparmağa, əhvalını dəyişməməyə çalışırdı. Qərara almışdı ki, ta işə başlayana qədər başqa şeylər barəsində düşünsün, bir növ “hiylə” işlədərək özünü aldatsın.
- Nə vaxtdır arzulayırdın, bu da səninçün iş! - köhnə iş yoldaşı Lalə nəm salfetlə mizin kənarlarını silərək çayları ortaya düzdü - daha canın qurtardı bekarçılıqdan...
Qaşqabağını töküb mızıldandı:
- Yaxşı, sən də! Qabaqcadan danışma! Görək, hələ bir gedə bilirəmmi?
- Daha getmisən də… Nə qalıb ki?
Tələbə vaxtı bir müddət dərsdən sonra burda çalışmışdı və burdakı iş yoldaşları o qədər yaxınındaydılar ki, onlardan heç nə gizlədə bilmirdi.
Xadimə Gülbahar şəstlə içəri girdi. Qapının ağzında fırlandı. Qalın parçadan tikilmiş paltarının enli ətəyi açılmış paraşütə bənzəyirdi. Şkafı açıb nəyləsə qurdalanmağa başladı.
- Eşitdim, sən də yeni işə gedirsən, şükür, işlərin düzəlib, - başını şkafın içindən çıxarıb üzünə baxdı, yenidən içəri salıb nə isə axtardı.
Paho! Zalım qızı elə bil professordur, bilmədiyi heç nə yoxdur. Az qaldı Gülbaharın üstünə çəmkirsin ki, bircə elə sən çatmırdın! Nə olub, nə böyük iş olub ki? Mənimlə birlikdə oxuyanlar artıq bu işləri təcrübə işi kimi kənarda qoyublar, haralarda çalışırlar. Mən hələ indi cəhd edirəm. Amma dinmədi. Daha süpürgəçi Gülbaharla da ağız-ağıza verəsi deyildi ha... Həm də tündxasiyyət görünmək istəmədi, özü də işləri düzələn vaxt...
Evə gedərkən, küçə ilə yeriyə-yeriyə Seymuru düşündü. Hündür boyu, şax yerişi gəlib dayandı gözünün qarşısında. İnstitutda qızlar başına dolanırdı. Başına dolanan qızlar kəpənək kimi bir şeydi onunçün, heç kimə əhəmiyyət vermirdi. Həm də eqoist idi. Elə məktəbi qurtaran kimi ən yaxşı vəzifəyə də o düzəlmişdi. Yenə sağ olsun, hamıya əl tutur, imkan qədər dayaq olurdu. Bu başqa məsələdir ki, Seymurun ona qarşı laqeydliyindən incimişdi. Tələbəlik vaxtı o biri uşaqlardan daha çox ona yaxın idi. Diplom işində də köməklik etmişdi ona. Gəl ki, iş məsələsində ona ögeylik elədi. Nədənsə görməməzliyə vurur, o biri uşaqlara daha çox qayğı göstərirdi. Amma keçib getdi daha...
Polad yemək sifariş verdi. Güclə bir-iki tikə yedi. İştahı yox idi.
- Adamın iştahını qaçırırsan,- Polad əllərini salfetlə silərək dilləndi. Zorla gülümsündü. Əvvəlcə demək istəməsə də, sonda özünü saxlaya bilmədi, iş məsələsini xəbər verdi.
- Paho!!! Nə yaxşı...
Xeyli qürrələndi. Amma hiss etdi ki, Polad yalandan təəccüblənir. Nədənsə bu gün söhbətləri alınmırdı. İlk dəfə bu masada əyləşəndə Polad onun çiynini qucaqlayıb pıçıldamışdı: “Bura bizim sevgi guşəmizdir. Sən bir dənəsən, sənin cazibən bəsimdir, yemək istəmirəm”. O zaman ürəyi sevgi və həyəcandan titrəyirdi. İki kəlmə danışa da bilmirdi. İndi tamam soyumuşdu. Bir tərəfdən də kafenin alaqaranlığı və monoton musiqi ürəyini sıxırdı. Fikirləşdi ki, deyəsən tezliklə yolları ayrılacaq. Bir adamın yanında darıxdınsa, sonunda o adamdan aralanacağın bəllidir. Ona elə gəldi ki, Polad da darıxır.
Səhər anası çarpayısının başında səsləndi ki, yuxunu yaxşı görmüşəm, əlim duadadır. İşin alınacaq! Anasının hər şeyi mövhumata bağlanmağından xoşlanmırdı. İmkan düşdükcə sancırdı onu. Amma bu dəfə “Allah ağzından eşitsin!”, – dedi. Yenə də ürəyi qubarlandı. Çoxdan e...çoxdan olmalıydı. Vaxtında işə düzəlsəydim, bəlkə də, indi haralardaydım.
- Dur, işə gecikərsən.
Gözlərini güclə açdı. Yadına düşdü ki, Seymurun yanına gedəcək, saatın fərqi yoxdur, onsuz da orada hələ iş vaxtını bilmir. Anası yaxınlığında fırlanırdı ki, yemək yeməmiş aradan çıxmasın.
Görək Seymur məni hansı vəzifəyə götürəcək? Hər halda maaşı xeyli yüksək olmalıdır. Həm də “prestijni”dir. Çoxdan gözləyirdim. Ürəyində şükranlıq etdi.
Seymurun katibəsinin yanından şəstlə keçdi. Zəhləsi gedirdi sifətindən. Üzü ağappaqdır, gözünün ətrafında müxtəlif rəngli boyalar vardı, bəzəkli gəlinciyə bənzəyirdi. Utanmasa, diqqətlə nəzər salıb üzündəki rəngləri sayardı. Ona elə gəlirdi ki, katibə həmişə ona yuxarıdan aşağı baxır. Bəlkə də, elə iş məsələsinə görə belə edirdi. Əvvəllər, bir-iki dəfə bunun yanında Seymura iş məsələsini eşitdirmişdi. O da hər dəfə başından eləyib “yaxşı , baxarıq” söyləmişdi. Bu da ona görə salamını güclə alırdı. Amma indi onu görüb gülümsündü. Yəqin, Seymur deyib bura gələcəyimi. Katibə ayağa qalxıb çay təklif etdi.
- İstəmirəm - söylədi. Bu dəfə də o özünü dartdı. Qoy beləcə əl-ayağa düşsün. Belə adamları incitməkdən ləzzət alırdı. Bu da onun “qisas” növüydü.
- Hələ gəlməyib!- katibə məlumat verirdi. Tez-tez Seymurun otağına girib-çıxır, əlindəki kağızları yerləşdirirdi. Katibənin ayağında hündür “kablok”lu ayaqqabı vardı. Dolu, ağ baldırları armud şəklindəydi.
Yarıaçıq qapıdan Seymurun divardan asılmış portreti görünürdü. Şəkildə özündən xeyli yaşlı düşmüşdü.
Köhnə, təmirə ehtiyacı olan binanın geniş dəhlizinə çıxdı. İşçilər bir-bir gəlir, onunla salamlaşıb otaqlarına keçirdilər. Hamısının üzündə bir məhrəmlik hiss edirdi. Görünür, burda çalışacağından xəbər tutmuşdular. Dəhlizdə o baş-bu başa gəzişdi. Seymur gəlmək bilmirdi...
- Rəislər belədir də... kefləri nə vaxt istəyir, o zaman gəlirlər. Şirkətin yaşlı işçisi alaqaranlıq dəhlizin o başından qəfildən peyda oldu, cibindən çıxardığı açarlardan birini seçib ona uzatdı:
- Hələlik keç otaqda əyləş! Bu, deyəsən, gecikir.
- Eybi yox, gələr - gülümsündü - gec gələcəyini bilirəm. Qəsdən belə dedi ki,
qoy işçilər indidən bilsinlər ki, Seymurla yaxındır.
- Yuxuda qan görmüşəm, - Seymurun katibəsi yanında əyləşmiş “Barbi” gəlinciyinə bənzəyən sarışın qıza danışırdı – küçədə dayanmışdım, qan ayağımın altıyla axıb gedirdi, hər tərəf qıpqırmızı qandı... Yuxum çin çıxacaq, mən inanıram gördüyüm yuxulara!
Otağın pəncərəsini özümə tərəf çəkdi, hiss olunurdu ki, çoxdan açılmayıb. Külək pəncərənin arasındakı tozu sifətinə çırpdı. Dodaqlarındakı narın qumu hiss elədi. Aşağı boylandı. Pəncərədən aşağıya baxanda adam vahimələnirdi. İki gün əvvəl “Xəbərlər”dən eşitdiyi, özünü hündür mərtəbədən atmış qadını xatırladı, üşəndi.
- Seymuru vurublar. Güllə ilə vurublar, öz maşınında getdiyi yerdə... Düz alnından...
- Hanı, qan qovuşmaqdır, deyirdilər, yuxuda görmüşdüm, bəs nə oldu, bu nə xəbərdir?!
Seymurun katibəsi həyəcanla kiməsə izahat verirdi. Dəhlizdən qarmaqarışıq səslər eşidilirdi, sanki hamı xorla danışırdı. Təlaşla xəbəri bir-birlərinə ötürürdülər.
- Kim vurub? Niyə?
- Bəlkə də, ona atmayıblar heç, deyirlər, yanında vəzifəli adam olub - ola bilər, ona atıblar, amma buna dəyib.
Adamların əhatəsində dayanmış yaşlı işçi çiyinlərini çəkir, sanki məsələdə günahkarmış kimi xəcalətlə baxırdı adamların üzünə.
- Bəlkə, səhvən güllə ona dəyib...
- Nə olur-olsun, hər halda, bunu öldürüblər...
- Üzündə maska olub atəş açanın, iki nəfər olublar-müavinin sürücüsü dilləndi. Telefonuna zəng gəldi:
Tələbə yoldaşı Dinarə idi. Təlaş içərisində xəbəri çatdırdı:
- Gəl, evlərinə gedək, bizim küçədədir evləri. Hadisə yerində polislər, jurnalistlər çoxdur, irəli keçmək olmur, hər tərəf qandır.
- Axşam yuxuda qan görmüşdüm. Hər yer qıpqırmızı idi... Seymurun katibəsi bu dəfə həyəcanlı səslə, yuxusunu dəhlizə yığışanlara danışırdı.
Beyni uğuldayır, heç nə düşünə bilmirdi. Sanki beyni bütün fəaliyyətini dayandırmışdı. Dəhlizdən keçib aşağı endi. Daha doğrusu, ayağını sürüyə-sürüyə pilləkənləri enən adamların arxasınca düşdü.
Seymurun bədənini qanın içində təsəvvür elədi. Qan ağarmış sifətinə çilənib. Xırda-xırda qırmızı dənəciklərdir, üz-gözünə səpələnib.
- Açarı verərdiniz, zəhmət olmasa...
Geri boylandı, səhər onu qarşılayan yaşlı işçiydi, adamlardan aralanaraq arxadan gəlib çatdı, üz-üzə dayandılar. Nə isə danışırdı, fərqinə varmadı. Ağzındakı metal dişinə hələ indi fikir verdi, hər iki tərəfdən parıldayırdı. Key-key işçinin üzünə baxdı.
- Bilirsiz, bir azdan burda qarışıqlıq ola bilər. Yəqin bura yığışacaqlar. İtməsin... açarlara mən cavabdehəm axı... İşçi bir qədər duruxub diqqətlə üzünə baxır:
- Yəqin ki, Seymurdan sonra daha burda çalışmazsınız...
Çantasını qurdalayıb, kağızların arasından açarı tapdı.
Aşağıda, qapının qarşısına adamlar yığışmışdı. Seymurun müavininin sürücüsü əli ilə hadisəni ətrafdakılara təsvir edirdi. Həvəslə danışırdı, sanki detektiv filmin ssenarisini izah edirdi.
- Bax belə vurublar, burda dayanıblar, üzü bu tərəfə. Seymur sağ tərəfdə əyləşibmiş. “Makarov”tipli silahla vurublar...
Gəlib köhnə və böyük avtobusa əyləşdi. Avtobusun arxa oturacağındakı uşaq nənəsinin qucağından sürüşüb ona tərəf atıldı. Əlindəki oyuncaq tapançanı onun alnına tuşladı:
- Əllər yuxarı! Təslim ol!
Nənəsi uşağı dilə tutdu:
- Xalanı vurmaq olmaz, xalanı vurma!
Uşaq elə hey ona tərəf dartınır, oyuncaq silahını düz alnına tuşlayır, tətiyi çəkirdi.
Seymuru alnından vurublar. Bircə güllə ilə nişan alıblar...Yəqin, maşının pəncərəsindən ətrafa baxırmış.
Avtobusun pəncərəsindən çölə boylandı. Şüşə çirkli olduğundan ətrafı yaxşı görə bilmədi. Hər tərəf dumanlı görünürdü, arabir ağacların budaqları qarışıq xətlər kimi gözə dəyirdi.
- Gəl, əllərinin çirkini silim. Uşaq dartındı, nənə güc-bəla ilə əlindəki nəm salfetlə uşağın əllərini silməyə çalışdı.
Üzünü pəncərəyə çevirdi. Əllərini uzadıb pəncərənin çirkli-paslı şüşəsini silmək keçdi ürəyindən...